Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3651/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3651/2022 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı şəhəri 16 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və tikilidən çıxarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-842/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən v erilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. DƏDRX-nin xx.xx.2013-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, şərq hissəsi, 357 saylı sahənin bir hissəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən cavabdehlərin məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, ünvan ünvanda) yerləşən 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən məcburi qaydada çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hazırda cavabdehlərlə heç bir münasibəti mövcud deyil. Lakin, cavabdehlər ona məxsus torpaq sahəsini və orada yerləşən tikilini tərk etməyərək oranı qanunsuz olaraq zəbt etmişlər.
4. Cavabdeh2 birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək torpağın və orada olan tikilinin onun tərəfindən alındığını, iddiaçıya etibar etdiklərinə görə əmlakın onun adına rəsmiləşdirildiyini bildirmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim T.N.Məmmədov) 10 sentyabr 2021-ci il tarixli, 2(010)-4029/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qar açuxur qəsəbəsi, Şərq hissəsi, 357 saylı sahənin bir hissəsində yerləşən 0,03 ha torpaq sahəsindən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüquqları qorunmalı və cavabdehlər iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin e dilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-842/2022 nömrəli mülki iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışinski) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(010)-4029/2021 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı və Cavabdeh1 ər-arvad olmaqla ailə münasibətlərində olmuş və iddiaçının mülkiyyətində olan torpaq sahəsi ailə münasibətlərinin davamlı olduğu müddətdə əldə edildiyindən, ailə qan unvericiliyinə görə onların birgə əmlakı hesab olunur. Belə olan halda iddiaçının cavabdehlərin mübahisələndirilən torpaq sahəsindən çıxarılmaları barədə tələbi əsaslı deyildir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27,225.1,11, 157.8-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1,2.2,6.1,29.1,32, 33cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 372,384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4029/2021 saylı qətnaməsinin qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişd ir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
16. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə
32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların h ər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul ol duğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
18. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
19. Maddə 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
20. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
21. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol ver ilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. İş materiallarından görünür ki, tərəflər faktiki nikah münasibətində olmuş və mübahisə predmeti olan torpaq sahəsi həmin dövrdə əldə edilsə də, iddiaçının adına rəsmiləşdirilmişdir.
32. Belə ki, torpaq sahəsinin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən bağlanmış və əmlak üzərində mülkiyyət hüququ onun adına qeydiyyata alınmışdır.
33. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 33-cü maddələri və eləcə də Mülki Məcəllənin 225.2-ci maddələrinə görə əmlak o zaman ər-arvadın birgə mülkiyyəti hesab edilir ki, həmin əmlak onların birgə nikahda olduqları dövrdə əldə edilmiş olsun. Yəni, bu zaman nikahın olması mütləq xarakter daşıyır.
34. Əgər ər-arvad münasibətində olan şəxslər arasında dövlət qeydiyyatına alınmış rəsmi nikah mövcud deyildirsə, onların əldə etdikləri əmlak birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz.
35. Hazırkı iş üzrə iddiaçı ilə Ç.Məmmədovun 16 il ərzində faktiki ər-arvad kimi yaşamaları, birgə uşaqları olmaları və ümumi təsərrüfat aparmaları Ailə Məcəlləsinin 32 və Mülki Məcəllənin 225.1-ci maddəsinin qüvvəsinin tətbiq edilməklə mübahisənin həlli üçün əsas götürülə bilməz.
36. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin həlli ilə əlaqədar qanunun yuxarıda göstərilən normalarını tətbiq etməklə qanunun tətbiqind ə səhvə yol vermişdir.
37. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır.
38. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-842/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qətn aməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.