Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3624/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ağdam Rayon X2 hüquqi şəxsə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(104)1159/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasi ya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı Ağdam Rayon X2 hüquqi şəxsinin Aptek bölməsində əczaçı vəzifəsində işləmiş və işəgötürənin 26 iyul 2022-ci il tarixli 1116-K saylı əmri ilə onunla bağlanmış 1XCGCRY000105 nömrəli Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə istinad edilməklə, öz ərizəsi əsasında xitam verilmişdir.
2. İddiaçı Ağdam Rayon X2 hüquqi şəxsin direktoruna 26 iyun 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, yaşayış yerini dəyişdiyinə görə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Ağdam Rayon X2 hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 26 iyul 2022-ci il tarixli 1116-K nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxmaya görə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Publik hüquqi şəxsin aptek şöbəsində əczaçı işləmişdir. İddiaçı yaşayış yerini dəyişməmiş, buna baxmayaraq xəstəxananın rəhbərliyi onun guya yaşayış yerini dəyişmək arzusundan öz xahişi ilə işindən azad olması barədə əmr vermişdir. Belə ki, iddiaçı 17 may 2022-ci il tarixdə xəstəxananın direktorunun qanunsuz hərəkətlərindən Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etmiş, ondan qeyd edilən şikayətlə bağ lı inkaredici izahat yazmasını, əks halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediləcəyi bildirilmişdir.
5. Ağdam Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(013)-209/2023 nömrəli qətnaməsi ilə (hakim R.R.Məmmədov) iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən iddiaçıya iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə heç bir dəlil və sübut təqdim edə bilməmişdir.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42, 69cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 31 yan var 2023-cü il tarixli 2(013)-209/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(104)-1159/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Mehtiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(013)-209/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməsi, Ağdam Rayon X2 hüquqi şəxsinin 26 iyul 2022-ci il tarixli 1116- K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı xəstəxananın Aptek bölməsinin əczaçısı vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə ona əmək haq qının ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı əczaçı işlədiyi Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsinə 26 iyul 2022-ci il tarixdə ərizə ilə müraciət edərək yaşayış yerini dəyişməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Cavabdehin 26 iyul 2022-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh olan publik hüquqi şəxs tərəfindən iddiaçının tutduğu vəzifəyə başqa şəxsi işə götürməmiş, bununla bağlı iddiaçıya hər hansı yazılı xəbərdarlıq edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən isə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt əriz əsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.
12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmamış, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, baxılan işdə yaşayış yerinin dəyişməsi ilə əlaqədar İddiaçı ərizəsində hansı gün işdən azad olunmasını göstərməmişdir. Əmək qanunvericiliyinin tələbinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi işəgötürən bu imperativ normanı pozaraq İddiaçı ilə əmək müqaviləsinə ərizə verilən gün yəni 26 iyul 2023-cü il tarixdə xəbərdarlıq müddətini gözləmədən xitam vermişdir.
13. İddiaçı izahatında göstərmişdir ki, o, iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsızlığını qeyd etsə də, əslində həmin əmrin ləğv edilməsini istəyir. Ona görə də Ağdam Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(013)209/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsini, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsini, onun xəstəxananın Aptek bölməsinin əczaçısı vəzifəsinə bərpa edilməsini və məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə, 69-cu maddəsinə, 294, 294, 296, 300-cü, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.3, 385.1, 386, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh Ağdam Rayon X2 hüquqi şəxs kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(104)1159/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi 3-cü bəndinin, 11-ci maddəsinin, 68-ci maddəsinin, 69-cu maddəsinin, 76 -cı maddəsinin 2-ci hissəsinin, Mülki Prosessual Məcəlləsinin 77.1, 385.1.1, 386-cı maddələrinin tələbləri pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, işəgötürən əmək müqaviləsinə iddiaçının ərizəsinə əsasən xitam vermiş, iddiaçı işdən çıxma ərizəsini rəhbərliyinin təkidi ilə yazmamış, öz iradəsini könüllü ifadə etmişdir. İşəgötürən iddiaçıya humanistlik göstərərək, onu öz xahişi ilə işdən azad etmişdir. Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə əmri rəsmiləşdirərkən qanunvericiliyin tələblərinə tam riayət etmişdir. İddiaçı tərəfindən verilmiş ərizənin tarixi işdən çıxmaq istədiyi gün göstərilmiş və işə götürən tərəfindən o, elə həmin gün işdən azad edilmişdir. İddiaçının ərizəni iradəsindən xaric yazmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. Apellyasiya insta nsiyası məhkəməsinin iddiaçının əsası olmayan izahatına istinad etməsi qanunsuz olmuşdur.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Etiraz işin faktiki halları ilə əsaslandırılmış və hesab olunmuşdur ki, məhkəmə tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsi düzgün tətbiq olunmuşdur. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut k imi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya inst ansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı əmək müqaviləsinin xitam verilməsi barədə ərizə versə də, əmək müqaviləsinin l əğvinə dair əmr qəbul edilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin tələbləri pozulmuşdur.
26. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin dispozisiya şərtlərindən müəyyən olunur ki, işçi əmək münasibətlərinə xitam verilməsini xahiş etdikdə, işəgötürən buna dair əmri yalnız bir aylıq xəbərdarlıq müddətini gözləməklə qəbul edə bilər. Bu müddətdə işçi ərizəsini geri götürmək və əmək münasibətlərini davam etdirməsini tələb etmək hüququna malikdir (onun vəzifəsinə yeni işçinin götürülməsi barədə rəsmi xəbərdarlıq edildiyi hal istisna olmaqla).
27. Lakin qanunda nəzərdə tutulan xüsusi hallarda (Məcəllənin 69-cü maddəsinin 3-cü hissəsi) əmək münasibətlərinə işçinin konkret göstərdiyi tarixdən xitam verilməsi mümkündür. Hər bir halda, Məcəllənin 69-cu maddəsinin 5-ci hissəsinə əsas ən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü qeyd etməli, əks halda xəbərdarlıq müddəti gözlənilməlidir.
28. Hazırki işdən müəyyən olunur ki, iddiaçı işəgötürənə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə 26 iyul 2022-ci il tarixdə ərizə yazsa da, həmin ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi konkret tarixi qeyd etməmişdir. Ərizənin tarixi isə Əmək Məcəlləsinin 69-cü maddəsinin 5-ci hissəsinin məqsədinə görə işçinin əmək münasibətlərini dayandırmaq istədiyi gün kimi qiymətləndirilə bilməz.
29. Bu səbəbdən, məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh təşkilat qanunla müəyyən olunan xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edə bilməzdi. Belə ki, bununla işçinin Əmək Məcəlləsinin 69cu maddəsinin 4-cü h issəsində təsbit olunmuş ərizəsini geri götürmək hüququ pozulmuşdur.
30. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ağdam Rayon X2 hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayə ti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(104)-1159/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.