Məhkəmə qərarları › İş №2(102)-3519/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3519/2022

20.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3519/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3519/2022 Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi, ekspert rəyləri) Bakı şəhəri, 20 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 2(103)-681/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra “cavabdeh”) xx.xx.2016-cı il tarixli, 105850160793/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 (bundan sonra “cavabdeh”) şəxsi istehlak məqsədi ilə illik 6 faizlə 60 ay müddətinə 130000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq, xx.xx.2016-cı il tarixli, 105850-160793/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən cavabdehin tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m o lan 30 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetini likvid qiyməti müqavilədə 90 min manat müəyyən edilmişdir.

3. Mübahisə kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 94538,21 manat əsas, 2657,84 manat faiz borcu olmaqla, cəmi 97196,05 manat məbləğində borcun, 30 manat məhkəmə üçün və 30,40 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60,40 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91,2 kv.m, yaşayış sahəsi 59,8 kv.m olan 30 saylı mənzilə (bundan sonra – “ipoteka predmeti”) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehin, eləcə də Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, digər tələblər yerində qalmaqla xx.xx.2019-cu il tarixə 84074 manat əsas, 1813,97 manat faiz borcu olmaqla, cəmi 85887,97 manat borcun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadən iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada cavabdehə xəbərdarlıqlar edilmişdir. Lakin heç bir nəticə olmamışdır.

7. İddiaçı tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi barədə xx.xx.2019-cu il tarixli, 001/007/2415/2019 nömrəli bildiriş ipotekaqoyan olaraq cavabdehə göndərilmiş və qeyd edilən bildiriş xx.xx.2019-cu il tarixdə rəsmi qaydada cavabdeh tərəfindən şəxsən qəbul edilmişdir. Bildiriş xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 279, 295, 389.1, 390.1, 390.5, 399.1, 405.1, 443.1, 445.1, 449.1, 741-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 36, 47.5, 59.3 və 59-cü maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi ipoteka predmetinin bazar dəyərin in müəyyən edilməsi üçün 23 avqust 2019-cu il tarixli qərardadla qiymətləndirmə təyin etmiş və qiymətləndirməni “Leqal Hüquq və Ekspert Mərkəzi” MMC-yə həvalə edilmişdir. 10. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 173/E saylı rəyinə əsasən ipoteka predmetinin həmin vaxta bazar dəyəri 105000 manatdır.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4287/2019 nömrəli, 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən kredit müqaviləsi üzrə 84074 manat əsas borc, 1813,97 manat faiz borcu olmaqla, cəmi 85887,97 manat məbləğində borcun və 60,40 manat məhkəmə xərclərinin iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka preddmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə, açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, tutma yönəldildikdə və açıq hərracda satıldıqdan ən geci 1 ay sonra cavabdehlərin mübahisəli mənzildən çıxarılması və qeyri-yaşayış sahəsinin boşadılması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi işdə olan kredit və ipoteka müqavilələrinə qiymət verərək belə qənaətə gəlib ki, borc hissəsində iddia təmin edilməli, ipoteka predmetini qiyməti isə ekspert rəyinə uyğun müəyyən edilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 307.4, 319.1, 319.6, 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 470.1, 472.2-ci, “İpoteka haqqında” Qanunun 34.1.1-34.1.4, 59.3.1, 59.3.2, 59.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır b) Apellyasiy a instansiyası məhkəməsində icraat

14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı cavabdehin əsas, faiz və cərimə borcunu kapitallaşdırıb manata çevirməklə cavabdehi daha da ziyana salıb; - borc şişirdilib. Cavabdehin əslində borcu 64167,87 manatdır; - ipoteka predmeti aşağı qiymətləndirilib; - Cavabdeh2 məhkəmə baxışında iştirakı təmin edilməyib.

16. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin likvid dəyərinin və borc məbləğinin müəyyən edilməsi üçün 19 noyabr 2020-ci il tarixli, 2(103)-7727/2020 nömrəli qərardadlarla qiymətləndirmə və mühasibatlıq ekspertizaları təyin etmiş, qiy mətləndirməni "xxxx" MMC-yə, mühasibatlıq ekspertizasını Məhkəmə Ekspartiası Mərkəzinə həvalə etmişdir. 17. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli MB 14/0179 №-li rəyinə əsasən ipoteka predmetinin likvid dəyəri 108000 manatdır.

18. Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2021-ci il tarixli, 9\5436 nömrəli rəyinə əsasən cavabdehin xx.xx.2019-cu il tarixə 63309.88 manat əsas, 368.81 manat faiz borcu olmaqla cəmi 63678,89 manat borcu vardır.

19. İddiaçı mühasibatlıq ekspertizasının rəyinə etiraz edərək, təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermiş, vəsatətini də onunla əsaslandırmışdır ki, rəydə kredit müqaviləsi üzrə kapitallaşdırılan 7925,22 manat və 12414,67 manat ödəniş kimi nəzərə alınıb, halbuki həmin məbləğləri cavabdeh ödəməyib.

20. Apelyasiya instansiyası məhkəməsi 29 apr el 2021-ci il tarixli qərardadla əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.

21. Məhkəmə Ekspertiza Mərkəzinin 9/3465 saylı 18 iyun 2021-ci il tarixli rəyinə əsasən iddiaçı ilə cavabdeh arasında imzalanmış kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli Əlavə Razılaşma şərtləri əsas götürülməklə, sonuncunun xx.xx.2019-cu il tarixə banka 81466,10 manat əsas, 271,55 manat faiz borcu olmaqla cəmi borc 81737,65 manatdır.

22. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-681/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən əsas, faiz borcunun tutulması hissəsində və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin hissəsində dəyişdirilmiş, əsas borcun 8146 6,10 manat, faiz borcunun 271,55 manat müəyyən edilməsi, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 105850-160793/1 saylı kredit müqaviləsi üzrə 81466,10 manat əsas borc, 271,55 manat faiz borcu olmaqla, cəmi 81737,65 manat manat məbləğində borcun İddiaçı ASC-nın xeyrinə tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 91.2 kv.m, yaşayış sahəsi 59.8 kv.m olan 30 saylı mənzilin likvid dəyərinin 108000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), Anar Tanrıverdiyev, İkram Şirinov)

23. Apellyasiya instansiyası məhkəməsi həm borcun məbləği, həm də ipoteka predmtinin qiymətini təyin etdiyi ekspertiza rəylərinə əsasən müəyyən etmiş, qalan hissədə birinci instansiya məhkəməsini g əldiyi nəticə ilə razılaşmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 9/3465 saylı, 18 iyun 2021-ci il tarixli mühaisbatlıq ekspertizasının rəyi işin hallarını tam və obyektiv əhatə etdiyindən sübut kimi qiymətləndirilməlidir. c) Kassasiya instansiyası məhkəməsində icraat

25. Cavabdeh2 (vəkil X1) kasasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tələbin evə yönəldilmə hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 8 fevral 2022ci il tarixli, 2(102)-887/2022-ci il nömrəli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hi ssədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat

27. Hazırda Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin borcun tutulması hissəsində ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətinin dəlilləri: - cavabdeh kredit alandan sonra iddiaçı ilə hər hansı müqavilə bağlamayıb; - iddiaçının təqdim etdiyi xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli razılaşmalarda və müvafiq ödəniş qrafiklərindəki imzalar cavabdehə məxsus deyil. Həmin sənədlər imzalanan vaxt cavabdeh Azərbaycan Respublikası ərazisində olmamışdır; Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

442. Öhdə liyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafi q olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.“ Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayəti Cavabdeh1 tərəfindən borcun tutulması hissəsində mübahisələndirilib, buna görə də kollegiya qətnaməni borcun tutulması hissəsində yoxlayır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qətnamə ipoteka predmetinə tələb yönəldilməsi hissəsində digər Cavabdeh2 tərəfindən mübahisələndirilən hissədə yoxlanılaraq dəyişdirilmədən saxlanıb.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib, cavabdeh şikayətində borcun məbləği ilə razı olmadığını göstərib, bu səbəbdən borcun məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib, məbləğ də həmin rəyə uyğun müəyyən olunub.

35. Baxılan iş üzrə apellyasiya in stansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

36. Hazırda cavabdeh kassasiya şikayətində iddiaçının təqdim etdiyi xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli razılaşmalarda və müvafiq ödəniş qrafiklərindəki imzaların ona məxsus olmamasını bildirir. Məhkəmə kollegiyası bu dəlilləri qəbul etmir. Belə ki, əvvəla, cavabdehin bu dəlilləri yeni dəlillərdir. Cavabdeh bu dəlilləri işə mahiyyəti üzrə baxan məhkəmələrdə, eləcə də apellyasiya şikayətində göstərməyib, əksinə, apellyasiya şikayətində əsas, faiz və cərimə borcunun kapitallaşdırılıb manata çevrilməsinin onu da daha da ziyana salmasını göstərib. Üstəlik, bu dəlillər işin faktiki hallarının müəyyən edilməsinə yönəlib ki, kassasiya instansiyası işin faktiki hallarını araşdırımır.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

38. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-681/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar