Məhkəmə qərarları › İş №2(102)-3922/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3922/2021

24.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3922/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh X-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3922/21 (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili X1, Cavabdeh: "xxxx" MMC-nin vəkili Cavabdeh2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)698/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC kassasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 15 oktyabr 2020-ci il tarixli, 233/Ş saylı əmrinin etibarsız sayılması, "xxxx" MMC-də “İstilik ölçü cihazları və avtomatika sexinin elektrik stansiyasının avtomatika və ölçmə cihazlarını təmir və xidmət edən elektrik çilingəri” vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ə.M.Hüseynov) iddia təmin edilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin 15 oktyabr 2020-ci il tarixli, 233/Ş saylı əmrinin ləğv edilməsi, onun "xxxx" MMC “İstilik ölçü cihazları və avtomatika sexinin elektrik stansiyasının avtomatika və ölçmə cihazlarını təmir və xidmət edən elektrik çilingəri” vəzifəsinə bərpa edilməsi və ona 15 oktyabr 2020-ci il tarixdən başlayaraq işə bərpa ediləcəyi günədək məcburi işburaxma günləri üçün əmək haqqının hesablanıb ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı, cavabdehdə “İstilik ölçü cihazları və avtomatika sexinin elektrik stansiyasının avtomatika və ölçmə cihazlarını təmir və xidmət edən elektrik çilingəri” vəzifəsində işləyib. 15 oktyabr 2020-ci il tarixdə iddiaçı yazılı ərizə ilə cavabdehə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə 15 oktyabr 2020-ci il tarixdən xitam verilməsini xahiş edib və işəgötürənin 15 oktyabr 2020-ci il tarixli, 233/Ş saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 15 oktyabr 2020-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə xitam verilib. 16 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş elektron informasiya sistemində qeydə alınmaqla imzalanıb. Bundan sonra 20 oktyabr 2020-ci il tarixdə iddiaçı teleqramla cavabdehə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair verdiyi ərizənin etibarsız hesab edilərək əmək fəaliyyətinə başlamasına şərait yaradılmasını xahiş edib. Göründüyü kimi iddiaçı onunla bağlanmış əmək müqaviləsinə 15 oktyabr 2020-ci il tarixdən xitam verilməsi barədə yazılı ərizə versə də, bundan beş gün sonra, yəni 20 oktyabr 2020-ci il tarixdə ərizəsinin etibarsız hesab edilməsi barədə işəgötürənə rəsmi qaydada məlumat verib və həmin müddətdə onun yerinə yeni işçi götürülməyib və vəzifəsi vakant olub. Yəni, işəgötürən Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə iddiaçını rəsmi qaydada yazılı xəbərdar etməyib. Bütün bunlara baxmayaraq işəgötürən iddiaçının xahişini nəzərə almayıb və onu əvvəlki vəzifəsinə bərpa etməyib. Əksinə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun ərizəsində göstərdiyi gün dərhal xitam verib. Halbuki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə görə, işçi xəbərdarlıq müd dəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu müddəa işçinin hüquqlarının üstün tutulmasından və onun iş yerinin dəyişdirilməsi üçün ona qanunvericiliklə müddət verilməsindən ibarətdir. Lakin, işəgötürən iddiaçıya münasibətdə bir təqvim ayı xəbərdarlıq müddətini gözləmədən onunla bağlanmış əmək müqaviləsinə xitam verib. İşəgötürən, bunu iddiaçının ərizəsində 15 oktyabr 2020-ci il tarixdən işdən çıxarılmasını xahiş etməsi ilə əsaslandırsa da, bu zaman Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinin tələblərini nəzərə almayıb. Belə ki, həmin maddədə hansı hallarda bir təqvim ayı xəbərdarlıq müddəti gözlənilmədən işçinin əmək müqaviləsinin ərizəsində göstərdiyi gün ləğv edilə bilməsi sadalanıb. Lakin, iddia çının ərizəsində həmin halların heç biri mövcud deyil, işəgötürən isə qeyd olunan maddənin tələblərini pozaraq ərizəsində göstərdiyi gün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verib və bununla da əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69-cu maddələrində nəzərdə tutulan ləğv edilmə əsaslarını pozub. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 69-cu maddəsinin 1, 2, 4, 5-ci hissələrinin, habelə Əmək Məcəlləsinin 292, 300-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şə ki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Q.Abbasov sədrlik edən, məruzəçi, M.M.Hüseynov və E.Ş.Hüseynov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinin, habelə Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-7-ci hissələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili Cavabdeh2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və vəkili Ruhiyə Kərimli məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Maddənin 2-ci hissəsinin a) bəndinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Maddənin 2-ci hissəsində göstərilir ki, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Maddənin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Maddənin 4-cü hissəsinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu hal da əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Maddənin 5-ci hissəsində göstərilir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Maddənin 7-ci hissəsinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv e tməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiy a instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya ş ikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları və sübutlar üzrə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarının təfsirində səhvə yol verib. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehdə “istilik ölçü cihazları və avtomatika sexinin elektrik stansiyasının avtomatika və ölçmə cihazlarını təmir və xidmət edən elektrik çilingəri” vəzifəsində işləyib və 15 oktyabr 2020-ci ildə işəgötürənin adına ərizə verərək onunla bağlanmış əmək müqaviləsinə 15 oktyabr 2020-ci il tarixdən xitam verilməsini xahiş edib. Bundan sonra, işəgötürənin 15 oktyabr 2020-ci il tarixli, 233/Ş saylı əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 15 oktyabr 2020-ci ildən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən onun öz təşəbbüsü ilə xitam verilib. Əmrin verilməsinə əsas kimi iddiaçının 15 oktyabr 2020-ci il tarixli şəxsi ərizəsi və İstilik ölçü cihazları və avtomatika sexinin rəisi İ.G.Salmanovun razılığı göstərilib. 16 oktyabr 2020-ci ildə əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş elektron informasiya sistemində qeydə alınmaqla imzalanıb. 20 oktyabr 2020-ci ildə iddiaçı teleqramla cavabdehə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair verdiyi ərizənin etibarsız hesab edilərək əmək fəaliyyətinə başlamasına şərait yaradılmasını xahiş edib. Hazırda iddiaçı, işəgötürənin onunla bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 68 və 69-cu maddələrində nəzərdə tutulmuş əsasları və qaydaları pozmaqla xitam verməsini göstərib, işəgötürənin 15 oktyabr 2020-ci il tarixli, 233/Ş saylı əmrinin etibarsız sayılmasını, cavabdehdə “istilik ölçü cihazları və avtomatika sexinin elektrik stansiyasının avtomatika və ölçmə cihazlarını təmir və xidmət edən elektrik çilingəri” vəzifəsinə bərpa edilməsini və ona məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsini iddia edir. Cavabdeh isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun öz təşəbbüsü ilə ərizəsində göstərdiyi gün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən düzgün olaraq xitam verildiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, sözügedən əmək müqaviləsinin iddiaçının deyil, işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi qənaətinə gələrkən, habelə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində sadalanan halların hər hansı biri olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ərizəsində göstərdiyi gün xitam verilməsini əsassız olaraq işəgötürənin yol verdiyi pozuntu kimi qiymətləndirərkən səhv nəticəyə gəlib. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin adından da göründüyü kimi həmin norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir. Hazırki halda da tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəs inin a) bəndinə əsasən məhz iddiaçı özü çıxış edir. Başqa sözlə desək, sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var- işçi və işəgötürən. Əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. Bu mənada, “müqavilənin ləğvi” anlayışı ilə, “müqavilənin ləğvinin rəsmiləşdirilməsi” anlayışlarını eyniləşdirmək olmaz. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 və 3-cü hissələrinin tələblərini səhv təfsir edib və belə qənaətə gəlib ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən hallardan hər hansı biri yoxdursa, onda əmək müqaviləsi işçinin ərizəsində göstərdiyi gün ləğv edilə bilməz və bu halda işəgötürən əmək müqaviləsini ləğv etmək üçün ilk növbədə Əmək Məcəlləsinin 69cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulan 1 aylıq xəbərdarlıq müddətini gözləməlidir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, qanunvericiliyə görə normativ-hüquqi aktın maddəsi hissələri özündə birləşdirən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir və ümumi anlamda “maddənin hissəsi” ifadəsindəki “hissə” sözü ona dəlalət edir ki, o, tamın bir hissəsidir, tamın hissələri isə həmişə bir-biri ilə qarşılıqlı əlaqədə olur. Bu mənada, hər hansı maddənin hissələri düzgün tətbiq edilə bilməsi üçün ayrı-ayrılıqda deyil, hamısı birlikdə tamamlanmış normativ müddəanı əks etdirdiyi üçün bir-biri ilə qarşılıqlı əlaqədə təfsir edilməli və qiymətləndirilməlidir. Əks halda, maddənin bu və ya digər hissəsinin ayrıca və yaxud digər hissələrindən təcrid olunmuş şəkildə təfsiri səhv tətbiqə səbəb ola bilər, hansı ki, hazırki işdə bu hal baş verib. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin əmək müqaviləsini ləğv etmək hüququnun realizəsinin ümumi qaydasını (1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə), 3-cü hissəsi isə bu qaydadan istisnanı (həmin hallardan biri mövcud olduqda) nəzərdə tutur. Yəni, bu hallardan biri olduqda, işçi ümumi qaydadan kənara çıxıb 1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etmədən də, ərizəsində qeyd etdiyi gün əmək müqaviləsinin ləğv edilməsinə dair təşəbbüslə çıxış edə bilər. Sözügedən maddədə işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin istisna qaydasının nə üçün müəyyən edildiyini düzgün başa düşmək üçün ilk növbədə “1 ayın” məqsədi aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsi yalnız işçini d eyil, həm də işəgötürəni qoruyur. Bu halda 1 ayın məqsədi məhz işəgötürənin mənafeyinin müdafiəsidir, yəni işçinin işəgötürəni 1 ay əvvəlcədən xəbərdar etmək vəzifəsi və yalnız müəyyən hallarda bu müddəti gözləmədən müqaviləyə xitam vermək hüququnun olması işəgötürəni müdafiə etmək üçün nəzərdə tutulub. Belə ki, işdən çıxma nəticəsində iş yerində işin normal ahənginin pozulmasının qarşısını almaq üçün işəgötürən yeni işçi tapmalı və ya digər tədbirlər görməlidir, bunun üçün isə işəgötürənə vaxt lazımdır. Bir aylıq müddətin adından da göründüyü kimi, o, xəbərdaredicidir, yəni işçi işəgötürəni xəbərdar edir ki, 1 aydan sonra işləməyəcək, öz mənafeyinin müdafiəsi üçün lazımi tədbir görsün. İşçinin xəbərdarlıq etmədən qəfildən işdən çıxıb getməsi işəgötürənə zərər vurulmasına səbəb ola bilər. Ona görə də, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin üzərinə vəzifə qoyur ki, əgər əmək müqaviləsini ləğv etmək istəyirsə, 1 ay qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməlisən ki, işəgötürənin iş prosesində problemləri yaranmasın. Eyni zamanda, işəgötürəni 1 ay əvvəl xəbərdar etmək işçinin vəzifəsi olduğu halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ona imtiyaz verir və həmin norma bu imtifazdan istifadə olunması əsaslarını müəyyən edir. Yəni, müstəsna hallar olmadıqda, 1 aylıq xəbərdarlıq müddətini gözləmək işçinin vəzifəsi sayılır. İşəgötürənin isə, qanunvericiliyin ona verdiyi hüququndan yararlanmaq və ya yararlanmamaq seçimi var (hətta Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində sadalanmış hallar olmadıqda belə). Əgər işçi həmin hallar olmadı ğı halda, 1 ay gözləmək istəmədiyini bildirirsə və onun müqaviləni bəlli tarixdən ləğv edilməsini işəgötürəndən xahiş edirsə, işçiyə bu şəkildə güzəştə getməsi isə işəgötürən üçün bir problem yaratmırsa, işəgötürən öz hüququndan imtina edərək işçini 1 ay gözləməyə məcbur etməyə də bilər. Bu baxımdan Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulan istisna qayda işəgötürənin 1 aylıq xəbərdarlıq müddəti ilə qorunan mənafeyindən daha mühüm mənafelər mövcud olduğu halda işçinin əmək müqaviləsini ləğv etmək hüququnun ərizəsində göstərilən gün realizə edilməsinə işəgötürən tərəfindən yaradıla biləcək maneələri aradan qaldırmağa xidmət edir. Yəni, daha mühüm mənafe sayılan bu hallardan biri olduqda, işəgötürən işçidən artıq 1 aylıq müddətə əməl etməsini tələb edə bilməz və borcl udur ki, belə hallarda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv etmə faktını rəsmiləşdirsin və bu barədə müvafiq əmr versin. Lakin, bu o, demək deyildir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilmiş hallar olmadıqda əmək müqaviləsi işçinin ərizəsində göstərilən gün ləğv edilə bilməz. İşçi və işəgötürən qarşılıqlı razılıq əsasında xəbərdarlıq müddətinin tətbiqindən imtina edə bilər. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsində göstərilir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Bu qayda həm də o mənanı verir ki, əgər işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstə ribsə (yəni 1 aylıq xəbərdarlıq müddətindən istifadə etmək istəmirsə), işəgötürən isə xəbərdarlıq müddətindən istifadə etmədən ərizəsində göstərilən gündə əmək münasibətlərinin dayandırılmasına razıdırsa, əmək müqaviləsi ərizədə göstərilən gün ləğv edilə bilər. Bu qayda müqavilə münasibətlərinin təbiətindən irəli gəlir. Çünki, müqavilə münasibətləri üçün azadlıq, tərəflərin bərabərliyi və sərbəst iradə ifadəsinə xas olmaqla, əgər müqavilənin hər iki tərəfi onun ləğvi barədə razılaşırsa, qanunda isə əks göstəriş yoxdursa, onların razılığı tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, iddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində təsbit edilən hüquqlarının pozulması qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla da razı laşmır. Belə ki, iddiaçı 20 oktyabr 2020-ci il tarixdə cavabdehə teleqramma ünvanlayaraq işdən çıxarılması barədə ərizəsinin etibarsız sayılmasını xahiş etsə də, onunla bağlanmış əmək müqaviləsinə 15 oktyabr 2020-ci il tarixdən artıq xitam verilmişdir və bu barədə bildiriş isə 16 oktyabr 2020-ci il tarixdə elektron informasiya sistemində qeydə alınıb və imzalanmışdır. Belə olan halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin mənasına görə, əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra, iddiaçının əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə verdiyi ərizəsinin hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi, iddianı təmin etməklə Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərini pozub və həmin maddənin təfsirində səhvə yol verib. Bu isə Mülki Prosessual Məcəllənin 418.1, 418.2-ci maddələrinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəy yən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" MMC kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)-698/2021 saylı qətnaməsi ləğv edilsin, apellyas iya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 15 oktyabr 2020-ci il tarixli, 233/Ş saylı əmrinin etibarsız sayılması, Azərbaycan İstilik Elektrik Stansiyası MMC-də istilik ölçü cihazları və avtomatika sexinin elektrik stansiyasının avtomatika və ölçmə cihazlarını təmir və xidmət edən elektrik çilingəri vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi”barədə iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar