Məhkəmə qərarları › İş №2(104)-1086/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1086/2024

13.05.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1086/2024 13.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və üçüncü şəxs Gəncə şəhəri 4 saylı notariat ofisinə qarşı ipoteka predmetinin sahəsi və sərhədlərinin müəyyən edilməsi, həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 dekabr 2023cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və üçüncü şəxs Gəncə şəhəri 4 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə aralarında bağlanmış 16 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) İddiaçı Cavabdeh1 ASC-nin Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə, üçüncü şəxs 4 saylı Notariat Kontoruna qarşı Cavabdeh1 ASC ilə aralarında bağlanmış 16 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi tələbinə dair iddiası təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından şikayətin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır, ona görədə birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi və üçüncü şəxs Gəncə şəhəri 4 saylı notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Gəncə Şəhər Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 16 aprel 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(125)-165/2023 nömrəli nömrəli qərardadından cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət vermişdir. Verilmiş şikayətə mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Gəncə Şəhər Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.1. maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2. maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3. maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269.1. maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2. maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3. maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya Gəncə Şəhər Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 16 aprel 2024-cü il tarixli məktubu nəzərdən keçirərək hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2024-cü il tarixli 2(104)-1086/2024 nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və iş üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Gəncə Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(125)-165/2023 nömrəli qərardadından verdiyi şikayətə münasibətdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 384, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayətinin mümkünlüyü barədə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2024-cü il tarixli 2(104)-1086/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və üçüncü şəxs Gəncə şəhəri 4 saylı notariat ofisinə qarşı ipoteka predmetinin sahəsi və sərhədlərinin müəyyən edilməsi, həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 dekabr 2023cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(104)-1086/2024 nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın. Gəncə Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(125)-165/2023 nömrəli qərardadından iş üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar