Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-350/2023 06.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (yeni adı "xxxx" Mənzil Tikinti Kooterativi) Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, müqavilənin ləğvi, gecikmiş sübut) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4317/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 6 fevral 2023-cü il tar ixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı (yeni adı "xxxx" Mənzil Tikinti Kooterativi, bundan sonra – MTK və ya iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 05 dekabr 2017-ci il tarixli, GH-A 1/001595 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 1-ci blok, 24-cü mərtəbədə yerləşən 1 otaqdan ibarət 166 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) cavabdehə satılmış, müqavilənin qiyməti 110500 manat müəyyən edilmişdir.
2. Müqavilənin şərtlərinə əsasən iddiaçı mənzili cavabdehə təhvil verməyi, cavabdeh isə bunun qarşılığında iddiaçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür (bənd 1.1). İddiaçının cavabdehdən ödəniş də daxil olmaqla müqavilə öhdəliklərini vaxtında və tam şəkildə həyata keçirilməsini tələb etmək hüququ vardır (bənd 2.1.1). Cavabdeh müqavilədə nəzərdə tutulmuş müqavilə qiymətini və digər pul öhdəliklərini vaxtında tam şəkildə ödəməlidir (bənd 2.4.1). Mənzilin ümumi dəyəri (ƏDV xaric) 110.500manat təşkil edir, müqavilə qiyməti xx.xx.2020-ci il tarixinədək (bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən) ödəniş cədvəli (Əlavə 1) əsasında ödənilməlidir (bənd 3.1 və 3.2). Cavabdeh tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə bəndin tələbləri tam və ya qismən) pozularsa iddiaçının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlə rlə müqavilə bağlamaq hüququ vardır. Cavabdeh bununla əlaqədar iddiaçıya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz (bənd 10.1). Müqavilənin ləğv edilməsi halında, sifarişçi tərəfindən icraçıya ödənilmiş vəsait müqavilənin şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzilə üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 iş günü ərzində sifarişçiyə qaytarılacaq (bənd 10.2).
3. Müqavilənin tərkib hissəsi olan 1 №-li Əlavəyə əsasən müqavilə qiymətinin 22.100 manat hissəsi xx.xx.2017-ci il tarixində ödənilmiş, qalan 88.400 manat hissəsinin isə aylıq 2.460,00 manat olmaqla 36 ay ərzində hər ayın 5-dən gec olmayaraq xx.xx.2020-ci il tarixinədək hissə-hissə ödənilməsi razılaşdırılmışdır. 4. 22.06.2020-ci il t arixdə MTK cavabdehə məktub ünvanlayaraq, mübahisəli mənzilə dair müqavilə üzrə aylıq 2460 manat olmaqla pul vəsaitini hər ayın 5-dək ödəmək öhdəliyi cavabdeh tərəfindən icra edilmədiyindən, gecikdirilmiş borc məbləği təşkil edən 9680 manatın 5 iş günü ərzində ödənilməsini təklif etmiş, əks halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyini bildirmişdir.
5. Cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə il müraciət ünvanlayaraq mübahisəli mənzilə dair qanunla ona məxsus olan və gələcəkdə mövcud olacaq bütün hüquqlarından imtina etdiyini və gələcəkdə hər hansı bir şəkildə heç bir tələb (iddia, pretenziya) irəli sürməyəcəyini bildirmiş, mənzilə dair bağlanmış xx.xx.2017-ci il tarixli, GH-A 1/001595 nömrəli müqavilənin ləğv edilməsinə dair saziş bağlanmas ını xahiş etmişdir.
6. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə müqavilənin ləğvinə dair Saziş bağlanmış, yuxarıda qeyd edilən müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Sazişdə qeyd olunmuşdur ki: a) bu Sazişi imzalamaqla Müqavilə ilə tərəflər arasında yaranmış bütün hüquq və vəzifələrə xitam verilir; b) Müqavilə və bu Sazişlə əlaqədar tərəflərin bir-birlərinə qarşı heç bir pretenziyaları (tələb, iddia) yoxdur və gələcəkdə də olmayacaqdır.
7. Mübahisəli mənzil hal-hazırda cavabdehin istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin boşaldılması və giriş qapısının açarlarının cavabdehdən alınaraq, mənzilin iddiaçıya təhvil verilməsi; cavabd ehdən müqavilə qiymətinin 20%-i, yəni 22.100 manat məbləğində cərimənin, həmçinin dövlət rüsumuna görə ödənilmiş 156,30 manat məbləğində pulun cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müqavilənin ləğv olunmasından artıq 1 ildən artıq müddət ötsə də, cavabdeh mənzildən əşyalarını çıxarmamış və mənzili iddiaçıya təhvil verməmişdir. Müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) üçün müqavilə qiymətinin 20%-i, yəni 22.100,00 manat (110.500,00 x 20%) məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onun könüllü ərizə verərək öz mənzilindən imtina etməsi və GH-A 1/0015956 saylı müqavilənin ləğv edilməsinə dair sazi ş bağlaması barədə iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, MTK-nın bütün işlərini aparan Süleyman adlı şəxs onunla danışıb, borcun ödənilməsinə köməklik etmək istədiyini və bunun üçün qalan borcu “banka salmaq” təklifini ona bildirmişdir. Bu təklifə razı olduğunu bildirdikdə, Süleyman ona ərizənin məzmununu diqtə edərək yazdırmış və notariusda təsdiqlətmək lazım olduğunu bildirmişdir. Onu inandırmışlar ki, bütün bu sənədlər qalan borc məbləğini müəyyən bir müddətdə ödəmək üçün banka veriləcəkdir. Hazırkı iddia ərizəsi ona verilənə qədər onun aldadılaraq mənzilinin əlindən alınmasından xəbəri olmamışdır. Tam qiyməti 110.500 manat olan mənzilin 90,820 manat məbləğini ödəmiş olduğu halda və cəmi 19.680 manat borcu qaldığı halda, onun üzərinə “könüllü olaraq” mənzildən i mtina etmək və əlavə olaraq “cərimə pulu” ödəmək vəzifəsi qoyulmuşdur. Bundan əlavə, mübahisəli mənzildə tərəfindən rekonstruksiya işləri aparmış və bir neçə il ərzində hissə-hissə olmaqla, mənzilin təmir olunub ərsəyə gəlməsinə 26.000 manatdan çox xərc çəkmişdir. Belə bir vəziyyətdə onun könüllü şəkildə dəyərinin 83%-ni ödədiyi mənzilindən imtina etməsi absurd hal olardı və o, belə bir xahişlə heç kimə müraciət etməmiş, əksinə MTK-nın işçisi ona belə bir “yol” göstərmişdir. Onun məqsədi yalnız yerdə qalan borcunun bankdan kredit şəklində ödənilməsinə nail olmaq olmuşdur.
11. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-885/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən mübah isəli mənzilin boşaldılaraq, açarları ilə birlikdə iddiaçıya təhvil verilməsi qət edilmiş İş üzrə ödənilmiş məhkəmə xərclərinin 50% cavabdehə aid edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddia etdiyi hallarla bağlı sübutları məhkəməyə təqdim etməmışdir. Cavabdeh mübahisəli mənzillə bağlı bütün hüquqlarından imtina etməsi barədə xx.xx.2020-ci il tarixli ərizəni şəxsən imzalamış, həmin müqavilə notariat qaydada təsdiq edilmiş və bunun əsasında mənzillə bağlı müqaviləyə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli Saziş tərəflər imzalamış, sənədlərdəki imzaları mübahisələndirilməmişdir. Belə olan təqdirdə hər hansı sübuta istinad etmədən, yalnız cavabdehin iza hatları əsasında həmin yazılı sənədlərin mötəbərliyini şübhə altına almaq və tərəflərin iradə ifadəsini əks etdirmədiyi barədə qənaətə gəlmək üçün hüquqi əsas yoxdur.
13. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, tam fəaliyyət qabiliyyətli mülki hüquq subyeklərinin könüllü və şüurlu şəkildə üzərilərinə götürdükləri öhdəliklərə görə məhz həmin subyektlərin özləri mülki hüquqi məsuliyyət daşıyırlar və bu hal mülki dövriyyənin sabitliyi baxımından mühüm əhəmiyyətə malikdir.
14. Məhkəmə, həmçinin ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Müqavilənin 10.2-ci bəndinə istinadla hesab etmişdir ki, tərəflər müqavilənin ləğv edilməsi halında cavabdeh tərəfindən ödənilmiş məbləğin qaytarılacağı barədə əvvəlcədən razılığa gəlmişlər. O dur ki, cavabdehə mübahisəli mənzillə bağlı müqavilə ləğv edilənədək ödənilmiş məbləğin və eləcə də, mənzilin təmirinə çəkilmiş xərclərin geri qaytarılması ilə bağlı iddia qaldırmaq hüququ izah edilmişdir.
15. Məhkəmə cavabdehdən müqavilə qiymətinin 20%i, yəni 22.100 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə bildirmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin bu hissədə hüquqi əsası kimi, MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində yaşayış, qeyri-yaşayış sahələri üzrə götürülmüş “Öhdəliklərin İcmalı”nın 3.4-cü bəndinə əsasən müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında, cavabdehin müqavilənin 3.1-ci maddəsində müəyyən edilmiş məbləğin 20%-i həcmində iddiaçıya cərimə ödənil məsinin razılaşdırılmıasına dair müddəaya əsaslansa da, məhkəməyə buna dair sübutlar təqdim etməmiş, tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilədə isə belə bir müddəanın olması müəyyən edilməmişdir. Hətta belə bir müddəa mövcud olsaydı belə, bu hal iddianın həmin hissədə təmin olunması üçün əsas ola bilməzdi.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 421.1, 421.2, 421.3, 423.1, 424.2, 424.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı və cavabdeh ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər.
18. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, GH-A 1/001595 saylı müqavilə hər iki tərəfi n razılaşması ilə deyil, cavabdehin müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmasına və müqavilənin ləğv edilməsi ilə bağlı müraciətinə əsasən ləğv edilmişdir. Saziş yalnız müqavilə bağlanan andan müqavilə ləğv olunan ana qədər yaranmış hüquq və vəzifələrin xitam olunması şərti ilə bağlanılmışdır. Lakin cərimə və müqavilənin ləğvi ilə əlaqədar iddiaçıya vurulmuş zərərin tələb olunması hüququ, həmçinin də həmin cərimənin və vurulmuş ziyanın ödənilməsi öhdəliyi müqavilə ləğv olunandan sonra (saziş bağlanandan sonra) yaranmışdır. Cərimə şərti MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində yaşayış, qeyri-yaşayış sahələri üzrə götürülmüş “Öhdəliklərin İcmalı””nın 3.4-cü bəndində nəzərdə tutulmuşdur və həmin sənəd cavabdeh tərəfindən imzalanmış, sənəd iddia ərizəsi ilə birlikd ə məhkəməyə təqdim olunmuşdur. Bu hal məhkəmənin qətnaməsində gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlməməsi kimi qiymətləndirilməlidir. İddiaçı qeyd olunanlara əsasən qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazın dəlillərinə uyğun əsaslandırmış, həmçinin qeyd etmişdir ki, mənzilə dair bağlanmış müqavilənin ləğv edilməsi barədə ərizə 2020-ci ildə verilmiş olsa da, iddiaçı tərəfindən iki il sonra məhkəmədə iddia qaldırılmış və mənzilin təhvil verilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsi keçmiş iki il müddətində tərəflər arasında olan müqavilə ilə bağlı bu münasibəti araşdırmamışdır. Cavabdeh qətnamənin ləğv edilmə sini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4317/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apelyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzillə bağlı bütün hüquqlarından imtina etməsi barədə xx.xx.2020-ci il tarixli ərizəni şəxsən imzalamış, həmin müqavilə notariat qaydada təsdiq edilmiş və bunun əsasında mənzillə bağlı müqaviləyə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli Saziş imzalanmışdır. Tərəflər qeyd olunan sənədlərdəki imzalarını mübahisələndirməmişlər. Belə olan təqdirdə hər hansı s übuta istinad etmədən, yalnız cavabdehin izahatları əsasında həmin yazılı sənədlərin mötəbərliyini şübhə altına almaq və tərəflərin iradə ifadəsini əks etdirmədiyi barədə qənaətə gəlmək üçün hüquqi əsas yoxdur. Bu baxımdan birinci instansiya məhkəməsinin iddia tələbini mənzilin boşaldılaraq, açarları ilə birlikdə iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur.
22. Məhkəmə, həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, GH-A 1/001595 nömrəli müqavilənin 10.2-ci bəndində tərəflər müqavilənin ləğv edilməsi halında, cavabdeh tərəfindən ödənilmiş məbləğin qaytarılacağı barədə əvvəlcədən razılığa gəlmişlər. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissədə təmin edərkən düzgü n olaraq cavabdehə mübahisəli mənzillə bağlı müqavilə ləğv edilənədək ödənilmiş məbləğin və eləcə də, mənzilin təmirinə çəkilmiş xərclərin geri qaytarılması ilə bağlı iddia qaldırmaq hüququnun olmasını izah etmişdir.
23. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh onun tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya müraciət etməməsi, əsl niyyətinin borclu olduğu məbləğin mənzilin ipoteka ilə yüklü edilərək bankdan kredit götürmək olması, müqaviləyə xitam verilməsi barədə notarial təsdiq edilmiş ərizəni və müqaviləyə xitam verilməsi barədə Sazişi aldatma əsasında yazmasını qeyd etsə də, müqaviləyə xitam verilməsi barədə Saziş bağlandıqdan sonra mənzilə dair hər hansı ödəniş edilməmiş və bu barədə mötəbər sübutlar təqdim edilməmişdi r. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də cavabdehin saziş bağlandıqdan sonra hər hansı ödəniş etmədiyini bildirmişdir. Belə olan halda tərəflər arasında xx.xx.2017-ci il tarixli GH-A 1/001595 nömrəli müqavilənin ləğvinə dair bağlanmış, xx.xx.2020-ci il tarixli sazişlə cavabdehin niyyətinin məhz mənzilə dair hüquqlarından imtina etməsi anlamına gəlməyə əsas vermişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.
24. Məhkəmə iddia tələbinin təmin edilməyən hissə ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı iddia tələbinin bu hissədə hüquqi əsası kimi, inşa edilən çoxmərtəbəli yaşayış kompleksində yaşayış, qeyri-yaşayış sahələri üzrə götürülmüş “Öhdəliklərin İcmalı”nın 3.4-cü bəndinə əsaslanmışdır. Apellyasiya baxışı zamanı qeyd olunan sənəd məhkəməyə təqdim edilsə də, tərəflər arasında bağlanmış müqavilədə cərimə ilə bağlı hər hansı qeyd olmamışdır. Halbuki dəbbə pulu müqavilə ilə müəyyənləşdirilir, “Öhdəliklərin İcmalı” adlı sənəd isə cavabdeh tərəfindən imzalansa da müqavilə qüvvəsinə malik olmamışdır.
25. Kollegiya öz mövqeyini Mülki Məcəllənin 462.1, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməyən hissədə lə ğv edilməsini xahiş etmişdir.
27. Cavabdeh (Vəkil) də kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayətləri apellyasiya şikayətlərində istinad olunan dəlillərlə və eyni normalarla əsaslandırılmışdır.
29. Kassasiya şikayətlərinə etirazlar daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilə də ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
32. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
33. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
34. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edi lməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
35. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
36. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir.
41. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı və cavabdehin verdiyi kassasiya şikayətləri əsasında yam yoxlanılır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eynidir, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə əsaslandırılmış qiymət verilmişdir və Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
48. İddia tələbinin təmin olunmayan hissəsi ilə bağlı Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmə yi zəruri hesab edir ki, iddiaçı həmin tələbin əsası kimi istinad etdiyi “Öhdəliklərin icmalı” adlanan sənədi (sübutu) birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli olduğu halda apellyasiya baxışı zamanı təqdim etmiş, sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. MPM-in 78.1 və 372.2-ci maddələrinin tələbləri baxımından qeyd olunan sübut apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilə və qiymətləndirilə bilməzdi. Bu baxımdan həmin sənəd gecikmiş sübutdur və işin hallarının müəyyən edilməsi üçün əsas ola bilməz.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4317/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.