Məhkəmə qərarları › İş №2(102)-3775/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3775/2022

12.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3775/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinin boşaldılması, mülkiyyətçinin hüquqları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2135/2022 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra - borcalan) arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 1817 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana 12 ay müddətinə illik 20% ödəmək şərti ilə 49.000 manat məbləğində kredit vermişdir.

2. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Bank ilə borcalan arasında kredit müqaviləsi bağlanılan tarixdə ipoteka müqaviləsi bağlanılaraq sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evi (bundan sonra – ipoteka predmeti və ya fərdi yaşayış evi) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3016/2012 nömrəli iş üzrə 30 aprel 2012-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə borcalana qarşı iddiası təmin edilərək, sonuncudan kredit müqaviləsi üzrə cəmi 77.213 manat məbləğində borcun, habelə 20 manat dövlət rüsumunun əvəzinin Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən Banka olan borcun ödənilməsi, vəsaitin artıq qalan hissəsinin borcalana qaytarılması, borcalanın, habelə Cavabdeh2 və Cavabdeh3 ev açıq hərracda satıldığı tarixdən bir ay müd dətində evdən çıxarılması qət edilmişdir.

4. Qətnamə qanuni qüvvəyə mindikdən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərrac keçirilmiş, hərracda ipoteka predmeti Bank tərəfindən 31.875 manata əldə olunmuş, bu barədə xx.xx.2015-ci il tarixdə hərracın nəticələri barədə yekun protokol tərtib edilmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır.

5. Əmlaka dair iddiaçının mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hazırda əmlak Bankın mülkiyyətindədir (Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, RX Seriyalı, ******* nömrəli Çıxarış). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Bank borcalana, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək cavabdehlərin ipoteka predmetinə istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin tamamilə boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hal-hazırda cavabdehlərin mənzildə yaşaması Bankın mülkiyyət hüququnu və mənzil üzərində sərbəst sərəncam vermək hüququnu pozur.

8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4469/2021 nömrəli iş üzrə 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev) iddia tələbi təmin edilərək, cavabdehlərin Bankın mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, fərdi yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, borcalan kredit öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etməklə öhdəliklərini lazımi qaydada icra etmədiyi təqdirdə əmlaka olan mülkiyyət və digər hüquqlarının, o cümlədən istifadə hüququnun itirilməsinin mümkünlüyü ilə razılaşmış, digər cavabdehlər də buna etiraz etməmiş, öhdəlik lazımi qaydada icra edilmədiyindən tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və məhkəmə qaydasında pulun tutulması, tutmanın həmin əmlaka yönəldilməsi qət edilmişdir. Bununla bağlı keçirilmiş hərracın nəticəsi olaraq, həmin əmlakı hərracdan iddiaçı almış və hazırda əmlak Bankın mülkiyyətindədir. Əmlak Bankın mülkiyyətinə keçdikdən sonra cavabdehlərin əmlaka dair istif adə hüquqlarının saxlanılması barədə onların arasında hər hansı razılıq olmamış, o cümlədən, cavabdehlərin əmlaka münasibətdə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, bu hüququn yenidən əmələ gəlməsi, habelə həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamışdır. Hüquqi baxımdan cavabdehlərin hazırda həmin əmlaka hər hansı bağlılığı qalmamışdır, onların fərdi yaşayış evinə olan pasport qeydiyyatı isə formal xarakter daşıyır.

10. Məhkəmə iddia tələbinin yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının, o cümlədən onlarla iddiaçı arasında bağlanmış kira yə və sair müqavilənin olması, başqa sözlə, hazırda cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. İstifadə və sahiblik hüququnun olması cavabdehlərin əmlakda yalnız bilavasitə yaşaması (fiziki baxımdan mövcudluğu) ilə əlaqələndirilə bilməz. Belə ki, onların hazırda orada yaşayıb-yaşamamasından asılı olmayaraq, onlara məxsus əşyaların fərdi yaşayış evində olması (saxlanılması) da onların istifadə və sahiblik hüququnun həyata keçirilməsinin davam etməsini özündə ehtiva edir və iddiaçının, mülkiyyətçi olmasına baxmayaraq, əmlakdan istifadə etmək və ona sahib olmaq hüquqlarını məhdudlaşdırır. Mövcud vəziyyətdə cavabdehlərin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülk iyyət hüququnu pozur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.2, 228.1, 228.2, 228.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Borcalan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində qeyd edilmişdir ki, MPM-in 165-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 05 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönə ldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən, qətnamə əsassız və qanunsuzdur, prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Sözügedən fərdi yaşayış evi cavabdehlərin yeganə yaşayış yeridir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2135/22 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışınski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsa slandırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərində istinad olunan hallara qiymət verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Borcalan (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassator şikayətini onunla əsaslandırmışdır ki, sözügedən fərdi yaşayış evi onun yeganə yaşayış yeridir. Əgər həmin mənzildən çıxarılarsa, yaşamaq üçün gedəcək heç bir yeri olmayacaq, cavabdehlər faktiki olaraq evsiz qalacaqlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

19. Hə r kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29). Mülki Məcəllə

20. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1).

21. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Mülki Prosessual Məcəllə

22. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

23. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).

24. Məhkəmə (hakim) öz qətnaməsini yal nız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4).

25. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2).

26. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1).

27. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı borcalanın kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır.

32. Eyni zamanda kassasiya şikayətində istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edi lmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı” hazırkı işə tətbiq edilə bilməz. Çünki Siyahının qeyd hissəsində onun ipoteka ilə yüklü edilmiş əmlaklara şamil edilmədiyi birbaşa göstərilmişdir

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2135/2022 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar