Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3835/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 avqust 2024-cü il tarixli 2(106)-991/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 26 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cav abdeh (bundan sonra – cavabdeh) ilə X4 25 avqust 2005-ci il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqldan sonra hazırda iddiaçının (keçmiş qaynata) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş, nikah 11 mart 2019-cu il tarixdə məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş 2 uşağın analarının himayəsində qalması qət edilmişdir. 2. ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – mənzil) xx.xx.1994-cü il tarixdə iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixdə bağışlanma müqaviləsinə əsasən X3 bağışlanmış, xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən X4 tərəfindən yenidən iddiaçıya bağışlanmışdır. Həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyət indədir.
3. İşin mübahisəsiz halıdır ki, Cavabdeh ilə X4 arasında nikah pozulsa da, cavabdeh uşaqları ilə iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailəsi ilə birlikdə ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmaqla, mənzilin onlara məxsus əşyalardan boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, cavabdeh onun mübahisəli mənzilə daxil olmasına icazə verməmiş, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda o, xüsusi mülkiyyətində olan evdən istifadə edə bilmir.
6. Cəlilabad Rayon M əhkəməsinin 2(073)-1031/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qalib Paşayev) iddia tələbi təmin edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdehin mülkiyyətində yaşayış sahəsi (Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən 4 saylı yaşayış binasının 17 saylı mənzili - ½ hissədə) var və cavabdeh öz mülkiyyətində olan həmin mənzilə köçərək, orada yaşamaq və mənzildən istifadə etmək hüququna malikdir. Belə olan halda, cavabdehin iddiaçıya məxsus mənzildə iddiaçının iradəsinə zidd olaraq yaşaması və istifadə etməsi iddiaçının öz mülkiyyətində olan mənzildən istifadəsi baxımından onun hüquqlarını məhdudlaşdırır və bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilir.
8. Birinci instans iya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1 və 157.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. İddiaçının oğlu Anar Abdullayevin adına rəsmiləşdirilmiş, lakin birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 otaqlı mənzildə iddia çının oğlu Anar Abdullayev yeni qurduğu ailəsi ilə birlikdə yaşayır. Onun həmin mənzil üzərində ½ payı məhkəmə qətnaməsi ilə müəyyən olunsa da, onun həmin mənzildə yaşaması faktiki olaraq mümkün deyil. O, mübahisəli mənzildə pasport qeydiyyatındadır. Onun həmin ünvana istifadə hüququ yaranmışdır. Belə ki, xx.xx.2014-cü il tarixində yaşayış evi iddiaçının qanuni əri olmuş X1 mülkiyyətinə keçmişdir. xx.xx.2019-cu il tarixində X4 həmin mənzili iddiaçının adına rəsmiləşdirsə də, mənzildə cavabdehin istifadə hüququ qalmışdır. Birgə nikah dövründə əldə olunmuş 1 otaqlı mənzil üzərində özünün ½ payı müəyyən olunsa da, onun həmin mənzilə köçməsi və uşaqları ilə birlikdə yaşaması imkan xaricindədir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya mə hkəməsi) 2(106)-991/2024 nömrəli, 6 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər –İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və S.İ.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin mənzilə hüquqlarının olmadığı halda iddiaçının tələbi təmin edilməlidir. Cavabdeh 2005-ci ildə mübahisəli mənzilə gəlin köçən zaman onun yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Belə ki, cavabdeh həmin vaxt mülkiyyətçinin ailə üzvü olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna b u şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Cavabdeh mənzilə istifadə hüququnun yarandığını onunla əsaslandıra bilər ki, sözügedən yaşayış sahəsi 2014-cü ildə onun əri Anarın mülkiyyətində olmuşdur. Yeni yaranan münasibətlərə görə onun mənzilə hüquqları olmuşdur. Lakin xx.xx.2019-cu il tarixdə tərəflər arasındakı nikah pozulmuş, onların ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh həmin mülkiyyətçinin keçmiş ailə üzvüdür. Cavabdehin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyindən keçmiş ailə üzvü kimi onun həmin yaşayış sahəsindən istifadə hüququna da xitam verilmişdir.
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin pasport qeydiyyatı ilə bağlı olan dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, mənzildə pasp ort qeydiyyatında olmaq icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Mənzildə qeydiyyatda olmaq, həmin mənzildə istifadə hüququnun olmasını ehtiva etmir.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.5, 157.2, 228.1, 228.2, Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdehlə iddiaçının oğlu arasında nikah münasibətləri 1 oktyabr 2009-cu il tarixindən əvvəl yarandığından məhkəmənin Ailə Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməməli idi. b) Kassa siya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
22. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmə k hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsi
23. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 31.Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən şikayətdə qeyd edilmiş maddi və prosessual hüquq normalarını düzgün tətbiq et diyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
32. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə cavabdeh hazırda 2 uşağı ilə birlikdə yaşayır. Cavabdeh iddiaçının oğlu ilə 25 avqust 2005-ci il tarixdə nikaha daxil olduqdan sonra bu mənzilə gəlin köçmüş, nikah 11 mart 2019-cu il tarixdə məhkəmə qaydasında pozulduqdan sonra da bu mənzildə yaşamağa davam etmişdir.
33. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, sözügedən mənzil xx.xx.2014-cü il tarixdə iddiaçı tərəfindən cavabdehin keçmiş əri X3 bağışlanmış, xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən isə X4 mənzili yenidən atasının mülkiyyətinə qaytarmışdır.
34. Mülkiyyətçinin iddia tələbinin qanuni əsasını MM-nin 157.2-ci maddəsi (vindikasiya iddiası) təşkil edir. İddiaçı mülkiyyətində olan mənzilə hazırda hər hansı hüququ olmayan cavabdehin mənzildən çıxarılaraq mənzilin boşaldılmasını tələb etmiş, məhkəmələr düzgün olaraq hesab etmişlər ki, nikah pozulduqdan sonra cavabdehin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən keçmiş ailə üzvü kimi ərinin mülkiyyətində olmuş mənzilə istifadə hüququ xitam olunduğu üçün hazırda keçmiş qaynatanın mülkiyyətində olan mənzil üzərinə hər hansı hüququ yoxdur.
35. Kassasiya şikayətində cavabdehlə iddiaçının oğlu arasında nikah münasibətləri 1 oktyabr 2009-cu il tarixindən əvvəl yarandığından məhkəmə tərəfindən mübahisəyə Ailə Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsinin maddi hüquq pozuntusu olduğu qeyd edilir.
36. Məhkəmə k ollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh hazırda çıxarılması tələb edilən mənzilə 2005-ci ildə köçərkən yaşayış sahəsinin mülkiyyətçisi keçmiş qaynata olduğu halda, xx.xx.2014-cü il tarixdə mənzil cavabdehin keçmiş ərinin mülkiyyətinə keçdiyindən mənzillə bağlı yaranan münasibətlər iki dövrə (2005-2014, 2014-cü ildən sonra) bölünür. Bu səbəbdən məhkəmələr cavabdehin həm keçmiş qaynatanın mülkiyyətində olduğu dövrdə, həm də ərin mülkiyyətinə keçdikdən sonra mənzilə istifadə hüququnun yaranıb-yaranmadığına hüquqi qiymət verilməsi üçün düzgün olaraq mübahisə üzrə həm MM-nin 228-ci, həm də Mənzil Məcəlləsinin 30-cu maddələrini tətbiq etmişlər. Mübahisə maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla düzgün həll edildiyindən kassasiya şikayə tinin dəlilləri apelyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsinə əsas ola bilməz.
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 6 avqust 2024-cü il tarixli 2(106)-991/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir