Məhkəmə qərarları › İş №2(102)-3471/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3471/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3471/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2024-cü il tarixli, 2(103)- 3158/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir.

2. İddiaçının sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrə li, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir.

3. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi üçün tərtib edilmiş aktlar üzrə iddiaçıya 9.001,86 manat ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş akt ların ləğv edilməsi, həmin aktlardan irəli gələn 9.001,86 manat məbləğin iddiaçının hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildə ünvan 1 ünvanda yerləşən 1.200 kv.m. ərazisi olan torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş 30 kv.m. sahəsi olan 1 otaqlı yaşayış evini almış və 2015-ci ildə həmin evin sahəsini artıraraq xırda buynuzlu mal-qaranın saxlanılması üçün tövləyə çevirmişdir. xx.xx.2011-ci il tarixdə həmin ünvana sayğac quraşdırılmış, **********00001 nömrəli abonent kodu verilmişdir. 2016-cı ildən iddiaçı təbii qazdan istifadə etmir. 2017-ci ildə Cavabdeh İB-nin əməkdaşları sayğacdan kənar təbii qaz xətti aşkar etmiş, foto-video çəkmişdir. Sayğacdan kənar təbii qaz xətti ləğv edilməmiş və hər il abonentin hesab koduna borc hesablanmışdır. xx.xx.2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunsa da, bu günə kimi həmin xətt Mehman Hüseynov adlı qonşu tərəfindən istifadə edilməkdədir.

6. Birinci instansiya məhkəməsindəki icraatda cavabdehin nümayəndəsi Vəkil iddiaçı tərəfindən kənar qoşulma olduğundan iddianın rədd edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Paşayeva) 2(008)1037/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00001) hesablanmış 8.694,46 manat məbləğdə borcun silinməsi qət edilmişdir.

8. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin üzrə borcun silinməsi hissəsinə qiymət verərkən tərtib edilmiş aktlarda iddiaçının imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə almışdır. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkündür.

9. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin Cavabdeh İB tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə, hesab edir ki, iddia qismən, yəni məhkəməyə təqdim olunmuş yalnız ilk tərtib olunmuş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 307.40 manat saxlanılmaqla, qalan hissədə təmin edilməlidir. Çünki, o vaxtadək tərtib olunmuş aktlar araşdırılması üçün cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və onların əsaslılığını yoxlamaq mümkün olmamışdır. Abonentə məlumat verilmədən və məhkəməyə də təqdim edilməyən akt üzrə iddiaçıdan həmin pulun tələb edilməsi əsaslı deyil.”

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmi şdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçının qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, bununla bağlı müvafiq aktlar tərtib edilmiş və hər faktla bağlı fotoşəkillər çəkilmişdir. Həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair tələbnamələr” təsdiq edilmişdir. Həmin “Tələbnamələrə” əsasən itirilmiş təbii qazın həcminin miqdarı ölçülmüş, bu əsasla da ziyanın məbləği hesablanmış və ziyanın ödənilməsi iddiaçıdan tə ləb olunmuşdur. İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeydiyyatsız, qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə maddi ziyan vurmuşdur. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamış, iddia tələbinin bir qismini təmin etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3462/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmənin təşəbbüsü ilə hazırkı iş üzrə məhkəmə trasoloji ekspertizasının təyin edilməsi qərara alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-16/2-3/1123 №-li rəyi alınmışdır. Rəydə qeyd edilir ki, iddiaçıya məxsus olan ünvana aid qaz sayğacının və borunun üzərind ə müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) 2(103)3462/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Məhkəmə, iddiaçı tərəfindən qaz sayğacına qanunsuz qoşulma halının olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin etmiş və bununla bağl ı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1123 №-li rəyi alınmışdır. Həmin rəydə qeyd edilir ki, iddiaçıya məxsus olan ünvana aid qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

17. Bundan başqa, Məhkəmə, Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda iddiaçının imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini, işdə olan fotoşəkillərin çəkilmə tarixinin göstərilməməsi səbəbindən hansı aktları əsaslandırdığını müəyyənləşdirməyin qeyri-mümkün olmasını nəzərə alaraq hesab etmişdir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi hal ı iş materialları ilə öz təsdiqini tapmır.”

18. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin Cavabdeh tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh B irlik tərəfindən məhkəməyə təqdim edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21.1, 21.2, 1097.1-ci maddələri, “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 6.5-ci bəndinə və Mülki Prosessual Məcəllənin n 384, 392, 393, 405-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçının aktları imzalamaqdan imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. İş materiallarından da məlum olduğu kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə trasoloji ekspertizası təyin edilmiş, ekspertiza üzrə ekspert tərəfindən verilmiş rəydə “iddiaçıya məxsus olan ünvana aid qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədənin aşkar edilmədiyi” qeyd olunmuşdur. Göründüyü kimi, ekspert rəyi ilə iş materiallarında olan sübutlar (aktlar, fotoşəkillər və s.) arasında ziddiyyət vardır. Bundan əlavə, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə bir akta münasibətdə sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan qeyri-qanuni ist ifadə faktını tanımışdır. İddiaçı qeyd olunan qətnamədən şikayət verməmiş, bununla da qanunsuz qoşulma faktını qəbul etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının ünvanında qaz xəttinə qanunsuz qoşulma, dolayısı ilə də qaz xətti üzərində müdaxilə nəticəsində yaranmış izlər olmuşdur. Bütün bunlar isə hazırki iş üzrə ekspert rəyinin mötəbərliyini şübhə altına alır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Vidadi Məmmədov (məruzəçi), Zaur Əliyev və Aqil Abbasov) 2(102)-347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3462/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır.

24. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: iddia iki tələbdən: 1) cavabdeh tərəfindən tərtib edilmiş aktların ləğv edilməsi; 2) həmin aktlardan irəli gələn məbləğin iddiaçının hesab kodundan silinməsi tələblərindən ibarət olsa da, birinci instansiya məhkəməsi iddianın birinci tələbini qətnamədə müzakirə etməmiş, həmin tələbə hər hansı münasibət bildirməmiş, apellyasiya instansiyası məhkəməsi də, baxmayaraq ki, qeyd olunan məsələ düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bilən prosessual xarakterli olduğu üçün apellyasiya şikayətinin hədlərinə daxil deyildi, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntuya hüquqi qiymət verməmişdir.

25. İkincisi, eyni qaydad a nəzərdən keçirdikdə, birinci instansiya məhkəməsinin qətnaməsindən aydın olmur ki, həmin məhkəmə “... məhkəmə, hesab edir ki, iddia qismən, yəni məhkəməyə təqdim olunmuş yalnız ilk tərtib olunmuş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 307.40 manat saxlanılmaqla, qalan hissədə təmin edilməlidir” dedikdə, yəni iddianı 307.40 manat hissədə rədd edərkən hansı faktiki və hüquqi əsaslardan hərəkət edərək, bu nəticəyə gəlmişdir.

26. Üçüncüsü, işdə olan, xx.xx.2023-cü il tarixə abonentin saldosunda göstərilmişdir ki, iddiaçı tərəfindən 2018-ci ildə 1.278 manat, 2021-ci ildə 2.275 manat, 2022-ci ildə 6.366,24 manat ödəniş edilmişdir, 2023-cü ilin yanvar ayına sonuncunun heç bir borcu mövcud deyil. Lakin işin bu halı məhkəmələr tərəfindən araşdırılmamışdır.

27. Dördüncüsü, m əhkəmələr iddiaçının iddia ərizəsində sayğacdan kənar qeyriqanuni qaz xəttinin mövcudluğunu etiraf etməsinə (lakin həmin xəttin Mehman Hüseynov adlı qonşu tərəfindən istifadə edilməkdə olduğuna dair mülahizəsinə) də hüquqi qiymət verməmişlər. 28. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486- VİQD nömrəli Qanununun 13.8-1-ci maddə əlavə edilmişdir. Həmin norma 2022-ci il mayın 1dən qüvvəyə minmişdir. Maddənin məzmunundan aydın olduğu kimi, həmin tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın talanması nəticəsində az miqdarda, yəni 5.000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən təbii qazın talanması nəticəsində vurulmuş ziyan 5.000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

29. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömr əli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, “Xalq” qəzeti, 6 iyul 2023-cü il, №138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023- cü il, № 6, maddə 878).

30. İşdən görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra tərtib olunmuş aktlara münasibətdə məhkəmələr maddi hüquq norması kimi “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsini mübahisəyə tətbiq etməmişlər. Məsələnin xüsusi əhəmiyyəti MPM-in 81-ci maddəsi ilə əlaqəlidir. Həmin normanın tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları ba şqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan qeyd olunan işlər üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddianın əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Odur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2022- ci il mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar üzrə mübahisələrə baxarkən qanunvericiliyin imperativ göstərişlərinə riayət edilməsi vacibdir.

31. Altıncısı, apellyasiya instansiyası məhkəməsi iddianın xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 307,40 manat hissədə qismən təmin olunması ilə ra zılaşan iddiaçının birinci instansiyası məhkəməsinin qətnaməsindən həmin hissədə apellyasiya şikayəti verməməklə ona yönələn hüquqi tələblə razlaşmasının sonuncuya münasibətdə (həmin tarixədək və ondan sonra, lakin xx.xx.2022-ci ilədək, qaz xəttinə qanunsuz qoşulması faktı kimi qəbul edilib-edilməməsi ilə bağlı) daha hansı hüquqi nəticələri doğurduğunu öz qətnaməsində təhlil etməmiş və qiymət verməmişdir.

32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2, 21.1, 21.2, 21.3, 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5, 6.1, 6.5.-ci bəndlərinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası mə hkəməsindəki ikinci icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) 10 iyun 2024-cü il tarixli 2(103)-3158/2024 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi və Cavabdeh tərəfindən tərtib edilmiş aktların ləğv edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) 10 iyun 2024-cü il tarixli 2(103)-3158/2024 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilə rək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən – “cavabdeh tərəfindən Sabunçu rayonu, 559 Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 0140-0001 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00001) hesablanmış 8.694,46 manat məbləğdə borcun silinməsi” hissəsində ləğv edilməsi, iddia tələbi həmin hissədə təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanına (abonent kodu **********00001) hesablanmış 8.694,46 manat məbləğdə borcun silinməsi qət edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş foto şəkillərdən müəyyən olunur ki, torpaq sahəsində ev və iddiaçının adlandırdığı kimi tövlə vardır. İddiaçı qeyd edir ki, ev ona məxsus deyil. Qonşunun istifadəsindəd ir. Ona məxsus olan sahə ancaq tövlədir. (i.v.11,12). Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 4 iyun 2024-cü il tarixli, 5-18-5/2-3143/2024 nömrəli arayışda qeyd edilir ki, Aslanov X1 qəsəbəsi, Zərdabi küçəsi, döngə 1, ev 3 ünvanında daimi pasport qeydiyyatındadır. 6 iyun 2024-cü il tarixli Aktda qeyd edilir ki, aktı imza edənlər Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 5-ci döngədə faktiki yaşayırlar. İddiaçı 2011-ci ildən onlar qonşu kimi tanıyırlar. Onun qonşuluqda 1200 kv.m.-lik torpaq sahəsi var və bu torpaq sahəsinin içində 40-45 kv.m.-lik bir tövlə yerləşir. Orada heç bir yaşayış şəraiti yoxdur, ona görə də ev kimi istifadə edilməsi mümkün deyildir. 2015-ci ilin ortaları ndan qonşusu İddiaçı adı çəkilən, qonşuluğunda olan torpaq sahəsində görməyiblər və ondan istifadə etməyibdir. Eşitdiklərinə görə haradasa işləyir və daimi doğulduğu ünvanda (Maştağa qəsəbəsi, ünvan 4gər Aktda qeyd edilir ki, 1984-cü il təvəllüdlü Aslanov X1 qəsəbəsi, ünvan 5 ünvanda pasport qeydiyyatındadır və faktiki ailəsi birlikdə yaşayır. İddiaçı heç bir yerdə başqa evi yoxdur və daima Zərdabi küçəsi, dalan 1, ev 3 ünvanında yaşamışdır və hal-hazırda yaşayır.

36. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı ona məxsus tövlədən 2015-ci ildən istifadə etməməsinə dair məhkəməyə sübut təqdim etmişdir. Cavabdeh tərəfindən isə təqdim edilən aktlarda iddiaçının imzası yoxdur. Habelə, həmin aktlara əlavə edilən fotoşəkillərin isə məhz iddiaçıya məxsus tövləyə aid şə killər olmasını da müəyyən etmək olmur. 37. xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlar üzrə hesablanmış borcun silinməsi tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması h alı öz təsdiqini tapmadığından bu aktlar üzrə yazılmış cərimə silinməlidir.

38. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486- VİQD nömrəli Qanununa əsasən “Qaz təchizatı haqqında” Qanuna 13.8-1-ci maddə əlavə edilmişdir. Qeyd olunan norma 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. İşin hallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilmiş və iddiaçıya cərimə hesablanmışdır.

39. Ape llyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmamış və maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir, bu s əbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməlidir. Belə ki, Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar həm “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 25 fevral 2022-ci il tarixli dəyişiklik edilməmişdən əvvəlki dövrə, həm də sonrakı dövrə aiddir.

41. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, işə baxan məhkəmə maddi hüquq norması kimi “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 25 fevral 2022-ci il tarixli dəyişiklik edildikdən sonra tərtib edilmiş aktlar üzrə borcun silinməsi tələbinə hüquqi qiymət verərkən Qanunun 13.8-1-ci maddəsinə istinad etməmiş, ümumi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx. 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə istinad etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1 maddəsi 2022-ci ilin may ayında qüvvəyə mindiyindən həmin tarixdə və ondan sonra tərtib edilmiş aktlara münasibətdə tətbiq edilir.

42. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

43. Cavabdeh (Vəki l) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq cavabdeh tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıqaşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apell yasiya instansiyası məhkəməsi səhv nəticəyə gələrək maddi hüquq normalarının tələblərini pozmuş və düzgün olmayan qətnamə qəbul etmişdir. İş materiallarından da məlum olduğu kimi tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir. Təbii qazdan istifadəyə görə yaranmış borc məbləği istehlakçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini nəzərə almamış, iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzi fəsindən qanunsuz olaraq azad etmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Xüsusilə apellyasiya instansiyası məhkəməsi iddiaçının heç bir sübutla təsdiq olunmayan özünümüdafiə xarakterli çıxışlarına və mötəbər olmayan sübutlara (iddiaçının guya həmin ünvanda yaşamamasına dair qonşuların tərtib etdiyi aktlara) istinad etmişdir. İş materiallarında yer almış və cavabdeh tərəfindən təqdim olunmuş sübutlar iddia tələbinin tamamilə əsassız olmasını təsdiq etdiyi halda apellyasiya instansiyası məhkəməsi səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir.

45. Ekspert rəyi ilə iş materiallarında olan s übutlar (aktlar, fotoşəkillər və s.) arasında ziddiyyət vardır. Bundan əlavə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə bir akta münasibətdə sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan qeyriqanuni istifadə faktını tanımışdır. İddiaçı qeyd olunan qətnamədən şikayət verməmiş, bununla da qanunsuz qoşulma faktını qəbul etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının ünvanında qaz xəttinə qanunsuz qoşulma, dolayısı ilə də qaz xətti üzərində müdaxilə nəticəsində yaranmış izlər olmuşdur. Bütün bunlar isə hazırkı iş üzrə ekspert rəyinin mötəbərliyini şübhə altına alır. Belə olan halda isə məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməli və iş materiallarında olan sübutlar arasındakı ziddiyyətlər aradan qaldırılmalı idi. Lakin apellyasiya instansiya məhkəməsi pros essual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmiş, təkrar ekspertiza təyin olunmamış və qanunsuz qətnamə qəbul edilmişdir.

46. Paylayıcıya maddi zərərin vurulması ilə bağlı halları sübut edən mötəbər sənədlər cavabdeh tərəfindən iş materiallarına əlavə edilmişdir. İddia tələbi tamamilə əsassız olduğu və cavabdeh tərəf olaraq da bu halı sübuta yetirdikləri halda, həmçinin də iddiaçı tərəfindən iddia tələbinin əsaslılığı ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hər hansı bir əsas olmadan borcun silinməsini qət etmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 5.3. Mülki hü quq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

49. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;

50. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

51. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

52. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır;

53. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

54. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arası nda müqavilə olmalıdır.

55. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

56. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

57. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

58. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsul iyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

59. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

60. Bənd 13.8.... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

61. Bənd 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşd ırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur.

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması hallarına yoil verilməmiş, kassasiya məhkəməsinin göstərişləri əsasında araşdırma aparılaraq düzgün qərar qəbul edilmişdir.

76. Kassasiya kollegiyası cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi barədə dəlillini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.2-ci maddəsində isə, məhkəmənin əsassızlığına görə eksperin rəyi ilə razılaşmadığı halda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin edə bilməsi qeyd olunur. Baxılan işdə apellyasiya kollegiyası işin müəyyən edilmiş faktiki halları baxımından təkrar ekspertiza təyin olunmasına əsaslar müəyyən etməmişdir.

77. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgü n qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

78. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, kollegiya Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2024-cü il tarixli 2(103)3158/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar