Məhkəmə qərarları › İş №2(102)-3549/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3549/2019

15.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3549/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X6 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 2(103)12225/2018 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova, iş № 2(009)-2416/2018) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehna qarşı ailə başçısın ın ölümü nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: “Yeni Azərbaycan” Partiyasının Pirallahı rayon təşkilatında sürücü işləyən X8 02 sentyabr 2016-cı il tarixdə işlədiyi təşkilata məxsus “Nissan Sentra” markalı avtomobili surət həddini aşmaqla idarə edərkən piyada X5 avtomobilin qabaq hissəsi ilə vurmaqla ona həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran xəsarət yetirmiş, nəticədə piyada T.C.Rzaquliyev xəstəxanaya aparıla rkən ölmüşdür. Həmin hərəkətinə görə N Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti etməkdə təqsirli bilinərək Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü ilə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 7 mart 2018-ci il tarixli hökmü ilə Pirallahı rayon məhkəməsinin hökmü dəyişdirilmiş və B.N.Baxşıyevə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. X1 vərəsələrindən İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yeni Azərbaycan” Partiyasından dəfn xərclərinin əvəzi olaraq 35.00 0 manat, mənəvi zərərin əvəzi olaraq 250.000 manat, son iki il ərzində davam edən məhkəmə prosesləri ilə əlaqədar dəymiş maddi zərərin əvəzi olaraq 5500 manat alınaraq İddiaçı1, 02 dekabr 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək və əyani formada təhsil üzrə təhsil müəssisələrinə daxil olacağı təqdirdə təhsil aldığı müddət bitənədək hər ay 1452,05 manat, X3 14 yaşına çatanadək ona qulluq edilməsi üçün hər ay 500 manat, mənəvi zərərə görə 250.000 manat alınaraq iddiaçı X4 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçılar kassasiya şikayəti verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələbinə müvafiq olaraq onl ara dəymiş maddi və mənəvi ziyanın yüksək təhlükə mənbəyinin sahibi kimi “Yeni Azərbaycan” Partiyasından tutulmalı olmasına baxmayaraq məhkəmənin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının ziddinə olaraq iddianı rədd etməklə maddi və prosessual hüquq normasını pozmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qi smən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını qanuni sayarkən yüksək təhlükə mənbəyinin sahibinin cavabdeh “Yeni Azərbaycan” Partiyasının deyil, həmin partiyanın Pirallahı rayon təşkilatının olmasını əsas göstərmiş və maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə istinad etmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi mülki qanunvericiliyin tələblərinə uyğun olmadığından qə tnamə qanuni sayıla bilməz. Müəyyən olunduğu kimi “Yeni Azərbaycan” Partiyasının Pirallahı rayon təşkilatına məxsus olan avtomobili idarə edərkən partiya təşkilatının sürücüsünün təqsiri üzündən baş vermiş qəza nəticəsində Tariyev Rzaquliyev ölmuş və bununla əlaqədar mərhumun hüquqi varisləri tərəfindən maddi və mənəvi zərərin ödənilməsi barədə “Yeni Azərbaycan” Partiyasına qarşı tələb irəli sürülmüşdür. İdarə edilməsi zamanı qəza törədilmiş avtomobilin Pirallahı rayon təşkilatına məxsus olmasını iddianın rədd edilməsi üçün əsas kimi göstərərkən, məhkəmə kollegiyası bu halın iddia tələbinin məhz partiyanın rayon təşkilatına qarşı irəli sürülməsi üçün nə dərəcədə əsas verməsini araşdırmamışdır. Avtomobil partiyanın rayon təşkilatına məxsus olsa da, işdə həmin təşkilatın iddiaya cavab verməl i olan hüquqi şəxs olmasını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.1-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. İşdə olan “Yeni Azərbaycan” Partiyasının Nizamnaməsinin Vİ bölməsinin 1-ci maddəsindən görünür ki, partiya hüquqi şəxs olmaqla banklarda hesablaşma hesabı və digər hesabları vardır. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifə lər daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır.(53.1) Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.(53.2). Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğ u qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. (53.3.) Məhkəmə kollegiyası iddia tələbini rədd edərkən işin göstərilən hallarını nəzərə almamış və onlara sadalanan maddi hüquq normaları baxımından qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar