Məhkəmə qərarları › İş №2(102)-3653/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3653/2025

23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3653/2025 23.12.2025 ALİ MƏHKƏMƏ İş № 2(102)-3653/2025 23 dekabr 2025-ci il Bakı şəhəri Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin mənzildən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, əmlakın başqa şəxsin qeyri-qanuni sahibliyindən geri tələb edilməsi, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2025-ci il tarixli, 2(106)1138/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, Dəmiryol binası, ev 8A, 3 saylı mənzil Cavabdeh mülkiyyətində olmuş və o, 13 iyun 2022-ci il tarixli alğı-satqı müqaviləsi ilə qeyd olunan yaşayış sahəsini 13.000 manata İddiaçı satmışdır.

2. Mənzil üzərində İddiaçı mülkiyyət hüququ 26 noyabr 2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cava bdehin ünvan 1 nömrəli fərdi yaşayış evində istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və onun məcburi qaydada həmin ünvandan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. 2022-ci ildə həmin evi Cavabdeh satın almışdır. Cavabdeh evi ona satmasına baxmayaraq, həmin evdən həm qeydiyyatdan çıxmaq, həm də ki, özü evi tərk etmək istəmir. Sənədlərdə cavabdehin onun evində qeydiyyatda kimi göstərilməsi və evdən çıxmaq istəməməsi mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Qanunvericiliyin tələblərinə görə cavabdeh mübahisəli mənzilə olan istifadə hüququnu evin alğı-satqı müqaviləsi qüvvəyə mindiyi andan itirilmiş və onun istifadə hüququ na xitam verilmişdir. Odur ki, cavabdehin həmin evdən istifadə hüququ yoxdur.

5. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi, Vəkil iddiaya etiraz edərək göstərmişdir ki, cavabdeh ilə iddiaçının öz aralarında söhbət olub, pulu ödəmək üçün may ayının əvvəllərinə qədər vaxt istəyib və qaytaracağını söz verib. İddiaçının pulu tam şəkildə qaytarıldığı təqdirdə aralarında bağlanmış alğı-satqı müqaviləsi ləğv ediləcəkdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir.

6. Kürdəmir Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(041)-13/2025 nömrəli qətnaməsi ilə (hakim X.İmanov) iddianın təmin edilməsi, Cavabdeh Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, Dəmir yol binası, 8A nömrəli evin ümumi yaşayış sahəsi 47,5 kv.m. olan 3 nömrəli mənzilindən məcburi qaydada çıxarılması, Cavabdeh Kürd əmir şəhəri, C.Cabbarlı küçəsi, Dəmiryol binası, 8A nömrəli evin ümumi yaşayış sahəsi 47,5 kv.m. olan 3 nömrəli mənzilinə istifadə hüquqlarının olmadığının müəyyən edilməsi, qətnamənin Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, Dəmir yol binası, 8A nömrəli evin ümumi yaşayış sahəsi 47,5 kv.m olan 3 nömrəli mənzilini qanuni əsaslarla almış və həmin mənzil üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh həmin mənzildən istifadə hüququ yoxdur və onun satdığı mənzildən çıxmaması iddiaçının daşınmaz əmlakı üzərində mülkiyyət hüququnu pozmaqla nəticələnmişdir.

8. Məhkəmə, cavabdehin Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, Dəmir yol binası, 8A nömrəli evin ümumi yaşayış sahəsi 47,5 kv.m. olan 3 nömrəli mənzili üzərində istifadə hüququnun olmamasının müəyyən edilməsi hissəsində qeyd etmişdir ki, mübahisələndirilən mənzil 26 noyabr 2022-ci il tarixdə verilmiş çıxarışa əsasən iddiaçının tam pay hüququ ilə mülkiyyətindədir. Cavabdeh həmin mənzili iddiaçıya satdığı üçün yaşayış sahəsindən istifadə hüququ yoxdur. Bu tələbin verilməsində əsas məqsəd cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasından ibarətdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.

9. İddiaçıya və qətnaməni icra edən dövlət orqanlarına izah edilmişdir ki, qətnamə cavabdehin Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, Dəmir yol binası, 8A nömrəli evin ümumi yaşayış sahəsi 47,5 kv.m olan 3 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.4, 178.1, 646.1, 648.1-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsasland ırılmışdır ki, iddiaçı tərəfindən iddia verildiyi vaxtdan, yəni 2023-cü il tarixindən mübahisəli mənzilin mülkiyyətçisi olan Cavabdeh tərəfindən dəfələrlə iddiaçıya mənzilin geri qaytarılması ilə bağlı təkliflər verilsə də, iddiaçı bununla razılaşmamış, dəyərindən də aşağı qiymətləndirilmiş mənzili əlindən çıxartmaq istəməmişdir. Belə ki, alğı-satqı müqaviləsi üzrə məbləğ 13000 manatdır. Əslində mübahisəli mənzilin satılması Cavabdeh deyil, onun bacısı X1 fikri olmuşdur. Bu da Sədayə xanımın xəstəliyi ilə bağlı xərclərin çox olacağından, başqa bir yerdən pul tapmaması səbəbindən yaşadıqları mənzili girov qoyaraq, İddiaçı borc pul istəmişdir. İddiaçı verdiyi borc pulu onlara məxsus mənzilin ona satılması müqabilində verəcəyini söyləmişdir. Başqa bir çıxış yolu olmayan Cavabdeh bacısı Sədayə nin müalicəsi üçün bu yola getmişdir. Lakin, bir müddət sonra Sədayə xanımın müalicəsi uğurla başa çatmış və analizlərin cavabı müsbət olur və Cavabdeh pulu İddiaçı geri qaytarıb evini yenidən öz adına rəsmiləşdirmək istəməsi barədə İddiaçı xəbər göndərir. İddiaçı hər dəfə razılıq versə də, müxtəlif bəhanələrlə mənzili qaytarmaqdan yayınır. Dəfələrlə iddiaçıya alğı-satqı müqaviləsinin ləğv edilərək, ona pulunun qaytarılması, həmçinin çəkdiyi zərərin də qarşılanacağı bildirilsə də, o, bunu etməkdən yayınır, çünki o bilir ki, alğı-satqı predmeti olan mənzili dəyərindən də aşağı qiymətə əldə etmişdir. Belə ki, 28 iyun 2022-ci ildə Cavabdeh İddiaçı borc götürdüyü 10000 manat pul 02 noyabr 2022-ci il tarixdə qaytarılmışdır. Lakin o buna baxmayaraq, Cavabdeh və X2rının çətin vəziyyətindən, onlar ın düşdüyü durumdan istifadə edərək, mənzilin formal xarakter daşıyan alğı-satqı müqaviləsini ləğv edilməsindən imtina edir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2025-ci il tarixli, 2(106)-1138/2025 nömrəli qətnaməsi ilə (hakim M.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Novruzova və M.Əsədli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(041)-13/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.

15. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili olan mübahisəli mənzilin cavabdehin bacısı X1 xəstəliyi ilə bağlı xərclərin qarşılanması üçün məcburiyyətdən iddiaçı ilə alqı-satqı etməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə, ümumiyyətlə, reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. İddiaçının sözügedən mənzilə mülkiyyət hüququ rəsmi reyestrdə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçıya mülkiyyətindən öz istədiyi kimi istifadə etməsinə imkan vermədiyi üçün iddiaçı cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda da iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 178.1-ci və MPM-in 14.2, 76.1, 77.1, 82.3, 217.1, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəli lləri

17. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2025-ci il tarixli, 2(106)-1138/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 125-ci, Mülki Prosessual Məcəllənin 106 və 386-cı maddələrinin tələbləri pozulmuşdur.

19. Belə ki, iddia ərizəsi verildiyi vaxtdan, yəni 2023-cü il tarixindən mübahisəli mənzilin mülkiyyətçisi olan Cavabdeh tərəfindən dəfələrlə iddiaçıya mənzilin geri qaytarılması ilə bağlı təkliflər verilsə də, iddiaçı bununla razılaşmamış, dəyərindən də aşağı qiymətləndirilmiş mənzili əlindən çıxartmaq istəməmişdir. Belə ki, alqı-sat qı müqaviləsi üzrə məbləğ 13.000 manatdır. Mübahisəli mənzilin satılması Cavabdeh deyil, onun bacısı X1 fikri olmuşdur. Həmçinin, tərəflər arasında sövdələşmə ondan ibarət olmuşdur ki, mübahisəli mənzil borc götürülmüş 13.000 manat pulun əvəzində girov qoyulur. Cavabdeh çox az müddət keçdikdən sonra evin qaytarılmasını, əvəzində isə iddiaçının pulunun qaytarılmasını bildirsə də, iddiaçı bununla razılaşmaqdan boyun qaçırmışdır. Cavabdeh burada heç bir tərəfə ziyan vurmur, əksinə cavabdehə mübahisəli mənzilin alqı-satqısı zamanı çəkilən xərcləri də qarşılayacağını bildirir, çünki cavabdeh və bacısı, hər ikisi tənha, heç kimi olmayan iki qadındır, onlar bu mənzildən başqa heç bir yaşayış sahəsinə malik deyillər. İddiaçı isə dürüstlük qaydalarına riayət etməyərək, cavabdehin bacısının həmin va xt xəstə olmasından və pula ehtiyacı olmasından istifadə edərək, dolayı yollarla notariat orqanını aldadaraq öz aralarında heç bir əsası olmayan bir etibarsız əqd bağlayırlar. Əqdin etibarsızlığı əqd formasında həyata keçirilən hərəkətlərin hüquqi fakt xarakteri daşımaması deməkdir. Bununla da, Cavabdeh bacısının xəstə vəziyyətdə olduğunu bildiyi zaman, başqa yolu olmadığından əmlakı girov qoyulur, yəni satılır və mübahisəli evə mülkiyyət hüququnu itirir. Belə bir əməliyyat bağlandığı andan etibarsızdır. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bu davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Cavabdeh iddiaçıya aldığı m ənzilə görə ödədiyi 13000 manat pulun əvəzində 23000 manat məbləğində pul təklif etməsi onun mənzilin satılmasında maraqlı olmamasını, əksinə pulun əvəzində mənzilini girov qoyduğunu sübut edir. Buna görə də mübahisələndirilən alqı-satqı müqaviləsi özü-özlüyündə etibarsızdır.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157. 2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qət naməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırki kassasiya şikayətinin dəlilləri ilə oxşar olan apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində işin hallarına hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası gəlinən nəti cə ilə tam razılaşır.

29. Kassasiya şikayətinin dəlilləri tərəflər arasında mübahisəli mənzillə bağlı bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlıdır. Lakin, qeyd olunmalıdır ki, cavabdeh tərəf bu müqavilənin etibarsız sayılması ilə bağlı müvafiq iddia ilə məhkəməyə müraciət etməmişdir. Mənzil üzərində isə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Belə olan halda, iddiaçının mənzil üzərində mülkiyyət hüququnun prezumpsiyası mövcud olduğundan, onun hazırkı iddiası əsaslı olmuşdur.

30. Qeyd olunmalıdır ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiy a kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında irəli sürülmüş hüquqi mövqeyə görə əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsini n qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2025-ci il tarixli, 2(106)-1138/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar