Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3810/2020 14.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “peşə xəstəliyinin müəyyən edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.12.2019-c u il tarixli X5 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” şirkətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun 10 sentyabr 2018-ci il tarixinədək olan peşə xəstəliyinin müəyyən olunması və bu peşə xəstəliyinin tanınmasının və ya qəbul edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması və cavabdehin onun ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) onunla əmək müqaviləsinə xitam verilməsi barədə 10 sentyabr 2018-ci il tarixli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə verərək 10 sentyabr 2018-ci il tarixinədək olan peşə xəstəliyinin müəyyən olunması və bu peşə xəstəliyinin tanınmasının və ya qəbul edilməsinin cavabdeh «xxxx» şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin üzərinə vəzifə olaraq qoyulması, əmək müqaviləsinə xitam verilməsi barədə «xxxx» şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 10 sentyabr 2018-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) X5 saylı işi üzrə 19.07.2019-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «BP Eksploreyşn (Kaspian Si) Limited» şirkətinə qarşı «peşə xəstəliyinin müəyyən edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Talışinski- sədrlik edən və məruzəçi, Zaur Əliyev və Rafael Eyvazov) 25 dekabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilən apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin X5 saylı işi üzrə 19.07.2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsı və iddia tələblərinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsinin Hasilatın Pay bölgüsü haqqında Sazişə istinad etməsi hər hansı b ir ziddiyyətlə bağlı deyil, sadəcə bu sazişdən sui-istifadə məqsədi daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq müəssisə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində X8 Xidmətinə iddiaçı ilə əlaqədar baş vermiş bədbəxt hadisə barədə məlumat verməmiş və hadisənin təhqiqatı aparılmaqla İZ (İstehsalat Zədəsi) formalı Akt verilməmiş, eyni zamanda peşə xəstəliyi qeydə almamışdır. BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ona rəsmi xəbərdarlıq təqdim olunandan sonra ümumiyyətlə işə buraxılmamış və bu halda onun razılığı olmadan belə xəbərdarlıq müddətində əmək fəaliyyətini davam etdirməkdən məcburi olaraq kənarlaşdırılmışdır. Qeyd olunan xəbərdarlıq onunla bağlanmış Əmək müqaviləsinin ləğv edilməsinə razılıq deyildir, belə ki, o, heç bir halda bağlanmış Əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə ləğv olunmasına razılıq verməmiş və bu barədə də nə şifahi, nə də yazılı razılığı yoxdur. Bu xəbərdarlıqla BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ona təklif edirdi ki, işdən azad olunmasının 2 variantı var: birinci variant 2 ay xəbərdarlıq müddətin gözləməklə, ikinci variant isə bu xəbərdarlıq müddətini gözləməmək. Hər 2 variantın sonu mənimlə bağlanmış Əmək müqaviləsinin ləğvi ilə nəticələnirdi ki, bu da onun razılığı demək deyildir. Əmək müqaviləsinin ləğv edilməsi ilə razı deyildir və bu barədə BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən X8 Xidmətinə yazılı şikayətlər etmişdir. Cavabdeh müəssisə iddiaçıdan aşağı göstəricilər göstərmiş və peşəkarlığı aşağı olan işçiləri işdə saxlayaraq, onu tutduğu vəzifəni qanunsuz olaraq ixtisar etmişdir. Belə ki, cavabdeh müəss isədə ştatlar ixtisar olunubsa və işçilərin sayı azaldılıbsa, qeyd olunan ixtisarlar, hansı kriteriyalar əsasında, hansı fərqləndirməyə və ya peşəkarlığa görə aparılıb, digər işçilər deyil, yalnız onun vəzifəsi ixtisar olunmuşdur. Bu müqayisələr hansı qaydada aparılıb, peşəkarlıq səviyyəsi və peşəkarlıq meyarları hansı hallara görə müəyyən edilib və kimin işdə saxlanılması hansı müqavilə və sənədlərlə təsdiq olunub. Halbuki, bu şirkətdə 7 il müddətinə iş stajına malik olub, peşəkarlığı, bilik və səviyyəsi, əmək intizamı ilə əlaqədar işəgötürən tərəfindən heç bir vaxt ona irad tutulmayıb, iş stajına və peşəkarlığına görə digər işçilərdən geri qalmamış, əksinə üstünlük təşkil etmişdir. "BP” şirkətinə müsahibə yolu ilə işə qəbul olmuş, xüsusi 1 il yarım kurs keçmiş, bundan sonra 6 il dənizdə işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Əmək fəaliyyətində yüksək göstəricilərinin, o cümlədən peşəkarlığının bu vəzifə üzrə peşəkarlıq və iş təcrübələrinin olmasına baxmayaraq, cavabdeh müəssisə ondan aşağı göstəricilər göstərmiş və peşəkarlıq səviyyəsi dəfələrlə aşağı olan işçiləri işdə saxlayaraq, onu tutduğu vəzifə və ya ştatı qanunsuz olaraq ixtisar edilməsi barədə ona xəbərdarlıq vermişdir. Bu xəbərdarlıq qanunsuzdur. Belə ki, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində onunla eyni vəzifədə ona məlum olan ən azı 16 nəfər işləyir. Məhkəmə qətnaməsi isə təsdiq edir ki, onların sayı 26 nəfər olmuşdur. BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində ixtisarlar aparılarkən Əmək Məcəlləsinin 78.2-ca maddəsinin tələblərinə də əməl etməmişdir. Bakı səhər Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsində qeyd olunur ki, onun işlədiyi sahədə ixtisardan əvvəl 26 nəfər, ixtisardan sonra isə 24 nəfər qalmışdır. Yuxarıda olan və ən azı 14 nəfərlik siyahıda təsdiq edir ki, onun peşəkarlığı çox işçidən yuxarı olmuşdur. Bunla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.1-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zam anda bildirilir ki. qiymətləndirmədə 0 qiymət almışdır. Əgər belə bir qiymətləndirmə olmuşsa, nədən cavabdeh bu qiymətləndirmə ilə iddiaçını tanış etdirməmişdir və ya nədən həmin qiymətləndirmədə onun imzası yoxdur. Sual olunur, uzun illər bu sahədə çalışmış, 18 il iş stajı olan və cavabdeh təşkilatda ən azı 7 il işləmiş bir işçinin peşəkarlığı 0 ola bilərmi, əzər həqiqətən peşəkarlığı 0olmuşsa bu qədər müddətdə necə işləmiş və ya vəzifədə irəli çəkilmişdir. Əsər onun peşəkarlığı 0 olsaydı, 7 il ərzində cavabdeh müəssisədə işləyə bilərdimi. Cavabdehin saxta etirazı onun təsdiq edir ki, bu saxta qiymətləndirmədir, əks halda 0 peşəkarlığı olan bir işçi cavabdeh təşkilatda 7 il vacib bir peşədə çalışmışdır. Digər bir fakt isə ondan ibarətdir ki, BP Eksplorevsn (Kaspian Si) Limited Şirkətini n Azərbaycan Respublikasındakı Nümayəndəliyində ixtisarlar aparılmışsa nədən bu 26 nəfərdən ən azı 5-10 nəfərə deyil yalnız bu müəssisədə əmək xəsarəti almış və sağlamlığına ziyan vurmuş 2 nəfər əmək əlilinə şamil olunub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertizasını 04/KEŞ saylı ekspert rəyindən və V. Y.Axundov adına “ET X2” 03 iyun 2019-cu il tarixli rəyi də təsdiq edir ki, onun BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində aldığı xəsarət peşə yönümlüdür. Əmək müqaviləsi ləğv edilərkən, mülki iş üzrə cavabdeh, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndi pozulmuş və öhdəsində iki və daha çox 16 yasınadək uşağı olanlara həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara üstünlük verilir kimi güzəşt nəzərə alınmamışdır. BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi bildirir ki, iddiaçı iş öhdəliklərini və əmək funksiyalarını yerinə yetirməmiş, ilin axırında onun işinin və əmək funksiyalarının qiymətləndirilməsi 0 olmuşdur. Bu qiymətləndirmə 2017-ci ilə görə götürülür. Halbuki, qiymətləndirmə 1 ilə görə deyil, ümumi iş stajı olan 7 ilə görə götürülməlidir. Halbuki, 2016-cı ildə BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən əmək funksiyalarını yüksək səviyyədə yerinə yetirdiyinə görə pul mükafatı ilə mükafatlandırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsin in 186-cı maddəsinə əsasən, yalnız Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən: pul və ya qiymətli əşyalar hədiyyə edilməklə mükafat verilir. BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi bildirir ki, o, iş öhdəliklərini və əmək funksiyalarını yerinə yetirməmişdir. Əgər həqiqətən belədirsə, onda hansı əsaslardan cavabdeh ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan intizam tənbehlərinin heç birini tətbiq etməmiş və ya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud b u Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə ləğv elməmişdir. Operator kimi dərəcəsi G3 olmuşdur, bu dərəcəni 2016-cı ildə almışdır. Əgər peşəkarlığı 0 idisə onda hansı halda cavabdeh onun dərəcəsini artırırdı. Eyni zamanda cavabdeh müəssisədə ondan aşağı səviyyədə olan G1 və G2 dərəcələri vardır. Əgər həqiqətən ixtisarlar aparılırsa, onda iddiaçı deyil onlar ixtisar olunmalı idi. BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müvafiq tədbir görməmiş, iddiaçını bu sahədə və ya nümayəndəliyin digər sahəsində başqa vəzifə və ya peşəsinə uyğun digər işlə təmin etmək üçün heç bir tədbir görməmişdir. Baxmayaraq ki, onun bu və şirkətin digər sahələrində, bu sahədə işləmək üçün kifayət qədər bilik, ixtisas, təcrübə və peşəkarlığı var. Cavabdeh müəssisədə onun ixtisas və peşəsinə uyğun kifayət qədər iş yerləri vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3cü maddəsinə əsasən “işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır”. Lakin, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Əmri bu maddədə nəzərdə tutulan qaydada əsaslandırılmış əmr olmamışdır, əmrdə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi göstərilməmiş, əmr ümumi və formal sözlərdən ibarət olmuşdur. Cavabdeh müəssisə tərəfindən ştatların ixtisarı və işçilərin sayının azaldılması i lə bağlı əvvəlcədən əsaslandırılmış əmr tərtib olunmamış, şirkət üzrə ixtisarların hansı sahə və struktur bölmələri üzrə aparılması göstərilməmiş, bu ixtisarların hansı peşə və ixtisaslara şamil edilməsi göstərilməmiş, neçə nəfər işçinin sayının azaldılması və ya ştatının ixtisarı göstərilməmiş və əsaslandmlmamış, ştatların ixtisarı və işçilərin sayının azaldılmasının hansı zərurətdən yaranması əsaslandırılmamışdır. BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyin onunla eyni vəzifədə işləyən 26 nəfər və ya eyni növbədə işləyən 4 nəfər operatorun heç biri işdən azad etmədən yalnız onun işdən azad edilməsi ona qarşı ayrı seçkiliyin olmasını sübut edir. İş materialları ilə sübut olunur ki, iddiaçının xəstəlikləri peşə xəstəliyidir və işlədiyi vəzifə üzrə isə buraxılmaya əks göstəricidir. BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 02 avqust 2018-ci il tarixdə Əmək müqaviləsinin ləğv edilməsi barədə Xəbərdarlıq verir və həmin tarixdən sonra qanunsuz olaraq onu işə buraxmır. Azərbaycan Respublikası Əmək Məcələsinin tələblərinə əsasən onun Əmək müqaviləsinin müddətinin bitməsinə qədər öz vəzifəsində işləmək hüququ var. Faktiki olaraq isə BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi isə, Əmək Məcəlləsinin tələblərini pozmaqla onu işdən kənarlaşdırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.12.2019-cu il tarixli, X5 saylı qətnaməsi yalnız bir tərəfin, yəni cavabdehin ehtimal və fərziyyələri üzərində qurulmaqla, iddiaçı tərəfin Əmək M əcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan maddi və prosessual hüquqları nəzərə alınmadan və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslanmadan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yarımda X8 Xidmətinin nümayəndəsinin Məhkəməyə mütəxəssis və ya ekspert kimi dəvət olunması da qanunsuzdur. Belə ki, peşə xəstəliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına "X13 Profilaktika İnstitutu ” tərəfindən müəyyən olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi X6 və vəkili X1 şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edil məsini xahiş etmişdirlər. İşlə əlaqədar digər şəxsə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası ƏM-in 2, 7, 11, 70, 76, 77; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yü ksək olan iş yerlərinin siyahısının təsdiq edilməsi haqqında 7 saylı 14 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 17-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab etmişdir ki, iddiaçının istinad etdiyi əmrin verilməsində qanunvericiliyin təfsirində səhv təfsiri əsası ilə yol verilmiş pozuntu barədə mülahizələr əsassızdır. Belə ki, əmrin verilməsinə əsas olmuş prosedurlara riayət edilməməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısının təsdiq edilməsi haqqında 7 saylı 14 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 17-ci bəndində qeyd ed ilənlərin iddiaçıya şamil edilməməsi tələbin təmin edilməsi üçün əsas olmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu qənaətə də gəlmişdir ki, birinci instansiya məhkəməsinin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddiaçı iddianın əsasını təşkil edən sübutları təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına əmək və mülki prosess ual qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verməmiş, işdə olan sübutları qiymətləndirməmiş, qətnaməsində gəldiyi nəticəsini ümumiyyətlə əsaslandırmamış, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin madd i və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 6.2-ci bəndində göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət yetirilməlidir. Qətnamənin həmin hissəsində məhkəmələr tərəfindən müəyyən olunmuş hallar, məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Qərarın 6.3-cü bəndində isə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutların əlaqəli şəkildə şərh edilməsi, bu və ya digər sübutların qəbul edilib-edilməməsi səbəbləri orada aydın izah edilməsi nəzərdə tutulmuşdur. Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi göstərilən hallara cavab vermir. Qətnamədə iddiaçının apellyasiya şikayətinin məzmunu əks edilsə də, onun dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırma aparması, hansı halları müəyyən etməsi, bu dəlillərin birinci instansiya məhkəməsinin hansı müəyyən etdiyi hallarla təkzib edilməsinin müəyyən edilməsi görünmür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi halları əsaslı hesab etməsinə və iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi üçün qanuni əsaslar mövcud olması, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilməsi və bu baxım dan da iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair 10 sentyabr 2018-ci il tarixli əmrin Əmək Məcəlləsinin tələblərinə cavab verdiyindən əsaslı sayılmalı olması hissəsinin hansı sübutlar əsasında maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olmasına hüquqi qiymət verməmişdir. İşdən müəyyən edilir ki, iddiaçı 'Peşə xəstəliyinin müəyyən edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə’' iddia tələbinin təmin edilərək, 10.09.2018-ci il tarixinədək olan peşə xəstəliyinin müəyyən olunması və bu peşə xəstəliyinin tanınmasının və ya qəbul edilməsinin BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin üzərinə vəzifə olaraq qoyulması, əmək müqaviləsinə xitam verilməsi barədə BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 10.09.2018-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində iddianın peşə xəstəliyinin müəyyən edilməsi hissəsi üzrə ümumiyyətlə hər hansı qiymətləndirmə aparmamış və həmin tələbə qətnamənin əsaslandırıcı hissəsində münasibət bildirməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən isə birinci instansiya məhkəməsi onun arqumentlərinə və təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, həmçinin əsl həqiqətin müəyyən edilməsi və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün heç bir araşdırma aparılmasını təmin etməyərək, birtərəfli və qanunun tələblərinə cavab verməyən qətnamə qəbul etmiş, bununla da hüquqlarını kobud şəkildə pozmuşdur. İddia ərizəsində əsaslandığı hallar, məhkəmədə verdiyi izahatlar qətnamədə təhrif olunmuş formada əks etdirilmiş, tam şəkildə göstərilməmiş, həmçinin məhkəmə baxışı zamanı X5 şahid qismində dindirilməsi və onun izahatı, ümumiyyətlə, qeyd olunmamışdır. İddia tələbində və iddia ərizəsi üzrə məhkəməyə yazılı formada təqdim etdiyi izahatında tələbinin əsası kimi istinad etdiyim hallara məhkəmə heç bir münasibət bildirməmiş, işin həlli baxımından əhəmiyyət kəsb edən mübahisəli məqamları sonadək aydınlaşdırmamışdır. Belə ki, iddia tələbinin bir hissəsi olan peşə xəstələyinin müəyyən edilməsinə və bunu təsdiq edən sübut olan - V.Y.Axundov adına '‘ET X2 03 iyun 2019-cu il tarixli rəyinə, ümumiyyətlə, heç bir münasibət bildirməmiş, sadəcə rəyin nəticə hissəsini qətnaməyə köçürməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən, apellyasiya şikayətinin dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə iddiaçının ədalətlə məhkəmə araşdırma hüququnu pozmuşdur. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yarad ılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar ək s etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlard a verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları qismən əsaslı hesab edir, çünki apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, mübahisəli hüquq münasibətinə maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də apellyasiya şikayətinin bütün dəlilərinə müfəssəl, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli və təqdim olunmuş sübutlara müvafiq qiymət verdikdən sonra qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil tərəfindən veril miş verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.12.2019-cu il tarixli X5 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3810/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3810/2020
14.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver