Məhkəmə qərarları › İş №2(102)-3739/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3739/2023

02.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3739/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə və əşyaların təhvil verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və əşyaların təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3299/2023 saylı iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 2 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı və Cavabdeh 01 iyun 2012-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan 01 aprel 2013-cü il təvəllüdlü Mədinə və 11 fevral 2017-ci il təvəllüdlü Altay adlı iki övladları olmuşdur.

2. Ailə qurduqları vaxtdan bəri Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzilində (Yeni ünvanı-Z.Xəlilov küçəsi, 208, M4,m2, bundan sonra – mübahisəli mənzil) yaşamışlar.

3. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, mübahisəli mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdən Cavabdeh adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iki azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzilinə (Yeni ünvanı-Z.Xəlilov küçəsi, 208, M4,m2) köçürülməsi və iddia ərizəsinə əlavə olunan siyahıda sadalanan əşyaların (iddia 51 adda) köçəcəyi mənzildə özünə təhvil verilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, mübahisəli mənzil nikah dövründə əri olan Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin evdə o və uşaqları yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdeh ni kahın pozulması barədə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi vermiş və iş hazırlıq mərhələsindədir. Nikahın pozulmasına razı olmadığı barədə məhkəməyə bildirmişdir. Cavabdeh 15 may 2022-ci il tarixdə onu döyərək, uşaqları ilə birlikdə yaşadığı evdən çıxarıb. Təxminən 10 gün sonra o qayıtsa da, artıq cavabdeh mənzilin açarını dəyişdiyindən içəri girə bilməmişdir. Özünün və uşaqlarının şəxsi əşyaları, cehiz əşyaları yaşadığı evdə qalıb. Hesab edir ki, gəlin köçüb ailə üzvü kimi yaşadığı mənzilə azyaşlı uşaqları ilə birlikdə köçürülməlidir, bu onların haqqıdır. O, həmin evdən öz iradəsi ilə çıxmamışdır. Ona görə də, o, özünün və uşaqlarının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət məcburiyyətində qalmışdır.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddi a tələbini qəbul etməyərək göstərmişdir ki, mənzildən çıxarılma olmayıb, bu mümkünsüzdür. İddiaçı istədiyi vaxt gəlib mənzildə yaşaya bilər, evi özü tərk edib, ona görə də iddianın rədd olunmasını xahiş edir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(004)239/2023 saylı qətnaməsi ilə (hakim Məmmədov Ayaz) iddia tələbi təmin edilmişdir.

8. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında bağlanmış nikah hazırda pozulmadığından və birgə nikahdan doğulmuş 2 azyaşlı uşaqları da cavabdehin ailə üzvü hesab edildiyindən iddia tələbi əsaslıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 228. 1 və 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı hazırda köçürülməsinin istədiyi mənzildən iddiaçı özü çıxıb getmişdir, cavabdeh cehiz əşyalarını ona təhvil vermək istəsə də, iddiaçı belə bir iddia verəcəyini bildiyi üçün qəsdən həmin əşyaları qəbul etməkdən yayınmışdır. Həmçinin mənzil birgə nikahdan əvvəl, 2003-cü ildə alınmışdır, hazırda o, nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, nikah pozulduqdan sonra iddiaçı onun ailə üzvü olmadığından onun mənzildən çıxarılması üçün iddia verməlidir, əgər məhkəmə əlaqəli həmin işə baxılıb qurtararana kimi hazırkı iş üzrə icraatı dayandırsa idi, onun hazırkı iddiaçının mənzildən çıxarılmasına dair başqa bir iddia ilə məhəməyə müraciət etməsinə lüzum qalmazdı, bu da prosessual qənaət prinsipinə uyğun olardı.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3299/2023 nömrəli iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin nikah pozulduqdan sonra iddiaçının mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, halhazırda tərəflər arasında nikah mövcuddur bu, nikahın pozulmasından sonra tərəflər arasında yanacaq yeni münasibətlərlə bağlı olan məsələdir, tərəflər arasında olan nikahın pozulmasından sonra mülkiyyətçi olan cavabdeh yeni münasibətlərə əsaslanan belə bir tələblə məhkəməyə müraciət edə bilər, lakin həmin ehtimal hazırkı halda iddiaçının mənzilə olan istifadə hüqunun təmin olunmasına maneə ola bilməz, həm də nəzərə alınsa ki, iddiaçı iki azyaşlı uşağı ilə birlikdə tam əsassız olaraq həmin mənzildən istifadə etməsindən məhr um edilmiş və onların başqa yaşayış yeri yoxdur.

14. Cehiz əşyaların iddiaçıya həmin mənzildə təhvil verilməsi barədə şikayətin dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, cavabdeh buna dair hər hansı mübahisə olmadığını, həmin əşyaları iddiaçıya təhvil vermək üçün müraciət etdiyini bildirsə də, rayon məhkəməsində cavabdeh tərəfindən həmin əşyaların bir hissəsinin evdən çıxarılaraq başqa yerdə saxlanıldığı müəyyən etdiyindən, iddia tələbini həmin hissədə də təmin etməkdə rayon məhkəməsi haqlı olmuşdur(i/v 61). Apellyasiya şikayətinin həmin dəlili də əsassızdır və təmin oluna bilməz.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 27.3 və 157.2-ci, Azərbaycan R espublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması adı altında ərizə ilə məhkəməyə müraciət etməklə, əslində bir mülki iş üzrə icraat daxilində yeni iddia qaldırması və məhkəmənin bunu qəbul etməsi ilə prosessual hüquq normasını pozması barədə apellyasiya şikayətindəki dəlillərə münasibət bildirməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qeyri-obyektiv baxmış, iş üzrə sübutlar hərtərəfli və tam araşdırılmamış, habelə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

20. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan isti fadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

22. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

23. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşa yan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessua l hüquqi əsasları düzgün müəyyən edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3299/2023 saylı iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar