Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3800/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx"Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmlakın ipoteka ilə yüklü edilməyən hissələrinin ayrılması və təhvil verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2337/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qətnaməsindən iddi açı tərəfindən verilmiş kassasiya şikayətinə 19 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sonrakı adı Cavabdeh1 ASC, hazırda ləğv prosesindədir, bundan sonra – cavabdeh və ya Bank) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - MMC) arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi Bankla İddiaçı (bundan sonra - iddiaçı) əri X2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi, 1 saylı fərdi yaşayış evi (mübahisəli fərdi yaşayış evi) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə fərdi yaşayış evinin açıq hərracda satılması və tələbin həmin əmlakın satışından əldə edilən pul vəsaitinə yönəldilməsi qət edilmişdir.
2. X2 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli fərdi yaşayış evinin 2-ci və 3-cü mərtəbələrinin bütünlüklə ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bankla MMC arasında uzunmüddətli məhkəmə mübahisələri olmuşdur. Mülkiyyət hüququ ilə həyat yoldaşına məxsus fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi məqsədilə mərhum həyat yoldaşı Banka getmiş, şifahi razılaşmaya əsasən əmlakın dəyərini Banka ödəmiş, lakin ev ipoteka yüklülüyündən azad edilməmişdir. Sonradan ona məlum olmuşdur ki, evləri Bankla MMC arasında bağlanmış məhz 1 fevral 2008-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilərək ipoteka müqaviləsi bağlanmış, lakin həmin kredit tam olaraq bağlanmışdır. MMC ilə Bank arasında növbəti - 22 dekabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə onun evi ipoteka ilə yüklü edilməmişdir. Hətta ev girov qoyulsa da, onun yalnız bir hissəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə ki, xx.xx.2004-cü il tarixli, FM seriyalı, 027125 nömrəli qeydiyyat vəsiqəsinə görə mübahisəli fərdi yaşayış evinin 3 otaqlı olması göstərilsə də və fərz etsək ki girov qoyulub, həqiqətdə ev 3 mərtəbəli və təxminən 1000 kvadrat metr ümumi sahədən ibarətdir. Göründüyü kimi, evin yalnız 1-ci mərtəbəsi girov qoyulmuş, 2-ci və 3-cü mərtəbələr ümumiyyətlə girov qoyulmamışdır. Həmin mərtəbələr daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından ipoteka ilə yüklü edilə də bilməzdi.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6432/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən ipoteka müqaviləsinin predmetini təşkil edən mənzil ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə mi nmiş qətnamə mövcuddur.
7. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən X1 məxsus fərdi yaşayış evinin açıq hərracda satılması və tələbin həmin əmlakın satışından əldə edilən pul vəsaitinə yönəldilməsi qət edilmişdir. Ona görə də iddia təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 294, 299.1, 385.1, 386.1, 527.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 82.3, 233.3-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
10. Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2337/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
11. Kollegiya hesab etmişdir ki, məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
12. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik tam yerinə yetirilməmişdir. İddiaçının fərdi yaşayış evinin yalnız 1-ci mərtəbəsinin girov qoyulması, 2-ci və 3-cü mərtəbələrin girov qoyulmamasına istinad edərək, fərdi yaşayış evinin 2-ci və 3-cü mərtəbələrinin bütünlüklə ona təhvil verilməsi barədə tələbi əsassızdır. Əvvəlki işdə cavabdehlərdən biri olan X3 həmin işə baxılarkən hazırda qeyd e tdiyi məsələni mübahisələndirməmiş, həmin işdə yalnız borc məbləği ilə bağlı apellyasiya şikayəti verilmiş, nəticədə digər əmlaklarla birgə hazırkı mübahisənin predmeti olan yaşayış evinə də, hər hansı istisna olmadan tutma yönəldilmişdir.
13. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Kollegiya iddiaçı tərəfindən dəlillərin formal olaraq irəli sürülməsi qənaətinə gəlmişdir.
14. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 294, 299.1, 385.1, “İpoteka haqqında” Qanunun 48.1.2, MPM-in 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, onun evində bütün əşyaları (mebel, qabqacaq, yorğan-döşək və sair.) qalmışdır və həmin əşyalar girov qoyulmamışdır, lakin ipoteka saxlayan əşyaları verməkdən imtina edir.
17. Kassator öz mövqeyini Mülki Məcəllənin 178.1, 269.4, 269.6, MPM-in 14.2, 217.4, “İpoteka haqqında” qanunun 6.1, 11-ci maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
18. Maddə 299.1. Tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərrac ın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəlləd ə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Maddə 48.1.2 Əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Mülki Prosessual Məcəllə
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
31. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolleg iyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2337/2022 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.