Məhkəmə qərarları › İş №2(102)-3518/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3518/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3518/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, müqavilə üzrə öhdəliyin icra edilməməsinin nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2023-cü il tarixli, 2(106)818/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 29 sentyabr 2021-ci il tarixli 7 nömrəli transfer müqaviləsi ilə Cavabdeh "xxxx" MMC ilə iki il müddətində əməkdaşlıq etməyi öhdəsinə götürmüşdür. Müqavilənin: 1.3-cü bəndinə əsasən Cavabdeh 10000 manat bir dəfəyə ödənilir; 1.4-cü bəndinə əsasən transferə qoyulmuş müddətdən erkən getməsi, müqavilə şərtlərindəki qaydaları pozması və ya kənar obyektlərdə (gözəllik salonlarında) gizli fəaliyyət göstərilməsi nəticəsində məbləğ hüquqi yol vasitəsi ilə geri qaytarılır. 2. 29 sentyabr 2021-ci il tarixli 533 nömrəli Kassa məxaric orderinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh 29 sentyabr 2021-ci il tarixdən 29 sentyabr 2023-cü il tarixədək hesablanmış 10000 manat məbləğində əmək haqqı ödənilmişdir. İş üzrə qəbul edilmi ş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə şərtlərini pozduğuna görə 10000 manatın, dəymiş zərərə görə 14000 manatın, ümumilikdə 24000 manat pulun alınıb iddiaçının hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə çərçivəsində cavabdeh MMC-dən qabaqcadan 10000,0 manat birdəfəlik ödəniş almış və göstərdiyi xidmətə görə cəmiyyətin hesabına ödənilən məbləğin 60 faizini əldə etmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq heç bir üzrlü səbəb olmadan 25 sentyabr 2022-ci il tarixdən işə çıxmayaraq klinikanın iş fəaliyyətini pozmuş, eyni zamanda klinikada tətbiq edilən tanıtım, video və foto reklamları öz adından paylaşaraq fəaliyyətini başqa yerdə davam etdirməklə cəmiyyətə maddi zərər vurmuşdur.

5. İmişli Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(036)-113/2023 nömrəli qətnaməsi ilə (hakim Ü.O.Qənbərov) iddia tələbinin qismən təmin edilməklə, Cavabdeh 10000 manatın və 120 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə çərçivəsində iddiaçı tərəfindən cavabdehə 29 sentyabr 2021-ci il tarixdən 29 sentyabr 2023-cü il tarixədək hesablanmış 10000 manat məbləğində əmək haqqı ödənilmişdir. Cavabdeh isə 2022-ci ilin sentyabr ayından etibarən klinikada heç bir fəaliyyət göstərməyərək, MMC ilə əməkdaşlığını dayandırmışdır.

7. İddianın rədd ol unan hissəsində isə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi nəticəsində MMC-yə hər hansı bir məbləğdə maddi zərər dəyməsi təsdiq olunmamışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 14.2.1, 390.1, 399.1, 405.1, 421.1, 421.3, 424.3 və 424.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(036)-113/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin 1.3-cü bəndinə əsasən 10000 manat məbləğin cavabdehə ödənilməsi nəzərdə tutulsa da, həmin məbləğ cavabdehə ödənilməmişdir. Qeyd olunan pulun ona ödənilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Ona yalnız göstərdiyi xidmətə görə MMC-nin hesabına ödənilən məbləğin 60 faizi məbləğində pul ödənilmişdir. Müqavilə yalnız görünüş məqsədi üçün bağlanmış, uydurma əqd olmaqla, etibarsızdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2023-cü il tarixli, 2(106)-818/2023 nömrəli qətnaməsi ilə (hakim C.F.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və P.T.Əhmədovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(036)113/2023 nömrəli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandı rması ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndinə əsasən 10000 manat pul vəsaiti rəsmi orderlə cavabdehə ödənilmişdir. Həmin məxaric orderi işdə öz əksini tapmış və bu order məhkəmə iclaslarında cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2023-cü il tarixli, 2(106)-818/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni M ülki Məcəllənin 425.1, 425.2-ci, Mülki Prosessual Məcəllənin 8.1, 14.2, 218.1-ci maddələrinin pozulması ilə qəbul etmişdir. Belə ki, məhkəmənin sübut kimi istinad etdiyi məxaric orderi saxtadır. Belə ki, həmin sənəd birinci instansiya məhkəməsinə təqdim olunmamış, məhkəmə öz qətnaməsində ona istinad etməmişdir. Yalnız apellyasiya icraatı zamanı qarşı tərəfin vəkili saxta sənəd hazırladaraq, iş materiallarına əlavə etmişdir.

15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

16. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

18. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (b orclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

20. Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkə məsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən ap ellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri nə müfəssəl hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

23. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Həmçinin cavabdeh etiraz etmir ki, o, müqavilənin şərtlərini pozaraq, müəyyən olunan müddətdən əvvəl iddiaçı ilə birgə fəaliyyəti birtərəfli qaydada dayandırmışdır.

24. Cavabdehin mübahisələndirdiyi hal tələb olunan məbləğin ona ödənilməsidir. Lakin, 10000 manat pulun cavabdehə verilməsi onun tərəfindən imzalanmış kassa məxaric orderi ilə təsdiq olunur.

25. Cavabdeh kassasiya şikayətində həmin sənədin saxtalaşdırıldığını, yalnız apellyasiya instansiyası məhkəməsinə verildiyini bildirsə də, iş materiallarından müəyyən olunur ki, hazırki qə rarın 2-ci bəndində qeyd olunan kassa məxaric orderi birinci instansiya məhkəməsinə təqdim olunmuşdur (i.v. 39).

26. Cavabdeh həm birinci, həm də apellyasiya instansiyaları məhkəmələrində nümayəndə ilə təmsil olunmuş, lakin həmin sənədin etibarlılığını mübahisələndirməmişdir. Kassasiya icraatında isə sübutların mötəbərliyi və qiymətləndirilməsi ilə bağlı dəlillər araşdırılmır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416- cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir.

28. Odur ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2023-cü il tarixli, 2(106)-818/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar