Məhkəmə qərarları › İş №2(102)-3347/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3347/2024

04.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3347/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X28) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X28) qarşı “sahibliyə və istifadəyə verilməklə mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-75/202 4 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Naxçıvan rayon Mənzil-İstismar Hissəsi tərəfindən verilmiş 4 noyabr 1988-ci il tarixli, 334 saylı orderin talonuna əsasən, X3, qızı - 1953-cü il təvəllüdlü Surə Novruzova və kürəkəni - 1948-ci il təvəllüdlü Əli Əliyev ilə birlikdə ünvan 1 ünvanda yerləşən, sahəsi 25,2 kv metr olan, 2 otaqlı mənzildə yerləşmə hüququ verilmişdir. Həmçinin orderin talonunda qeyd olunmuşdur ki, bu order yaşayış sahəsinə yerləşmək üçün yeganə sənəddir. Orderin başqa şəxsə verilməsi qəti qadağandır.

2. SSRİ Müdafiə Nazirliyi Naxçıvan rayon Mənzil-İstismar Hissəsi tərəfindən verilmiş 6 iyul 1992-ci il tarixli, 667 saylı orderin talonuna əsasən, X7, qızı - 1973-cü il təvəllüdlü X23, oğlu 1975-ci il təvəllüdlü X25, oğlu - 1976-cı il təvəllüdlü X28 və qızı - X20 ilə birlikdə ünvan 2 ünvanda yerləşən, sahəsi 35,8 kv metr olan, 2 otaqlı mənzildə yerləşmə hüququ verilmişdir. Həmçinin orderin talonunda qeyd olunmuşdur ki, bu order yaşayış sahəsinə yerləşmək üçün yeganə sənəddir. Orderin başqa şəxsə verilməsi qəti qadağandır.

3. Naxçıvan Şəhər Məhkəməsinin 26 mart 1999-cu il tarixli qətnaməsinə əsasən, iddia müddəti bərpa edilməklə iddia təmin olunmuş, Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 32-ci mənzilinin X7 verilməsi barədə Naxçıvan rayon Mənzil İstismar Hissəsinin 6 iyul 1992-ci il tarixli, 667 saylı orderinin etibarsız hesab olunması qət e dilmişdir.

4. Naxçıvan MR Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 20 aprel 1999-cu il tarixli qərardadına əsasən, Naxçıvan Şəhər Məhkəməsinin iddia müddətinin bərpa edilməsi və Naxçıvan Qarnizonu Hərbi Prokurorluğunun Naxçıvan Şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39 saylı binanın 32 saylı mənzilinin X7 verilməsi barədə Naxçıvan rayon Mənzil İstismar Hissəsinin 6 iyul 1992-ci il tarixli, 667 saylı orderinin etibarsız hesab edilməsi barədə iddiasının təmin olunmasına dair 26 mart 1999cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və cavabdehin verdiyi apellyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 23 iyun 1999-cu il tarixli qərardadına əsasən, protestin təmin olunması, həmin iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 26 mart 1999-cu il tarixli qətnaməsi və Naxçıvan MR Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 20 aprel 1999-cu il tarixli qərardadının ləğv edilməsi, Naxçıvan Hərbi Prokurorunun S.Novruzovaya qarşı orderin etibarsız hesab edilməsi barədə iddiasının rədd olunması qərara alınmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icrası baş idarəsinə göndərilmiş 12 mart 2001-ci il tarixli məktuba əsasən, vətəndaş S.Novruzovanın ərizəsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icrası baş idarəsinə göndərərək, onun pozulmuş hüquqlarının tam bərpası üçün zəruri tədbirlər görmələri və nəticəsi barədə ərizəçiyə məlumat verilməsi xahiş edilmişd ir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsi, mənzil hüquqlarının bərpa olunması, Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 2 otaqdan ibarət 32-ci mənzilin onun sahibliyinə və istifadəsinə verilməklə mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, anası Novruzova (Əliyeva) Surə Şirməmməd qızı 1975-ci ildən 30 mart 1993-cü ilə kimi SSRİ Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən 57 saylı hərbi ticarət idarəsində xadimə işləmişdir. X16 1990-cı ildə vəfat etmişdir. Bundan sonra 199 2-ci ildə qüvvədə olan qanunla anasının mənzil almaq hüququ olduğu üçün qanuna müvafiq olaraq, komissiyanın rəyi əsasında order ilə X4na Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 2 otaqdan ibarət 32-ci mənzili verilmişdir. Həmin mənzil order verilən vaxtdan adları qeyd olunan 5-nəfər ailə üzvünün sahibliyinə və istifadəsinə verilmiş, onlar ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışlar. Qanuna görə onların hamısının həmin mənzildən istifadə etmək hüquqları olmuşdur. X4 1993-cü ildə xəstəliyi ilə əlaqədar pensiyaya çıxmış, vəfat edənə qədər işləyə bilməmişdir. O kiçik uşaq idi. Lakin xatırlamışdır ki, 1997-ci ilin iyun ayının əvvəllərində sonradan adlarını bildiyi Naxçıvan Qarnizonu Mənzil İstismar hissəsinin rəisi Məmməd Zamanov və həmin şəhərciyin komendantı Po lad Sadiqov 20 nəfərdən artıq əsgərlə yaşadıqları mənzilə gələrək, Cavabdeh1 göstərişi ilə mənzilin qapısını sındıraraq mənzilə daxil olmuş, onların ağlamaqlarına, dəhşətli surətdə qorxmalarına baxmayaraq zorla, heç bir sənəd göstərmədən onları mənzildən çölə tökmüşlər. Həmin vaxtdan da onlar müxtəlif ünvanlarda kirayədə yaşamağa məcbur olmuşlar. Anası vəfat edənə kimi onların ailəsinin həmin mənzilə köçüb yaşaması üçün mücadilə etmiş, cavabdeh tərəfin onlara qarşı etdikləri qanunsuzluqlar barədə müvafiq orqanlara şikayətlər yazmışdır. Anası 26 oktyabr 1997-ci ildə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmışdır. Lakin o dövrdə Naxçıvan MR-da olan özbaşınalıqlara uyğun olaraq, məhkəmə də bu vəziyyətlə hesablaşaraq iddia ilə bağlı heç bir tədbir görməmişlər. Bundan əlavə Naxçıvan Qarnizonu H ərbi X1rın ailəsinə qarşı qanunsuz hərəkətlər etmiş vəzifəli şəxslər barəsində qanuni tədbir görməmiş, əksinə onlardan çəkinərək, onların qanunsuz hərəkətlərinə, yəni onların ailəsinin qanunsuz, zor tətbiq edilməklə mənzildən çıxarılmasına qanuni don geyindirmək üçün, onların başına gətirilən bu müsibətdən 6 ay, mənzilin anasına verilməsinə əsas olmuş orderin verilməsindən isə 5 il 6 ay sonra “orderin etibarsız hesab edilməsi” barədə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. X10 18 avqust 2002-ci ildə vəfat etmişdir. Anası ölənə qədər müxtəlif orqanlara, o cümlədən qərardadı qəbul etmiş Azərbaycan Respublikası Ali Məhkəməsinə saysız, hesabsız şikayətlər yazmışdır. Həmin orqanlardan yalnız Azərbaycan Respublikası Ali Məhkəməsi ərizəyə reaksiya vermiş, ərizəni Azərbayca n Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının icrası Baş İdarəsinə, Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Bütün bunlara baxmayaraq Naxçıvan MR-da müvafiq orqanlar tərəfindən qanunun tələblərinə əməl edilməmiş, ədalətin bərpa olunmasına imkan verilməmişdir. Order əsasında onların ailəsinə verilmiş mənzil sahəsindən onlar nə müvəqqəti, nə də daimi olaraq başqa yerə köçməmişlər. Onları cavabdehlər məcburi qaydada qanunun tələblərini pozaraq mənzildən zorla çıxarmışlar. Mənzilə qayıtmaqları üçün anası illərlə çalışsa da cavabdehlər onların mənzilə köçməyinə imkan verməmişlər.

9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddiaçının 1997-ci ildə 1 nömrəli qapalı hərbi şəhərcikdəki evdən, hansı ki, mülki şəxslərin yaşamasının düzgün olmadığı yerdən ç ıxarılandan sonra 2 nömrəli hərbi şəhərcikdəki, iddiaçının doğulub yaşadığı mənzildə yaşayışlarının təmin olunduğunu, həmin evdə qeydiyyata alındıqlarını, 1988-ci ildə həmin mənzilə order verildiyini, bu gün də o evə varis kimi hüququ çatan hər kəsin o evdə qeydiyyatda olduğunu, qardaşı o evdə yaşadığı üçün heç bir müstəqil tələbinin olmadığını, maneəsiz şəkildə qeydiyyata alındıqlarını, evsiz qoyulmadıqlarını, ancaq orderin etibarsızlığı məsələsindən sonra müraciətlər edildiyini, məcburi çıxarılma məsələsini dəqiq bilmədiyini, 1997-ci ildə evdən könüllü çıxarıldıqlarını, orderin etibarsızlığı ilə bağlı nəyə görə iddia qaldırıldığını bilmədiyini, müddət məsələsinin araşdırılmasını istədiklərini, mənzilin Müdafiə Nazirliyinin balansında olduğunu, Xidməti mənzil olduğu üçün xidmət yerləri də yişdiyindən hərbiçilərin müvəqqəti istifadəsində olduğunu, 3 hərbi şəhərcik olduğunu, 1, 2 və 43 nömrəli Hərbi şəhərciklər olduğunu, 2 nömrəli Hərbi şəhərcikdə 1988-ci ildə Xədicəyə ev verildiyini, Surə ilə Əlinin də həmin evdə qeydiyyata alındığını, 1992-ci ildə olan orderin hansı yolla əldə olunması ilə bağlı məlumatın olmadığını, birinci mənzilin təhvil verilməli olduğunu göstərmişdir.

10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X11 ordu mənsubu olduqlarını, həmin hərbi şəhərcikdə məhkəmə, prokurorluq işçilərinin yaşadıqlarını, həmin dövrdə iddia olunan hərbi şəhərcikdə ev çatışmazlığı olduğu üçün dövlətin qərarı ilə, həm də qapalı hərbi şəhərcik olduğu üçün cavabdehin çıxarıldıqlarını, qanunda da həmin xidməti təyinatlı evlərin vərəsəliklə keçə bilmədiyinin qeyd olundu ğunu, hər kəsə evlərinin əvəzinin verildiyini, bu ailənin də əvvəllər yaşayış sahəsi ilə təmin olunduqları üçün o yaşayış sahəsinə köçmələrinin təmin olunduğunu, çıxarıldıqları evin əvəzi olaraq evlərinin əlindən alınmadığını, əslində 2 nömrəli hərbi şəhərcikdəki evin xidməti mənzil olduğunu və yalnız xidmət edilən dövr üçün verildiyini, yəni normalda evi təhvil verməli olduqlarını, heç kimin zorakılıqla çıxarılmadığını, sərəncam verilməklə çıxarıla biləcəklərini, lakin könüllü şəkildə çıxdıqları üçün sərəncama ehtiyac qalmadığını, bütün hər kəs kimi, könüllü şəkildə çıxarıldıqlarını, təklif olunduqdan sonra çıxdıqlarını, evlə təmin olunduqları üçün başqa ev verilmədiyini, 2 nömrəli Hərbi şəhərcikdəki evlə bağlı orderdə Surənin adının olduğunu, Müdafiə Nazirliyinin orderi vermədiyini, orde ri rus ordusunun zabiti İmankovun verdiyini, onun da Azərbaycan əmlakına sərəncam səlahiyyətinin olmadığını, saxta möhürlə verildiyini, elə bir sərəncam hüquqlarının olmadığını, etiraz verdiklərini, sübutları təqdim etdiklərini bildirmişdir.

11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X14 ifadəsində 1996-cı ilin mart ayında mübahisəli mənzilə gəlin gəldiyini, ailəlikcə, yəni yoldaşı Rəşad, baldızı, qayınanası və qaynı ilə birgə yaşadıqlarını, mart ayında evləndiyini, iyul ayına qədər orada yaşadıqlarını, yayda bir gün axşam evdə olarkən Məhəmməd adında bir şəxsin gəlib onlara “evi boşaldın” dediyini, Kərəm müəllimin əmri ilə gəldiklərini qeyd etdiklərini, onların da getməyə yerlərinin olmadığı üçün gecə qaldıqlarını, səhər təxminən 10:00-11:00 radələrində qapının döyüldüy ünü, lakin açılmağa imkan verilmədən təpiklə açdıqlarını, əsgərlərin içəri daxil olub əşyaların yarısını podyezdən, yarısını pəncərədən aşağı atdıqlarını, qızının 6 aylıq olduğunu, səs-küydən qorxmaması üçün evdən uşağını alaraq çıxdıqlarını, yoldaşına zəng etdiklərini, onun gəldiyini, onlara yalnız 1 dəfə xəbərdarlıq edildiyini, niyə axşamdan deyildiyi halda evi boşaltmadıqlarını dediklərini, onların da başqa gedəsi yerlərinin olmadığını dediklərini, elə deyəndə əşyaları çıxarmağa başladıqlarını, özlərinin hər şeyi apardıqlarını, xalça, stol-stul kimi gücləri çatmayan şeyləri balkondan atdıqlarını, qalanlarını əlləri ilə apardıqlarını, əşyalarının binanın həyətində qaldığını, əsgərlərin dağınıq şəkildə atdıqlarını, özlərinin həmin gün əşyaları bir yerə yığdıqlarını, binanın həyətində qald ığını, qaranlıq düşənə qədər orada oturduqlarını, məcbur qalıb yoldaşının Azərbaycan məhəlləsində yerləşən baba evinə getdiklərini, əşyalarının isə orada qaldığını, səhər də gəlib aparmağa yer olmadığı üçün hamısını atasıgilin evinə, yəni Kərimbəyli kəndinə apardıqlarını, 2-3 gün orada qalıb, yenə yoldaşının baba evinə qayıtdıqlarını, 1998-ci ilə kimi orada yaşadıqlarını, sonra yerləşə bilmədikləri üçün Rəşadın dayısının onlara ev aldığını, özünün ailəsi ilə birlikdə o evə köçdüyünü və hələ də o evdə yaşadığını, televizorun əllərində aparmaqlarına baxmayaraq sındığını, ancaq maqnitofonun balkondan atıldığı üçün sındığını, şifonerin evdə qaldığını, evdən əşyaları çıxarıldığı gün əri Rəşadın işdən gəldiyini, bir də dayıları İsanın gəldiyini, başqa heç kimin həmin gün oraya gəlmədiyini, Rəşad ın dayısı Vəlinin sonrakı gün oraya gəldiyini bildirmişdir.

12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X15 ifadəsində anasının hərbi şəhərcikdəki evdə 40 ildən artıq xadimə işlədiyini, bütün ailə üzvlərinin Azərbaycan küçəsindəki evdə doğulduğunu, hamısının bir həyətdə qaldığını, anası ev alandan sonra bacısı Surəgil həmin evdə yerləşmədikləri üçün ora köçdüklərini, 18 il işlədiyini, sonra bacısı Surəyə da ev verdiklərini, bacısının 1992-ci ildən 1997-ə kimi öz ailəsi ilə iddia olunan evdə yaşadığını, 1997-ci ildə birdən birə gecə xəbərdarlıq edib çıxarılmaqlarını istədiklərini, səhər tezdən də gedib təsəvvürə gətirilə bilməyəcək dərəcədə basqın etdiklərini, təpiklə vurduqlarını, əşyaları evdən atdıqlarını, lakin bunları ona bacısını danışdığını, öz gözü ilə görmədiyini, sadəcə gördüyünün əşyaların 1 gün çöldə qalması və 2-ci gün avtomobil tutaraq aparmaları olduğunu, bacısının evinin əsgərlər tərəfindən boşaldıldığı gündən sonrakı gün oraya getdiyini, həmin vaxt əşyaları çöldə dağınıq, çox pis vəziyyətdə gördüyünü, bacısı oğlunun evli olduğunu və əşyaları onun qayınatasının evinə apardıqlarını həmin vaxtdan sonra bacısıgilin isə onların yaşadıqları həyətdə yaşadıqlarını, ondan sonra bacısının müvafiq orqanlara şikayətlər etdiyini, şifonerin qırıq olduğunu, Azərbaycan küçəsindəki evə yerləşə bilmədikləri üçün anasının növbəyə durub ev aldığını, bacısının yaşadığı binanı gördüyünü, universitetə gedəndə təxminən 100 metr içəridə binanın yerləşdiyini, tam xatırlaya bilmədiyini, ancaq yol qırağında olmadığını, içərilik olduğunu, tək bina olduğunu, əşyaların binanın qabağında olduğunu, həmin vaxt hərbi şəhərciyə girişlərində heç bir maneçilik olmadığını bildirmişdir.

13. Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(078)926/2023 nömrəli qətnaməsi ilə (hakim G.K.Əliyeva) iddianın rədd edilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid olunması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzildən iddiaçı tərəf 1997-ci ildə çıxarılmışdır. Göründüyü kimi mübahisəli hüquq münasibəti 1997-ci ildə yaranmışdır. Qeyd olunan hala əsasən iddiaçının Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 2 otaqdan ibarət 32-ci mənzilin onun sahibliyinə və istifadəsinə verilməklə mənzilə köçürülməyi barədə tələbi iddiaçı tərəfin həmin mənzildən çıxarıldığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir.

15. İddiaçı qanunla nəzərdə tutulmuş iddia müddəti keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Halbuki qeyd olunan normalardan da göründüyü kimi ümumi iddia müddəti 3 ildir. İddiaçı evdən çıxarılarkən yetkinlik yaşına çatmasa da onun hüquqlarının müdafiəsi qanuni nümayəndəsi vasitəsilə həyata keçirilə bilərdi. Yəni onun qanuni nümayəndəsi tərəfindən evdən çıxarılmaları ilə bağlı iddia qaldırıla bilərdi. Lakin iş materiallarına əlavə edilmiş iddia ərizəsindən görünmüşdür ki, iddiaçının anası tərəfindən yazılmış iddia ərizəsinin məhkəmənin icraatına götürülüb-götürülməməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəf evdən çxarıldıqları vaxtdan 3 il müddət keçməsinə baxmayaraq iddia qaldırmamış, sadəcə müvafiq qurumlara şikayət ərizələri yazmaqla kifayətlənilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. İddiaçının X4 10 ildən artıq ona xidməti yaşayış sahəsi vermiş idarədə işlədiyindən əslində o və onun ailə üzvləri həmin yaşayış sahəsindən çıxarıla bilməzdi. İşin faktiki hallarından görünür ki, iddiaçı və ailəsi qeyd olunan mənzildən çıxarılmışlar. X5 qeyd olunan mənzildən çıxarıldıqdan sonra həmin evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmişdir. Qeyd olunanlardan da göründüyü kimi hazırkı işdə iddiaçı olan İddiaçı qanuni nümayəndəsi olan anası evdən çıxarıldıqdan sonra 3 il müddətində həmin evə köçürülmə ilə bağlı iddia qaldırmamışdır. Bununla da iddia müddəti buraxılmışdır.

17. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 qarşı hissəsi ilə bağlı qeyd etmişdir ki, işin məhkəmə araşdırması zamanı iş üzrə tərəflərin verdiyi izahatlarından və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, hazırkı mübahisəli mənzil digər cavabdehin balansında olmuşdur. Belə olan halda fiziki şəxs olaraq Cavabdeh1 qeyd olunan iddiaya cavab verməli olan şəxs olmamışdır. Məhkəmə iclası zamanı qeyd olunan hal aşkarlansa da cavabdeh təşkilat iddia ərizəsində göstərildiyindən fiziki şəxs olan digər Cavabdeh1 əsl cavabdehlə əvəzlənm əsi məsələsinin müzakirəsinə zərurət qalmamışdır.

18. Həmçinin məhkəmə araşdırması zamanı Cavabdeh1 göstərişi əsasında iddiaçı tərəfin evdən çıxarılması halı öz təsdiqini tapmamışdır. İddiaçı tərəfin təşəbbüsü əsasında dindirilən şahidlər də qeyd olunan halı sübut edən izahat verməmişlər.

19. Məhkəmə gəldiyi nəticəni 1964-cü ildən 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 76, 77, 78 və 82-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konst itusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarına, “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 100, 101, 103 və 105-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM-in 14.2, 54, 88, 119.1, 217.3 və 217.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İdd iaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi nəticəsinə əsassız və qanunsuz olaraq gəlmişdir. Belə ki, birincisi iş materiallarından da görünmüşdür ki, X9 ona verilmiş orderin etibarsız hesab edilməsi barədə Naxçıvan Qarnizonu hərbi prokurorun Surə Novruzovaya verilmiş orderin etibarsız hesab edilməsi barədə iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə Məhkəmə kollegiyasının 23 iyun 1999-cu il tarixli qərardadı ilə təmin edilmədikdən sonra xx.xx.1999-cu il tarixdə, yəni onlar mənzildən zorla çıxarıldıqdan 2 il 4 ay müddətində Naxçıvan Şəhər Mə hkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmədən xahişinin biri də qeyd olunan mənzilin ona qaytarılması olmuşdur. Bu da onu göstərmişdir ki, Surə Novruzova həmin vaxt qüvvədə olan qanuna görə iddia müddətini keçirmədən məhkəmədə iddia qaldırmışdır. Həmin iddianın Naxçıvan Şəhər Məhkəməsində icraata qəbul edilməməsi məsələsi isə Surə Novruzovanın səlahiyyətinə aid olmamışdır. Eyni zamanda Surə Novruzova iddia ərizəsinə Naxçıvan Şəhər Məhkəməsində baxılmaması barədə müvafiq orqanlara şikayətlər etmişdir. Lakin heç bir tədbir görülməmişdir. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən 1964-cü ildən 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 81-ci maddəsinin tələblərinə istinad etməmiş, həmin maddəni yaddan çıxarmışdır. İş materiallarından görün ür ki, iddiaçı X9 tərəfindən xx.xx.1999-cu il tarixdə qanunla müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırılmışdır. Həmin vaxtdan da iddia müddətinin axımı kəsilmişdir. Məhkəmənin bu işə baxmaması, icraata qəbul edibetməməsi iddia müddətinin davam etməsi anlamına gəlməmişdir. Bu da onu təsdiq etmişdir ki, iddia müddəti keçməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə iddiaçı tərəfə qarşı zorakılıq tətbiq edilərək, mənzil hüquqlarının pozulmasına göstəriş verən Cavabdeh1 ilə bağlı məsələləri aydınlaşdırmadan ona münasibətdə əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 özünün və ya nümayəndəsinin iştirakı təmin olunmamış, onun cavabdeh və ya təqsiri olmasını sübut edən halları tam araşdırmamışdır.

22. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kol legiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(108)-75/2024 nömrəli mülki iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər V.G.Kuimova (sədrlik edən və məruzəçi), S.Ş.Bəylərli və M.D.Allahverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində Surə Novruzovanın xx.xx.1999-cu il tarixdə, yəni onlar mənzildən zorla çıxarıldıqdan 2 il 4 ay müddətində Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi, xahişinin birinin də qeyd olunan mənzilin ona qaytarılması olduğunu, Surə Novruzovanın həmin vaxt qüvvədə olan qanuna görə iddia müddətini keçirmədən məhkəmədə iddia qaldırmasını təsdiq edən mötəbər sübutlar təq dim edilməmişdir.

24. Məhkəmə X6 qeyd olunan mənzildən çıxarıldıqdan sonra həmin evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməməsi, hazırkı işdə iddiaçı olan İddiaçı qanuni nümayəndəsi olan anası evdən çıxarıldıqdan sonra 3 il müddətində həmin evə köçürülmə ilə bağlı iddia qaldırmaması qənaətinə gəlmişdir.

25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia müddəti ilə bağlı gəldiyi nəticəni düzgün hesab etmişdir.

26. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətində qeyd etdiyi “Məhkəmə bu iş üzrə iddiaçı tərəfə qarşı zorakılıq tətbiq edilərək, mənzil hüquqlarının pozulmasına göstəriş verən Cavabdeh1 ilə bağlı məsələləri aydınlaşdırmadan ona münasibətdə əsassız nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən Cavabdeh1 özünün və ya nümayəndəsinin iştirakı təmin olunmamış, on un cavabdeh və ya təqsiri olmasını sübut edən halları tam araşdırmamışdır” dəlillərə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı, iddiaçı tərəfin təşəbbüsü əsasında dindirilən şahidlər X15, X8 ifadələrində məhz Cavabdeh1 iddiaçı tərəfi evdən çıxarmaqla bağlı göstəriş verməsi və bu göstəriş əsasında iddiaçı tərəfin evdən zorla çıxarılması halı öz təsdiqini tapmamışdır.

27. Məhkəmə gəldiyi nəticəni 1964-cü ildən 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 73, 76, 77, 78 və 82-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsin in 53, 100, 101, 103 və 105-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti 1964-cü ildən 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 81-ci və MPM-in 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçının anası 18 avqust 2002-ci ildə vəfat etmiş Surə Novruzova xx.xx.1999-cu ildə müəyyən edilmiş qaydada Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmışdır. İş materiallarında bunu tə sdiq edən məhkəmə tərəfindən imzalanaraq qəbul edilmiş iddia ərizəsi olmasına baxmayaraq, hakim sübutlara hüquqi qiymət verərkən bu faktı görməməzlikdən gəlmiş, iddia müddətinin kəsilməsini nəzərə almamış, “iddia müddəti keçirilmişdir” deyə qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunun tələblərini pozmuş, sübutlara obyektiv qiymət verməmişdir. İddiaçı X9 tərəfindən xx.xx.1999-cu il tarixdə qanunla müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırılmışdır. Həmin vaxtdan da iddia müddətinin axımı kəsilmişdir. Məhkəmənin bu işə baxmaması, icraata qəbul edib-etməməsi iddia müddətinin davam etməsi anlamına gəlməmişdir. Bu da onu təsdiq etmişdir ki, iddia müddəti keçməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi tərəfində n yol verilmiş qanun pozğunluğunu təkrarlamışdır. b)

30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsi

31. Maddə

73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir.

32. Maddə

76. İddia müddətinin keçməsindən asılı olmayaraq pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir.

33. Maddə

77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbi traj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.

34. Maddə

78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi

35. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

36. Maddə

100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti İcraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.

37. Maddə

101. Xidməti yaşayış sahəsi verilə bilən işçilərin kateqoriyaları siyahısı SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilir. SSR İttifaqın ın və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq, SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda, hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər.

38. Maddə

103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq, xidməti yaşayış sahəs i istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51, 62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir.

39. Maddə

105. Xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı

40. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qa ydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir... İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştir akçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

53. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılma masına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəmə Mülki kollegiyasının 2(108)-75/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar