Məhkəmə qərarları › İş №2(102)-3725/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3725/2019

20.06.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3725/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Əliyarov Eldar Məmmədhüseyn oğlunun, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2354/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsindən veril miş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli internat məktəbinin direktoru vəzifəsinə uyğun işlə təmin olunmasının Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi, iddiaçıya məcburi iş buraxmağa görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli internat məktəbinin direktoru vəzifəsinə uyğun işlə təmin olunmağının cavabdehə həvalə edilməsi, cavabdehdən dörd illik orta əmək haqqı - 25248 manat pulun tutularaq ona ödənilməsi, həmçinin vurulmuş mənəvi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildən Təhsil Nazirliyinin tabeliyindəki müvafiq qurumlarda müxtəlif vəzifələrdə çalışmışdı r. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli internat məktəbində 16 il müəllim işlədikdən sonra 21.09.2012-ci ildə həmin məktəbə direktor təyin edilmişdir. İşlədiyi müddətdə kollektivdə nizam-intizamın yaradılmasına, qayğıya ehtiyacı olan uşaqların mənafeyinin qorunmasına, hər bir uşağa xüsusi diqqət göstərməyə çalışmışdır. Azərbaycan Respublikası Təhsil nazirinin 12.09.2014-cü il tarixli 990 nömrəli əmrinə əsasən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli internat məktəbi dövlət proqramına uyğun olaraq ləğv edilmişdir. Həmin əmrə müvafiq olaraq müəssisənin pedaqoji heyəti və şagirdləri digər təhsil müəssisələrinə köçürülmüşdür. Ləğv edilən internat məktəbinin 79 nəfərlik pedaqoji kollektivinin 78 nəfəri müvafiq işlə təmin edilmiş və yalnız o, bu günədək vəzifəsinə uyğun i şlə təmin olunmamışdır. Bu məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinə etdiyi müracətlər həll olunmamış və cavabdeh müxtəlif bəhanələrlə onun hazırkı vaxtadək gözləməyinə nail olaraq sanki vaxt udmaq istəmişdir. Belə ki, Təhsil Nazirliyinə etdiyi həm yazılı, həm də nazir müavini səviyyəsində iki dəfə qəbul zamanı şifahi müraciətlərinə cavab olaraq ona gah vəzifəsinə uyğun vakant yerin boşalmasını, gah da ləğvedilmiş müəssisənin balansında yeni yaradılacaq "inteqrasiya təlimli təhsil müəssisəsi (internat tipli)” təşkil olunmasını gözləməyini bildirmişlər. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli internat məktəbi ləğv olunduqdan sərəncamda qalmış direktor kimi iddiaçı işlə təmin olunmadığı halda zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün ümumitəhsil respublika internat məktəbi nə, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 8 nömrəli internat məktəbinə, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçü 6 nömrəli internat məktəbinə, 5 saylı Respublika xüsusi internat məktəbinə müəllim işləyən şəxslər direktor vəzifəsinə təyin olunmuşdur. O, hər hansı bir əmək funsiyasının pozulması ilə əlaqədar işsiz qalmamış, sadəcə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən icra üçün Təhsil Nazirliyinə ünvanlanmış Baş plana əsasən nəzdində Reablitasiya mərkəzi yaradılmaqla Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli internat məktəbinin “inteqrasiya təlimli təhsil müəssisəsi (internat tipli)" transformasiya olunması məqsədilə müəssisənin ləğv edilməsi ilə əlaqədar sərəncamda qalmışdır. Həmin transformasiya 2014-cü ildə başa çatmalı olmasına baxmayaraq hazırkı vaxta dək bu istiqamətdə hər hansı bir cüzi addım belə atılmamışdır. Cavabdeh təşkilat hazırkı günədək onunla bağlanan əmək müqaviləsinə xitam verilməsinə dair əmrlə onu tanış etməmiş, həmin əmrin surətini və əmək kitabçasını ona təqdim etməmişdir. Azərbaycan Respublikası Təhsil nazirinin 12.09.2014-cü il tarixli 990 nömrəli əmrinin 4.1-ci bəndinə əsasən internat məktəbin işçiləri ilə əmək müqavilələrinə xitam verilməsi məsələsinin icrası ləğvetmə komissiyasına həvalə edilsə də, konkret olaraq onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı nə təhsil nazirinin, nə də komissiyanın əmri olmamışdır. Azərbaycan Respublikası Təhsil nazirinin 12.09.2014-cü il tarixli 990 nömrəli əmrinin 4.3-cü bəndində internat məktəbin müəllim kontingentinin 3 nömrəli xüsusi məktəbə keçirilməsi nəzərdə tu tulsa da, nədənsə bu dəfə də iddiaçı Təhsil Nazirliyinin bu "qayğısından” kənarda qalmışdır. Cavabdeh bugünkü günə kimi iddiaçını işlə təmin edəcəyinə yalan vədlər verməklə əmək kitabçasını nazirlikdə saxlayaraq maddi ziyan vurmuşdur. 2014-cü ilin sentyabr ayından hazırkı dövrədək dörd il keçməsini və 2014-cü ildə iddiaçının orta əmək haqqının 526 manat olması nəzərə alınmaqla (4 il x 12 ay x 526 manat=25248 manat) Azərbaycan Respublikası Təhsil Nazirliyindən onun xeyrinə 25248 manat məbləğində məcburi işə buraxma üçün əmək haqqı tutulmalıdır. Həyatının iyirmi ilini azərbaycan təhsilinə sərf etmiş bir qadın kimi hər hansı nöqsanı olmadan cavabdehin məsuliyyətsizliyi səbəbindən dörd il işsiz qalmağı onun mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olmuş, bu hal isə mənəvi ziyana məruz qalm ağı ilə nəticələnmişdir. Bunula əlaqədar cavabdeh Təhsil Nazirliyi tərəfindən ona vurulmuş zərərin məbləğini 50000 manat məbləğində qiymətləndirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.09.2014-cü il tari xli 190 saylı əmri ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli Xüsusi internat məktəbi ləğv edilmişdir. Müəssisə ləğv edildikdən sonra iddiaçıya dəfələrlə təhsil müəssisələrində müvafiq iş təklif edilməsinə baxmayaraq, o, bu təklifləri qəbul etməmişdir. İddiaçı tutduğu vəzifəyə uyğun iş tələb etsə də, təhsil müəssisələrində vakant direktor yeri olmadığından o, işlə təmin edilməmişdir. Məhkəmə bu hala əhəmiyyət verməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun əsaslandırılmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Əliyarov Eldar Məmmədhüseyn oğl u kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.09.2014-cü il tarixli, 11/954 saylı əmrinə əsasən İddiaçı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli Xüsusi internat məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.09.2014-cü il tarixli, 190 saylı əmri ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli Xüsusi internat məktəbi ləğv edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək onun Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli internat məktəbinin direktoru vəzifəsinə uyğun işlə təmin olunmağ ının cavabdehə həvalə edilməsi, cavabdehdən dörd illik orta əmək haqqı - 25248 manat pulun tutularaq ona ödənilməsi, həmçinin vurulmuş mənəvi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilərək iddiaçının Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli internat məktəbinin direktoru vəzifəsinə uyğun işlə təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmiş və iddiaçıya məcburi iş buraxmağa görə 4 illik orta aylıq əmək haqqıq ismində 25248 manat pulun ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. İddia tələbinin rədd edilən, yəni mənəvi zərərin tutulması hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qətnaməni dəyişdirimədən saxlamışdır. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi İddiaçı məcburi iş buraxmağa görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə kimi qoyulması hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar çıxarılmalı, İddiaçı cavabdeh Azərbaycan Respubli kası Təhsil Nazirliyinə qarşı 12 sentyabr 2014-cu il tarixdən hesablanmaqla 4 illik müddətə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi barədə iddiası rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə, yəni iddiaçının Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli internat məktəbinin direktoru vəzifəsinə uyğun işlə təmin olunmasının Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli internat məktəbinin direktoru vəzifəsinə uyğun işlə təmin olunmasının Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi hissədə təmin edən birinci instansiya məhkəməsinini qətnaməsini bu hissədə dəyişdirimədən saxlayarkən iş üzrə düzgün nəticəyə gəlmiş, qeyd edilən hissədə maddi və ya prosessual hüquq noemalarının pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tər əfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı direktor olduğu sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli internat məktəbi ləğv edildikdən sonra onun tutduğu vəzifədən azad edilməsi barədə əmr cavabdeh tərəfindən təqdim edilməmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, belə bir əmr ümumiyyətlə verilməmişdir. Müəssisənin ləğv edilməsinə baxmayaraq iddiaçı öz vəzifəsindən azad edilməmiş və ona cavabdehin nəzdində olan müəssisələrin birində vəzifəsinə uyğun vəzifə təklif edilməmiş dir. Belə ki, qeyd edilənin əksinə dair cavabdeh tərəfindən məktublar təqdim edilsə də, həmin məktubların iddiaçıya çatdırılması, onun tərəfindən alınmasına dair hər-hansı bir sənəd mövcud deyil və cavabdeh tərəf bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin bu günə qədər əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. Cavabdehin bu cür hərəkətsizliyi nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin iddiaçıya məcburi iş buraxmağa görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulması hissədə məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini təmin edərkən heç bir əsaslandırma aparmamış, müəssisənin 2014-cü ildən ləğv edilməsi işin mübahisə edilməyən halı olmasına baxmayaraq iddiaçıya hansı əsasla iş buraxmağa görə orta aylıq əmək haqqının ödənilməli olmasını qeyd etməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi də bu barədə hər hansı bir araşdırma aparmamışdır. İşin mübahisə edilməyən hallarına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.09.2014-cü il tarixli, 190 saylı əmri ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli Xüsusi internat məktəbi ləğv edilmişdir. İddiaçı 2018-ci ildə iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən dörd illik orta əmək haqqı - 25248 manat pulun tutularaq ona ödənilməsini tələb etmişdir. Müəssisənin ləğv edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsindən göründüyü kimi, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» (müəssisə ləğv edildikdə) və «b» (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti, işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Normanın məzmunundan göründüyü kimi, müəssisə ləğv edilərkən işçiyə ödənilməli olan müvanitələr konkret qeyd olunmuşdur. Hazırki tələbində isə iddiaçı hər hansı bir hüquqi əsası olmadan işləmədiyi 4 illik dövr üçün orta aylıq əmək haqqını tələb edir ki, bu da qanunun yuxarıda göstərilən normalarına əsasən yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan həmçinin görünür ki, iddiaçının vəzifəsindən azad olunması ilə bağlı əm ək müqaviləsinin ləğv olunmasına dair işəgötürən tərəfindən əmr verilməsə də, müəssisə ləğv olunduğuna görə o, özünün əmək funksiyasının yerinə yetirməmiş, hər hansı ödənişli iş görməmişdir. Belə olan halda ona əmək haqqı hesablanması mümkün deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini təmin edərkən maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətb iq etməmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi yol verdiyi həmin səhvi təkrarlamışdır. İş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından məhkəmə kollegiyası işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət görmür. Hazırkı halda məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qənaətini maddi hüquq normalarının düzgün tədbiq edilməməsi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2-ci madəsinə əsasən məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddi hüquq normalarının düzgün tədbiq edilməməsi əsası ilə kassasiya instansiya məhkəməsinin yeni qərar qəbul etməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.4-cü maddələrinin tələblərinə görə, kassasiya məhkəm əsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Göründüyü kimi, prosessual qanunvericilik kassasiya məhkəməsinə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilmə səlahiyyətini vermiş, həmçinin məcəllənin 417.2-ci maddəsində yeni qərarın qəbul edilməsinin yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulduğu və ya düzgün tətbiq edilmədiyi halda tədbiq edə bilmə imkanı təsbit edilmişdir. Hazırki işdə apellyasiya instansiyası məhkəməsi tərəfində maddi hüquq normaları düzgün tədbiq edilmədiyindən və işin halları apellyasiya instansiyası məhkəməs i tərəfindən kifayət qədər araşdırıldığından məhkəmə kollegiyası hesab edir ki, iş üzrə yeni qərar qəbul edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallara və sübutara maddi hüquq normaların tədbiq edilməsi ilə mübahisəyə hüquqi qiymət verilərək iddia tələbi iddiaçıya məcburi iş buraxmağa görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulması hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2354/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixl i qətnaməsi İddiaçı məcburi iş buraxmağa görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə kimi qoyulması hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 12 sentyabr 2014cu il tarixdən hesablanmaqla 4 illik müddətə orta aylıq əmək haqqının hesablanıb ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni iddiaçının Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli internat məktəbinin direktoru vəzifəsinə uyğun işlə təmin olunmasının Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüs umları tərəflərin özlərinə aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar