Məhkəmə qərarları › İş №2(102)-3962/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3962/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3962/2021 05.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 Cavabdeh qarşı iddia tələbinə dair QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçı X3 və vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-250/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında aç ıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat X7 (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7.000 manat borc pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın, cəmi 7.030 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağcabədi şəhərində yaşayır. Tanıdığı və münasibətdə olduğu cavabdehə 10 fevral 2020-ci il tarixdə 7.000 manat borc pul vermişdir. Həmin pulu cavabdehə şəxsən vermiş və borc müqaviləsinə qol çəkmişdir. Dəfələrlə pulunu istəsə də, cavabdeh pulu qaytarmaq istəmir, ona yalan vədlər verir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddiaçıdan 7.000 pul almamışdır. O, X2 faizə 1.000 manat pul götürmüş və onlar tərəfindən tərtib olunmuş 7.000 manatlıq borc müqaviləsinə imza etmişdir. Ona bildirilmişdir ki, pulu ödədiyi halda həmin borc müqaviləsi məhv ediləcəkdir. Aldığı 1.000 manat pulun 500 manatını 13.03.2020-ci il tarixdə Ağcabədi rayonunda xxxxxxxxx qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, cavabdehin ərizəsində yazdıqları yalandır. Cavabdeh 7.000 manat pulu onun yanında almış və həmin borc puldan heç nə qaytarmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş 10.02.2020-ci il tarixli yazılı borc müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan 7.000 manat pul almışdır. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra – birinci in stansiya məhkəməsi) 2(020)-839/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddia təmin edilmiş, cavabdehdən 7.000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 7.030 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi şahid ifadəsinə, borc müqaviləsinə istinad edərək hesab etmişdir ki, iddia təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini onunla əsasla ndırmışdır ki, iddiaçıdan 7.000 manat pul almamışdır. Aralarında baş vermiş danışıq və razılaşma nəticəsində iddiaçıdan 1.000 manat pulu 2020-ci ilin fevral ayında faizə almışdır. Lakin iddiaçı ona bir vərəq göstərərək 7.000 manat borc yazdığını bildirmiş, o, iddiaçıdan, 1.000 manat götürdüyünü, hansı səbəbdən 7.000 manat yazıldığını soruşmuş, iddiaçı onu aldadaraq, narahat olmamasını, 1.000 manat pulu qaytaranda bu vərəqi cırıb atacağını bildirmişdir. 2020-ci ilin mart ayında iddiaçıya olan 1.000 manat borcundan 500 manatını qaytarmışdır. Lakin may, iyun aylarında maddi imkanı ağır olduğu üçün iddiaçıya qalan 500 manatı qaytara bilməmişdir. İddiaçı bundan istifadə edərək ona qarşı dələduzluq edərək tərtib etdiyi borc müqaviləsi əsasında ondan artıq 6.000 manat pul almaq istəmişdir. Onun b u hərəkətləri cinayətdir. Çünki, iddiaçı onunla Notariat Kontorunda, bankda borc müqaviləsi bağlamayıb, dövlət rüsumu ödəməyib, ona 7.000 manat pul verməyib. Bu barədə nə bankın, nə də Notariat Kontorunun heç bir sənədi yoxdur. Çünki ortada 7.000 manat pul deyil, 1.000 manat pul olmuşdur. Bundan başqa o, hərbi qulluqçudur, komandanlığın razılığı olmadan xidmət yerini özbaşına tərk edə bilməz. Məhkəmədən ona bildiriş göndərilməmiş və bu səbəbdən də, məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İddiaçı onunla xidmət etmiş onlarla hərbi qulluqçunu bu qaydada şantaj edərək 1.000 manatın yerinə 7.000 manat, 3.000 manatın yerinə 12.000 manat müqavilə bağlayaraq onları da bu qaydada incitmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəmə si) 2(106)-250/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, cavabdehdən 1.000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1.030 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətinin mahiyyətini düzgün müəyyən etməmiş və nəticədə düzgün olmayan, qeyri-obyektiv nəticəyə gəlmişdir. Məhkəmə g əldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri, yəni cavabdehə 10 fevral 2020-ci il tarixdə 20 gün müddətinə qaytarmaq şərti ilə 7.000 manat borc verməsi yalan olmaqla həqiqəti əks etdirmir. Belə ki, qısa müddətə qaytarmaq şərti ilə həmin məbləğdə borcun iddiaçı tərəfindən cavabdehə verilməsi inandırıcı deyildir. Çünki iddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdehi yaxından tanıdığını göstərsə də, onunla yaxın münasibətləri olmamış, cavabdeh pula ehtiyacı olan, Beyləqan rayonunun ərazisindəki hərbi hissədə hərbi xidmətdə olan hərbiçilərdən biri olmuşdur ki, iddiaçının tanımadığı şəxsə notariat qaydada təsdiq edilmiş müqavilə olmadan 20 gün müddətinə qaytarmaq şərti ilə 7.000 manat pul verməsi ağlabatan deyildir. İddiaçı cavabdehin soyad, ad və atasının adını formal olaraq tərtib etdiyi “borc müqaviləsi”ndən xatırlasa da, cavabdeh iddiaçının soyad, ad və atasını xatırlamadığından, birinci instansiya məhkəməsinə ünvanladığı etirazında iddiaçını X1 göstərmişdir. Bu hal da özlüyündə iddiaçı ilə cavabdehin bir-birilərini yaxından tanımadıqlarını təsdiq edir. Məhkəmə göstərmişdir ki, iddiaçının tələbinin inandırıcı olmasını təsdiq edən əlavə sübut kimi şahid X4 məhkəməyə dəvət etməsi, onun özünün cavabdehlə aralarında bağlanmış “borc müqaviləsi”nə şübhə ilə yanaşmasını təsdiq edir. Birinci instansiya məhkəməsi isə X4 şahid qismində dindirsə də, şahidin iddiaçı ilə nə kimi bağlılığının olmasını, verdiyi ifadədə göstərdikləri ilə bağlı halların həqiqətə uyğun olub-olmamasını, nə səbəbdən cavabdehin etira zında borcunu X5 qaytarmasını göstərməsini aydınlaşdırmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 işdə maraqlı şəxs olmuşdur. Odur ki, onun ifadəsi mötəbər sübut deyildir. Məhkəmə, iddiaçının iddia tələbini və izahatında göstərdiklərini, habelə onun məhkəməyə təqdim etdiyi “borc müqaviləsi”ni sübut kimi qəbul etməmiş, cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı etirazında və apellyasiya şikayətində göstərdiklərini, yəni iddiaçıdan 7.000 manat məbləğində pul almaması, iddiaçıdan 1.000 manat faizə pul götürməsi barədə göstərdiklərini inandırıcı hesab etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi həmin məbləğdə təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 329.1, 331.1, 386.1, 389.1, 399.1, 73 9.1, 740.1, 740.2-cı, MPM-in 8.1, 9.1, 9.2, 14.2, 77.1, 88, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və onlara iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri etirazın dəlilləri, məhkəmə icraatı İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməmişdir. Kassator göstərmişdir ki, cavabdeh hərbi qulluqçu olduğuna görə ona inanıb 7.000 manat pul vermişdir. Cavabdeh ona başqa şəxsə borcu olduğunu bil dirmiş, təcili pul istəmişdir. Cavabdeh ona bildirmişdir ki, bankdan pul götürüb borcunu qaytaracaqdır. Hərbiçilərin maaşının yüksək olduğunu, bankların onlara kredit verdiyini bildiyindən, pulu cavabdehə vermişdir. Məhkəmə cavabdehin öz xətti ilə yazdığı qəbzə əhəmiyyət verməmiş və iddia tələbini onun izahatı əsasında qismən təmin etmişdir. Əgər qəbz onun tərəfindən yazılmamışdırsa, məhkəmə ekspertiza təyin etməli idi. Əgər qəbz cavabdehə zor tətbiq etməklə, yaxud da aldatma nəticəsində ona imzalatdırılmışdırsa, o zaman cavabdeh ondan şikayət edə bilərdi. Məhkəmə isə qeyd olunanları araşdırmamış, cavabdehin izahatını mötəbər sübut kimi qəbul etmiş və onun mənafeyinə və maraqlarına zidd qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin əsası kimi MPM-in 77, 88, 106-cı maddələrinə istinad olunm uşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktından yalnız iddiaçı kassasiya şikayəti verdiyindən həmin məhkəmə aktı iddianın təmin edilməyən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülki yyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740-cı maddə). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: İddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-250/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar