Məhkəmə qərarları › İş №2(102)-3950/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3950/2022

10.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3950/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 X1 Mingəçevir Sukanalı İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrinin ləğvi, müddətsiz əmək müqaviləsi bağlanmaqla, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-nin X2 MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı “işəgötürənin 02 iyun 2021-ci il tarixli, 66-K sayl ı əmrinin ləğv edilməsi, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-469/2022 nömrəli mülki iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları

1. İddiaçının adına olan Əmək kitabçasının sürətindən görünür ki, 6 avqust 1954-cü il təvəllüdlü İddiaçı 05 mart 1979-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Mingəçevir Sukanal idarəsində çalışmışdır. 2. 61 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı su kəmərlərinin, nasos stansiyalarının istismarı və qəza-bə rpa sahəsinə mühəndis vəzifəsinə təyin edilmiş, bu barədə işəgötürənlə müddətsiz əmək müqaviləsi bağlanmışdır.

3. İddiaçı “Mingəçevir Sukanal” İdarəsinin 02 sentyabr 2019-cu ildən Rəhbərlik yanında aparatın 10-cu dərəcə əməyin ödənilməsi dərəcəsi ilə əməyin təşkili üzrə mühəndis vəzifəsinə təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh işəgötürənin 30 avqust 2019-cu il tarixli 27-k №-li “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrindən görünür ki, İddiaçı- Rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndisi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işə götürənlə əmək müqaviləsi bağlandığına görə xx.xx.2019-cu il tarixdən ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 19 təqvim günü pul əvəzi ödənilməsi qərara alınmışdır.

5. Cavabdeh işəgötürənin 465 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı 02 sentyabr 2019-cu il tarixindən 02 dekabr 2019-cu il tarixinədək 3 (üç) ay müddətinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinə 10-cu dərəcə ilə əməyin təşkili üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir.

6. Cavabdeh işəgötürənin 02 sentyabr 2019-cu il tarixli 311-k №-li “Əmək müqaviləsinin bağlanması haqqında” əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən 10-cu dərəcə ilə "xxxx" ASC-nin "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Rəhbərlik yanında aparatına əməyin təşkili üzrə mühəndis və zifəsinə təyin edilmişdir.

7. Cavabdeh işəgötürənin 02 iyun 2021-ci il tarixli 66-k №-li “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, İddiaçı- Rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndisi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdən xitam verilməsi və xx.xx.2020-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 23 təqvim günü pul əvəzi ödənilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASCnin X2 MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinin 66-K sayl ı 02 iyun 2021-ci il tarixli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Sukanal idarəsinə Rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndis vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Neft və Kimya İnstitutunu mühəndis-elektrik ixtisası üzrə bitirməklə ali təhsilli mütəxəssisdir. 1978-ci ilin sentyabr ayında əmək fəaliyyətinə başlamışdır. Ayrı-ayrı sahələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Bundan əvvəlki son işi yeri olan Mingəçevir kanalizasiya təsərrüfatı idarəsi ləğv edildikdən sonra 07 yanvar 2002-ci il tarixdən cavabdeh təşkilatda kanalizasiya təsərrüfatının rəhbəri vəzifəsinə işə qəbul olunmuş, 2009-cu ilin may ayında texnik i şöbəyə, 2011-ci ilin iyun ayında isə su kəmərlərinin, nasos stansiyalarının istismarı və qəza-bərpa sahəsinə mühəndis vəzifələrinə keçirilməklə, işdən azad edilənədək fasiləsiz olaraq eyni iş sahəsində çalışmışdır. Həmin iş sahələrinin hamısı əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə əsasən daimi xarakterli olmuş, müddətsiz əmək müqaviləsinə əsasən işləmişdir. Lakin 2019-cu ilin sentyabr ayında bütün müəssisə çalışanlarına, o cümlədən ona gözlənilmədən işəgötürən tərəfdən təklif olundu ki, işdən çıxma ərizələri yazsınlar, sonra müddətli müqavilə əsasında yenidən işə qəbul olunacaqlar. Əks təqdirdə, təklif olunan şərti yerinə yetirməyənlər birdəfəlik işdən azad olunacaqlar. 17 ildən artıq müddətdə işlədiyi və yeganə gəlir mənbəyi olan işini itirməmək xətrinə işəgötürənlə razılaşmaq məcburiyyətində qalmışdır. Beləliklə, xx.xx.2019-cu il tarixli, 311-K saylı əmrə əsasən, onunla işəgötürən arasında 465 saylı 3 (üç) ay müddətinə əmək müqaviləsi imzalandı və o həmin tarixdən 10-cu dərəcə ilə "xxxx" ASC-nin “X2” MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndis vəzifəsində fəaliyyətini davam etdirmişdir. Qeyd edir ki, onunla yalnız bir dəfə 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış, bundan sonra aralarında heç bir yazılı razılaşma və ya əmək müqaviləsinə dəyişiklik olunmamışdır. Tamamilə qanunsuz və əsassız hesab etdiyi işəgötürənin 66-K saylı, 02 iyun 2021-ci il tarixli əmrinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 73-cü maddəsinin birinci bəndinə əsasən xitam verilmişdir. Əvvəla o, cavabdeh təşkilatda 2002-ci ildən fasiləsiz və etirazsız olaraq müxtəlif vəzifələrdə, 2011-ci ildən isə mühəndis olaraq 20 ilə yaxın müddət ərzində işləmişdir. İşlədiyi müddət ərzində barəsində işiylə bağlı heç bir intizam tənbeh tədbiri görülməmişdir. Öhdəsində heç bir yerdə işləməyən həyat yoldaşı və digər ailə üzvləri vardır. Onunla cavabdeh təşkilat arasında yalnız bir dəfə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən işin birinci 3 (üç) ayı sınaq müddəti hesab edilmişdir. Belə çıxır ki, onunla sınaq müddətinə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin, o cümlədən işçinin (yəni onun) sonrakı taleyi açıq qalmışdır. Maraqlıdır ki, 2002-ci ildən cavabdeh təşkilatda rəhbər vəzifələrdə uzun müddət çalışdıqdan sonra 2019-cu ilin sentyabr ayında onunla yalnız sınaq müddəti ərzində müddətli əmək müqaviləsi b ağlamışdır. O, qeyd edilən əsaslarla sınaqdan çıxmış hesab olunur və onunla bağlanmış 3 aylıq müddətli əmək müqaviləsi əhəmiyyətini itirmişdir. Bu cəhətdən o, cavabdeh təşkilatda faktiki olaraq 2 (iki) ilə yaxın müddətsiz işləmişdir. O, yaşayış təminatı kimi konstitusion xarakterli əmək hüququnun bərpası üçün, ailə üzvlərinin yeganə dolaşıq və qazanc mənbəyindən tamamilə məhrum edilməsi naminə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

10. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazı belə əsaslandırmışdır ki, iddia ərizəsini əsassız hesab edir. Nazirlər Kabinetinin 12 oktyabr 2016-cı il tarixli, 410 saylı, 29 iyul 2019-cu il tarixli 328 saylı Qərarları "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli, 467 saylı əmri ilə "xxxx" ASC-nin tabe idarələrində struktur dəyişikliyi ol muşdur. Qərarın icrası ilə əlaqədar digər Sukanal İdarələrinin işçiləri, o cümlədən Mingəçevir Sukanal İdarəsinin işçilərinin əmək müqaviləsinə xitam verilmiş və yeni əmək müqaviləsi bağlanmaqla yenidən işə qəbul olunmuşlar. İddiaçıla xx.xx.2011 -ci ildə 61 saylı əmək müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixində İddiaçı ərizə yazaraq əmək müqaviləsinin 30 avqust 2019-cu il ləğv olunmasını xahiş etmişdir. Ərizə həmin gün qeydiyyata alınmış və bu barədə Mingəçevir Sukanal İdarəsinin 30 avqust 2019-cu il tarixli, 27-k saylı əmrinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Elektron informasiya sistemində “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” xx.xx.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır. İddiaçı xx. xx.2019-cu il tarixində xx.xx.2019-cu il tarixində Rəhbərlik yanında aparata əməyin təşkili üzrə mühəndisi vəzifəsinə təyin olunması barədə ərizə yazmışdır. Ərizə həmin gün qeydiyyata alınmış və bu barədə Mingəçevir Sukanal İdarəsinin 02 sentyabr 2019-cu il tarixli, 311-k saylı əmrinə əsasən əmək müqaviləsi bağlanmışdır. Elektron informasiya sistemində “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” xx.xx.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır. Həmin əsaslara görə İddiaçıla 465 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci bəndinin 2.3-cü hissəsində 3 aylıq müddətə bağlanması qeyd olunmuşdur. Əmək müqaviləsinin sonuncu səhifəsində “Əmək müqaviləsinin bir nüsxəsi mənə təqdim olundu” hissəsinə i mza etməklə əmək müqaviləsinin bir nüxsəsini almağını təsdiq etmişdir. Mingəçevir Sukanal İdarəsi 24 may 2021-ci il tarixində İddiaçı “əmək müqaviləsinin müddətinin bitməsi” ilə əlaqədar əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən xitam verilməsi barədə xəbərdarlıq məktubu almaqdan imtina etmiş, bu barədə akt tərtib olunmuşdur. Xəbərdarlıq məktubu işçinin ünvanına poçt vasitəsilə göndərilmişdir. Mingəçevir Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 66-k saylı əmri ilə əmək müqaviləsinə xitam verilmiş və həmin gün əmr əmək kitabçası ilə birlikdə İddiaçı təqdim olunmuşdur. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə tam uyğun olmuşdur.

11. Cavabdehin nümayəndəsi etirazında daha sonra göstərmişdir ki, iddiaçı müddətli əmək müqaviləsinin surətini 02 se ntyabr 2019-cu il tarixdə almış, xx.xx.2019-cu ildə əmək müqaviləsinə dəyişikliyə imza etməklə qəbul etmiş, həmin vaxtdan uzun müdət keçməsinə baxmayaraq 3 aylıq müqavilə bağlanmasını məhkəmə qaydasında mübahisələndirməmiş, bununla da ƏM-nin 296-cı maddəsində göstərilən müddətləri ötürmüşdür.

12. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 05 avqust 2021-cı il tarixli, 2(051)-1423/2021 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" ASC-nin X2 MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinin 66-K saylı 02 iyun 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Sukanal idarəsinə rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndis vəzifəsinə bərpa olunması, İddiaçı 02 iyun 2021-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günl ər üçün əmək haqqının hesablanıb ödənilməsi qət olunmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi Rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndis vəzifəsi daimi xarakterlidir, İddiaçı uzun müddət həmin vəzifədə işləmişdi, hal-hazırda da həmin vəzifə ixtisar olunmamışdır. Göstərilən hallar işəgötürənə əvvəlcədən məlum idi. Lakin buna baxmayaraq Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan əsaslar olmadan iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamaqla Mingəçevir Sukanal idarəsinin rəisi əmək qanunvericiliyinin tələblərini pozmuşdur. İddiaçının vəzifəsinin daimi xarakterli olması nəzərə alındıqda onunla olan əmək müqaviləsinə müddətin qurtarması ilə xitam verilməsi üçün də əsaslar olmamış, işəgötürənin bu barədə olan əmri qanunsuz verilmişdi r.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi, 14-cü, 43-cü maddəsinin 3-cü hissəsi, 45-ci maddəsinin 4-cü və 5-ci hissələri, 292, 300-cü maddələri, MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddətli əmək müqaviləsində tərəflər müqavilə bağlayarkən əmək münasibətlərinin müddətli xarakter daşıdığını əvvəlcədən bildiyindən əlavə olaraq hər hansı xəbərdarlığın edilməsi nəzərdə tutulmur. Müqavilə müddəti bitdikdən sonra bir həftəlik müddət ərzində də əmək müqaviləsinə xitam verilə bilər. İddiaçı öz razılığı ilə işəgötürənlə müddətli əmək m üqaviləsi bağlamış, əmək müqaviləsinin surətini alması barədə həmin müqavilədə qeydiyyat aparmışdır. Yəni onun əmək müqaviləsinin müddətli bağlanmasından məlumatı olmuşdur və müddətli əmək müqaviləsi bağlamağa iddiaçını heç kim məcbur etməmişdir. Müddətli əmək müqaviləsi bağladıqdan sonra əmək münasibətlərini davam etdirdiyindən buna işçinin heç bir narazılığı olmamışdır. İşçinin hər hansı hüququnun pozulduğu hazırda iddia edilə bilməz. Hazırkı əmrdən isə narazı olan işçiyə bildirilir ki, müddətli əmək müqaviləsində müddətin qurtarması ilə bağlı verilmiş əmr əmək qanunvericiliyinə əməl olunmaqla icra edilmişdir. Belə ki, qanunla nəzərdə tutulmuş müddətdə işçiyə xəbərdarlıq olunmuş və bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun iddiaçıya çatdırılmışdır. İşçinin iradəsi əleyhinə işəg ötürən tərəfindən heç bir qanunsuz addım atılmamışdır. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə göstərilən halları nəzərə almamış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmişdir.

17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-469/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin ape llyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 05 avqust 2021-cı il tarixli, 2(051)-1423/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətini iddiaçının işdən çıxma barədə yazmış olduğu ərizənin öz iradə ifadəsi ilə yazı ldığını əsaslandırmağa çalışmaqla, əsaslandırdığı xüsusatların sübut kimi qəbul edilməli olduğu göstərmişdir. Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olara q işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.

20. Məhkəmə daha sonra hesab etmişdir ki, 20 ilə yaxın müddətdə eyni müəssisədə, bunun 10 ilini isə sonncu vəzifədə çalışmış işçinin öz ərizəsinə əsasən işdən azad edib 2 gün sonra eyni vəzifəyə təyin olunmasının 3 ay müddətnə müəyən edilməsi, həmin müddətin də sınaq müddəti kimi nəzərdə tutulması əmək qanunvericiliyinin tələblərinə uyğun hesab oluna bilməz. İddiaçının tutduğu vəzifənin daimi xarakter daşıması da nəzərə alınmaqla onunla bağlanmış əmək müqaviləsi daimi xarakterlidir. Müvafiq olaraq müddətin qurtarması ilə əmək müqaviləsinə xitam verilməsi də qanunsuz sayılmalıdır.

21. İddiaçının Əmək Məcəlləsinin 296.2-ci maddəsində göstərilən müddətləri ötürmüsəi barədə apellyasiya şikayətinin dəlili ilə əlaqədar apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı onunla bağlanmış 02 sentyabr 2019-cu il tarixli əmək müqaviləsi və həmin vaxt vəzifəyə təyin olunmasına dair işəgötürənin əmrini deyil, əmək müqaviləsinə xitam verilməsi barədə 02 iyun 2021-ci il tarixli əmri mübahisələndirmiş və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələb etmişdir, həmin tələblərlə üzrə məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş müddətləri ötürməmişdir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3cü, 9-cü, 12.1-ci, 45-ci, 47-ci, 51-ci, 68-ci, 69-cu, 70-ci və 73-cü, Mülki Prosessual Məcəlləsinin 14-cü, 77-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-469/2022-007 saylı,15 mart 2022-ci il tarixli qətnaməsini ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı öz razılığı ilə işəgötürənlə müddətli əmək müqaviləsi bağlamış, əmək müqaviləsinin surətini alması barədə həmin müqavilədə qeydiyyat aparmışdır. Yəni o, əmək müqaviləsinin müddətli bağlanmasından məlumatı olmuşdur, müddətli əmək müqaviləsi bağlamağa iddiaçını heç kim məcbur etməmişdir. Müddətli əmək müqaviləsi bağladıqdan sonra əmək münasibətlərini davam etdirməsi də əsas verir ki, müqavilənin müddətli bağlanmasından işçinin heç bir narazılığı olmamışdır. Müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı isə işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam əməl olunmuşd ur. Əmək müqaviləsinin müddətli olmasından xəbərdar olmadığını iddia edən İddiaçı bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. O, məhkəməyə iddia ərizəsi təqdim etməklə kifayətlənmiş, iddia etdiyi halları təsdiq edəcək hər hansı sübut göstərməmişdir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qanunun bu tələbi məhkəmə tərəfindən pozularaq düzgün qiymət verməmişdir. Məhkəmə işə birtərəfli qaydada baxaraq iddiaçının ali təhsilli olduğunu, uzun müddət həmin müəssisədə işlədiyini əsas gət irərək, işdən çıxarılmasını qanunsuz hesab etmişdir. Halbuki, Əmək qanunvericiliyində belə bir göstəriş yoxdur. Məhkəməyə lazım gəlirdi ki, iddiaçının ali təhsilli olduğunu, uzun müddət müəssisədə işlədiyini nəzərə alıb onunla bağlanmış əmək müqaviləsinin müddətli olmasını bilməyə bilməzdi kimi qiymətləndirərdi. Eləcə də məhkəməyə müraciətlə bağlı iddia müddətini bir il müddətində üzrsüz səbəbdən buraxmazdı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən verilmiş etiraz daxil olmuşdur. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 15 mart 2022-ci il tarixli, 2(107)469/2022 saylı qətnaməsini dəyişiklik edilmədən, cavabdehin kassasiya şikayətini təmin etmədən saxlanması barədə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azər baycan Respublikasının Əmək Məcəlləsi

26. Maddə 3.2. İşçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.

27. Maddə 9-un “q” bəndi.,Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır.

28. Maddə 12. 1-ci hissənin “b” bəndi. Həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur.

29. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilm ədən bağlanmalıdır.

30. Maddə

47. Bənd “f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

31. Maddə 68.1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

32. Maddə

51. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.

33. Maddə 68.2. bənd “b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır.

34. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

35. Maddə 296. 2-ci bənd. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

36. Maddə 300. 1-ci bənd. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 3

40. Maddə 72.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-469/2022 nömrəli mülki iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar