Məhkəmə qərarları › İş №2(102)-3755/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3755/2020

21.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3755/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı və onun vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələri” tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv ed ilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən C.İmanov, iş 2(075)1896/2019) iddia qismən təmin edilmiş, İddiaçı Şəki rayonu Vərəzət kəndində yerləşən, çıxarış əsasında X2 məxsus, gəlin düşdüyü fərdi yaşayış evinə azyaşlı uşağı xx xxxxxx 2016-cı il təvəllüdlü X8 ilə birlikdə köçürülmələri, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov, iş № 2(107)441/2020) Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1896/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı xx.xx.2016-cı il təvəllüdlü övladı X8 ilə birlikdə Şəki rayonu Vərəzət kəndində yerləşən X1 adına qeydiyyata alınmış evdən istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri” tələbinə dair iddiası rədd edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Ko llegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili X7 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhk əmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istin ad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ******* nömrəli çıxarışa görə, Şəki rayonunun Vərəzət kəndində yerləşən fərdi yaşayış evi cavabdehin anası X1 adına xx.xx.2016-ci il tarixdə qeydə alınmışdır. İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələri” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə mü raciət etsə də, onların köçmək istədikləri ev Cavabdeh deyil, digər bir şəxsin X1 mülkiyyətindədir. İddia iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldilmişdir. Cavabdeh iddiaçının köçmək istədiyi evin mülkiyyətçisi deyildir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 54-cü maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. (54.1) İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. (54.2) Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələri tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən təmin edilə bilməz. Apelyasiya məhkəməsi daha sonra müəyyən etmişdir ki, iddiaçı həmin evə gəlin köçən zaman mübahisəli ev tam hazır vəziyyətdə tikili olmuş, X3 həmin evə xx.xx.2016-ci il tarixdə mülkiyyət hüququnu təsdiq edən sənəd al mışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2014-cü il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrin də və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Apelyasiya Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı X2 məxsus evə xx xxx 2016-cı ildə köçdüyünə görə bu mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəlləni n 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbayc an Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. İddiaçı ilə mübahisəli evin mülkiyyətçisi X1 arasında yaranmış mənzil hüquq münasibətlərini tənzimləyən konkret hüquq normaları kimi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri mövcuddur. Evin müvafiq olaraq qeydiyyata alınmazdan əvvəl və ondan sonra iş üzrə tərəf olaraq cəlb edilmiş cavabdehə məxsus olması müəyyən olunmur. Mübahisəli evi iş üzrə cavabdehin anasına məxsus olmuş və mülkiyyətə alındıqdan sonra isə iddiaçı həmin evdə yaşamamış, o, mülkiyyətçinin ailə üzvü hesab olunmur, ailə hüquq münasibətlərindən irəli gələn istifadə hüququ yaranmamışdır. Belə olan halda isə istifadə hüququnun yaranmadığı və iddiaçının mübahisəli evə köçürülməsinə hər hansı əsas olmadığından apelyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məz mununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayə ti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar