Məhkəmə qərarları › İş №2(102)-3643/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3643/2025

13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3643/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 avqust 2025-ci il tarixli 2(104)-1418/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X3”na sol dizdə ağrı, şişkinlik, hərəkət məhdudluğu, sol tərəfli axsama şikayətləri ilə müraciət etmişdir;

3. Aparılmış müvafiq müayinələrdən sonra ona “Meniskin zədələnməsi” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və sol diz oynağının artroskopiyası “Dizin oraqvari qığırdağının kəsiklə çıxarılması (Meniskektomiya-oynaq siçanının çıxarılması)” əməliyyatı icra edilmişdir;

4. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X3”nda icra edilmiş cərrahiyyə əməliyyatından sonra o, xx.xx.2024-cü il tarixdə Tibbi Ərazi Bölmələrinin idarəetmə Birlliyinin “X7” publik hüquqi şəxsinə müraciət etmişdir. Müayinə zamanı “Sol diz oynağı medial meniskdə horizontal İİİ dərəcəli yırtığı” diaqnozu müəyyənləşdirilmiş və spinal anesteziya altında yenidən “sol diz oynağının artroskopik meniskentomiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" MMC-yə (X2) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş 5000 manat maddi və 5000 mənəvi zərər olmaqla, ümumilikdə 10000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xəstəxananın cərrahiyyə şöbəsində onu diz nahiyəsindən əməliyyat etmişlər, təxminən 2500 manat xərci çıxmışdır. 3 ay sonra isə həmin hissədə 3-cü dərəcəli dəlik əmələ gəlmişdir. O isə bu barədə təkrar həmin xəstəxanaya müraciət edəndə onu əməliyyat edən həkimlər özləri etiraf etmişlər: “əməliyyat düzgün aparılmayıb, təkrar əməliyyat edək”. Artıq iddiaçının onlara etibarı olmadığı üçün o, Bakı şəhərində başqa xəstəxanada yenidən əməliyyat olunmuşdur. O, cavabdehdən əməliyyat üçün ödədiyi pulu tələb edəndə, ona həmin məbləği ödəməkdən imtina etmişlər.

7. Məhkəmə-tibbi ekspertizasının 150/KEŞ nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, təkrar əməliyyatın (6 ay sonra) aparılması menisk yırtığının təkrarlanması, əzələ zəifliyi, residiv və ya travma hesabına əmələ gələ bilərdi. Bunu nəzərə alaraq, əməliyyatlar arasında səbəbli əlaqənin olması istisna edilir.

8. Gəncə Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(125)-197/2025 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hüquqi şəxs olan tibb müəssisəsində cərrahiyyə əməliyyatı zamanı iddiaçıya zərərin vurulduğu sübut edildiyi halda, həmin zərərə görə məsuliyyəti müəssisənin özü daşımalıdır.

10. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçıya cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi ziyan vurulması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin edilməməlidir.

11. Məhkəmə ekspert rəyi ilə razılaşmaqla onu ha zırkı iş üzrə sübut qismində qəbul edərək hesab etmişdir ki, iddiaçı üzərində cavabdehin işçisi tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir, həmin əməliyyat zamanı iddiaçının sağlamlığına ziyan vurulmamışdır. İddiaçının üzərində təkrar cərrahi əməliyyatın səbəbi cavabdeh tibb müəssisəsində icra edilmiş ilkin cərrahi əməliyyatın taktiki cəhətdən düzgün yerinə yetirilməməsi olmamışdır.

12. Belə ki, iş üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının üzərində təkrar əməliyyatın (6 ay sonra) aparılması menisk yırtığının təkrarlanması, əzələ zəifliyi, residiv və ya travma hesabına əmələ gələ bilərdi. Bu baxımdan əməliyyatlar arasında səbəbli əlaqənin olması istisna edilir.

13. Birinci instansiya məhkəməsi m övqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1099.2 və 1112-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qətnamə qəbul edilən zaman şahidlər dindirilməmişdir. X1 həkimi Cahandar həkim tərəfindən iddiaçı əməliyyat olunduqdan sonra, iddiaç ının ayağında olan ağrılar keçməmiş, hətta ağrılar daha da kəskinləşmişdir. İddiaçı Laçınbek Cahandar həkimə müraciət etmiş, mövcud vəziyyətini ona izah etmiş, Cahandar həkim əməliyyatı səhv icra etdiyini, onu yenidən pulsuz əməliyyat edə biləcəyini təklif etmişdir. Cahandar həkim həmin təklifi etdikdə iddiaçının qaynanası X4 da onların yanında olmuşdur. Lakin, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qaynanası Şəhanə Mövləmovanı şahid kimi dindirməmişdir. Eyni zamanda Cahandar həkimin etdiyi uğursuz əməliyyata görə o, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilməmişdir. Məhkəmə tətbiq olunmalı hüquq normaları baxımından düzgün qiymət verməyərək hesab etmiş ki, iddia tələbinə dair maddi və mənəvi zərər dəydiyi öz təs diqini tapmamış və iddianın əsassız olduğu qənaətinə gələrək iddia tələbi rədd etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmırıq və bildirir ki, məhkəmə işin hallarını tam araşdırmamışdır. Belə ki, iddiaçı Cavabdeh MMC-nin həkimi Cahandar İsmayılovun uğursuz əməliyyatı nəticəsində yenidən əməliyyat olunduğuna dair sübütları iddia ərizəsinə əlavə etmişdir (xəstəxanadan müalicəsi haqqında epikrizləri, həkim reseptlərini və s). Lakin birinci instansiya məhkəməsi həmin sənədləri sübut hesab etməmişdir. Bundan başqa, məhkəmə tərəfindən iddiaçıya dəymiş ziyanla bağlı aidiyyatı ekzpertiza keçirilməsinə dair qərardad qəbul edilmiş, lakin ekspert rəyi ilə iddiaçı razı deyildir. Odur ki, təkrar ekspertizanın keçirilməsini və həmin ekspertizanın başqa ekspertlərə həvalə edilməsini xahiş etmişdi r.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1418/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov - sədrlik edən və məruzəçi, Günay Cavadova və Rüfət Məcidov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 6 may 2025-ci il tarixli 2(125)-197/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh təşkilatın həkimləri tərəfindən cərrahiyyə əməliyyatının qüsurlu icra edilməsi nəticəsində maddi və mənəvi ziyana məruz qaldığını iddia etmişdir. Nəzərə almaq lazımdır ki, cərrahiyyə əməliyyatının düzgün aparılıb-aparılmaması barədə məsələnin həlli tibb sahəsində xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etmə klə həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

18. Ümumiyyətlə, mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.

19. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı tibbi ekspertiza təyin edi lmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən keçirilmişdir.

20. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Belə ki, ekspertiza tədqiqatı iddiaçının adına tərtib edilmiş tibbi sənədlərə və iş materiallarına əlavə edilmiş məlumatlara, onun özünün məhkəmətibbi və mütəxəssis müayinələrinə əsaslanmaqla aparılmışdır. Ona görə də, rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Bundan əlavə, iddiaçı tərəf rəyin qeyri-obyektivliyi barədə formal arqumentlər irəli sürsə də, lakin bunu əsaslandıra bilməmişdir.

21. Beləliklə, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının üzərində təkrar əməliyyat aparılması zərurəti cavabdeh təşki latın həkimləri tərəfindən aparılmış əməliyyat nəticəsində yaranmamışdır. Bir sözlə, əməliyyatlar arasında səbəbli əlaqə mövcud deyildir. Bu halda, cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

22. Qətnamə qəbul edilən zaman şahidlərin dindirilməməsinə dair apellyasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsassız saymışdır. Ona görə ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM maddə 81). Bu mənada qeyd edilməlidir ki, cərrahiyyə əməliyyatının düzgün aparılıb-aparılmaması tibb sahəsində xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etməklə ekspert rəyi üzrə hüquqi dəyərləndirmə aparılan məsələdir. Odur ki, şahid ifadəsi iddianın həlli bax ımından hər hansı əhəmiyyət daşımamaqdadır.

23. Göründüyü kimi, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillər in araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1418/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilib mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi iddiaçının vəkilini elektron məhkəmə sisteminə əlavə etmədən, vəkilə və nümayəndəyə heç bir rəsmi bildiriş göndərmədən çəkişmə prinsipini pozaraq qətnamə qət etmişdir. Həmçinin məhkəmə işin hall arını tam araşdırmamışdır. Belə ki, iddiaçı Cavabdeh MMC-nin həkimi Cahandar İsmayılovun uğursuz əməliyyatı nəticəsində yenidən əməliyyat olunduğuna dair sübutları şikayət ərizəsinə əlavə etmişdir (xəstəxanadan müalicəsi haqqında epikrizləri, həkim reseptlərini və s.). Lakin apellyasiya məhkəməsi həmin sənədləri sübut hesab etməmişdir. Bundan başqa, məhkəmə tərəfindən iddiaçıya dəymiş ziyanla bağlı aidiyyatı ekspertiza keçirilməsinə dair qərardad qəbul edilmişdir. Lakin ekspert rəyi ilə iddiaçı razı deyil. Odur ki, təkrar ekspertizanın keçirilməsini və həmin ekspertizanın başqa ekspertlərə həvalə edilməsini xahiş edir. Göründüyü kimi, məhkəmə səhv nəticəyə gəlmişdir. Yuxarıda göstərildiyi kimi apellyasiya məhkəməsi maddi və prosesual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvə zi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

30. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

31. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

32. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əv əzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Baxılan işdə tərəflər arasında mübahi səli hal cavabdehin iddiaçıya hüquqazidd şəkildə zərər vurması iddiası ilə bağlı olmuşdur. Bu xüsusatın aydınlaşdırılması üçün ekspertiza tədqiqatı aparılmışdır.

42. Məhkəmə-tibbi ekspertizasının 150/KEŞ nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, təkrar əməliyyatın (6 ay sonra) aparılması menisk yırtığının təkrarlanması, əzələ zəifliyi, residiv və ya travma hesabına əmələ gələ bilərdi. Bunu nəzərə alaraq, əməliyyatlar arasında səbəbli əlaqənin olması istisna edilir.

43. Belə olan halda mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması üçün əsaslar müəyyən edilmir.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə laz ımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 avqust 2025-ci il tarixli, 2(104)-1418/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar