Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4018/2020 12.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlərdən 16930 ABŞ dolları məbləğində borcun, əldən çıxmış fayda kimi 2000 manat, mə nəvi zərər kimi 3000 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Misirzadə) xx xxxxxx 2018-ci il tarixli, 2(011)-8685/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 15000 (on beş min) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı məbləğində pulun müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sərlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13188/19 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilm iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət dilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin öhdəliklərini yazılı şəkildə etiraf edərək üzərlərinə götürmələrinə və ondan borca pul götürmələrini məhkəmədə təsdiq etmələrinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozmaqla qətnamə çıxarmışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili x kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədikləri üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Cavabdeh1 və X2 tərəfindən yazılmış və notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, onlar xx.xx.2014-cü il tarixdə avtomobil almaq üçün İddiaçı 13000 ABŞ dolları məbləğində borc pul almışlar. İddiaçı pulu “xxxx” QSC-dən kredit götürmüşdür. Onlar həmin pulu İddiaçı adına 18 ay müddətinə hər ay 885 ABŞ dolları olmaqla “xxxx” QSC-yə ödəməyi öhdələrinə götürürlər. Cavabdeh1 və X2 tərəfindən yazılmış əlyazma qəbzdən görünür ki, onlar xx.xx.2015ci il tarixdə Məmmədov Mehman Yusif oğlundan bir ay müddətinə qaytarmaq şərti ilə 1000 ABŞ dolları məbləğində borc pul almışlar. Cavabdeh1 və X2 tərəfindən yazılmış xx.xx.2015-ci il tarixli əlyazma qəbzdən görünür ki, onlar xx.xx.2015-ci il tarixdə İddiaçı bir ay müddətinə qaytarmaq şərti ilə1000 ABŞ dolları məbləğində borc pul almışlar. “xxxx” QSC-dən İddiaçı ünvanlanmış 1038 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, onun xx.xx.2014-cü il tarixdə götürdüyü 15000 ABŞ dolları məbləğli kreditiniz tam ödənmişdir, hazırda heç bir borcu yoxdur. Xətai RPİ İŞ-nin müstəntiqi İ.Həbibzadənin “cinayət işinin başlanmasının rıdd edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarından məlum olur ki, Cavabdeh2 İddiaçı barəsində onlara maşın satmaq adı ilə 7100 ABŞ dolları məbləğində pul vəsaitini aldadaraq ələ keçirməsinə dair şikayətinə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanması məsələnin mülki xarakterli olması səbəbindən, rədd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 şikayətinə münasibətdə tam yoxlayaraq aşağıdakı qənaətə gəlmişdir: “İddiaçı iddia edir ki, o, cavabdehlərə 13000 bir, 1000 bir və 1000 ABŞ dolları da bir olmaqla üç dəfəyə cəmi 15000 ABŞ dolları borc vermiş, lakin cavabdehlər öhdəliklərini icra etməmiş, aldıqları borcu qaytarmamışlar. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. İddiaçı sübut kimi məhkəməyə Cavabdeh1 və X2 tərəfindən yazılmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2014-cü il tarixli ərizəni, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli qəbzləri təqdim etmişdir. Cavabdehlər iddiaya qarşı etiraz edirlər və etirazlarını konkret dəlillərlə əsaslandırmışlar. İddiaçı, cavabdehlərin iddiaya etirazlarında irəli sürdükləri dəlillərlə (halları) mübahisələndirməmiş, onları təkzib etməmişdir. Cav abdehlərin xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, onlar xx.xx.2014-cü il tarixdə avtomobil almaq üçün İddiaçı 13000 ABŞ dolları məbləğində borc pul almışlar. İddiaçı pulu “xxxx” QSC-dən kredit götürmüşdür, onlar həmin pulu İddiaçı adına 18 ay müddətinə hər ay 885 ABŞ dolları olmaqla “xxxx” QSC-yə ödəməyi öhdələrinə götürürlər. Həmin yazılı sübutun mətninə diqqət yetirdikdə məlum olur ki, o, əslində cavabdehlərin etirazının əsaslılığını təsdiq edir. Çünki cavabdehlər bildirirlər ki, onlar iddiaçıdan 2014-cü ilin oktyabr ayında nisyə (hissə-hissə) ödəmək şərti ilə 13000 ABŞ dollarına avtomobil almışlar və aldıqları avtomobillə bağlı ödəmələri iddiaçının banka olan borcuna görə hər ay 885 ABŞ dolları ödəyəcəkləri barədə razılığa gəlmişlər və həmi razılaşmaya əsasən cavabdehin əvəzin dən onun banka borcundan 5100 ABŞ dolları ödənişlər etmişlər. Məhkəmə kollegiyasında aparılan araşdırmalar zamanı həmin ərizəyə istinad edən iddiaçının nümayəndəsi banka böyük məbləğdə borcu olan iddiaçının maşın satdığı şəxsə, həm də maşının qiyməti həcmində -13000 ABŞ dolları borc verməsinin, eləcə də əvvəllər aldıqları böyük məbləğdə borcu vaxtında qaytarmayan cavabdehlərə sonradan yenidən iki dəfə əlavə borc verməsinin səbəbləri ilə bağlı verilən sualları ağlabatan şəkildə cavablandıra bilmədi. Eyni zamanda, iddiaçı məhkəməyə təqdim etdiyi yazılı ərizəqəbzlərə istinadən tələb etdiyi pulun həqiqətən də cavabdehlərə verilməsinə dair də məhkəməyə sübut təqdim edə bilməmişdir.” Apelyasiya instansiyası məhkəməsi gəldiyi qənaətin hüquqi əsası kimi Mülki Məcəllənin 324.1, 324.2, 329.1, 329.2, 331.1, 404.1-ci və 404.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Hazırkı işin hallarından görünür ki, tərəflər öz aralarında olan öhdəlikləri üç dəfə tərtib edilmiş borcun etirafına dair sənədlərlə rəsmiləşdirmişlər. Birinci dəfə xx.xx.2014-cü il tarixdə Cavabdeh 1 və xnotariat qaydasında təsdiq edilmiş ərizədə qeyd etmişlər ki, avtomobil almaq üçün İddiaçı 13000 ABŞ dolları məbləğində borc pul almışlar, İddiaçı pulu “xxxx” QSC-dən kredit götürmüş və onlar həmin pulu sonuncunun adına 18 ay müddətinə, hər ay 885 ABŞ dolları olmaqla “xxxx” QSC-yə ödəməyi öhdələrinə götürürlər. İkinci dəfə xx.xx.2015-ci il tarixdə, üçüncü dəfə isə xx.xx.2015-ci il tarixdə Cavabdeh1 və xqaytarmaq şərti ilə İddiaçı hər dəfəsində 1000 ABŞ dolları məbləğində borc pul aldıqlarını əlyazma qəbzlərlə təsdiqləmişlər. Göründüyü kimi cavabdehlərin 13000 ABŞ dolları məbləğində borcu tanımaları notarial qaydada, ayrı-ayrı vaxtlarda hər dəfə 1000 ABŞ dolları olmaqla, əlavə 2000 ABŞ dolları borcu etiraf etmələri isə sadə yazılı şəkildə rəsmiləşdirilmişdir. Həmin öhdəliklərin yaranma əsasları ilə bağlı hər hansı məcburi forma şərti pozulmadığından sözügedən borc sənədləri etibarlı sayılır. Beləliklə, cavabdehlərin borcun tanınmasına və etirafına dair yazılı sənədlərdə ödəyəcəkləri pulu və müddəti təsdiq etmələri, iddiaçını cavabdehlərlə arasında etibarlı borc münasibətlərinin və onlardan qeyd edilən məbləğlərdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, mövcud hüquqi vəziyyətə görə cavabdehin maşın alqı-satqısına dair əvvəlki mübahisəli hallara və əslində borcun olmamasına istinadı qəbuledilməzdir. Kollegiya vurğulayır ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alın masını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar şəkildə). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz bu səbəbdəndir ki, Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd müqavilə” adlandırılmışdır. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Əks təqdirdə, yəni barışıq sazişi və ya borc etirafına dair müqavilə bağlandıqdan sonra əvvəlki mübahisəli və ya qeyri-müəyyən tələb v ə etirazlara istinad edilməsi mümkün sayılacağı halda bu institutların mənası və funksionallığı olmaz. Təsadüfi deyil ki, barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə Mülki Məcəllənin eyni fəslində yer almaqla, 882.2-ci maddədə xüsusi olaraq göstərilmişdir ki, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Oxşar qayda barışıq sazişinə dair Mülki Məcəllənin 881.2-ci maddəsində təsbit edilmişdir. Həmin normaya görə, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı o lmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Kollegiya onu da qeyd edir ki, borcun etirafına dair mücərrəd müqavilənin özü də əqd olduğu üçün iradənin zədələnməsi (yanılma, aldatma, hədə-qorxu və s.) səbəbilə etibarsızlıq halları ona da şamil edilir. Yəni Mülki Məcəllənin 882.2-ci maddəsindəki “bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda” müddəası məhz bu hallar üçün nəzərə alına və tətbiq edilə bilər. Bununla belə, borcun etirafına dair mücərrəd müqavilənin həmin əsaslarla etibarsız olmasına istinad edən şəxs Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlər ərzində bu tələbi irəli sürməklə onun əsasında dayanan faktiki halları mötəbər dəlillərlə sübuta yetirməlidir. Baxılan işdə isə bu hallar müəyyən edilmir. K ollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar nəzərə alınmadığı və hüquq normaları düzgün tətbiq edilmədiyi üçün qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rə hbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4018/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4018/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver