Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3805/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyət barədə mübahisə, iş ümumi məhkəməyə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı borc, maddi və mənəvi ziyan tələblərinə dair iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1506/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 60.000 manat məbləğində borc verməyi, sonuncu isə xx.xx.2023-cü il tarixədək həmin məbləği qaytarmağı öz öhdəsinə götürmüşdür.
2. İddiaçı və cavabdeh fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçiblər. Birinci instansiyası məhkəməsində birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60.000 manat borc, 287 manat ödənilmiş dövlət rüsumu, 300 manat hüquqi yardım üçün xidmət h aqqı, 3000 manat maddi ziyan, 2000 manat mənəvi zərər olmaqla, ümumilikdə 65.587 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-1506/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərardadı ilə (hakim Günay Abidova) işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi, işi aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərərkən, gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, hazırkı mübahisənin subyektiv tərkibi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlardır. Aralarında yaranmış münasibətlər kommersiya xarakterilidir. Belə ki, ölkə daxilindəki reallıqlara və bazar iqtisadiyya tının subyektləri arasında olan münasibətlərə əsasən, iddiaçının cavabdehə heç bir gəlir məqsədi güdmədən və ya birgə əməkdaşlıq məqsədi olmadan, təmənnasız olaraq 1 il müddətinə 60000 manat məbləğində pulu borc olaraq verməsi ağlabatan, reallığa uyğun və inandırıcı deyildir; cavabdehə verilən borcun məbləği təmənnasız verilmək üçün kifayət qədər yüksəkdir. Borcun qaytarılması üçün razılaşdırılmış müddət kifayət qədər uzundur. Tərəflər ikisi də sahibkarlıq subyektləridir. İddiaçının maddi və mənəvi ziyan tələbi onun müqavilədən gəlir əldə etmək niyyəti olduğunun göstəricisidir. Beləliklə, hazırkı mübahisə üzrə tərəflər sahibkarlıq subyektləridir, onlar arasında olan kredit müqaviləsi isə hər iki tərəfin gəlir əldə edilməsi məqsədilə bağlanmışdır. İddiaçı tərəfin borcu gəlir (mənfəət) əldə etmək məqsədi ilə verməsini etiraf etməməsi məhkəməni yalnız yanıltma məqsədi daşıyır. Belə ki, cavabdehin müqavilə əsasında əldə etdiyi pulu investisiya edərək gəlir əldə etmək məqsədi güdməsi, iddiaçının isə gəlir əldə etmək niyyəti ilə kifayət qədər böyük məbləğdə pulu kifayət qədər uzun müddətə cavabdehə verməsi işin mübahisəsiz halını təşkil edir. Göründüyü kimi, hazırkı iş üzrə həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır.
6. İddiaçı 26 aprel 2023-cü il tarixdə şikayət verərək, həmin qərardadın ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir.
7. Şikayət be lə əsaslandırılmışdır ki, məhkəmə işi kommersiya məhkəməsinə göndərərkən, işin faktiki hallarına, toplanmış sənədlərin tədqiqinə uyğun olmayan şəkildə əsaslandırma aparmışdır. Tərəflər arasında sadə kredit müqaviləsi bağlanmış və həmin müqavilədə onların hüquqi statusları, borcun digər təyinatı və s. xüsusatlar qeyd olunmamışdır. Tərəflər dost olmaqla, birgə sahibkarlıq fəaliyyətləri yoxdur. Pulun miqdarından asılı olmayaraq verilməsi heç bir təmənna olmadan da həyata keçirilə bilər. Pulun miqdarı ilə bağlı məhkəmənin yanaşması işin hüquqi və həqiqi halları ilə uzlaşmır.
8. Birinci instansiya məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
9. Bundan sonra cavabdeh 29 aprel 2023-cü il tarixdə imzalanmış yazılı vəsatət və teleqramla (“Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2023-cü il tarixdə daxil edilmişdir) məhkəməyə müraciət edərək, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə tərəflər daha öncə cavabdehin işlətdiyi “High Level” gecə klubunu birlikdə, ortaq işlətmək qərarına gəlmişlər. Bu məqsədlə cavabdeh iddiaçıdan 60.000 manat alaraq, klubun təmirinə, avadanlıqlar alınmasına və digər ehtiyaclarına xərcləmişdir. İddiaçı atasının xahişinə görə notariusa gedib borc müqaviləsi bağlamağı təklif etmiş, cavabdeh də bu xahişini yerə salmayaraq, Bakı şəhəri, 6 saylı notariusa gedərək, onunla borc müqaviləsi imzalamışdır. Əslində isə yuxarıda da qeyd edildiyi kimi, bu vəsait gecə klubunun təmirinə, bəzi avadanlıqların alınmasına xərclənmişdir. Göründüyü kimi, araların dakı hazırkı mübahisə kommersiya xarakterlidir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Q.Hüseynov (məruzəçi), R.S.Nəbizadə və B.M.Məmmədlidən ibarət qarışıq tərkibdə) iddiaçının şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş aidiyyət məsələsinin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
11. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, fərdi sahibkar olan tərəflər arasındakı hazırkı mübahisənin məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsi üçün bu mübahisənin onların məhz birlikdə və ya ayrı -ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlib-gəlmədiyi, mübahisənin öhdəlik münasibətlərindən irəli gəldiyi halda isə, münasibətin xarakteri baxımından öhdəlik yaradan müqavilənin məzmunu müəyyənləşdirilməlidir.
12. Hazırkı işdə tərəflər arasında borc (kredit) müqaviləsi bağlanmış, iddiaçı dostu olan cavabdehə borc verdiyini bildirərək, ümumi məhkəməyə müraciət etmiş, iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilərək, iş üzrə hazırlıq və məhkəmə baxışı iclasları keçirilmiş, cavabdeh həmin iclasların heç birində iştirak etməmiş və ya iddiaya qarşı hər hansı yazılı münasibət bildirməmişdir.
13. Birinci instansiya məhkəməsi isə fərdi sahibkar olan tərəflərdən heç birinin bununla bağlı hər hansı formada ifadə edilmiş bəyanı olmadığı və işin məhkəməyə məlum olan f aktiki halları birbaşa bu qənaətə gəlməyə imkan vermədiyi halda özünün mülahizələri əsasında (kredit məbləğinin yüksək olması, müqavilənin uzun müddətə bağlanması, iddiaçının maddi və mənəvi ziyan tələbinin olması və s.) işin kommersiya məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir. Halbuki istinad olunan hallardan heç biri tərəflər arasındakı münasibətin xarakterinin müəyyən edilməsi üçün birbaşa əsas olmamış, məhkəmənin belə bir qənaətə gəlməsi üçün həmin halların çəkişmə prinsipinə uyğun olaraq tərəflərlə müzakirə edilməsi zəruri olmuşdur.
14. Məhkəmə tərkibi, həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti barədə qərardadından verilmiş şikayətə baxılması nəticəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadında cavabdeh tərəfin yazılı vəsatətinə və tel eqramına istinad etsə də, qeyd olunan prosessual sənədlərin şikayətə baxılarkən məhkəməyə məlum olması mümkün deyildi. Belə ki, vəsatətdə onun tərtib olunma tarixi kimi xx.xx.2023-cü il tarixi qeyd olunmuş, həmçinin həm vəsatət, həm də teleqram “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2023-cü il tarixdə daxil edilmişdir.
15. Beləliklə, Məhkəmə tərkibi hesab etmişdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti ilə bağlı məsələyə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə aidiyyəti ilə bağlı məsələyə yenidən baxılarkən birinci instansiya məhkəməsi tərəfindən bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla, zərurət olduğu ha lda çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxılmalı və həll edilməlidir. Birinci instansiyası məhkəməsində ikinci icraat
16. Birinci instansiya məhkəməsinin 2(006)-1506/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim G.Ç.Abidova) işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
17. Məhkəmə gəldiyi qənaəti 27 aprel 2023-cü il tarixli qərardadındakı hüquqi mövqe ilə eyni məzmunda əsaslandırmışdır. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən edilmiş cəhdlərə baxmayaraq, iş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli baxış iclasında cavabdehin iştirakını təmin etmək mümkün olmamış, həmin iclasda iddiaçının vəkili-nümayəndəsi Vəkil təqdim etdiyi hakimə etiraz məsələsinə baxılması və cavabdehi n məhkəmə iclasında iştirakının təmin olunması məqsədi ilə iş üzrə baxış iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin çoxsaylı cəhdlərinə baxmayaraq, hazırkı baxış iclasında da cavabdehin iştirakı təmin edilməmişdir. Buna görə də aidiyyət məsələsinə yenidən baxılarkən çəkişmə prinsipinə riayət edilməsi mümkün olmamışdır.
18. İddiaçı 01 avqust 2023-cü il tarixdə şikayət verərək, həmin qərardadın ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir.
19. Şikayət 27 aprel 2023-cü il tarixli qərardaddan verilmiş şikayətlə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə əvvəlki mövqeyini təkrarlayaraq heç bir əlavə sübutlar toplamadan və araşdırma aparmadan yenə də mübahisəyə kommersiya məhkə məsində baxılmalı olduğu qənaətinə gəlmişdir.
20. Birinci instansiya məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat
21. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilərək, iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır.
22. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəllə yə müvafiq olaraq müəyyən edilir.
23. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 24. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun ola raq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. (bənd 11). Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya bir gə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). 25....Məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir (bənd 22).
26. Ba xılan işdən görünür ki, hər iki tərəf fiziki şəxs olmaqla fərdi sahibkar kimi qeydiyyatdan keçmişlər. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış notarial qaydada təsdiqlənmiş borc müqaviləsinə istinad edərək, cavabdehdən həmin müqavilə ödənilməmiş borcun, öhdəliyin pozulmasına görə dəymiş maddi və mənəvi ziyanın tutulmasını tələb edir.
27. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir.
28. Tərəflər arasındakı hazırkı mübahisənin xarakterinin çəkişmə prinsipinə uyğun olaraq müəyyən edilməsi cavabdehin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən mümkün olmamışdır. Bununla belə, birinci instansiya məhkəməsi işin məhkəməyə məlum olan faktiki halları birbaşa bu qən aətə gəlməyə imkan vermədiyi halda özünün mülahizələri əsasında (tərəflərin sahibkarlıq subyekti olması, kredit məbləğinin yüksək olması, müqavilənin uzun müddətə bağlanması və s.) işin kommersiya məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir.
29. Halbuki hazırkı işdə tərəflər arasında borc (kredit) müqaviləsi bağlanmış, iddiaçı dostu olan cavabdehə borc verdiyini bildirərək, ümumi məhkəməyə müraciət etmişdir. İş üzrə əsas sübutlardan biri olan, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, tərəflər arasında notariat qaydada bağlanmış müqavilədə tərəflərin sahibkar statusları barədə, habelə borc məbləğinin sahibkarlıq məqsədilə verildiyi barədə heç bir qeyd edilməmiş, müqavilə standart borc müqaviləsi kimi tərtib olunmuşdur. Bu baxımdan yalnız müqavilə tərəflərinin faktiki olaraq fərdi sahibkar qismində vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçməsi mübahisənin kommersiya məhkəməsinə aid olması qənaətinə gəlməyə əsas vermir.
30. Məhkəmə tərkibi, həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti barədə qərardadında cavabdeh tərəfin yazılı vəsatətinə (etirazının dəlillərinə) istinad etsə də, cavabdeh həmin vəsatətinə öz dəlillərini təsdiq edən heç bir sübut əlavə etməmiş və iddiaçı həmin halları mübahisələndirmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin iddiaçı tərəfindən mübahisə edilən və işdə olan sübutlarla təsdiq olunmayan dəlillərini işin mübahisəsiz (müəyyən olunmuş) halları kimi əbul etmişdir. Halbuki MPM-ə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1-ci maddə).
31. Beləliklə, mövcud vəziyyətdə hazırkı mübahisənin kommersiya mübahisəsi olduğu barədə qənaətə gəlmək mümkün deyildir.
32. Göstərilənləri nəzərə alaraq Məhkəmə tərkibi hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti qaydalarına əsasən mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
33. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılma dan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7).
34. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1506/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı borc, maddi və mənəvi ziyan tələblərinə dair iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.