Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3417/2020 04.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə mülki iş üzrə QƏRARİ (Açar sözlər: gəlinin qayınananın (qayınatanın) yaşayış sahəsində istifadə hüququ, yaşayış sahəsindən / mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)4283/2019 nömrə li qətnaməsindən Cavabdeh və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yetkinlik yaşına çatmayan uşaqları X1 və X2 ilə birlikdə iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9-da yerləşən 20 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-5420/2019 nömrəli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddia təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X1 və X2 ilə birlikdə İddiaçı mülkiyyətində olan xxx mənzili ndən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X1 və X2 ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4283/2019 nömrəli qətnaməsi ilə (hakimlər E.G.Rəhimov – sədrilik edən və məruzəçi, G.F.Tağızadə və T.O.Quliyev) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-5939/2019 nömrəli qətnaməsi qismən, yəni yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xxx kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya M əhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(105)-4283/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olsa da, cavabdehin və yetkinlik yaşına çatmayan övladlarının mənzilə istifadə hüquqlarının olmaması barədə məhkəmənin gəldiyi nəticənin hüquqi əsası yoxdur. Cavabdeh və övladları iddiaçının ailə üzvləri statusuna malikdirlər və onlara münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin normaları şamil oluna bilməz. İddiaçının tələbi əsasında cavabdehin başqa yaşayış sahəsi olmadığı halda, ona və övladlarına hər hansı ko mpensasiya ödənilmədən mənzildən çıxarılmaları barədə məhkəmənin gəldiyi nəticə qanunsuz və ədalətsizdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və Cavabdeh məhkəməyə gəlməmiş, vəkillərin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq kassasiya baxışının hədlərini müəyyən edərkən qeyd e dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi cavabdehin mübahisələndirilən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi hissəsində rədd olunsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bununla belə cavabdeh həmin yaşayış sahəsinə istifadə hüququnun olmasını əsas gətirməklə, iddianın tam rədd edilməsini xahiş etmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin cavabdehin kassasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, xxx mənzili xüsusi mülkiyyət hüququ əsasında xx xxxxxx 1998-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. Cavabdeh isə 2002-ci ildə həmin mənzilə gəlin köçmüş və hal-hazırad ək orada yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın xx xxxx 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyekt in ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dö vlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mü lkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək hesab etmişdir ki, cavabdeh mübahisəli mənzildə pasport qeydiyyatında olsa da, onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşaraq izah edir ki, qanunvericiliyin mənasına görə mülkiyyətçinin ailə üzvlərinin (ərinin, arvadının, valideynlərinin və uşaqlarının) yaşayış sahəsindən istifadə hüququnun yara nması üçün onunla yalnız ailə əlaqələrinin mövcud olması zəruri olduğu halda, digər ailə üzvlərinin, o cümlədən gəlinin və nəvələrinin mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçinin razılığı, həmin razılığın notariat qaydasında təsdiq olunması və daşımaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. İş materialları ilə isə müəyyən olunmuşdur ki, Cavabdeh xxx mənzilinin mülkiyyətçisi olan İddiaçı vəfat etmiş oğlunun həyat yoldaşıdır (iddiaçının gəlinidir) və beləliklə cavabdeh mübahisəli mənzilin mülkiyyətçisinə münasibətdə Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsində nəzərdə tutulmuş “digər ailə üzvü” statusuna malikdir. Lakin İddiaçı mülkiyyətində olan yaşayış sahəsində cavabdeh İddiaçı istifadə hüququnun yaranması üçün razılıq verməsi və həmin razılığın notariat q aydasında təsdiq edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması cavabdeh tərəfindən mübahisələndirilməmiş və belə hal məhkəmələr tərəfindən müəyyən olunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmaması əsası ilə iddianın həmin hissədə rədd edilməsi, cavabdehin və yetkinlik yaşına çatmayan övladlarının isə mənzildən çıxarılmasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilmədən saxlanılması əsaslı və qanuni olmuşdur. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin faktiki olaraq uzun müddət ərzində iddiaçının mülkiyyətində olan yaşayış sahəsində yaşaması, ona qanunvericiliklə n əzərdə tutulmuş mənada istifadə hüququ verməmiş və bu səbəbdən cavabdehə kompensasiya ödənilməli olmasına dair dəlili əsassızdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-4283/2019 nömrəli qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3417/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3417/2020
04.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver