Məhkəmə qərarları › İş №2(102)-3354/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3354/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3354/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsi ilə bağlı mübahisələr, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilədə nəzərdə tutulan sahənin təhvil verilməsi tələbinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il ta rixli, 2(103)-281/2024 nömrəli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1, 76 ünvanında yerləşən 16.4 m² qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2016cı il tarixdən İddiaçı adına qeydə alınmışdır.

2. Cavabdeh MMC ilə İddiaçı etibarnamə əsasında nümayəndəsi X1 arasında bağlanmış “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yəni mənzillə təmin edilməsi haqqında ” 14 avqust 2018-ci il tarixli müqaviləyə əsasən mülkiyyətçi ünvan 1, 76 ünvanında 16.4 m² sahəni yaşayış kompleksinin tikintisi məqsədilə Cavabdeh MMC-yə təhvil verməyi, MMC isə həmin sahənin əvəzində tikinti işləri başa çatdıqdan sonra təhvil verilən sahənin ümumi sahəsinə əlavə olaraq onun 20%ə qədər artıq sahəni mülkiyyətçinin mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür.

3. Həmin müqavilənin 2.1.2-ci və 2.1.3-cü bəndlərinə əsasən çıxarış sahəsi: 16,4 m², əlavə sahə 8 m²-dən ibarətdir.

4. Müqavilənin 4.1, 4.2 və 4.4-cü bəndlərinə əsasən yeni sahənin sahəsi təhvil götürülən mövcud sahənin sahəsindən az olmamalıdır. Yeni sahənin təhvil verilməli olduğu tarix: 24- 36 ay. Yeni sahənin həmin mənzilin layihəsinə uyğun vəziyyətdə, həmin layihə ilə nəzərdə tutulmuş şəraitlə MMC tərəfindən mülkiyyətçiyə təhvil verilməlidir. Yeni sahənin mülkiyyətçiyə təhvil verilməsi akt ilə rəsmiləşdirilir və bununla mülkiyyətçiyə yeni mənzilə mülkiyyət hüququ tam ötürülür. Mülkiyyətçiyə yeni sahənin tikintisini və təmirini müşayiət etməsi üçün şərait yaradılmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MMC (bundan sonra “cavabdeh” və ya “MMC”) arasında bağlanmış “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” 14 avqust 2018-ci il tarixli müqavilədə, ona məxsus olan və cavabdeh tərəfindən sökülən ünvan 1ndə yerləşmiş 76 saylı qeyri-yaşayış sahəsinin əvəzinə müqavilədə nəzərdə tutu lan sahənin tam təmirli təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1də yerləşən 76 saylı qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olub. Lakin 2018-ci il tarixdə cavabdeh tərəfindən təklif gəlmişdir ki, həmin sahədə olan daşınmaz əmlak sökülərək, əvəzinə iddiaçıya yeni tikilmiş binada, əlavə kvadrat metr olmaq şərti ilə sahə veriləcək. Nəticədə iddiaçı ilə cavabdeh arasında 14 avqust 2018-ci il tarixli müqavilə bağlanmışdır.

7. Həmin müqaviləyə əsasən iddiaçıya məxsus olan ünvan 1ndə yerləşən, 16.4 m²dən ibarət qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən sökülərək, əvəzinə yerinə tikilən binada 20%-ə qədər artıq sahə əlavə olunmaqla, iddiaçıya tam təmirli mənzil verilməli idi. Cavabdeh tərəfindən tikiləsi yeni yaşayış kompleksi 24-36 ay ərzində təhvil verilməli idi. Həmin yeni tikilmiş yaşayış kompleksi artıq neçə vaxtdır ki, hazır olmuşdur. İddiaçı dəfələrlə cavabdehlə görüş keçirərək, bildirmişdir ki, müqaviləyə əsasən ona sahə verilməlidir. Lakin cavabdeh köhnə əmlakda iddiaçıya məxsus olan kvadrat metr sahənin yeni tikilmiş yaşayış kompleksində olmamasını, bu səbəbdən ona həmin yerdə sahə verə bilməyəcəklərinin demişdir. Hazıradək cavabdehə cürbəcür vədlər verir, lakin əməl vədinə əməl etmir.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1652/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlə bağlanmış 14 avqust 2018-ci il tarixli müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən sökülən ünvan 1ndə yerləşmiş 76 saylı qeyri-yaşayış sahəsinin əvəzinə 14 avqust 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan sahənin tam təmirli olaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. (hakim Ayaz Məmmədov)

10. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, MMC ilə iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 arasında “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yəni mənzillə təmin edilməsi haqqında” 14 avqust 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ünvan 1, 76 ünvanında 16,4 m² sahəni yaşayış kompleksinin tikintisi məqsədilə MMC-yə təhvil verir, MMC isə həmin sahənin əvəzində tikinti işləri başa çatdıqdan sonra əlavə 20% artıq sahəni mülkiyyətçinin mülkiyyətinə verir. Cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tu tulan öhdəlik icra olunmamışdır.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı məhkəməyə müraciət etməkdə haqlıdır və onun iddiası təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 390.5, 404.1, 404.2, 425.1, 425.2 və 442-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, bunu etməmişdir. İddiaçı hüquqlarından sui-istifadə edərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. MMC tərəf indən iddiaçıya məxsus mənzil ona görə sökülmüşdür ki, mənzil qəzalı vəziyyətdə idi (bu barədə müvafiq orqanların rəyləri var) və İcra Hakimiyyəti bu barədə sərəncam vermişdir. Lakin müvafiq dövlət qurumları tərəfindən təsdiq edilmiş layihəyə uyğun olaraq, qəzalı vəziyyətdə olan binaların yerində tikilmiş binalarda iddiaçıya məxsus olmuş mənzilin sahəsinə uyğun mənzil yoxdur. Buna görə də MMC tərəfindən ondan asılı olmayan səbəblərdən tikilən binada iddiaçıya mənzil verilməsi mümkün olmamışdır. İddiaçıya dəfələrlə təklif edilmişdir ki, mənzilin sahəsinə uyğun olaraq dəyəri ödənilsin, lakin o, bundan imtina etmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizasının təyin etmiş və ekspertiza qarşısında tikinti aparılan ünvanda (iddiaçıya məxsus sahənin yerləşdiyi ünvanda) təmirli mənzilin və qeyri-yaşayış sahəsinin 1 m2-nin bazar dəyəri barədə suallar qoymuşdur..

16. Məhkəmə Ekspertizası Mərkəzinin 9 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/84359/8564 saylı ekspert rəyinə əsasən, ünvan 1ndə 76 ünvanında MMC tərəfindən tikilən binaya yaxın ərazilərdə yerləşən təmirli mənzilin 1 m2-nin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2.432,0 manat, qeyri-yaşayış sahəsinin 1 m2-nin hazırda mövcud olan orta bazar qiyməti isə təqribən 5525 manatdır.

17. Apellyasiya baxışında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının çıxarışında olan sahə 16 m2-dir. Həmin sahənin üzərinə 20 faiz və üstünə 8 m2 sahəni əlavə edirlər. Məhkəmə tərəfindən iddiaçıya 24 yox, 30 m2 sahə verilməsi qeyd edilsə belə, bu qərar icra olunmay acaq, çünki həmin ölçüdə onlarda mənzil yoxdur. Ən balaca mənzil 102 m2-dir. Balaca ölçülü mənzillər birinci binadadır. İkinci binada az ölçülü mənzillər yoxdur. Müqaviləyə əsasən mənzil təhvil verilmədir. Müqavilənin birinci vərəqində qeyd edilib ki, ümumi sahə 16 m2, əlavə 20 faiz əlavə sahə. 24 m2 sahə əvvəlki layihədə qeyd edilmişdi. Daha sonra sahə 36 m2 olmaqla dəyişdirildi. Ekspert rəyində yaxın ərazilərdə 1 m2-in 2432 manat dəyərində olduğu qeyd edilmişdir. Rəyin arxa hissəsində 7-ci, 8-ci, 9-cu mərtəbələr qeyd edilmişdir mərtəbələrin hündürlüyü fərqi vardır. Təklif edir ki, qarşı tərəfin sahəsi 25 m2 olsa belə, 2 min manatdan 50 min manat edir. MMC isə 60 min manat verməyə razıdır. İddiaçının sahəsi üçüncü mərtəbədə 16 m2-lik qeyri-yaşayış sahəsi idi. Onlar ədalətli kompensasiya t əklif edir. Qarşı tərəfə üçüncü mərtəbədə yerləşən 20 m2 qeyri-yaşayış sahəsini təklif edir.

18. İddiaçı nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, iddiaçıya müqavilədə göstərildiyi kimi çıxarış sahəsi 16,4 m2 və əlavə sahəsi 8 m2 üzərinə 20 faiz, cəmi 30 m2 sahə verilməlidir. Cavabdeh tərəf evi sökən zaman evin sahəsini bilirdilər. Cavabdeh tərəflə bağlanmış yazılı razılığa əsasən təmirli mənzil verilməli idi. Cavabdeh 5 il ərzində onlara bir neçə yerdə ev göstərmiş, lakin mənzil verilməmişdir. İddiaçının əmlakı düz bulvarın qırağında, Bayraq meydanının yanında idi. Yaşayış sahəsinin təmirli şəkildə verilməli olduğu müqavilədə qeyd edilmişdir. Cavabdeh bir neçə dəfə fərqli yerlərdə evlər göstərmiş, lakin verməmişdir. Qarşı tərəfin onlara ev təklif etməsi və ev gös tərməsi həqiqətdir. Onlar göstərdiyi evlərdən almağa hazır idi. Bəyəndikləri evləri onlara vermələrini qarşı tərəfin özünə də bildirmiş, verəcəklərini desələr də, ancaq verməmişlər. 2018-ci ildən bəri vəziyyət belə davam edir. Qarşı tərəf onlara 100 manat kirayə haqqı verirdi, daha sonra onların təkidi ilə 150 manata qaldırdı. Bakı şəhərində 150 manata kirayə yoxdur, Əhmədli qəsəbəsində kirayə haqqı 400 manatdır. Cavabdeh iddiaçıya ya tikdiyi binadan ev versin, ya da müqabilində pul versin. İddiaçı 100000 manat məbləğində vəsaitin ona verilməsini istəyir, 60 min manatla razı deyil, çox azdır, 60 min manata iddiaçı ev ala bilməz.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-281/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, b irinci instansiya məhkəməsinin qətnaməsi “verilməli əmlak” hissəsində dəyişdirilmiş, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1, 76 ünvanında yerləşmiş, çıxarış sahəsi 16,4 kv.m və əlavə sahəsi 8 kv.m olmuş qeyri-yaşayış sahəsinin sökülməsinə görə həmin ünvanda tikilmiş yeni tikilidə sahəsi (16,4+8*20%) 29,28 m2 olan təmirli mənzilin verilməsi və qətnamənin icra olunan vaxt qeyd edilən əlamətlərə malik olan mənzil mövcud olmasa 71.209 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Günay Axundova)

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilik də nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

21. İşin müəyyən edilmiş mübahisəsiz hallarına görə tərəflər podrat və alqı-satqı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. Fikir ayrılığı cavabdehin müqavilədə şərtləşdirilmiş formada (sahəsi) mənzili iddiaçıya vermək üzrə öhdəliyi icra etməsinin mümkün olub-olmaması ilə bağlıdır. Belə ki, cavabdehin mövqeyinə görə onun təhvil verilmiş qeyri-yaşayış sahəsinin müqabilində təmirli mənzilin verilməsinə dair öhdəliyin icrasından imtinası qanunidir.

22. Beləliklə iş üzrə müəyyən edilməli olan hallar cavabdehin istinad etdiyi şərtin icrasının mümkün olub-olmaması, şərtin icrasının əvvəldən mümkünsüz olması müəyyən edildiyi təqdirdə cavabdehin bu halı müqavilə bağlanan zaman bilib-bilməməsi, cavabdehin müqavilənin icrasından imtinasının qanuni olub-olmamasından ibarətdir.

23. İşin hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən cavabdeh iddiaçının mülkiyyətində və istifadəsində olan əmlakın (təqdim edilmiş çıxarışa və digər hüquq müəyyənedici sənədlərə əsasən), eyni zamanda yerində tikiləcək binanın tərkib hissələrinin texniki göstəriciləri (binanın tikinti layihəsi, verilməli mənzilin təmirli olub-olmaması, ölçüsü və s.), yəni verilməsi nəzərdə tutulan mənzilin konkret parametrlərini müəyyənləşdirmək imkanına malik idi. Çünki cavabdeh tikinti sahəsində ixtisaslaş mış təşkilatdır, müqavilə bağlanarkən həll olunmalı məsələlərin əvvəldən ona bəlli olduğu məlumdur. Hazırda müqavilə ilə şərtləşdirilmiş mənzilin iddiaçıya təhvil verilməsinin mümkünsüz olması barədə cavabdehin istinad etdiyi dəlillər ağlabatan deyildir.

24. Bu səbəbdən cavabdehin qəzalı vəziyyətdə olan binanın yerində tikilmiş binada iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinin parametrələrinə uyğun mənzilin olmamasına, MTK tərəfindən ondan asılı olmayan səbəblərdən tikilən binada iddiaçıya mənzil verilməsinin mümkün olmamasına istinad edərək müqavilənin icrasından birtərəfli qaydada imtinası qanuni hesab edilə bilməz.

25. Sökülən sahənin əvəzində verilməsi şərtləndirilən mənzilin iddiaçıya məxsus yaşayış sahəsinin vahid əmlak kimi sökülməsi müqabilində veriləcəyi şərti aydın şəkildə göstərilmişdir. Cavabdeh də istinad etdiyi şərtin icrasının mümkünsüz olmasını müqavilə bağlanan zaman bilməli idi.

26. Bundan başqa, mülki qanunvericilik fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək hüququnu vermişdir. Hazırda tərəflərin birgə iradəsinə əsaslan müqavilə, müqavilədəki bütün şərtlər qüvvədədir və müqavilə öhdəliyin icrasının qurtarması anına qədər qüvvədə qalacaq. Cavabdeh də istinad etdiyi əsasla müqavilədən birtərəfli qaydada imtina edə bilməz, o, qanunvericiliyə uyğun şəkildə bu cür tələblə məhkəməyə müraciət etməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, tərəflər arasında azad surətdə müqavilə bağlanaraq, iddiaçının sökülmüş qeyri-yaşayış əvəzində yeni tikilən binada ona veriləcək olan yaşayış sahəsnin konkret həcmi razılaşdırılmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa görə iddiaçı Bakı şəhəri Səbail rayonu, X2 küçəsi, 76 ünvanında çıxarış sahəsi 16,4 m2 və əlavə sahəsi 8 m2 olan sahəni yaşayış kompleksinin tikintisi məqsədilə MMC-yə təhvil verməyi, MMC isə həmin sahənin əvəzində tikinti işləri başa çatdıqdan sonra təhvil verilən sahəni və əlavə olaraq onun 20%ə qədər artıq sahəni mülkiyyətçinin mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür.

28. Apellyasiya instansiyası məhkəməsi müqavilə şərtlərinə uyğun olaraq mənzilin təhvil verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razıalaşaraq göstərmişdir iddiaçının tələb etdiyi əmlakın fərdiləşdirici əlamətlərinin (tam təmirli, sahənin ölçüsü və s.) birinci instansiya məhkə məsi tərəfindən müqavilə şərtlərinə əsasən müəyyən edilməsi görünmür.

29. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi nəticəsinə gəlinərkən, verilməsi nəzərdə tutulan mənzili konkret parametrlər əsasında müəyyənləşdirmək mümkün deyil. Bu isə Mülki Prosessual Məcəllənin 14-cü maddəsində nəzərdə tutulmuş işlərin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinin tələblərinə cavab vermir.

30. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə müqaviləyə əsasən verilməli olan mənzilin həcmini daha müfəssəl şəkildə müəyyən etmək məqsədilə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MTK tərəfindən iddiaçıya ünvan 1 76 ünvanında, çıxarış sahəsi 16,4 m2 və əlavə sahəsi 8 m2 olmuş qeyri-yaşayış sahəsinin sökülməsinə görə həmin ünvanda tikilmiş yeni tikilidə sah əsi (16,4+8*20%) 29,28 kv.metr olan yeni təmirli mənzil təhvil verilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə istinadən göstərmişdir ki, həmin maddənin məzmununa görə əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində verilərsə, onun dəyərinin tutulması istisna olunur. Cavabdeh həmin əmlakın özünü qaytarmaqla onun dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Həmin əmlakın dəyərinin tutulması cavabdehin özünün hərəkətlərindən asılıdır.

32. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 9 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/8435-9/8564 saylı ekspert rəyinə əsasən, hesab etmişdir ki, hazırki qətnamə icra olunan vaxt qeyd e dilən əlamətlərə malik olan mənzil mövcud olmasa, alınmalı əmlakın dəyəri, yəni 71.209 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 152.1, 385.1, 386.1, 389.1, 390.1, 404.1, 404.2, 422.1, 425.1, 441.1, 442, 448.1, 560.1,560.2, 752.1-ci və 752.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, MMC tərəfindən müqavilə üzrə öhdəliyin icrasından imtina edilməsi ilə bağlı səhv nət icəyə gəlinmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. Belə ki, qətnamədə cavabdehin təqdim etdiyi dəlillər araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ bəndi ilə qorunan qanun və məhkəmə qarşısında bərabərlik hüququ, 60-cı maddəsi ilə qorunan hüquqların məhkəmə təminatı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunan ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədər ki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabə r tutulur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla i cra edilməsi) başa düşülür. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

560. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 752.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifar işçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəb dən kollegiya qətnaməni tam yoxlayır.

39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

42. İddia tələbi müqavilə öhdəliklərini yerinə yetirilməsi barədədir. İddiaçı tələbini əsası kimi cavabdehlə bağlanmış müqavi ləyə istinad edib. Cavabdeh isə müqavilənin mövcudluğunu etiraf etməklə yanaşı, öhdəliyini icra etmir, bunun əsası kimi də öhdəliyin icrasının mümkünsüzlüyünə istinad edir.

43. İşdən görünür ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış, müqavilədə hər iki tərəf üçün hüquq və vəzifələr müəyyən edilmiş, onlar bu müqavilə üzrə üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. İddiaçı müqavilə üzrə öhdəliyini – mülkiyyətində olan qeyri-yaşayış sahəsinə hüquqlarını cavabdehə ötürmüş, cavabdeh isə bunun müqabilində iddiaçıya yeni tikiləcək binada müvafiq ölçü və həcmdə mənzil verməklə bağlı öhdəliyini icra etməmişdir.

44. Halbuki öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli v ə i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hər iki iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, ekspert rəyinə düzgün qiymət vermiş, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

46. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 20-32-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.

47. Buna görə də hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətinin dəlilləridir.

48. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər təkrarlanmaqla, apellyasiya şikayətinin də dəlilləri olub və məhz həmin dəlillərə qiymət verməklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən (19-cu bənd) nəticəyə gəlmişdir.

49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin nümayəndəsi apellyasiya baxışında MMC-nin iddiaçıya 60 min manat verməyə razı olmasını göstərmişdir. (17-ci bənd)

50. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi məbləğ isə cavabdehin təklif etdiyi məbləğdən bir qədər artıq olmuşdur. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi bu məbləği özünün mülahizəsinə görə deyil, ekspert rəyi ilə mü əyyən etmişdir.

51. Bundan əlavə, apellyasiya baxışında cavabdehin nümayəndəsinin bir tərəfdən MMC-nin iddiaçıya 60 min manat verməyə razı olmasını göstərməsi, digər tərəfdən də kassasiya şikayətində qətnamənin ləğv, iddianın, ümumiyyətlə, rədd edilməsinin xahiş etməsi ziddiyyətli olmaqla yanaşı, ağlabatan mövqe sayıla bilməz.

52. Apellyasiya instansiyası məhkəməsinin cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ bəndi ilə qorunan qanun və məhkəmə qarşısında bərabərlik hüququ, 60-cı maddəsi ilə qorunan hüquqların məhkəmə təminatı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunan ədalətli məhkəmə araşdırması hüququnu pozması barədə dəlil isə, ümumiyyətlə, əsaslandırılmadığı üçün kollegiya bu dəlil ə qiymət verməyə zərurət də görmür.

53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-281/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar