Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3516/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1981/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, həyətyanı to rpaq sahəsinə gediş-gəliş yolunun kənarında qazılmış kanalın cavabdeh Sabirabad Rayon Quruzma Bələdiyyəsi tərəfindən doldurulması və yolun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Sabirabad Rayon Məhkəməsinin 2(056)-1981/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya həmin tələblə aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı qərardaddan şikayət vermişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1981/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı, icraata qəbul edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllə nin (bundan sonra “MPM”) 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 24.3-cü maddəsinə görə məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Göründüyü kimi, prosessual qanunvericilik məhkəmə aidiyyəti dedikdə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətini nəzərdə tutmuşdur. MPM-in 403-1-ci maddəsinə görə kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması dedikdə də, məhz mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti ilə bağlı mübahisə nəzərdə tutulur. MPM-in 269.3-cü maddəsinə görə bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Hazırki işdə isə məhkəmə aidiyyəti ümumi və ya kommersiya məhkəməsi ilə bağlı deyil, inzibati məhkəmə ilə bağlıdır. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardaddan şikayəti kassasiya instansiyası məhkəməsinə göndərməsi düzgün olmamışdır. Çünki hazırkı şikayətə kassasiya instansiyası məhkəməsinin MPM-in 403-1-ci maddəsinə əsasən baxması üçün prosessual əsaslar yoxdur. Qeyd edildiyi kimi MPM-in 403-1-ci maddəsi işin yalnız ümumi və ya kommersiya məhkəməsində baxılması ilə bağlı aidiyyət mübahisələrinə aiddir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 №-li Qərarında da qeyd edilmişdir ki, aidiyyətlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılıqlarının olduğu hallara aiddir. Buna görə, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1- ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Eyni ilə, inzibati məhkəmələr də onların icraatına daxil olmuş işlər üzrə işin mülki və ya kommersiya məhkəməsinə aid olduğu nəticəsinə gəldikdə, yenə də işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, iddianı mümkün saymamalıdırlar. (bənd 2) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 2015-ci il 10 aprel tarixli Qərarında da izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia əriz əsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. (bənd 15.4) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən hər iki Qərarında hüquqi mövqe belə olmuşdur ki, ümumi və ya kommersiya məhkəməsinə verilmiş iddi a ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. MPM-in 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir MPM-in 261.0.1-ci maddəsinə görə isə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin istinad edilən normalarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarına uyğun olaraq, birinci instansiya məhkəməsi işin inzibati məhkəməyə aid olmasını müəyyən etdiyi halda, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina etməli, inzibati məhkəməyə aid işi səhvən icraatına qəbul etmişdirsə, MPMnin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnu izah etməlidir. Belə qərardadlardan şikayətə isə MPM-in 269.3-cü və 395-400-cü maddələrinə uyğun olaraq birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Bu baxımdan, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1981/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmaqla, iddiaçıya həmin tələblə aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququn un izah edilməsi və üstəlik, həmin qərardaddan şikayətin baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsi düzgün olmamışdır. MPM-in 404-1.2-ci maddəsinə görə işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən Sabirabad Rayon Məhkəməsinin 2(056)-1981/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayətə baxılması üçün prosessual əsaslar olmadığından şikayət qeyri-mümkün sayılmalıdır. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 404.-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı Sabirabad Rayon Məhkəməsinin 2(056)-1981/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət qeyri-mümkün sayılsın.
Məhkəmə qərarları › İş №2(102)-3516/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-3516/2024
12.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver