Məhkəmə qərarları › İş №2(102)-3469/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3469/2022

12.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3469/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3469/22 (Açar sözlər: yaşayış sahəsinə köçürülmə tələbi) Bakı şəhəri, 12 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1299/2022 nömrəli iş üzrə 3 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehlər X1 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı əvvəllər ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. O, 2002-ci ildə X8 ilə evlənərək həmin ünvandan köçmüşdür. Onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Fatimə Mürsəlova və xx.xx.2002-ci il təvəllüdlü Məhin Mürsəlova adlı uşaqları anadan olmuşdur.

2. İddiaçı bildirir ki, 2013-cü ildə əri Səfa Mürsəlovdan ayrılmış və yenidən mübahisəli ünvana gəlsə də, cavabdehlərlə aralarında mübahisə olduğundan onun həmin evdə yaşamağına icazə verməmişlər. İddiaçının uşaqları isə cavabdehlərin razılığı ilə mübahisəli ünvanda yaşayırlar.

3. Mübahisəli ünvanda 93 kv.m və 126 kv.m sahədən ibarət olmaqla iki ev mövcuddur. 93 kv.m. sahədən ibarət olan evdə iddiaçının anası cavabdeh X1, 126 kv.m evdə isə iddiaçının qardaşı Cavabdeh1 öz ailəsi ilə bi rlikdə yaşayır. Evlər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və onunla birlikdə yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 1 ünvanına köçürülməsi, həmin yaşayış sahəsindən istifadə hüquqlarının tanınması, sanitar qovşaqlardan və mətbəxdən ümumi istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1975-ci ildə anadan olmuş və həmin müddətdən indiyə qədər ünvan 1-də qeydiyyatdadır. O, 2002-ci ildə nikah bağladıqdan sonra həmin mənzildən köçmüş, 2013-cü ildə boşanmışd ır və həmin vaxtdan azyaşlı uşağı ilə qeydiyyatda olduğu evə dəfələrlə gedib orada yaşamağa cəhd etsə də, maneələrlə üzləşmişdir. Çünki cavabdehlər olan anası X2 və qardaşı X3 ona azyaşlı qızı ilə birlikdə həmin evdə yaşamağa icazə vermirlər. Onun isə yaşamağa başqa yaşayış yeri olmadığından kirayədə yaşayır. Kirayə yaşadığı mənzildə yaşamaq üçün şərait yoxdur. Bu isə özlüyündə uşağın sağlam böyüməsinə və inkişafına mənfi təsir edir. İddiaçının uşaqları yetkinlik yaşına çatmayan olduğundan və maddi ehtiyacları artdığından, eyni zamanda aşağı əmək haqqı olan işdə işlədiyindən kirayədə yaşamağa maddi imkanı yoxdur. Ona görə də iddiaçının mərhum atasının vəsaitləri hesabına tikilən ünvan 1 ünvanında yerləşən mənzilə köçmək zərurəti meydana gəlmişdir. Yuxarıda göstərilənlərdən əlavə iddiaçı mə rhum atasından qalan evdə onun vərəsələrindən biridir və iddiaçının həmin mənzildə məcburi payı vardır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında iddiaçı tərəfindən göstərilərək, koordinatları ölçülmüş 2 bitişik fərdi yaşayış evi mövcuddur və sxemdə göstərilmişdir. Eyni zamanda həmin yaşayış evlərinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. ünvan 1 ünvanında iddiaçı tərəfindən göstərilərək, koordinatları ölçülmüş 2 bitişik fərdi yaşayış evinin koordinatları ölçülmüş və sxem formasında təqdim edilmişdir.

7. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4181 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında iddia çı tərəfindən göstərilərək, koordinatları ölçülmüş 2 bitişik fərdi yaşayış evi mövcuddur və mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Eyni zamanda həmin yaşayış evlərinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin hansı tarixdə (ildə) inşa edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyil.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-547/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.M.Abbasova) iddia qismən təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2002-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 93 kv. m olan yaşayış sahəsinin hüdudları daxilinə (9.x-400212,9166 y- 4480559,1339; 10.x-4 00211,8436 y4480552,7783; 11.x400210,0735 y-4480553,0888; 12.x- 400208,6233 y-4480545,6134; 13.x-400203,0840 y4480546,5346; 14.400203,9752 y-4480551,7193; 15.x-400205,1397 y-4480560,2193 koordinatları daxilində) köçürülmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuş və məhkəmə xərcləri məsələləri həll edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşd ırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər Konstitusiyanın 43-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyətolmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olu nur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar.

10. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Xüsusilə o hal nəzərə alınmalıdır ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyildir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mü lkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının “evə köçürülmə barədə” iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. Cavabdehlər hesab edirsə ki, ev onların vəsaiti hesabına inşa olunub və onlara məxsusdur, belə halda həmin şəxslər müvafiq sənədləri təqdim etməklə ev üzərində hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüququ qeydə alındıqdan sonra həmin hüququn müdafiəsi üçün məhkəməyə müraciət etməlidirlər. Ona görə də hazırkı işdə evin “cavabdehlərə məxsus olan ev” kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur. Cavabdehlər qeyrimüəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək istəyirlər. Ona görə cavabdehlərin bu hərəkətinin qarşısı alınmalıdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhz ünvan 1 ünvanında yerləşən, ekspert və mütəxəssis rəyləri ilə də koordinatları müəyyən edilmiş 93 kv.m olan yaşayış sahəsinə köçürülməsini xahiş edir. Hansı ki, həmin sahədə hal-hazırda iddiaçın anası-Cavabdeh3 yaşayır. ünvan 1 ünvanında mövcud olan digər 126 kv.m yaşayış sahəsində isə Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh1 İddiaçı digər yaşayış sahəsinə (93 kv.m) köçürülməsinə etiraz etməsi əsassızdır. Belə ki, mə hkəmə araşdırması zamanı Cavabdeh1 93 kv.m olan yaşayış sahəsinin məhz onun tərəfindən tikilməsi və xərc çəkilməsi barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. İşin tədqiq olunan hallarından məlum olur ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflərin qanuni istifadəsində olmayıb və həmin torpaq sahəsində mövcud olan yaşayış evlərinin tikintisi üçün müvafiq ic ra hakimiyəti orqanının icazəsi yoxdur. Ona görə də mübahisəli ev özbaşına tikili olsa da, cavabdehlərin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir

13. Məhkəmə iddia tələbinin iddiaçının və onun övladlarının mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının tanınması hissəsinə münasibətdə hesab etmişdir ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev (yaşayış sahəsi) daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alınmadığından, iddiaçının və onun övladlarının mübahisəli evə istifadə hüququ əmələ gəlməmiş, habelə özbaşına tikiliyə istifadə hüququnun tanınması yolverilməzdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan R espublikası Mülki Məcəlləsinin 27.2, 157.4, 157.8, 164.1, 164.2, 228.1, 228.2-ci, Mənzil Məcəlləsi 13.3, “Uşaq hüquqları haqqında” Qanununun 8, 20-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdehlər X1 və Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışd ır ki, məhkəmə iddiaçının ünvan 1 ünvanında iki fərdi yaşayış evindən hansına sahiblik hüququnun olması və digər şəxslər tərəfindən bu hüququnun pozulmasının tələb edilməsinin mexanizmini müəyyən etməmişdir. Belə ki, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evləri üzərində sahibliyi şəxsin qeydiyyatı ilə müəyyən edilməməlidir. Çünki, şəxs bir evə qeydiyyatda ola bilər. Hazırki işdə isə iddiaçının iddia tələbində qeyd etdiyi ünvanda iki fərdi yaşayış evi mövcuddur. İddiaçının konkret olaraq hansı fərdi yaşayış evində qeydiyyatda olmasının məhkəmə icraatı dövründə müəyyən edilməməsinə baxmayaraq, məhkəmə iddiaçının iddia tələbini təmin etmişdir. Bundan əlavə, iddiaçı fərdi yaşayış evini 2002-ci ildə tərk etmişdir və həmin fərdi yaşayış evini tərk edərkən ünvan 1 ünvanında ata evi olmaqla bir fərdi yaşayış evi mövcud olmuşdur. Lakin həmin fərdi yaşayış evi 2004-cü ildə sökülmüş, həmin ünvanda iki fərdi yaşayış evi tikilmişdir. Bundan başqa, məhkəmə iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərindən birinə (köçürülmə təmin olunan hissə) sahiblik hüququnun olub-olmaması, fərdi yaşayış evinə hər hansı xərc çəkib-çəkməməsi, qeydiyyatda olduğu fərdi yaşayış evinin konkret hansı ev olduğu barədə sübutları məhkəməyə təqdim etmədiyi halda iddia tələbini qismən edərək, iddiaçının həmin ünvanda 93 kv.m olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1299/2022 nömrəli iş üzrə 3 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərda nova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “iddianın təmin edilmiş hissəsində” dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir.

19. Məhkəmə hesab etmişdir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin o rada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli ev bir damın altında iki evdən ibarətdir. Bu tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikililər faktiki olaraq mövcuddur və eyni ünvandadırlar. İddiaçının orada əvvəllər yaşamasını, cavabdehlərin isə daimi yaşayış sahəsi kimi istifadə etmələrini tərəflərin heç biri mübahisələndirməmişdir. Həmçinin işin mübahisəsiz hallarından görünür ki, iddiaçının uşaqları uzun müddətdir ki, cavabdehlərin razılğı ilə mübahisəli evdə yaşayırlar. Ona görə də iddiaçının və uşaqlarının mübahisəli evə istifadə hüququ yaranmasa da, iddiaçının orada faktiki olaraq yaşa yan uşaqlarına münasibətdə bağlılığı (əlaqəsi) vardır və işin araşdırılmış halları ilə onun mübahisəli evə köçürülməməsinə əsas verən hər hansı halların olması müəyyən edilməmişdir.

21. Məhkəmə gəldiyi nəticəni AR Konstitusiyasının 43.1, Mülki Məcəllənin 11.1, 11.2, 27, 180.1, 180.2, Mənzil Məcəlləsi 13.3, “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 13.1-13.2, 90.4, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» xx.xx.1996-cı il tarixli AR Qanununun 2-ci və MPM-in 13.4, 14.2, 217.3, 217.4, 385.2, 387.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehlər X1 və Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbu l edilməsini xahiş etmişlər.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının ailə həyatı quraraq mübahisəli mənzili tərk etməsi həmin mənzilə olan hüquqlarının itirilməsi ilə nəticələnsə də apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

25. Maddə 43, hissə

1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həm in münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

27. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

29. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:

30. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

31. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köç ürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

32. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

33. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini ica rə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

34. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

35. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər h üquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmələr iddianı təmin edərkən Azərbaycan Respublikasının Konstitusiyasının mənzil hüququna dair 43-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 11-ci maddəsində nəzərdə tutulan analogiya institutuna və 180-cı maddəsində təsbit olunan özbaşına tikintiyə dair normalara əsaslanmışlar.

43. Bununla belə, məhkəmə MM-in həm 11.1, həm də 11.2-ci maddəsinə istinad etmiş, işə qanunun, yoxsa hüququn analogiyasını tətbiq etdiyini, habelə 180-ci maddənin isə hansı dispozisiya şərtlərinə görə iddiaçının mübahisə li evə köçürülməsinin əsası kimi qəbul edilməsini lazımi şəkildə əsaslandırmamışdır.

44. Məhkəmənin istinad etdiyi, Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

45. Bu qaydanın mənzil hüququ ilə bağlı əsas qanunda təsbit edilmiş ümumi bir çərçivə olduğu nəzərə alınmaqla, konkret mülki mübahisədə iddiaçının tələbinə uyğun gələn aidiyyəti (yaxud analogiya qaydasında tətbiq edilməli olan) maddi hüquq norması (Mənzil Məcəlləsinin, Mülki Məcəllənin müvafiq maddəsi) müəyyən olunmalı, işin faktiki halları ilə həmin normanın dispozisiya şərtləri arasında uyğunluq yoxlanılmalı və bu dəyərləndirmənin nəticəsinə görə iddia həll edilməlidir. Hazırkı işdə isə bu qaydaya riayət olunmamışdır.

46. Belə ki, iddiaçın köçmək istədiyi ev daşınm az əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu hal həmin ev üzərində iddiaçının hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir.

47. Mövcud vəziyyətdə xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmiş yaşayış sahəsindən istifadə hüququna dair anoloji normalar nəzərdən keçirilə bilər.

48. İddiaçının 2002-ci ilədək mübahisə evdə yaşaması, həmin ildən ailə quraraq daimi yaşamaq üçün başqa yerə getməsi, habelə 2013-cü ildə boşandıqdan sonra yenidən həmin evə qayıtması, lakin orada qala bilmədiyi üçün sonrakı müddətdə kirayə mənzildə yaşaması barədə dedikləri nəzərə alındıqda, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi, habelə hazırda qüvvədə olan Mənzil Məcəlləsini n 68-ci maddələri üzrə müvafiq yoxlama aparılmalıdır.

49. Həmin normalara görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər (§ 30-31).

50. Eyni zamanda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzv ləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər (§ 34-35).

51. Göründüyü kimi hər iki normanın tələblərinə görə yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iddiaçının icarədarın ailə üzvü olması və onunla birlikdə yaşaması zəruri şərtlərdir. Ailə üzvləri isə icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Bu statusda olmayan digər şəxslər o halda icarədarın ailə üzvləri sayıla bilərlər ki, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmış olsunlar.

52. Kollegiya bildirir ki, qeyd edilən halları sübuta yetirmək yükü onları iddia edən tərəfin üzərinə dü şür. Başqa sözlə, mübahisəli yaşayış sahəsində yaşamaq hüququnu iddia edən şəxs həmin halları sübuta yetirməyə borcludur (§ 37).

53. O da nəzərə alınmalıdır ki, sözügedən hüquq göstərilən əsaslarla yaranmış olsa belə, bu hüquq həmişəlik və ya ehtiyyat bir hüquq sayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz.

54. Təsadüfi deyil ki, əvvəlki Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdir (§ 32-33).

55. Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.

56. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdı ğı hallara aid etmişdir.

57. Hazırkı işdə isə apellyasiya məhkəməsi qeyd edilən maddi hüquq normalarının şərtlərinə uyğun olaraq iddiaçının mübahisəli evdə yaşamaq hüququnun nə vaxtdan və hansı əsasla əmələ gəldiyini, əgər belə hüquq yaranmışsa iddiaçının 2002-ci ildən 2013cü ilədək, habelə 2013-cü ildən iddia qaldırılan vaxtadək başqa yaşayış sahəsində daimi olaraq yaşamasının səbəblərini, bu faktların mübahisəli evdən onun istifadə etmək hüququnu aradan qaldırıb-qaldırmamasını müzakirə etməmiş, bu xüsusatlara hüquqi qiymət verməmişdir.

58. Qeyd edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə yanaşı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilm iş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir (§ 36, 38).

59. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1299/2022 nömrəli iş üzrə 3 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar