Məhkəmə qərarları › İş №2(102)-3903/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3903/2024

19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3903/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi “X”nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəxsin Azərbaycan Respublikasında daimi yaşaması faktı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 sentyabr 2024-cü il tarixli, 2(103)4176/2024 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AX tə rəfindən verilmiş 17 fevral 2022-ci il tarixli arayışa əsasən, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir.

2. Gürcüstan Səfirliyi tərəfindən təqdim edilmiş 20 fevral 2023-cü il tarixli arayışın notarial qaydada təsdiq və tərcümə edilmiş nüsxəsindən görünür ki, Ərizəçi 12 may 1989cu ildə Gürcüstanda doğulmuş və verilmiş arayışda onun Gürcüstan vətəndaşı olmadığı qeyd olunmuşdur.

3. Şabran Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(031)-438/2015 saylı qətnaməsi ilə Ərizəçi bacısı- X1 22 yanvar 1997-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi qət edilmiş və həmin qətnamə icra olunaraq ona doğum haqqında şəhadətnamə verilmişdir.

4. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2(011)-4564/2019 saylı qətnaməsi ilə Əriz əçi anası Piriyeva Başxanım Məhyəddin qızının 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir.

5. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(011)2347/2021 saylı, qətnaməsi ilə Ərizəçi anası Piriyeva Başxanım Məhyəddin qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmiş və həmin qətnamə icra olunaraq Piriyeva Başxanım Məhyəddin qızı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş və ona şəxsiyyət vəsiqəsi verilmişdir.

6. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(011)-2347/2021 saylı qərardadı ilə iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(011)-2347/2021 saylı qətnaməsinin nəticə hissəsində “Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin” cümləsinə “1996-cı ildən” ifadəsinin əlavə edilməsi qərara alınmışdır.

7. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(011)-3237/2023 saylı qətnaməsi ilə Ərizəçi qardaşı- 10 dekabr 1993-cü il təvəllüdlü X3 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilmişdir.

8. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumatda qeyd olunmuşdur ki, Ərizəçioviç 16 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasına məxsus KO8676 nömrəli vətənə qayıtma haqqında şəhadətna mə ilə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. Azərbaycan Respublikasına məxsus KO8676 nömrəli vətənə qayıtma haqqında şəhadətnamənin surətinin təqdim edilməsi texniki cəhətdən mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. Ərizəçi (bundan sonra- ərizəçi) maraqlı şəxs X (bundan sonra- maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Ərizəçi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə ərizəsini onun əsaslandırmışdır ki, ərizəçinin anası Piriyeva Başxanım Məhyəddin qızı xx.xx.1969-cu ildə Erm ənistan SSR Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olmuşdur və azərbaycanlıdır. Ermənistan SSR Kalinin rayon VVAQ şöbəsi tərəfindən anasının adına doğum haqqında şəhadətnamə verilmişdir. Ermənilərin azərbaycanlıları öz dədə- baba yurdundan qovması nəticəsində anası ailəsi ilə birlikdə Ermənistandan Gürcüstana köçkün düşmüşdür. Orada anası xx.xx.1988-ci ildə Kamayev Aydın Nəbi oğlu ilə rəsmi nikaha daxil olmuşdur və onların birgə nikahdan xx.xx.1989-cu il təvəllüdlü özü və xx.xx.1993-cü il təvəllüdlü qardaşı X5 anadan olmuşdur. 1996-cı ildə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına köçüb gəlmişlər. xx.xx.1997-ci ildə Bakı şəhərində bacısı X4 ev şəraitində doğulmuşdur. Anası xx.xx.1997-ci ildən Şabran rayonu Gəndab kəndində qeydiyyatda olmuş və hazırda Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 79 saylı evin 78 saylı mənzilində qeydiyyatdadır. Bundan sonra bacısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinə müraciət etmişlər. Sonuncu bundan imtina etdiyinə görə bacısı Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin verilməsi və qeydiyyata alınması vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(82)-2932/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, X2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 79 saylı evin 78 saylı mənzilinə qeydiyyata alınması vəzifəsinin Bakı şəhəri, Xətai R ayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı şəhəri, Xətai Rayon Polis İdarəsi tərəfindən ərizəçinin bacısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmiş və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 79 saylı evin 78 saylı mənzilinə qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnaməni itirdiyinə görə anası 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)4564/2019 saylı qətnaməsi ilə ərizəçinin anasının xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması barədə hüquqi əhəmiyyətli fakt ın müəyyən edilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən anasına doğum haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-2347/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən anası Piriyeva Başxanım Məhyəddin qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Ərizəçinin anası Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş və ona şəxsiyyət vəsiqəsi verilmişdir. Qeyd edilənlərlə sübuta yetirilir ki, ərizəçi 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşayır. Şəxsiyyət vəsiqəsi olmadığından ərizəçi heç bir müəssisədə işləyə bilmir. X arayışında ərizəçinin Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhk əməsinin 2(011)-3238/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) ərizə təmin edilmiş, ərizəçi 12 may 1989-cu il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçinin 2008-ci ildə Azərbaycan ərazisinə giriş etməsi hazırkı ərizənin təmin edilməsini mümkün etmişdir. Məhkəmə istinad edilən halı araşdıraraq qeyd etmişdir ki, ərizəçi 12 may 1989-cu il təvəllüdlü olmaqla 2007ci ildə yetkinlik yaşına çatmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən və məhkəmə qətnamələrinə əsasən, ərizəçinin anası və qardaş-bacıları ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri və qərarları mövcuddur. İstinad oluna n qərarlara əsasən, onun ailə üzvlərinin 1996-cı ildən Azərbaycan Respublikasında yaşaması, bacısının isə xx.xx.1997ci il tarixdə Azərbaycanda anadan olması faktı işin mübahisə olunmayan hallarıdır. Maraqlı şəxsin nümayəndəsi məhz ərizəçinin 2008-ci ildə ölkəyə girməyini əsas gətirərək ərizənin təmin edilməməsini xahiş etsə də, araşdırma zamanı ərizəçinin 2008-ci ilə qədər ölkədən çıxması ilə bağlı hər hansı sübuta rast gəlinməmişdir. Ərizəçi yetkinlik yaşına çatana qədər ölkə hüdudlarını tərk etmiş olsaydı belə o, bunu ailə üzvləri ilə birlikdə etməli idi. Hazırkı hala da araşdırma zamanı rast gəlinməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin sərbəst şəkildə ölkəni tərk edə bilməsi üçün onun ən azından yetkinlik yaşında olması mütləq tələbdir. Nə qədər ki, onun ailə üzvlərinin 1996- cı ildən daimi olaraq Azərbaycan Respublikasında yaşaması halı öz təsdiqini tapır və ərizəçi də 2007-ci ilə qədər müstəqil şəkildə, yəni ailəsinin iştirakı olmadan ölkəni tərk etmək iqtidarında olmamışdır və bunun əksini sübuta yetirəcək hər hansı dəlil araşdırma zamanı məhkəmə tərəfindən aşkar edilməmişdir. Ona görə də ərizəçinin ərizəsi təmin edilməli və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir.

14. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, habelə Mülki Prosessual Məcəllənin 305.1.1, 307.2.10, 308-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Maraqlı şəxs apellyasiya şikayəti verərək, iş üzrə biri nci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə hüququn tətbiqində səhvə yol vermişdir. Halbuki, sözügedən şəxsin xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının sərhədindən keçidi qeydə alınmışdır. Belə ki, ərizəçi 2008-ci ildə ölkə ərazisinə daxil olduğundan qeyd olunan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin tələbləri ona münasibətdə tətbiq edilə bilməz (həmin maddəyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərb aycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir). Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan, tam aydınlaşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətənd aşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Hesab edirlər ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Sübutların düzgün qiymətləndirilməsi isə qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün vacib olan hallara əsaslansın. Hesab edirlər ki, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq qiy mətləndirməlidir.

17. Məhkəmə iclasında ərizəçi apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, o, 1996-cı ildən Azərbaycan Respublikasında yaşayır və doğum haqqında şəhadətnaməsi vardır. Pasportu olmadığı təqdirdə xarici ölkəyə necə keçə bilərdi ki, 2008ci ildə də qayıtsın. Ərizəçi bildirmişdir ki, o, 5-6-cı sinifi 191 saylı məktəbdə, sənədsiz oxumuşdur. Gürcüstan vətəndaşı olmaması barədə arayışı var. 2008-ci ildə 19 yaşı olmuş, Azərbaycanda olduğu müddətdə fəhlə kimi işləmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6134/23 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.Bəhr amzadə (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ərizəçinin ərizəsi təmin edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ərizəçinin ərizəsini təmin edərkən ona istinad etmişdir ki, nə qədər ki, onun ailə üzvlərinin 1996-cı ildən daimi olaraq Azərbaycan Respublikasında yaşaması halı öz təsdiqini tapır və ərizəçi də 2007-ci ilə qədər müstəqil şəkildə, yəni ailəsinin iştirakı olmadan ölkəni tərk etmək iqtidarında olmamışdır və bunun əksini sübuta yetirəcək hər hansı dəlil araşdırma zamanı məhkəmə tərəfindən aşkar edilməmişdir. İşdən olan sənədlərdən də görünür ki, Azərba ycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, 12 may 1989-cu il təvəllüdlü Ərizəçioviç 16 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasına məxsus KO8676 nömrəli vətənə qayıtma haqqında şəhadətnamə ilə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatın qeydə alındığı göstərilmiş, bununla da ərizəçinin 2008-ci il tarixdə Azərbaycan Respublikasının sərhəddindən keçidi təsdiq edilmiş olur. Lakin, maraqlı şəxsin nümayəndəsinin də təqdim etdiyi dövlət sərhədkeçmə məlumatlarından göründüyü kimi, ərizəçinin anası Piriyeva Başxanım Məhyəddin qızı da məhz ərizəçi ilə birlikdə eyni tarixdə, xx.xx.2008-ci il tarixdə ölkəyə Rusiya Federasiyasından Yalama sərhəd buraxlış məntəqəsindən giriş etmişdir. Göründüyü kimi, Ərizəçi ərizəsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin tələblərinə cavab vermir. Bu da öz növbəsində onun ərizəsinin təmin edilməməsini şərtləndirir.

20. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 12-ci bəndinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Ərizəçi kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti ərizə və apellyasiya şikayətin ə qarşı etiraz ərizəsi ilə eynilik təşkil etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-750/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən), E.Şamayev və Ə.Xıdırov) ərizəçinin kassasiya şikayəti təmin edilmiş, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

24. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, ərizəçi 12 may 1989-cu ildə Gürcüstan Respublikasında anadan olmuşdur. Onun Gürcüstan Respublikasının vətəndaşı olmaması iş materialları ilə öz təsdiqini tapır. Həmçinin ərizəçinin anası və qardaşının 1996-cı ildən ölkədə daimi yaşaması, bacısını n 1997-ci ildə Bakı şəhərində doğulması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri və qərarları mövcuddur. Ərizəçi 1996-cı ildə 7 yaşında uşaq olmuşdur və ailəsi 1996-cı ildə Azərbaycan Respublikasına gələn zaman onun Gürcüstanda qalması ilə bağlı hər hansı sübut mövcud deyildir. Lakin ərizəçinin ailə üzvləri 1996-cı ildə Azərbaycan Respublikasına köçüb gəlmiş, həmin vaxt 7 yaşı olan ərizəçinin də ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlməsini inkar edən hər hansı sübut iş materiallarında mövcud deyildir.

25. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi ərizəçinin 2007-ci ilə qədər müstəqil şəkildə, yəni ailəsinin iştirakı olmadan ölkəni tərk etmək iqtidarında olmaması faktını nəzərə almadığı halda, 2008-ci ildə öl kəyə qayıdış şəhadətnaməsi əsasında geri qayıtmasını da düzgün qiymətləndirməmişdir. Həmçinin, ərizəçinin ailə üzvlərinin 1996-cı ildən bəri Azərbaycan Respublikasında daimi yaşadığı və bunun məhkəmə aktları ilə təsdiqləndiyi faktına diqqət yetirilməmişdir.

26. Məhkəmə kollegiyası, ərizəçinin ailəsi ilə birlikdə yaşamamasını təsdiqləyən hər hansı mötəbər sübutun mövcud olmaması faktını da nəzərə almış və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin işin faktiki hallarına uyğun olaraq düzgün tətbiq edilmədiyini vurğulamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı hüquqi baxımdan düzgün qiymətləndirilməmişdir.

27. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 217.1, 217.3, 407.2, 416.1, 416.2, 418.1-ci, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 12-ci bəndinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4176/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən, məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin olunmuş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, ərizəçinin ərizəsi təmin edilməməsi qət edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, ərizəçi ölkədə 1996-cı ildən deyil, xx.xx.2008-ci ildən yaşayır.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı həmçinin qeyd etmişdir ki, sərhədkeçmə faktının məhkəmə aktları ilə müəyyən edilməsi məsələsi qanunvericiliyə ziddir. Məhkəmə, sərhədkeçmə faktını yalnız DSX məlumatları əsasında müəyyən edilməli olduğunu vurğulamışdır. Həmçinin, xx.xx.2002-ci ildən sonra sərhədkeçmə faktının yalnız dövlət sərhədinə nəzarət edən orqanlar tərəfindən qeydə alınması və bu məlumatların İAMAS (Giriş-çıxış və qeydiyyat) bazasında yerləşdirilməsi zərurətini əsaslandırmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, xx.xx.2008-ci ildə ərizəçinin ölkəyə gəlişi, onun əvvəllər ölkədən çıxışının qeydə alınmaması faktını da nəzərə alaraq, həmin dövr ərzində ərizəçinin Azərbaycan Respub likasında olmadığını təsdiq edir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “AR-na qayıdış şəhadətnaməsi”nin verilməsi ilə bağlı təqdim olunan məlumatlar qanunsuz olaraq əldə edilmiş və bu şəhadətnamə hüquqi cəhətdən etibarsızdır.

33. Apellyasiya instansiyası məhkəməsi, MPM-in 76.3-cü maddəsinə əsasən, qanunla müəyyən edilməmiş sübutların istifadəsinin qadağan olunduğunu qeyd edərək, şəhadətnamənin qanunvericiliyə zidd olaraq verildiyini vurğulamışdır.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ərizəçinin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı təqdim etdiyi sübutlar – doğum faktı, ərizəçinin yaşadığı yer və digər məlumatlar əsaslı deyil və mötəbər sübutlarla təsdiqlənmir. Doğum faktının müəyyən edilməsi məsələsi yalnız qohumların ifadələrinə əsaslanı b və məhkəməyə təqdim olunan sənədlər bu faktı dəstəkləmir.

35. Apellyasiya instansiyası məhkəməsi son olaraq mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçinin qayıdış şəhadətnaməsi qanunvericiliyə və məhkəmə aktlarına zidd olaraq verildiyindən, bu şəhadətnamə heç bir hüquqi qüvvəyə malik deyil.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37, 76.3, 81-ci maddələrinə, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 11, 12-ci maddəsinin 1-ci bəndinə, “Vətəndaşlıq haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə, Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnamənin 1-ci bəndinə istinad etmə klə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

37. Ərizəçi kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ediləməsi, ərizənin təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.

38. Ərizəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini pozaraq, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini mübahisələndirmişdir. Bu, yolverilməzdir, çünki həmin maddəyə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində müb ahisələndirilə və yenidən sübut edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunun tələblərinə uyğun olaraq ərizəçinin Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktını müəyyən etmək üçün müvafiq qanunvericiliyi tətbiq etməyib. Bu faktın müəyyən edilməsi üçün tələb olunan sənədlər məhkəməyə təqdim edilməli olduğu halda, onların təqdim olunmaması hüquqi pozuntudur. Ərizəçi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədə müvafiq sənədləri təqdim etmiş və bu sənədlər əsasında faktın müəyyən edilməsi tələb olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi bu faktları qiymətləndirməkdə və müvafiq qanunvericilik normalarını tətbiq etməkdə yanlışlığ a yol vermişdir. Bu səbəbdən də qətnamə qanunsuz və əsassız olduğundan, kassasiya şikayəti təmin olunmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

40. Maddə

60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

41. Maddə

60. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu

42. Maddə

14. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikas ının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fas iləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 45.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 46.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 47.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 48.Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 49.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

52. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyasında bundan əvvəl işə baxan məhkəmənin qərarında şərh edilən göstərişləri tam, hərtərəfli araşdırmamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozub.

53. Belə ki, kassasiya instansiyasında bundan əvvəl işə baxan məhkəmə, apellya siya instansiyası məhkəməsinə ərizəçinin 2007-ci ilədək müstəqil şəkildə, yəni ailəsinin iştirakı olmadan ölkəni tərk edib-etməməsinin lazımi qaydada araşdırması; onun 2008-ci ildə ölkəyə qayıdış şəhadətnaməsi əsasında geri qayıtması və ailə üzvlərinin 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşamalarının qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyi halda, ərizəçinin onlarla birlikdə yaşamamasını təsdiq edən mötəbər sübutların mövcud olmamasına dair iş üzrə əhəmiyyətli olan hallara düzgün hüquqi qiymət verilməsi; habelə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinin işin faktiki hallarına münasibətdə düzgün tətbiq edilməsi və sair barədə göstərişlər versə də, apellyasiya instansiyası məhkəməsi həm in göstərişlər üzrə heç bir araşdarma aparmayıb, əksinə, ərizəçinin ailə üzvləri- bacısı X1 22 yanvar 1997-ci ildə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi; anası Piriyeva Başxanım Məhyəddin qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi; qardaşı Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş halları, habelə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən “Azərbaycan Respublikasına qayıtmaq haqqında” ərizəçinin adına verilmiş 07 oktyabr 2008-ci il tarixli, 8676-KO saylı şəhadətnaməni yenidən müzakirə predmetinə çevirməklə MPM-in 82.3 və 420-ci maddələrinin tələblərini pozub.

54. Halbuki, sözügedən normaların mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

55. Qanunvericilikdə kassasiya instansiyası məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədi isə apellyasiya instansiyası məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir.

56. Kassasiya instansiyası məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydad a tətbiq olunmasına istiqamətləndirir. Bu da, Konstitusiyanın 131-ci maddəsinin İ hissəsinin, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin İ hissəsinin müddəalarından irəli gələn vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət edir.

57. Bu baxımdan kassasiya instansiyasında hazırkı işə bundan əvvəl baxan məhkəmə də apellyasiya instansiyası məhkəməsinin sözügedən qərarını ləğv edərkən, işə yenidən baxacaq apellyasiya instansiyası məhkəməsini işin düzgün həllinə istiqamətləndirərək, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və hansı halların araşdırılmasına zərurət yarandığını dəqiq və aydın formada izah edib. Lakin, həmin göstərişlər, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli araşdırılmayı b.

58. Eyni zamanda, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsində göstərilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

59. Müki hüquqda faktlar dedikdə- mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə, faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada mü əyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır.

60. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

61. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, ərizəçinin ailə üzvləri- bacısı X1 22 yanvar 1997-ci ildə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi, anası Piriyeva Başxanım Məhyəddin qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi, habelə qardaşı Əriz əçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktları, hazırkı iş üzrə ərizəçiyə münasibətdə bilavasitə preyudisial əhəmiyyət daşımasa da, həmin məhkəmə aktları ilə müəyyən edilmiş hallar, ərizəçinin həqiqətən 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının araşdırılması üçün xüsusi əhəmiyyət daşıyır.

62. Belə ki, işin yuxarıda müəyyən edilmiş hallarına görə, ərizəçinin 1996-cı ildə 7 yaşı olub və 07 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən onun adına “Azərbaycan Respublikasına qayıtmaq haqqında” 8676-KO saylı Şəhadətnamə verilib.

63. Həmçinin ərizəçinin, maraqlı şəxsin apellyasiya şikayət inə verdiyi etiraz ərizəsi ilə müəyyən olunur ki, ərizəçi 1996-cı ildən Azərbaycan Respublikasında yaşayır və onun doğum haqqında şəhadətnamədən başqa şəxsiyyətini müəyyən edən digər sənədi yoxdur və o, 5-ci, 6-cı sinifi Bakı şəhəri, 191 saylı tam orta məktəbdə oxuyub.

64. Eyni zamanda, ərizəçi izahatında göstərib ki, Rusiya Federasiyasına qatarla gedib və dövlət sərhəddini sərhəd keçid məntəqəsindən keçib, 20-25 gündan sonra yenidən ölkəyə qayıdıb. Ərizəçi 2008-ci ilədək ölkədə yaşamasını təsdiq etmək üçün məhkəməyə foto şəkillər, müvafiq icra hakmiyyəti orqanının arayışlarını təqdim edib.

65. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, ərizəçinin qeyd olunan dəlilləri və məhkəməyə təqdim etdiyi sübutlar üzrə heç bir araşdırma aparmayıb, 1996-cı ilədə 7 yaşı olan ərizəçinin kiminlə harada yaşamasını, qalmasını, hansı ölkədə orta məktəbə getməsini, ümumiyyətlə onun Azərbaycan Respublikasında təhsil alıb-almamasını, ölkədən çıxmadığı halda onun adına “Azərbaycan Respublikasına qayıtmaq haqqında” şəhadətnamənin hansı hüquqi əsasla verilməsini, “giriş-çıxış və qeydiyyat” haqqında avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) Azərbaycan Respublikasının DSXdə yalnız 2001-ci ildən etibarən yerləşdirilməsini, bu ilədək, habelə 01 yanvar 2002-ci il tarixədək ölkəyə “giriş-çıxış və qeydiyyat” sisteminin hansı qaydada rəsmiləşirilməsini, bu barədə müvafiq qeydiyyatın aparılıb-aparılmamasını araşdırmadan, sözügedən şəhadətnamənin verilməsinə əsas olmuş sənədləri məhkəməyə təqdim etməyi ərizəçiyə təklif etmədən və beləliklə də ərizəçinin ölkədən nə vaxt çıxmasına dair işin hall arını tam, hərtərəfli araşdırmadan, yalnız DSX tərəfindən verilmiş 01 yanvar 2002-ci il tarixdən sonra aparılan (İAMAS) məlumata əsaslanaraq, onun 16 oktyabr 2008-ci il tarixdən ölkədə yaşaması nəticəsinə gəlib.

66. Apellyasiya instansiyası məhkəməsi həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktları yenidən “yoxlamaqla”, əslində maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi; məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsiplərini pozub.

67. Nəzərə alınmalıdır ki, qeyd olunan prinsiplər- məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib və həmin prinsipləri tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma m üddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə xidmət edir.

68. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, ərizəçinin anasının və qardaşının 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşamaları faktını təsdiq edən məhkəmə aktlarının surətlərini məhkəməyə təqdim etməyi ərizəçiyə təklif etmədən, onun digər ailə üzvləri ilə birlikdə 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşayıb-yaşamaması faktını, habelə kassasiya instansiyasında bundan əvvəl işə baxmış məhkəmənin qərarında şərh edilən məcburi göstərişləri tam, hərtərəfli araşdırmadan, ərizəçinin 2008-ci ildən Azərbaycan Respublikasında yaşaması və belə olan halda 01 yanvar 2002-ci ildən sonra sərhədkeçmə faktının yalnız dövlət sərhədinə nəzarət edən orqan lar tərəfindən qeydə alınması və bu məlumatların giriş-çıxış və qeydiyyat (İAMAS) bazasında yerləşdirilməsi ilə təsdiq edilməli olmasına dair işin halları barədə səhv nəticəyə gəlib.

69. Kassasiya şikayətindən və ona əlavə edilmiş Bakı şəhəri, Xətai rayon məhkəməsinin 06 iyun 2023-cü il tarixli qətnaməsinin, habelə həmin məhkəmənin 22 oktyabr 2021-ci il tarixli qərardadının surətlərindən də görünür ki, həmin məhkəmə aktları ilə həqiqətən ərizəçinin anasının və qardaşının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və onların 1996-cı ildən Azərbaycan Respublikasında dami yaşamaları faktı müəyyən edilib.

70. Göründüyü kimi ərizəçinin ailə üzvləri- anasının, qardaşının 1996-cı ildən, bacısının isə 1997-ci ildən Azərbaycan Respublikasında daimi yaşamaları faktı istisna olunmur və bu fakt a rtıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq olunub.

71. Ərizəçi də məhz sözügedən məhkəmə aktlarına və digər sübutlara istinad edərək 01 yanvar 2002-ci ildən sonra deyil, məhz 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsini iddia edir və ərizəsini onunla əsaslandırıb ki, həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilmir.

72. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxıd itirilmiş sənədlərin bərpası mümkün olmasın.

73. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsində göstərilir ki, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin 4- cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə də işlərə baxır.

74. Sözügedən normanın mənasına görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir.

75. Eyni hüquqi mövqe “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında” Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 12-ci bəndin də ifadə olunub və həmin bənddə göstərilir ki, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir.

76. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi ərizəçinin kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, ərizəçi ölkəyə ilk dəfə 2008-ci ildə giriş etməyib və qayıdış şəhadətnaməsinə əsasən ölkəyə geri qayıdıb. Belə olan halda əri zəçi, Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər kateqoriyasına aid edilir və Azərbaycan Respublikasında daimi yaşayan şəxs kimi onun da anası ilə birlikdə Azərbaycan Respublikasına qayıtmaq hüququ olub.

77. Beləliklə də, kassasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qay tarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Ərizəçi kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 sentyabr 2024-cü il tarixli, 2(103)-4176/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar