Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3501/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ № 2(102)-3501/22 (Açar sözlər: mənzildə yaşamaq hüququ) Bakı şəhəri, 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İlkin İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə” barədə, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” h aqqında tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-730/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmeti olan - ünvan 1 İddiaçılə Nümayəndə1 birgə nikah dövründə əldə olunmaqla, xx.xx.1997-ci ildə mülkiyyət hüququ ilə Nümayəndə1 adına rəsmiləşdirilmişdir. 2. xx.xx.2017-ci ildə Nümayəndə1 həmin mənzili İddiaçı razılığı əsasında bağladığı notarial müqavilə əsasında qızları Aygün Rufullayeva və Cavabdeh1 bağışlamışdır.
3. Həmin müqavilə əsasında mənzil xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində hər birinin mülkiyyət payı ½ olmaqla Aygün Rufullayeva və Cavabdeh1 adına qeydə alınmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(004)3898/2020 nömrəli qətnaməsi ilə İddiaçılə və Nümayəndə1 arasında olan nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun keçmiş həyat yoldaşı Nümayəndə1 mülkiyyətində olmuş, 28 sentyabr 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzil qızları-cavabdehlərə bağışlanmışdır. O da mənzilin cavabdehlərə bağışlanmasına razılıq vermişdir. Mənzil keçmiş həyat yoldaşının adına rəsmiləşdirilməsinə baxmayaraq, faktiki olaraq onun tərəfindən alınmışdır. Mənzil qızlarına bağışlandıqdan sonra, iddiaçı həmin mənzildə yaşamağa davam etmişdir. Lakin, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3898/2020 saylı qətnaməsi ilə həyat yoldaşı ilə aralarında nikah pozulduqdan sonra, yoldaşı və qızları ona həmin mənzildə yaşamağa imkan verməmişlər. Hazırda onun başqa yaşayış yeri yoxdur.
7. X2 və Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı sahibliklərində olduğu ünvan 2 ünvanda yerləşən 24 saylı mənzilə dair yaşayış-istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(004)4314/2021 nömrəli qərardadı ilə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş, cavabdeh X1 iddia ərizəsi isə buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmışdır.
9. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, mübahisəli mənzil üzərində onların mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Onlar mənzilin paylı mülkiyyətçiləridir. Valideynləri arasında nikah pozulduqdan sonra, iddiaçı ilə ailə münasibətlərinə xitam verilmiş və bu səbəbdən Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsasən, iddiaçının mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4314/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) ilk iddia təmin edilmiş, İddiaçı ünvan 2 ünvanda yerləşən 24 saylı mənzi lə köçürülməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Təqdim olunmuş sübutlardan və tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, iddiaçı mübahisəli mənzil cavabdehlərə bağışlandıqdan sonra onların ailə üzvü - valideyni kimi həmin mənzildə yaşamaqda davam etmiş və Mülki Məcəlləsinin 228.5-ci maddəsinə mübahisəli mənzildən mənzilin mülkiyyətçiləri olan cavabdehlərlə bərabər istifadə etmək hüququna malikdir. İddiaçı cavabd ehlərin anası ilə boşandıqdan sonra cavabdehlər iddiaçıya həmin mənzildə yaşamasına maneəçilik törədirlər.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə etməsinə ehtiyacının olmasına baxmayaraq mənzilin mülkiyyətçiləri, yəni cavabdehlər tərəfindən onun həmin mənzildən istifadəsinin mümkünsüz edildiyi müəyyən olunduğundan iddiaçının həmin mənzildən istifadə hüququna yalnız kompensasiya ödənilməsi şərti ilə xitam verilə bilər. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməli və ilk iddia mübahisəli mənzildən iddiaçının istifadə hüquqlarına xitam verilmədiyindən təmin edilməlidir Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətini iddiasının dəlillərinə uyğun olaraq əsaslandıraraq onu da qeyd etm işdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, guya iddiaçının mənzildən istifadə etməsinə hər hansı ehtiyacı var. Halbuki, məhkəmə iclasında iddiaçının özü də qeyd etmişdir ki, artıq ikinci dəfə ailə həyatı qurmuşdur, hazırda ayrı yaşayır. Məhkəmə bu tipli suallara ümumiyyətlə qiymət verməyərək iddiaçının digər heç bir sübuta əsaslanmayan replikalarını əsas tutaraq sonuncunun mübahisələndirilən mənzilə dair istifadə hüququnun mövcud olduğu qənaətinə gəlmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər M.Məmmədov - sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və R.Həsənov) 2(103)-7 30/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehlərin valideynləri olan Nümayəndə1 ilə İddiaçı arasındakı nikah xx.xx.2020-ci il tarixdə pozulsa və onların arasındakı etibarlı ailə münasibətlərinə xitam verilsə də, İddiaçı cavabdehlərin valideyni olmaqda qalır, onunla cavabdehlər arasında etibarlı ailə münasibətləri mövcuddur. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisəli mənzil xx.xx.2017-ci il tarixdə bağlanmış “Bağışlama müqaviləsinə” əsasən cavabdehlərin mülkiyyətinə keçən zaman cavabdehlərə bəlli idi ki, cavabdeh, mənzil də yaşayır və müqavilə bağlandıqdan sonra cavabdehlər iddiaçının mənzildə yaşaması ilə razılaşmışlar.
16. Göstərilənlərə əsasən müəyyən edilir ki, hazırki mülki mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından deyil, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından həll edilməli, ilk iddia əsaslı, qarşılıqlı iddia isə əsassız hesab edilməlidir.
17. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
19. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini ümumiyyətlə nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, guya tərəflər arasında etibarlı ailə münasibətləri mövcuddur və valideynlər arasında nikah münasibətlərinə xitam verilməsi iş üzrə tərəflər arasında ailə münasibətlərinə xitam vermə hesab edilə bilməz. Bu isə absurddur. Çünki, tərəflər bir-birinə nifrət bəsləyirlər. Onlar arasında polis idarələrində şikayət ərizələri əsasında da mübahisələr olmuşdur. Məhkəmənin qərarı ziddiyyətlidir. Belə ki, məhkəmə özü də təsdiq etmişdir ki, ata və övladlar arasında münasibətlərə xitam verildiyindən, MMnin 228.5-ci maddəsinə istinad etmişdir.
20. Məhkəmə prosessual pozuntuya da yol vermişdir. Belə ki, Mülki Prosessual MƏcəllənin 76.2-ci maddəsinin tələblərinə əsasən, sübutlar işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Dəfələrlə məhkəmə iclası zamanı iddiaçı özü etiraf etmişdir ki, hal-hazırda təkrar ailə həyatı qurub və yeni həyat yoldaşı ilə birlikdə yaşayır. Lakin nədənsə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının yaşamağa digər yeri yoxdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
23. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və val ideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
24. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən ş əxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Kassasiya şikayətində apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyinə görə məhkəmə aktı bütövlükdə yoxlanılır.
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
36. Belə ki, mübahisəyə Mülk i Məcəllənin 228.5-ci maddəsi tətbiq olunmuşdur. Məhkəmələrin mövqeyi ondan ibarətdir ki, mübahisəli mənzil cavabdehlərə bağışlandıqdan sonra ilkin iddiaçı onların ailə üzvü - valideyni kimi həmin mənzildə yaşamaqda davam etmişdir. MM-in 228.5-ci maddəsinə görə ilkin iddiaçının mənzildən mülkiyyətçi cavabdehlərlə bərabər istifadə etmək hüququ var və bu hüquqa yalnız kompensasiya ödənilməsi şərti ilə xitam verilə bilər (§ 11-12, 15-17).
37. Bununla belə nəzərə alınmalıdır ki, mübahisəli mənzil Nümayəndə1 tərəfindən xx.xx.2017-ci ildə qızları Aygün və Cavabdeh1lara bağışlanarkən İddiaçı də buna razılıq vermiş və notarial ərizəsində mülkiyyət hüququndan imtina etdiyini açıqca göstərmişdirş. Beləliklə, birgə mülkiyyətçilər öz mənzillərinə sərəncam verməklə onu özgəninkiləşdirmişlər. Başqa sözl ə, ümumi mülkiyyətçilər öz mülkiyyət hüquqlarını bağışlama müqaviləsi əsasında Aygün və Cavabdeh1lara keçirmişlər. Həmin hüquqi əməliyyat nəticəsində Solmaz və İddiaçıaların daşınmaz əşya üzərində mülkiyyət hüquqları itmişdir. Bu hal ona dəlalət edir ki, mülkiyyət hüququ verilərkən, həmin hüququn tərkib hissəsi olan istifadə hüququ da aradan qalxmışdır.
38. Eyni zamanda bağışlama müqaviləsi bağlanarkən mənzilin ilkin iddiaçının hər hansı hüququ ilə yüklü şəkildə hədiyyə alanlara keçməsi xüsusi olaraq göstərilməyibsə, İddiaçı yaşayış sahəsi üzərində hüququnun qalması barədə mövqe əsaslandırılmış bir yanaşma sayıla bilməz. Çünki, mənzilin mülkiyyətinin verilməsi mübahisəli hüquq sahibinin iradəsi xaricində deyil, onun da iradəsi əsasında hədiyyə alanlara bağışlanmışdır. Belə olan halda, ke çmiş mülkiyyətçi əvvəlki hüququna (və ya həmin hüququn tərkib hissəsi olan istifadə hüququna) istinad edə bilməz.
39. İlkin iddiaçının MM-in 228.5-ci maddəsindən irəli gələn istifadə hüququ barədə mövqe isə ona görə əsassız hesab edilir ki, bağışlama müqaviləsi əsasında mülkiyyətin dövlət reyestrində Aygün və Cavabdeh1ların adına qeydiyyata alındığı andan hədiyyə edənlərin mülkiyyət hüquqları aradan qalxmışsa, artıq həmin qeydiyyatın aparıldığı xx.xx.2019-cu il tarixdən tərəflər arasında yeni hüquq münasibətləri meydana gəlmişdir. Bu tarixdən etibarən İddiaçı mülkiyyətçi Aygün və Cavabdeh1ların razılığı ilə mübahisəli mənzildə birlikdə yaşamışdırsa, ilkin iddiaçının həmin mənzildə istifadə etmək hüququnun yaranıb-yaranmamasına göstərilən dövrdəki maddi hüquq normaları əsaında hüquqi qiymət verilməlidir.
40. Məlum olduğu kimi, xx.xx.2019-cu il tarixdə Mülki Məcəllənin 228.5-ci maddəsi deyil, Mənzil Məcəlləsinin 30-cu maddəsi qüvvədə olmaqla bu münasibətləri tənzimləmişdir.
41. Həmin normaya əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər (§ 23-24).
42. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30-cu maddəsi mülkiyyətçi ilə birlikdə yaşayan valideynin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququnu tanıyır. Bu hüquq MM-in 228.5 -ci maddəsində əks olunmuş və şəxsi servitut (məhdud əşya hüququ) sayılan istifadə hüququndan fərqli olaraq, ailə üzvü münasibətlərindən irəli gələn və mənzil qanunvericiliyində nəzərdə tutulmuş bir hüquqdur.
43. Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulan hüququn yaranma əsasları ilə yanaşı onun aradan qalxma əsasları da nəzərə alınmalıdır.
44. Kollegiya bildirir ki, Mülki Məcəllənin 228.5-ci maddəsindən irəli gələn və məhdud əşya hüququ sayılan mənzildən istifadə hüququ belə, başqa bir mənzil əldə etmə və ya daimi olaraq başqa yaşayış sahəsinə köçmə əsası ilə aradan qalxırsa (kompensasiya verilmədən), eyni əsasların Mənzil Məcəlləsinin 30-cu maddəsindən yaranmış hüququ xətm edib-etməməsinə işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir.
45. Hazırkı işdə C avabdeh1 apellyasiya şikayətində bu xüsusatla bağlı olan dəlil irəli sürərək bildirmişdir ki, İddiaçı yeni ailə qurmaqla başqa yaşayış sahəsində yaşayır. Apellyator qeyd edir ki, bu faktı ilkin iddiaçı da təsdiqləmişdir.
46. Buna baxmayaraq apellyasiya məhkəməsi həmin xüsusatları araşdırmamış, iddia olunan faktlar təsdiq olunacağı halda İddiaçı mübahisəli mənzilə münasibətdə hüququnun aradan qalxıb-qalxmadığına qiymət verməmişdir.
47. Beləliklə, yuxarıda qeyd olunanlar göstərilən maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 25, 29, 31).
48. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-730/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.