Məhkəmə qərarları › İş №2(102)-3777/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3777/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3777/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borc tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1424/2020 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MMC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdeh 2017-ci ildə "xxxx" MMC-yə müraciət edərək özünün və ailə üzvlərinin mülkiyyətində olan Kürdəmir rayonunun Qarabucaq kəndində yerləşən torpaq sahəsində pambıq əkməkdə ona köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar "xxxx" MMC ilə Cavabdeh arasında 17 mart 2017-ci il tarixli alqısatqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan və əlavə icarəyə götürdüyü cəmi 30 hektar torpaq sahəsində pambıq əkmək üçün vəsait sərf edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin iyul ayında "xxxx" MMC-nin direktoru iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən 30 hektar torp aq sahəsində pambıq əkmək üçün cəmi 22679,77 manat məbləğində vəsait sərf etmələrini, lakin Cavabdeh həmin məbləğin 12064,76 manat məbləğində hissəsini MMC-yə qaytarmamasını əsas göstərməklə həmin məbləğin cavabdehdən alınaraq MMC-yə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya məhkəməsinin icraatında olduğu dövrdə "xxxx" MMC ləğv edilmiş və onun bütün əmlakı və hüquqları 09 avqust 2018-ci il tarixdən onun hüquqi varisi olan "xxxx" MMC-yə keçmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-63/2019 saylı, 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim: H.S.Qəniyev) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış 12.064,76 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 12.094,76 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulm asına dair” iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə iddiaçı "xxxx" MMC Kəlbəcər Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək iddiaçının tapşırığı əsasında görülmüş işlərə görə tərtib olunmuş sənədləri məhkəməyə təqdim etməsinə baxmayaraq məhkəmənin sübutlara düzgün qiymət vermədən iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2342/2019 saylı, 15 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), L.S.Bayramov və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilərək Kəlbəcər Rayon Məhkə məsinin 15 yanvar 2019-cu il tarixli, 2(040)-63/2019 saylı qətnaməsi ləğv edilmiş və iddianın təmin edilib Cavabdeh iddiaçı İ.Ə.Əhmədovun xeyrinə 12.094,76 manat və dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək torpaq sahəsindən pambığın əkilməsi ilə əlaqədar özünün də 6000 manat məbləğində vəsait sərf etməsini, iddiaçı tərəfindən çəkilən xərcin şişirdilməklə ondan tələb edilməsini, işdə tələb olunan məbləğdə xərcin çəkilməsi barədə sübutların olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarıl masına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7491/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – S.F.Hacıyev (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və E.R.Vəliyeva) kassasiya şikayəti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli, 2(104)-2342/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1424/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və R.Z.Mamedov) "xxxx" MMC-nin apell yasiya şikayəti qismən təmin edilərək Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-63/2019 saylı, 15 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 6454,93 manat, bundan əlavə ödənilmiş dövlət rüsumunun ikidə bir hissəsinin əvəzi kimi 15 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı "xxxx" MMC-nin baş direktoru Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh kassasiya şikayəti verərək iddia tələbinin qismən təmin edilməsi üçün sübutların olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh m əhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqav ilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, aşağıdakı səbəblərə görə kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehin tapşırığı ilə onun istifadəsində olan torpaq sahəsində pambığın əkilməsinə 22679,77 manat xərc çəkməsini iddia etmiş və həmin məbləğin 12064,76 manatının cavabdeh tərəfindən ona qaytarılmamasını əsas göstərməklə həmin məbləğin cavabdehdən alınaraq MMC-yə verilməsini tələb etmişdir. İddiaçı tələbinin əsaslı olmasını təsdiq edən sübut kimi məhkəməyə təqdim etdiyi qaimə-fakturalarda və kassa məxaric orderlərində imzaların cavabdehə məxsus olub- olmaması ekspert tərəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, həmin sənədlərdəki bəzi imzalar Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Cavabdeh isə məhkəmədə verdiyi izahatında iddiaçıya hər hansı məbləğdə borcunun qalmasını inkar edərək iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya qaytarılmamış 6454,93 manat məbləğində borcu qalmışdır. Cavabdeh MMC ilə bağladığı müqavilədə pambığın əkilməsi ilə əlaqədar çəkiləcək xərclərin qaytarılması barədə üzərinə öhdəlik götürsə də, müəyyən olunduğu kimi həmin öhdəliyini lazı mınca icra etməmiş, MMC-yə 6454,93 manat məbləğində görülmüş işə görə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı "xxxx" MMC isə cavabdehin MMC-yə ödənilməmiş 12064,79 manat məbləğində borcunun qalmasını iddia etsə də, məhkəməyə bunu təsdiq edə biləcək sübutlar təqdim etməmiş və göstərilən səbəbdən iddia qismən – 6454,93 manat məbləğində təmin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərlə əlaqədar kollegiya hər iki tərəfin kassasiya şikayətini əsassız sayır və hesab edir ki, həmin şikayətlərdə göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MMC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1424/2020 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar