Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3760/2020 23.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: əsassız varlanma nəticəsində əldə edilmiş pulun tutulması (Açar sözlər: eyni tərəflər arasında eyni əsaslar və eyni predmeti barəsində iş üzrə icraata xitam verilməsi, iddianın əsasının və predmetinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-837/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(042)-949/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı (bundan sonra – iddiaçı) pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh (bundan sonra – cavabdeh) 11535 manat məbləğində pulun tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3507/2019 nömrəli xx xxx 201 9-cu il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlandığı və ona dəymiş maddi ziyana görə 11135 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qohumudur. 2013-cü ildə cavabdeh onun evində qonaq olarkən, söhbət zamanı avtomobil almaq üçün bankdan kredit almaq istədiyini, lakin hələ ödənilməmiş kredit borcu olduğunu bildirmişdir. Cavabdeh öna təklif etmişdir ki, krediti onun adına götürsün, o da cavabdehin təklifini qəbul etmişdir. Aralarındakı şifahi razılığa əsasən xx xxxx 2013-cu il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin Nizami rayon Filialı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsi üzrə 10000 manat kredit götürülmüşdür. 2760 manat ilkin ödəniş etməklə həmin pula “X7 C30" markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişdir. Həmin avtomobil də cavabdehin adına qeydə alınmış, lakin cavabdeh ona avtomobili idarə etmək üçün 10 il müddətinə etibarnamə vermiş, avtomobilin faktiki sahibi o, olmuşdur. Kredit müqaviləsi üzrə kredit ödənişlərini hər ay 325 manat olmaqla 27 ay ərzində heç bir problem olmadan özü ödəmişdir. Lakin bundan sonra özünün xəstəliyi və övladının qanun pozuntusu törətdiyinə görə həbs olunması ilə əlaqədar ödəniş etməkdə çətinlikləri yaranmış, 21 ay ərzində ödəniş edə bilməmiş və həyat yoldaşı i lə birlikdə filial müdirinin qəbuluna getmiş, maddi vəziyyətindəki müvəqqəti çətinliklərlə əlaqədar ondan aylıq ödənişlərdə güzəşt edilməsini xahiş etmişdir. Filial müdiri onun işi ilə tanış olmuş, götürülmüş kredit üzrə əsas borcu ödədiyini bildirmiş və ona görə də vəziyyətini nəzərə alaraq, ona güzəşt edilməsi, hər ay 100-150 manat ödəniş etməsi haqqında razılıq vermişdir. Lakin sonradan o, mülkiyyətində olan iki torpaq sahəsini, cəmi 16000 manata satmış və aylıq ödənişləri müqavilədə nəzərdə tutulmuş miqdarda ödəmək imkanı yaranmışdır. Yəni, kredit müqaviləsi üzrə aylıq ödənişlərin ödənilməsində onun heç bir problemi olmamışdır. Bununla belə, kredit borcunu ödəmək deyil, başqa xərcləri ilə əlaqədar o, avtomobili 12000 manata satmaq qərarına gəlmişdir. Həmin vaxt avtomobil yaxşı vəziyyət də olmuş, lakin oğlu akkumulyatoru düz qoşmadığı üçün işəsalma mexanizmi yanmışdır. Bununla belə, cavabdeh onun evinə gəlmiş, maşını 13500 manata istəyən olduğunu demiş və o, cavabdehə inanaraq, maşını aparmasına razılıq vermişdir. Cavabdeh maşının yanmış işəsalma mexanizmini 500 manata təmir etdirdiyini bildirmiş, lakin məlum olmuşdur ki, usta ondan cəmi, 190 manat almışdır. Sonradan cavabdeh ona maşını 13500 manata satılmadığını bildirmişdir. Ona görə də aralarında mübahisələr yaranmış, o və onun ailə üzvləri cavabdeh və onun ailə üzvlərindən maşını 20000 manata da satmamalarını, yəni ümumiyyətlə satmamalarını tələb etmişlər. Lakin onun etirazlarına baxmayaraq, aralarında mübahisə yarandığı və münasibətləri pozulduğuna görə cavabdeh qəsdən maşını gecə vaxtı Bakıya aparmış və təcili olara q, bankın müdirinin qohumuna satmış və heç bir zərurət olmadığı halda, kredit borcunu ödəmişdir. Nəticədə o, həm 27 ay ərzində aylıq ödəniş kimi banka ödədiyi 8775 manatdan, həm maşın almaq üçün ödədiyi ilkin ödəniş olan 2760 manatdan həm də maşından məhrum olmuşdur. O, dəfələrlə cavabdehə bildirmişdir ki, kredit ödənişləri ilə əlaqədar heç bir problem yoxdur, kreditor məhkəməyə müraciət etməyəcək, ödənişin onun əmək haqqına yönəlməsi ancaq məhkəmə qərarı ilə mümkündür. Əgər o, bu kredit borcu ilə əlaqədar hər hansı zərərə məruz qalsa, zərərini ödəyəcəkdir. Lakin cavabdeh onun bu xəbərdarlıqlarına məhəl qoymamış, öz şəxsi maraqları naminə aralarındakı razılığı pozmuş, ona məxsus maşını satmışdır. Onun bu hərəkətləri nəticəsində heç bir əsas olmadan banka 27 ay ərzində ödədiyi 8775 manat, maşını əldə etmək üçün ilkin ödəniş kimi ödədiyi 2760 manatdan və maşından məhrum olmuşdur. Birinci instansiya məhkəməsinin 2(042)-784/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia qismən təmin edilmiş, cavabdehdən 9025 manatın alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin 2(104)-837/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), Ş.Əliyeva və Ə.Məmmədov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməmiş, qeyd etmişdir ki, bundan ə vvəl, iddiaçı cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun avtomobilini satmaqla adına olan krediti bağlamış və onun cavabdehin adından banka ödədiyi 11535 manat kredit ödənişi məbləğində əsassız olaraq varlanmışdır. Həmin iş üzrə iddia tələbi qanuni qüvvəyə minmiş apelyasiya instansiyası məhkəməsinin 2(104)-835/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Buna baxmayaraq iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələbində qeyd etmişdir ki, banka olan borc iddiaçı tərəfindən ödənildiyindən cavabdeh əsassız olaraq varlanmışdır. Göründüyü kimi hazırkı iddia tələbi ilə bundan əvvəlki iddia tələbi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla olan işdir. İş ə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halına düzgün hüquqi qiymət vermədən iddianı qismən təmin etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər eyni olsa da, iddia tələbinin predmeti və əsasları fərqlidir. Birinci işdə iddia tələbi pul tələbi olduğu halda, hazırkı işdə iddia tələbi əsassız varlanma və dəymiş ziyanın əvəzinin ödənilməsi olmuşdur. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X1 şik ayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in 261.0.2-ci maddəsinə əsasən müvafiq olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icra ata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə eyni tərəflər arasında eyni predmeti barəsində eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı hazırkı iddianın predmetinin və əsasının fərqli olduğuna istinad edərək iş üzrə icraata xitam verilməsini qanunsuz hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olu nmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsasla ndırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi MPM-in 261.0.2-ci maddəsini düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-837/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3760/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3760/2020
23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver