Məhkəmə qərarları › İş №2(102)-3857/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3857/2024

26.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3857/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh x“X3” X8 (X mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa), məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X4rşı (X mübahisə predmeti barəsində müstəqil tələb irəli sürm əyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinin müddətsiz müqavilə hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4085/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1995-ci il tarixində Dövlət Əmlak Komitəsinin Auksion Mərkəzində katibə-makinaçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1998ci il tarixdə mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu ildə DƏK-nin ləğv edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. 2. 2 8.01.2000-ci il tarixdə Respublika Auksion Mərkəzində güzəştli satışın təşkili şöbəsinə mütəxəssis təyin edilmiş, xx.xx.2016-cı il tarixdən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin yeni strukturuna uyğun olaraq ümumi şöbənin böyük məsləhətçisi təyin edilmişdir.

3. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “X3” X9 yaranmışdır.

4. İddiaçı ilə “X3” X9 arasında xx.xx.2021-ci il tarixdə 1 ay müddətinə müddətli əmək müqaviləsi bağlanaraq Rəhbərliyin baş mütəxəssisi vəzifəsinə işə götürülmüşdür. 5. 01.06.2022-ci il tarixli əmr ilə iddiaçı “X3” X7 Rəhbərliyin baş mütəxəssisi vəzifəsindən öz razılıq ərizəsi əsasında 1 ay müddətinə Dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə keçirilmişdir. 6. xx.xx.2023-cü il tarixli, K-041 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq, iddiaçı öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 7. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X9 arasında bir ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı hərracların təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir.

8. İşdəki xx.xx.2023-cü il tarixli əmrə əsasən iddiaçı hərracların təşkili şöbəsinin aparıcı mütəxəssisi X5 xx.xx.20 23-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək sosial məzuniyyətdə olduğu üçün onun vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. 9. xx.xx.2023-cü il tarixli, K-091 saylı əmr ilə iddiaçı hərracların təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh “X3” X8 (bundan sonra – cavabdeh) qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh ilə onun arasında bağlanmış əmək müqaviləsinin m üddətsiz müqavilə hesab edilməsi, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1995-ci il tarixindən cavabdehin X1 məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. Ümumilikdə 28 il, dövlət qulluğunda isə 23 il stajı var. Ailənin yeganə gəlir mənbəyi onun əmək haqqıdır. 3 övladı var, həyat yoldaşı hazırda heç bir yerdə işləmir. xx.xx.2021-ci il tarixində qeyd etdiyi müəssisənin idarə heyətinin sədri Emin Rəsulov bu vəzifəyə təyin olunduqdan sonra onu sıxışdırmağa başlayıb. Emin Rəsulov onu öz iş otağına çağıraraq onunla işləyə bilməyəcəyini bildirərək könüllü öz ərizəsini yazaraq işdən getməsini tələb etmişdir. O, bununla razılaş mayıb, bundan sonra E.Rəsulov öz planının B variantı əsasında müddətli əmək müqaviləsi variantına keçərək 1 aylıq əmək müqaviləsi bağlamış və sonradan müqavilənin bitməsini əsas gətirərək 28 il 7 ay çalışdığı müəssisədən uzaqlaşdırmışdır. Əmək müqaviləsi bağlanarkən ona dövlət müəssisəsinin hüquqi bazası əsasında PHŞ yarandığı və müqavilələrin yeniləndiyi barədə məlumat verilərək yeni formada müqaviləyə imza etdirilmişdir. İmza edilən zaman hüquqları məhdudlaşdırılaraq müqavilənin tam mətni ilə tanış olmağa imkan verilməmişdir. AR Əmək Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Mövcud vəziyyətdə əmək müqaviləsinin məzmunu işəgötürən tərəfindən dəyişdirilmiş quru luşu qanunvericiliyin tələblərinə əməl edilməməklə onun razılığı olmadan, aldatma yolu ilə iradəsinə zidd müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Qanunvericiliyin tələbinə əsasən müddətsiz əmək müqaviləsi olan işçilərlə yenidən müddətli əmək müqaviləsinin birbaşa müddətli bağlanılması qanunvericiliyin tələblərinə ziddir. Müəssisənin hüquqi forması dəyişdirilməmiş, sadəcə köhnə müəssisə ilə yeni yaradılmış müəssisə arasında Azərbaycan Respublikasının qanunlarına zidd olaraq hüquqi hiylə işlədilərək işçilərə müəssisənin guya formasının dəyişdirilməsi kimi yanlış məlumatlar verilmiş və rəhbərliyə lazım olmayan işçilər bu formada müəssisədən kənarlaşdırmışlar.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-973/2024 saylı, 6 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia tələbi təmin edilərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və iddiaçının əvvəllər tutduğu vəzifəsinə bərpa edilməsi, cavabdehdən xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 1 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə, onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi pri nsipinə riayət olunmasıdır. Bu nöqteyi nəzərdən məhkəmə hesab edib ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Belə ki, qarşılıqlı razılıq, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 1 ay müddətinə əmək müqaviləsi bağlamışdır. İddiaçının 1995-ci ildən işlədiyi, özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması, əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və dərha l cəmi 1 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh təşkilatda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda iddiaçı ilə sonradan müddətli əmək müqaviləsi bağlanması qanunvericiliyin tələblərinə ziddir. Hazırkı işdə bu hal müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi daşımışdır. Müddətli əmək müqaviləsinin bağlanması iddiaçının əsl niyyəti və iradə sini ehtiva etmir. Qeyd olunan pozuntuya yol verilməsi iddianın təmin olunması üçün yetərli olduğundan digər məsələlərlə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 8-ci bəndlərinə; Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə, 68-ci maddəsinin “b” bəndinə, 45, 47, 73.1, 56, 74-cü maddəsinin 2-ci bəndinə, 300-cü maddəsinin 1-ci hissəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarına; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz razılığı ilə işəgötürənlə müqavilə bağlamışdır. Göründüyü kimi hakim Əmək Məcəlləsinin 45.1, 45.4, 47, 73-cü maddələrinə əhəmiyyət verməmiş və yanlış nəticəyə gəlmişdir. İşə sədrlik edən hakim yalnız iddiaçının formal mülahizələrini əsas götürmüşdür. Müddətli əmək müqaviləsinə müddəti qurtardıqda xitam verilir. Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqav iləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçının əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixində bitmişdir, müqaviləyə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Göründüyü kimi 1 həftəlik tələbi nəzərə alınmışdır. Cavabdeh tərəf olaraq hesab edib ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim edilməmişdir. Buna baxmayaraq işə sədrlik edən hakim cavabdeh tərəfindən təqdim olunan sübutları qeyri-mötəbər, lakin iddiaçı tərəfindən təqdim olunan sübutları heç bir əsas olmadan əsaslı hesab etmişdir. Cavabdeh tərəf olaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə tərəflərindən məhkəməyə təqdim olunmuş sübutlar ümumiyyətlə nəzərə alınmamışdır. Müddətin keçməsi ilə bağlı təqdim etdikləri ərizəni müqavilənin etibarlılığına şübhə ilə yanaşdıqları məqsədilə verdikləri güman edilmişdir. Bununla da tam təsdiq olunur ki, 1-ci instansiya məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbi pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, cavabdehin zərərinə qiymətləndirilmişdir. 1-ci instansiya məhkəməsi cavabdeh tərəfindən rəhbər tutduğu qanunlara və nоrmativ hüquqi aktlara uyğun təqdim olunmuş sübutları nəzərə almamış və düzgün qiymətləndirməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4085/24 nömrəli, 14 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev və F.Qasımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 1995-ci ildən müddətsiz əmək müqaviləsi ilə eyni müəssisədə, eyni xarakterdə iş gördüyü halda, məhz “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və 16 gün sonra, cəmi bir ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addı m kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanması daha inandırıcı görünür. Beləliklə, müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunsuz olmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə, 35-ci maddəsinin 1, 2, 3, 4 və 8-ci hissələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1, 45.3, 45.4, 47 “f”, 68.1, 68.2, 73.1, 74.2, 300.1ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şə rh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İİV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 124.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Cavabdeh kassasiya şikayətini apellyasiya şi kayəti ilə eyni dəlillərlə əsaslandıraraq qeyd etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmə münasibətlərin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb bağlanmadığını, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdır. Hazırkı halda isə digər işçilərlə də müddətli əmək müqavilələri bağlanmış, lakin məhkəmə göstərilən halı araşdırmamışdır. Bundan əlavə əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməsəydi iddiaçı müxtəlif instansiyalara şikayət ərizələri ünvanlamış olardı. Kassasiya şikayətində apelyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 45.4-cü, 47-ci maddənin “F” bəndinin, 73-cü maddəsi nin 1-ci hissəsinin maddələrinin, MPM-nin 77.1-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

25. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

26. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisn a olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

27. Maddə 47 Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:... f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;...

28. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

29. Mad də 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.

30. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Madd ə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul ed ilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən şikayətdə qeyd edilmiş maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən kassasiya ş ikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

39. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İİV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işç i və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. …İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub -olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

40. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü ildə dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsindən “öz xahişi” ilə azad edildikdən sonra xx.xx.2023-cü il tarixdə yenidən eyni şöbədə eyni vəzifəyə, bu dəfə sosial məzuniyyətdə olan bir işçinin yerinə bir ay müddətinə işə götürülməsi barədə onunla müqavilə bağlanmışdır. Məhkəmələr işin hallarına düzgün hüquqi qiymət verərək bu nəticəyə gəlmişlər ki, dövlət orqanı olan Hərracların Təşkili üzrə Auksion Mərkəzi “X3” X8 çevrilənədək 20 ildən artıq bu Mərkəzdə işləmiş iddiaçının öz iradə if adəsi ilə əmək müqaviləsinin bir ay bağlanmasına razılıq verməsi ağlabatan olmadığından iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuş şərtin (razılığın) mövcudluğu müəyyən olunmur.

41. İşə baxmış məhkəmələr tərəfindən mübahisə qərarda istinad edilmiş maddi hüquq normalarının tələblərinə uyğun düzgün həll edilmiş, qətnamənin ləğv edilməsinə əsas olan prosessual pozuntuya yol verilməmişdir.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən olunmur.

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X7 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4085/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar