Məhkəmə qərarları › İş №2(102)-3546/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3546/2021

21.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3546/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-800/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) oğlu X4 ilə 2011-ci ildə faktiki, 28 fevral 2012-ci ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan onların 2 övladı dünyaya gəlmişdir – 17.04.2014-cü il təvəllüdlü X2 və 30.11.2016-cı il təvəllüdlü X5. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı uşaqları ilə birlikdə Göygöl rayonu Mollacəlilli kəndində yerləşən cavabdehin adına olan torpaq sahəsində tikdirdikləri və cehiz əşyalarının yerləşdiyi evə (bundan sonra – mübahisəli ev) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə qurduqdan sonra qayınanası C avabdeh Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən evinə gəlin köçmüş, cehiz əşyalarını həmin evə aparmışdır. Əri Rusiya Federasiyasında işlədiyinə görə onu da yanına aparmış, onlar həm Rusiyada, həm də Göygöl rayonunda yaşamışlar. Maddi imkanları yaxşı olduğuna görə qərara gəlmişlər ki, qayınanasına məxsus torpaq sahəsində ev tikdirsinlər. Onun razılığı ilə 2016-cı ildə evin tikintisinə başlamışlar. Sonuncu dəfə əri 2018-ci ilin axırlarında onu və uşaqlarını gətirib qayınanasının evinə qoymuş və pul verərək yeni evdə olan təmir işlərinin başa çatdırılmasını və həmin evə köçməsini tapşırmış, özü Rusiyaya qayıtmışdır. 2019-cu ilin fevral ayında evin 1-ci mərtəbəsi hazır olmuş, cehiz əşyalarını həmin evə aparmış və elə həmin vaxtdan uşaqları ilə birlikdə yeni evdə yaşamışdır. Sonradan ə rinin başqa qadınla qeyri-rəsmi ailə qurduğunu öyrənmiş, məhkəmədə ona qarşı aliment tələbinə dair iddia qaldırmışdır. Bundan sonra qayınanası onunla yola getməmiş, dəfələrlə evinin suyunu kəsmiş, torpaq sahəsinin ona məxsus olduğunu qeyd edərək onu uşaqları ilə birlikdə evdən çıxmağa məcbur etmişdir. Evi əri ilə birlikdə tikdirməsinə baxmayaraq, dövlət reyestrində qeydə alınmadığına görə evin bölünməsini tələb edə bilmir. İddiaçı məhkəmədə əlavə olaraq göstərmişdir ki, evin tikintisi üçün atası bir neçə dəfə usta gətirmiş, kanalizasiya və sair işləri gördürmüşdür. Evin bütün təsərrüfat xərclərini özü ödəyir. Cavabdehin nümayəndəsi məhkəmədə iddianı qəbul etməyərək göstərmişdir ki, evi 2016-cı ildə cavabdeh tikdirmişdir. Məhkəmədə şahid qismində dindirilən iddiaçının anası X3 iddia ərizəsi ndə qeyd olunanlarla eyni məzmunda ifadə vermişdir. Şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, onun özəl mağazası (sexi) var. İddiaçının atasının sifarişi ilə mağazadan avadanlığı aparıb mübahisəli evdə qurmuşdur. İşə görə pulu ona iddiaçının atası Qələndər vermişdir. Məhkəmə mübahisəli evə yerli baxış zamanı müəyyən etmişdir ki, ev iki mərtəbəlidir. Evin 1-ci mərtəbəsində iki otaq, mətbəx, hamam və ayaqyolu tam təmirlidir. İddiaçının cehiz əşyaları həmin mərtəbədədir. Evin ikinci mərtəbəsinin təmiri isə başa çatmamışdır. Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Mollacəlilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.01.2020-ci il tarixli 05 saylı arayışda, 2016-cı ilin mart ayında iddiaçının əri tərəfindən cavabdehə məxsus torpaq sahəsində 2 mərtəbəli evin tikintisin ə başlanıldığı, hazırda iddiaçının uşaqları ilə birlikdə həmin evin 1-ci mərtəbəsində qeydiyyatsız yaşadığı qeyd olunmuşdur. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(066)357/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı uşaqları ilə birlikdə cavabdehin adına olan mübahisəli ünvanda əri Txxxxxx birgə tikdirdikləri və cehiz əşyalarının yerləşdiyi evə köçürülməsini tələb etməkdə haqlıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-800/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ə.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə tərəflər arasında münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkəmə öz mövqeyini MPM-in 13.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 11.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.4, 66.1, 66.1.1, 68.1, 68.2, 69.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. İddia tələbi tam əsassızdır, iddiaçı tələbində istinad etdiyi dəlilləri sübuta yetirə bilməmişdir. Kassator göstərmişdir ki, iddiaçı hazırda da həmin evdə yaşayır. Evi özü tikdirmişdir və məhkəmə qəbul et diyi qətnamə ilə onun gözlənilən mülkiyyət hüququnu pozmuşdur. İddiaçı ilə oğlu arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı artıq onun ailə üzvü deyildir. Hazırkı qətnamə iddiaçıya sosial müavinət almaq üçün lazımdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun t ələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onla ra qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-800/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar