Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3559/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd (neqator tələb), paylı mülkiyyətdə olan əşyadan istifadəyə maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə etməyə maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-119/2024 nömrəli 5 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasi ya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh və İddiaçı 6 noyabr 1990-cı il tarixdə nikaha daxil olmuşlar.
2. Naxçıvan Şəhər Məhkəməsinin 16 iyun 2010-cu il tarixli, 2(078)-82/2010 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur.
3. Naxçıvan Şəhər Məhkəməsinin 5 may 2014-cü il tarixli, 2(078)-261/2014 saylı qətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsinə Cavabdeh, ½ hissəsi isə İddiaçı hüququ tanınmışdır. 4. ünvan 2 ünvanında 0.0088 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69.4 m2 olan fərdi yaşayış evinin ½ hissəsinə mülkiyyət hüququ İddiaçı, ½ hissəsinə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/4 nömrəli reyestr kitabının 746 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(078)-876/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) ilə paylı mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən (bundan sonra “mübahisəli ev”) istifadə etməyinə şərait yaradılaraq, maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddia çı kirayədə yaşayır, maddi imkanı isə yoxdur. Cavabdeh evin kilidini dəyişib, otağa gələn qazı kəsib, iddiaçını evə girməyə qoymur.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz verərək bildirmişdir ki, evi ailə qurmamışdan əvvəl, 1989-cu ildə tikmişdir. Ailə qurandan sonra tikdiyi evin döşəməsi hazır olmadığından (döşəmənin vurulması üçün bütün materiallar alınmışdı) 1 (bir) il ata evlərində yaşamalı olmuşlar. Yaşadıqları müddətdə də öz evinin kəm-kəsirini düzəldib ora köçmüşlər. 2010-cu ildə iddiaçı ilə nikahı pozulmuşdur. O, evdən çıxmış, iddiaçı 2 uşağı ilə birlikdə 2014-cü ilə kimi həmin evdə yaşamışdır. Həmin dövrdə o, qardaşının evi boş olduğundan müvəqqəti olaraq ora yerləşmişdir. Ev satıldığından o, 2014-cü ildə gəlib ata evində yaşamağa başlamışdır. O, ata evinə qayıtdığına görə iddiaçı ondan Naxçıvan şəhər Polis şöbəsinə şikayətlər etməyə başlamışdır. O da məcburiyyət qarşısında qalaraq öz evində yaşamağına iddiaçı tərəfindən olan maneənin aradan qaldırılması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə onun iddiasının təmin olunması barədə qətnamə çıxarmış və o, evinə yerləşdirilmişdir. Qətnamə çıxarılandan sonra iddiaçı evdən çıxıb az bir müddətdə Naxçıvan şəhərində kirayədə yaşamışdır. Ondan sonra iddiaçı oğlunu da götürərək Türkiyə Respublikasına getmiş, 8 il orada yaşamışlar. 2022-ci ildə iddiaçı oğlu ilə birlikdə Türkiyə Respublikasından qayıtmışdır. Onların bir evdə yaşaması mümkün olmamış, paylar ayrılmamış, bir yerdə ya şamaları gələcəkdə xoşagəlməz nəticələrə səbəb olar. Onun övladları, baxmayaraq ki, artıq böyümüşlər, qızı ailə qurub, heç zaman onunla maraqlanmamışdır. 2022-ci ildən o, iki ay yataq xəstəsi olarkən onların heç biri bir dəfə olsun onun yanına gəlməmişlər. İndi isə iddiaçı köçüb onunla bir yerdə yaşamaq istəyir. Belə bir fikirlə heç cürə razılaşmaq mümkün deyil.
10. Naxçıvan Şəhər Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 2(078)-369/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, paylı mülkiyyət hüququ əsasında iddiaçı və cavabdehə məxsus ünvan 2 ünvanında 0.0088 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69.4 m2 olan fərdi yaşayış evindən istifadəyə cavabdeh tərəfindən yaranmış maneənin aradan qaldırılması qət edilmişdir. (hakim Gülsüm Əliyeva)
11. Birinci instansiya məhkəməsi qeyd etmişd ir ki, iddiaçı onlara məxsus daşınmaz əmlakı qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulur. Belə olan halda iddiaçı qeyd olunan daşınmaz əmlakdan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb etməkdə haqlı olduğu üçün iddiaçının iddia tələbi təmin edilməlidir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi olaraq iddiaçının haqlı olaraq həmin daşınmaz əmlakdan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb etmək hüququ var. Çünki həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olan daşınmaz əmlakın reyestrindən çıxarışdan da göründüyü kimi iddiaçı da daşınmaz əmlakın mülkiyyətçisidir və o, qanunvericiliyə uyğun olaraq daşınmaz əmlaka istənilən qəsdə son qoyulmasını tələb edə bilər.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4, 213, 213.3, 215.1ci, Mülki Prosessual Məcəllənin 14 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, maddi və prosessual hüquq normalarına zidd və əsassız olmuşdur. Birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmış, işin faktiki hal ları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Fərdi yaşayış evinin paylı mülkiyyət olması belə qanunsuz olmuş və onların həmin fərdi yaşayış evində birgə yaşamaqları mümkün olmamışdır. Bununla əlaqədar o, birinci instansiya məhkəməsində izahat versə də, məhkəmə tərəfindən buna heç bir məhəl qoyulmamışdır. Birinci instansiya məhkəməsi qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir.
16. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-119/2024 nömrəli 5 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mehman Allahverdiyev (sədrlik edən və məruzəçi), Sənan Qarayev, Müşfiq Həsənov)
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz halına görə mübahisəli əmlak tərəflərin ½ hissədə mülkiyyətindədir. Beləliklə də iddiaçının mübahisəli əmlaka ½ hissədə qanunvericiliklə qorunan mülkiyyət hüquqları yaranmaqla onun haqlı olaraq həmin əmlakdan istifadəyə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasını tələb etmək hüququ yaranmışdır. Çünki həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olan daşınmaz əmlakın reyestrinə əsasən iş üzrə iddiaçı da mübahisəli daşınmaz əmlakın mülkiyyətçisidir və o, qanunvericiliyə uyğun olaraq əmlakına istənilən qəsdə son qoyulmasını tələb edə bilər.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməsinin ləğvinə digər əsas kimi ”... məhkəmənin qətnaməsinin qanunsuz, maddi və prosessual hüquq normalarına zidd və əsassız olmasını, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmasını, işin faktiki hallarının araşdırılmadığını və düzgün hüquqi qiymət verilmədiyini, iddianın təmin edilməsi barədə qətnamənin qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu, məhkəmənin qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəldiyini” göstərsə də, həmin dəlillər mülahizə xarakterlidir.
19. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçı ilə 1990-cı il tarixdə ailə qurması, mübahisəli evin 1989-cu il tarixdə, yəni nikahdan əvvəl tikilməsi, bunun fərdi yaşayış evinin tikilməsi ilə bağlı texniki pasportdakı evin tikilmə tarixində öz təsdiqini tapması, iddiaçı ilə nikahlarının 2010-cu ildə pozulması, birgə nikah dövründə əldə olunmadığından, həmin fərdi yaşayış evinin üzərində qanunsuz olaraq ½ pay iddiaçının və ½ pay onun mülkiyyət hüququnun müəyyən olunması, həmin fərdi yaşayış evinin paylı mülkiyyət olmasının belə qanunsuz olması, onların evdə birgə yaşamalarının mümkün olmamasə barədə dəlilləri göstərmişdir ki, cavabdehin göstərdiyi bu hallar birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas sayıla bilməz. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 140, 152.2, 152.4, 152.5, 157.4, 213, 213.3, 215. 1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 16-cı, Mülki Məcəllənin 152, 154, 157, 213-cü, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad edilməklə apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfi ndən müdafiə olunur. Maddə 29 (hissə 1). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfində n qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibli yinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə
213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassas iya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
29. İşdən görünür ki, iddia tələbi evə köçürülmə barədədir. İddiaçı mübahiəsli evə mülkiyyət hüququnun olmasına istinad edərək, evdən istifadəyə cavabdehin imkan verməməsini bildirmişdir.
30. İşin müəyyən edilmiş hallarına görə də iddiaçının mübahisəli ev üzərində ½ hissədə mülkiyyət hüququ vardır və cavabdeh iddiaçıya mülkiyyətindən istfadəyə imkan vermir.
31. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Məhkəmə kollegiyası qeyd edilənlərə əsa sən iddia tələbi üzrə apellyasiya məhkəməsinin dəyərləndirməsi və gəldiyi nəticə ilə razılaşır.
34. İddia tələbi neqator iddia olub, mülkiyyətdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması barədədir, işin müəyyən edilən halı da ondan ibarətdir ki, iddiaçının paylı mülkiyyətində olan evdən istifadəsinə digər paylı mülkiyyətçi olan cavabdeh maneə yaradıb.
35. Bu baxımdan məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsini hazırki qərarın 17-19-cu bəndlərinə əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
36. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia tələbinə etirazın, apellyasiya şikayətinin də dəlilləri olmuş, məhz həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, iddianı təmin etməmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)119/2024 nömrəli, 05 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.