Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3606/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 Alimardan oğlunun və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X3 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(105)800/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzi bati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı1 Alimardan oğlu və X1 Federasiyasının vətəndaşları olmaqla, iddiaya görə Bakı şəhərində "xxxx" MMC tərəfindən tikilən binada mənzillər almaq məqsədi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif məbləğlərdə pul vəsaitləri vermişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 Alimardan oğlu və X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə, daha sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 50000 ABŞ dolları, 145000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun, yəni ümumilikdə 50000 ABŞ dolları 145780 manatın tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olduğuna görə, qanuna müvafiq tədbirlər barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişlər.
3. İddia belə əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıları aldadaraq 50000 ABŞ dolları, 145000 manat pullarını mənimsəmişlər. Belə ki, iddiaçıların əvvəllər tanıdıqları Cavabdeh1 onlara bildirmişdir ki, Cavabdeh2 aşağı qiymətə mənzillər satır. İddiaçılar Cavabdeh2la tanış olmuş, bəzi mənzilləri birlikdə gəzmiş və baxmış, Bakı şəhərinin Yeni Yasamal ərazisində yerləşən binada iki mənzil bəyənmişlər. Cavabdeh2 bildirmişdir ki, mənzilləri MTK-nın qiymətindən aşağı qiymətə verəcəkdir. İddiaçılar mənzilləri almağa razılaşmış və cavab dehlərə 1000 manat beh vermişlər. 10 iyun 2019-cu il tarixdə "xxxx" ASC-nin Binəqədi filialına gedərək 30000 manat pulu Cavabdeh2 adına qoyulmuşdur. İddiaçılar Rusiya vətəndaşı olduqları üçün 50000 ABŞ dolları məbləğində pulu isə banka qoya bilməmiş, həmin pulu Cavabdeh1 verərək, sonuncunun isə pulu Nazimin bankda adına qoyması barədə razılaşmışlar. 2019-cu ilin iyul ayında cavabdehlər iddiaçılara zəng edərək bildirmişlər ki, 77 kv.m. yaşayış sahəsi olan mənzili satırlar və bu mənzilin hər kv.m. üçün 1000 manat istəyirlər. Cavabdehlərin göndərdiyi adam Masallı rayonuna gedərək, iddiaçıların qardaşlarından 78000 manat pulu da almışlar. Həmçinin iddiaçılar Rusiya Federasiyasına getdikdən sonra, avqust ayında 9000 manat, 14000 manat, 8200 manat, 3800 manat pulu da cavabdehlərə bank vasitəsilə köçürmüşlər. Cavabdehlər iddiaçılara qısa müddətdə maliyyə arayışının veriləcəyinə dair söz versələr də, sözlərinə əməl etməmiş, onları aldatmışlar.
4. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil2 göstərmişdir ki, Cavabdeh2 iddia tələbini qəbul edir, sadəcə məbləğ hissəsində şübhəsi var, yəni təxminən 3000 manat pulla bağlı aralarında mübahisə var. Bu hissədə məbləğ dəqiqləşdirilməlidir. Məbləğ dəqiqləşdirildikdən sonra cavabdehin yazılı etirafı məhkəməyə təqdim olunacaqdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(060)-4490/2022 nömrəli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddia qismən təmin edilərək, Cavabdeh2 145000 manat və 50000 ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borcun, ödənilmiş 780 manat dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1 Alimardan oğluna və X4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri halları Cavabdeh2 münasibətdə sübut edə bilmişdir. Belə ki, həmin cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, cavabdehə borcunun olduğunu etiraf etdiyini, yalnız məbləğlə bağlı mübahisəni aydınlaşdırıb, borcun etirafı barədə ərizə təqdim edəcəyini bildirmişdir. Bununla bağlı məhkəmə iclasları bir neçə dəfə təxirə salınsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə cavabdehin etirafı barədə yazılı ərizə təqdim etməmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 iddiaçılara məxsus 50000 ABŞ dolları və 145000 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır. Bu səbəbdən o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçılara geri qaytarmalıdır.
8. İddiaçılar Cavabdeh1 münasibətdə iddia tələbinin əsası kimi istinad etdiyi halları (ona hansı məbləğdə pul ödənildiyi, həmin şəxsin adına köçürülmüş pulun hansı məqsədlə edilməsi, digər cavabdehə ödənildiyi halda bütün məbləğin hər iki cavabdehdən tutulmasına əsas verən hallar və s.) sübut edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
9. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırki iş üzrə xüsusi qərardad çıxarılması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslar mövcud deyildir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 386.1, 439.4, 442, 445.2.1, 1091, 1092-ci, Mülki Prosessual Məcəllənin 217.4, 265.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2022ci il tarixli, 2(060)-4490/2022 nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissədə ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini və cavabdehlərin əməllərində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(105)-800/2023 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhiml inin sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Məmmədovdan və Z.İ.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(060)-4490/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 Cavabdeh1 dair hissədə kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq (ödəniş qəbzləri) məhkəmə tərəfindən həmin hissədə iddianın təmin edilmədiyini bildirsə də, bunu sübut edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan ********* nömrəli qəbzin surətindən görünür ki, X6 tərəfindən 3800 manat məbləğində pul vəsaiti Cavabdeh1 adına köçürülmüşdür. Apellyasiya insta nsiyası məhkəməsi hesab etmişdir ki, həmin qəbz iddiaçılar tərəfindən Cavabdeh1 3800 manat məbləğində pulun verilməsini təsdiq etmir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
14. Apellyasiya şikayətinin digər bir dəlili cavabdehlərin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkib əlamətləri mövcud olması və etibardan sui-istifadə etməklə dələduzluq cinayətini törətmələri, məhkəmə tərəfindən isə bu hallarla bağlı cavabdehlər barəsində xüsusi qərardad qəbul olunmamasıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu dəlil də əsassızdır. Belə ki, hazırki iş üzrə xüsusi qərardad çıxarı lması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.7, 386.1, 439.4, 1091 və 1092-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.3, 384.0.1, 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
16. İddiaçı1 Alimardan oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(105)-800/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və cavabdehlərin əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1092-ci, Mülki Prosessual Məcəllənin 265.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən sübut təqdim edilməsinə baxmayaraq iddia qismən təmin edilmiş, cavabdehlərin birinə münasibətdə iddia təmin olunmamışdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin əməllərində qabaqcadan sui-istifadə və aldatma niyyətinin olmasını nəzərə almamışdır.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, cavabdeh apellyasiya şikayəti v erməmişlər. Bu səbəbdən apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil etmişdir.
22. Hazırki kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 9.1-ci maddəsinə əsasən əd alət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və madd i sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418. 4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki kassasiya şikayətinin dəlilləri ilə oxşar olan apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini mübahisələndirilən – Cavabdeh1 aid hissədə sübut edə bilməmişlər.
26. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan ve rən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
27. Kassasiya şikayətinin digər dəlili üzrə məhkəmə kollegiyası həmçinin apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.
28. Belə ki, mülki məhkəmə icraatın vəzifəsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Cinayətin əlamətlərinin aşkara çıxarılması mülki icraatın əsas məqsədi deyildir. Həmin vəzifəni həyata keçirərkən, yəni konkret mülki işə baxarkən, məhkəmə tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. C inayət hallarını aşkara çıxarılması, araşdırılması və müvafiq tədbirlərin görülməsi cinayət-prosessual qanunvericiliyi çərçivəsində həyata keçirilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ qüvvədədir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 Alimardan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(105)-800/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.