Məhkəmə qərarları › İş №2(102)-3556/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3556/2025

21.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3556/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddəti ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpası barədə ərizə təqdim olunmamışdırsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı “əmrin ləğv edilməsi işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum edilmiş müddət üçün bərpa olunduğu vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 oktyabr 2025-ci il tarixli 2(104)-699/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının 08 fevral 2023-cü il tarixli 12 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatında kombinatın zibil yükləyən fəhləsi vəzifəsinə bərpa olunması və 08 fevral 2023-cü il tarixdən işə bərpa olunan vaxtadək məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 sentyabr 2023-cü il tarixli 2(042)-856/2023 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilmişdir.

3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 10 iyun 2024-cü il tarixli 2(104)-855/2024 nömrəli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və M.Ə.Mustafayev) cavabdehin apellyasiya şikayəti nin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – kasssasiya instansiyası məhkəməsi) 27 dekabr 2024-cü il tarixli 2(102)-3506/2024 nömrəli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (məruzəçi), İ.Ə.Şəfiyev və A.Ə.Abbasov) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2(104)-699/2025 nömrəli qətnaməsi ilə (hakimlər İ.T.Həsənov (sədrlik edən və məruzəçi), G.İ.Cavadova və R.A.Məcidov) cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiyası məhkəməsinin qətnamə sinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi; İddiaçı cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmış, kassasiya şikayəti verən şəxsin qərardadı rəsmi qaydada qəbul etdiyi vaxtdan 10 (on) iş günü ərzində qərardadın əsaslandırıcı hissəsində göstərilmiş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək hüququ izah edilmişdir.

9. Bundan sonra iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin 01 aprel 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə verərək, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edib ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, o qətnamədən 17 iyun 2025-ci il tarixdə kasssasiya şikayəti vermiş, lakin kassasiya şikayətində prosessual hüquq normalarının pozuntusu göstərilmədiyi üçün Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)- 699/2025 saylı qərardadı ilə geri qaytarılmışdır. Həmçinin həmin qərardadla izah edilmişdir ki, kassasiya şikayəti verən şəxs qərardadı rə smi qaydada qəbul etdiyi vaxtdan 10 (on) iş günü ərzində qərardadın əsaslandırıcı hissəsində göstərilmiş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Lakin qərardadın surəti ona poçt vasitəsilə rəsmi qaydada çatmamışdır. Yalnız xx.xx.2025-ci il tarixdə vəkilin köməkliyi ilə elektron kabinetə daxil olarkən kassasiya şikayətinin geri qaytarıldığı ona məlum olmuşdur. Odur ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən kassasiya şikayəti verməli olmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsinin 2 oktyabr 2025-ci il tarixli qərardadı ilə qətnamədən kassasiya şikayətinin verilməsi müddətinin bərpasından İddiaçı münasibətdə imtina olunmuş, kassasiya şikayəti geri qaytarılmışdır.

12. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslan dırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsi poçt vasitəsilə iddiaçının yaşadığı ünvana, yəni Gədəbəy rayonu, Qaraməmmədli kəndinə göndərilmiş və sonuncu tərəfindən qətnamə xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Belə olan halda isə Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qətnaməsi xx.xx.2024-cü il tarixdə iddiaçıya rəsmi qaydada verilmiş hesab olunur. İddiaçı tərəfindən həmin qətnamədən xx.xx.2025-ci il tarixdə verilmiş kassasiya şikayəti MPM-in 408.1.5-ci maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyindən məhkəmənin xx.xx.20 25-ci il tarixli qərardadı ilə geri qaytarılmış və qeyd edilən nöqsanların aradan qaldırılması üçün 10 gün müddət verilmiş və həmin qərardad xx.xx.2025-ci il tarixdə, saat 16:35-də iddiaçının “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə yenidən kassasiya şikayəti verilmişdir. Qərardadla iddiaçıya 10 gün müddət müəyyən olunmuş və bu müddətin başlanğıcı xx.xx.2025-ci il tarixdə hesablandıqda müəyyən olunmuş 10 günlük müddət xx.xx.2025-ci il tarixdə bitmişdir. Lakin iddiaçı xx.xx.2025-ci il tarixədək prosessual müddətin bərpası və kassasiya şikayəti ilə məhkəməyə müraciət etməmiş, istər kassasiya şikayətinin verilməsi (xx.xx.2025), istərsə də məhkəmə tərəfindən müəyyən edilmiş 10 günlük müd dətin (xx.xx.2025) bitməsindən sonra yalnız xx.xx.2025-ci il tarixdə müddətin bərpası və kassasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və prosessual müddətləri üzürsüz olaraq ötürmüşdür. Göründüyü kimi, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilk dəfə qaytarıldıqdan sonra kassasiya şikayətində olan nöqsanların aradan qaldırılması üçün 10 gün müddət verilmiş, lakin iddiaçı isə 01 ay 27 gün sonra təkrar kassasiya şikayəti ilə müraciət etməklə müddəti ötürmüşdür. Baxmayaraq ki, iddiaçı ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. İddiaçının – xx.xx.2025-ci il tarixdə vəkilin köməkliyi ilə elektron kabinetə daxil olarkən kassasiya şikayətinin geri qaytarıld ığın ona məlum olması – isə üzürlü hal kimi nəzərə alına bilməz. Odur ki, qətnamədən vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayətinin verilməməsi, bunun isə heç də məqbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra kassasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz.

13. Apellyasiya m əhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1, 128.3, 129.1, 133.1, 133.2, 133.5, 133.6, 134, 135, 227.4, 363.1.1 və 363.1.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasında imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk dəfə kassasiya şikayəti prosessual hüquq normal arının pozuntusu göstərilmədiyi üçün Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-699/2025 saylı qərardadı ilə geri qaytarılmışdır. Kassasiya şikayətində həm maddi, həm də prosessual hüquq normalaırının pozulmasının mütləq qeyd edilməli olması barədə heç bir imperativ göstəriş yoxdur. Ola bilər ki, hakim işə baxarkən maddi hüquq normalarını pozsun, lakin prosessual pozuntuya yol verməsin və yaxud əksinə. Bu əsasla şikayətin geri qaytarılması o mənaya gəlir ki, hakim özü etiraf edir ki, qəbul etdiyim qətnamədə prosessual hüquq normalarını pozmuşam və həmin pozuntu kassasiya şikayətində göstərilməlidir. Sadəcə hüquqi məntiqsizlikdir İddiaçı elektron kabinetdən istifadə edə bilməmişdir. Bu isə onun qanunu bilmədiyi mənasına gəlmir. Bundan əlavə, məhkəmə bu prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti verən şəxs qərardadı rəsmi qaydada qəbul etdiyi vaxtdan 10 (on) iş günü ərzində qərardadın əsaslandırıcı hissəsində göstərilmiş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək hüququ izah edilmiş, lakin qərardad ona poçt vasitəsilə rəsmi qaydada çatmamış, bununla da kassasiya şikayətinin geri qaytarılması barədə məlumatı olmamış və vaxtında həmin nöqsanları aradan qaldıraraq kassasiya şikayətini yenidən verə bilməmişdir. Yalnız xx.xx.2025-ci il tarixdə vəkilin köməkliyi ilə elektron kabinetə daxil olarkən kassasiya şikayətinin geri qaytarıldığı məlum olmuş və kassasiya şikay ətində qeyd edilən nöqsanları aradan qaldırıldıqdan sonra yenidən kassasiya şikayəti verməli olmuşdur. Bu hal MPM-in 133-cü maddəsinə əsasən müddətin buraxılması üçün üzrlü səbəb hesab edilməli olduğu halda məhkəmə qeyd olunan xüsusatlara düzgün hüquqi qiymət verməyərək onun həmin qətnamədən kassasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş müddəti buraxmağını üzrlü hesab etməmişdir.

16. Həmçinin məhkəmə kollegiyası müddətin bərpası barədə ərizəyə baxarkən özü kobud pozuntulara yol vermiş, iddiaçı məhkəmə iclasının başlanmasından 1 saata yaxın məhkəmə iclas zalında gözləmiş, lakin məhkəmə prosesi başlamamışdır. Bundan sonra onu digər məhkəmə iclas zalına dəvət etmişlər və işə tərkib üzvü olmayan Rəşad Mamedov tərəfindən baxılmışdır. Halbuki işə hakim İslam Həsənov baxmalı idi. Bu da onu göstərir ki, məhkəmə kollegiyası qərəzli şəkildə kassasiya şikayətini Ali Məhkəməyə göndərməkdən imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

19. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

20. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

21. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

22. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstırilməlidir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsin in mövqeyi

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir.

28. Kollegiya tərəfindən kassasiya şikayətinin dəlilləri yoxlanılaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ilk dəfə verilmiş kassasiya şikayətinin qaytarılması barədə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərardad prosessual normaların tələbləri pozulmaqla qəbul edilmiş və həmin şikayət qanuni əsas olmadan qaytarılmışdır.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadında kassasiya şikayətinin qaytarılma səbəbi kimi, şikayətin məzmununda prosessual hüquq normasının pozuntusunun qeyd edilmədiyi göstərilmişdir. Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinin tələbindən görünür ki, müəyyən edilmiş formada verilən kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Normanın məzmunundan aydın görünür ki, kassasiya şikayətində maddi və ya prosessual pozuntulardan birinin qeyd edilməsi kifayətdir. Hər iki pozuntunun qeyd edilməli olduğuna dair qanunda imperativ tələb yoxdur. Kassatorun bu pozuntulardan birini qeyd etməsi şikayətin icraata qəbul edilməsi üçün əsasdır.

30. İddiaçıya Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2025-ci il tarixli, 2(104)- 699/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə kağız daşıyıcıda təqdim edilmiş, iddiaçı ilk dəfə xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti verməklə qanunla müəyyən edilmiş iki aylıq müddəti ötürməmişdir. Buna gö rə də kollegiya hesab edir ki, prosessual müddət ötürülmədiyindən müddətin bərpası barədə ərizənin təmin edilməsinə də hər hansı zərurət yoxdur.

31. Azərbaycan Respublikası MPM-in 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

32. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-699/2025 nömrəli, 2 oktyabr 2025-ci il tarixli qərardadı ləğv edilməli, müddətin bərpası ilə bağlı ərizə təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2025-ci il tarixli, 2(104) 699/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün müddət ötürülməmiş hesab edilməlidir.

33. Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-699/2025 nömrəli, 2 oktyabr 2025-ci il tarixli qərardadı ləğv edilsin. Müddətin bərpası ilə bağlı ərizə təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01aprel 2025-ci il tarixli, 2(104)- 699/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün müddət ötürülməmiş hesab edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar