Məhkəmə qərarları › İş №2(102)-3550/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3550/2021

02.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3550/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: X1 İstismarı İdarəsi İddia tələbi: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdehin vəkili və nümayəndəsi X3 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 02 iyun 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları X1 İstismarı İdarəsinin 10 mart 2020-ci il tarixli əmrinə əsasən, Goranboy rayon Yolpaq kənd Bələdiyyəsinin sədri seçildiyi üçün 96 saylı X2 Komissiyasının sədri A.Abbasovun 26 fevral 2020-ci il tarixli arayışına əsasən, Dəliməmmədli istismar sahəsinin 4-cü dərəcəli elektrik mantyoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən, 10 mart 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat 18 may 2020-ci il tarixdə İddiaçı X1 İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 İstismarı İdarəsinin 10 mart 2020-ci il tarixli əmrinin lə ğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-748/2020 saylı iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.İ.Mayılov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 oktyabr 2019-cu il tarixli razılıq ərizəsində bələdiyyə seçkilərində bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair öhdəlik götürməklə, könüllü iradə ifadə edərək cavabdehlə bağladığı əmək müqaviləsinə xitam verilməsinə təşəbbüs göstərdiyindən, onun bələdiyyənin icra orqanı olan aparatının fəaliyyətinə rəhbərlik edən, əmr və sərəncamlar verən, bələdiyyənin qərarlarını imzalayan, bələdiyyəni təmsil edən vəzifəsi daimi xarakterə malik olduğundan o, elmi, yaradıcılıq və pedoqoji fəaliyyət istisna olmaqla, əsas iş yeri üzrə başqa yerdə o cümlədən, X1 İstismar İdarəsində işləyə bilməzdi. Odur ki, iddiaçının işdən azad edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur və iddia tələbi rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, onun əmək müqaviləsinə xitam verilməsi barədə 5 gün müddətində bələdiyyəyə yazılı məlumat verilməmişdir. O, bələdiyyə sədrliyindən savayı əvvəlki iş yerində də fəaliyyətini davam etdirmək iqtidarındadır. 26 oktyabr 2019-cu il tarixli razılıq əriz əsini oxumadan imza etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-783/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov, F.Ə.Mehtiyev, Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam araşdırmadan qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnam əsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri hesab edilir. Seçki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, bu Məcəllənin 53.2-ci maddəsində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət və ya bələdiyyə orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizədə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar