Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3928/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin ötürülməsi) 25.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 19 aprel tarixli, 2(106)388/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi - 72.1 kv.m, yaşayış sahəsi- 43.8 kv.m, köməkçi sahəsi 28.3 kv.m və 6 otaqdan ibarət olan mənzilində (bundan sonra - mübahisəli mənzil) yalnız pasport qeydiyyatında olan və 2019-cu ildən etibarən Bakı şəhərində yaşayan cavabdehlər Cavabdeh1 və onun qızı Cavabdeh2 mənzildən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh1 mənzildə yerləşən cehiz əşyalarının məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(020)741/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Nurullayev) iddia təmin edilmişdir.
3. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiy asının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-388/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.Mayılov (sədrlik edən və məruzəçi), T.Heydərov və İ.Əsədov) apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş və iddia rədd edilmişdir.
4. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(106)-388/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya şikayətində iddiaçı işdəki prosessual vəziyyətini düzgün göstərməmiş, kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş və qanuna müvafiq qaydada elektron imza vasitəsilə imzalanmamışdır.
7. İddiaçı kassasiya şikayətindəki nöqsanları aradan qaldıraraq yenidən tərtib olunmuş şikayətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)
8. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
9. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
10. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
11. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-də nəzərdə tutulmuş tələblərə cavab vermir.
13. Belə ki, barəsində şikayət verilən qətnamə 19 aprel 2023-cü il tarixində qəbul edilmiş, 9 may 2023-cü il tarixində iddiaçı tərəfindən “poçt göndərişinin verilməsi haqqında” qəbzə imza edilərək qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sonuncu kassasiya şikayəti 3 avqust 2023-cü il tarixində, yəni qanunvericiliyə əsasən kassasiya şikayəti vermə müddətini ötürməklə verilmiş və şikayətə buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizə əlavə edilməmişdir.
14. MPM-ə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər (maddə 405.0.1). Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (maddə 408.1.4). İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir (maddə 404-1.2).
15. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
16. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı MPM-in 405.0.1-ci maddəsində nəzərdə tutulan 2 aylıq kassasiya şikayəti vermə müddətini ötürdüyündən, həmçinin buraxılmış müddətin bərpası barədə vəsatət vermədiyindən kassasiya şikayəti qeyrimümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
17. Qeyd olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-388/2023 nömrəli, 2023-cü il 19 aprel tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.