Məhkəmə qərarları › İş №2(102)-4007/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4007/2021

30.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4007/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: istifadə hüququ olmayan hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-991/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi dövlət qeydiyyatında olmamaqla özbaşına tikilidir. Həmin evdə İddiaçı qeydiyyatda olmaqla yaşayır. Göstərilən evdə eyni zamanda Cavabdeh qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona ömürlük qulluq edəcəyini vəd etdiyi üçün evinə buraxıb qeydiyyata aldırmasını, cavabdehin anasının ağır xəstə olduğu dövrdə bir müddət ona qulluq göstərsə də, hazırda nə onun, nə də qızının ona heç bir qayğı göstərməmələrini və öldürəcəkləri ilə onu hədələmələrini, cavabdehin evə olan qeydiyyatının onun hüququnu pozmasını və s. əsas göstərməklə Cavabdeh evə istifadə hüququnun olmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4529/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: M.Ə.Rüstəmli) iddia təmin edilərək Cavabdeh N saylı yaşayış evinə istifadə hüququnun olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək iddiaçının ağır xəstə olmaqla onun xahişi əsasında ona anası ilə birlikdə qulluq göstərməsini və eləcə də keçirtdiyi iki əməliyyatın xərcini ödəmələrini, evin özbaşına tikili olmaqla iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququna malik olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-991/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4529/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmiş, şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiy asının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağış lamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan, ko llegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (180.1) Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəy ə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. (180.2) Müəyyən olunduğu kimi mübahisəli yaşayış sahəsi müvafiq icazələr alınmadan inşa edilməklə özbaşına tikilidir. Lakin tərəflərin izahatlarından göründüyü kimi, ağır xəstə vəziyyətində olan iddiaçı həmin sahədən uzun müddətdir ki, yeganə yaşayış vasitəsi kimi istifadə edir. Cavabdeh xəstə vəziyyətində olan iddiaçıya qulluq göstərmək üçün həmin mənzildə müəyyən müddət ərzində yaşaması həmin yaşayış sahəsinə istifadə hüququnun yaranmasına səbəb olmamışdır. Cavabdeh mübahisəli evə istifadə hüququ olmayan şəxs olduğundan məhkəmə iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətn amənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-991/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar