Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4050/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “Səma” fərdi firmasının Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsənin öhdəliyinin həcmi 06.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X5 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı “Səma” fərdi firmasının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4560/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22.09.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Səma” fərdi firması (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) mərhum əri X4 arasında Bakı Şəhəri 14 saylı Notariat Kontorunda xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncu, 2013-2015-ci illər ərzində nisyə olaraq iddiaçıdan aldığı un məmulatlarına görə 165.000 manat məbləğində yaranmış borcu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. X4 “Hazartürk LTD”-də işləmiş, xx.xx.2021-ci il tarixdə vəfat etmiş, ondan **-SZ*** dövlət qeydiyyat nişanlı “GMC TERRAİN” minik markalı avtomobil miras qalmışdır.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında cavabdeh ərinin vərəsəsi kimi tanınmış v ə adıçəkilən avtomobildən miras əmlak kimi tam pay almışdır.
4. Cavabdeh xx.xx.2022-ci il tarixdə həmin avtomobilə dair X1 etibarnamə vermişdir (cavabdehin özünün bidlirdiyinə görə etibarnamə əsasında 22.500 manata həmin şəxsə satmışdır).
5. Cavabdeh mərhum ərinin borcunun əvəzinə xx.xx.2022-ci il tarixdə “Hazartürk LTD”-yə 12.000 manat pul ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.532,80 manat məbləğində borcun və ödənilmiş 169,6 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin mərhum həyat yoldaşı öhdəliklərini qismən icra etmiş, 138.467,20 manat borcu ödəmiş, 26.532,80 manat borcu qalmışdır. X3 vərəsəsi olan cavabdeh mirası qəbul edərək, mərhuma məxsus nəqliyyat vasitəsini öz adına sənədləşdirmişdir.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş və qeyd etmişdir ki, avtomobilin 22.500 manata satılması faktını qəbul edir.
9. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ərinin borcları barədə məlumatı olmamışdır. O, adı çəkilən nəqliyyat vasitəsini 22.500 manata satmışdır. Hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
10. Şahid ifadəsində qeyd etmişdir ki, şirkətdə mühasib vəzifəsində işləyir, X4 ilə qarşılıqlı borc münasibətləri onunla rəsmiləşdirilmişdir. Sonuncu çox səliqəli və halal insan idi. Aralarında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş üzləşmə aktına əsasən onun şirkətə 15.507,60 manat məbləğində borcu qalmışdır. Lakin, o, sonra yenə davamlı şəkildə şirkətdən un məhsulları almış və onun borcu yenidən artmış, borc məbləğləri hər iki tərəfin imzası ilə jurnalda təsdiq olunmuşdur.
11. İddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli üzləşmə aktında və qeydiyyat jurnalında Ə.Əhmədovun şirkətə 15.507,60 manat borcunun qaldığı, sonradan yenidən 26.532,80 manatadək artığı qeyd edilmişdir.
12. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-5172/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 10.500 manat məbləğində borc və ödənilmiş 67,11 manat dö vlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında borc məbləği dəyişkən olmuş, həmin borc xx.xx.2020-ci il tarixdə 15.507,60 manat olsa da, sonradan tələb edilən məbləğədək artmışdır.
14. Cavabdeh mərhumun vərəsəsi kimi miras əmlakı qəbul etmiş, lakin dediyinə görə, əmlakı 22.500 manata satmışdır. İddiaçı həmin məbləği mübahisələndirməmişdir. Lakin cavabdeh tərəfindən mərhum ərinin 12.000 manat borcu xx.xx.2022-ci il tarixdə digər kreditora ödənilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh vərəsə kimi tək iddiaçı şirkət qarşısında deyil, bütün kreditorlar qarşında aldığı aktiv dəyərində məsuliyyət daşıyır. Odur ki, iddia qismən təmin edilməklə, ca vabdehdən 10.500 (22500 -12000) manat pul tutulmalıdır.
16. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, mərhum öhdəliyini xx.xx.2018-ci il tarixədək icra etməli olsa da, ölümünə qədər ödənişlər etmişdir. Odur ki, hazırkı münasibətlərdə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən (sonuncu ödəniş günü) başlamalıdır. Belə olan halda, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
17. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372.1, 372.2, 373.3, 375.1, 375.2, 377.1, 380.1, 380.2, 385.1, 386.1, 389.1, 433.1, 442, 448.1, 448.2, 739, 1151.1, 1243.3, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh tərəfindən mərhum ərinin 12.000 manat borcu xx.xx.2022-ci il tarixdə digər kreditora ödənildiyi üçün cavabdeh vərəsə kimi tək iddiaçı şirkət qarşısında deyil, bütün kreditorlar qarşında aldığı aktiv dəyərində məsuliyyət daşıyır. Cavabdehin təqdim etdiyi və məhkəmənin sübut kimi qəbul etdiyi “Hazartürk LTD”-nin kassa mədaxil orderinin tarixi xx.xx.2022-ci ildir. Cavabdeh xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında ərinin vərəsəsi kimi ta nınmış və adıçəkilən avtomobildən miras əmlak kimi irs almışdır. Cavabdehin özünün etirafına görə xx.xx.2022-ci il tarixdə həmin avtomobili 22.500 manata etibarnamə əsasında satmışdır. Bu faktın özü sübut edir ki, cavabdehin "Hazartürk LTD"yə ödədiyi 12.000 manat pul miras əmlak olan avtomobilin satışından əldə edilən pul deyildir.
20. Cavabdeh, öz növbəsində, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamə çıxararaq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
21. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş və ümumiyyətlə əsassız iddia qaldırılmışdır. Həmçinin birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən sənədləri, borcun etiraf müqaviləsindən sonra borcun yaranmasını, öhdəliyin olub-olmamasını, maşını n nikah dövründə alınmasını, 50 faizinin onun mülkü olmasını, iddia tələbinin miras payından artıq hissəyə verilməsini araşdırmamışdır. Halbuki iş materiallarında cavabdehin mərhumla xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmasına dair rəsmi sənəd var. Göründüyü kimi mübahisələndirilən miras əmlak birgə nikah dövründə əldə edildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) və mülki qanunvericiliyin tələbləri baxımından əmlakın 50 faizi ona məxsusdur. Qalan 50 faiz isə vərəsəlik yolu ilə keçmişdir ki, bu səbəbdən iddiaçının istinad etdiyi qanunlara görə belə satışdan əldə edilən pulun 50 faizi tələb oluna bilərdi.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4560/2023 nömrəli, 19 iyu l 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), C.Musayeva və G.Axundova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməmişdir.
23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, avtomobil birgə nikah dövründə əldə olduğundan və həmin əmlakın satışından əldə olunan gəlir birgə əmlak olduğundan 22.500 manatın 11.250 manat hissəsi cavabdehin öz şəxsi mülkiyyəti hesab olunur. Belə olan halda, Cavabdeh mərhum ərinin kreditorları qarşısında miras əmlakının satışından əldə olunan gəlirin onun ərinin payına düşən 11.250 manat hissəsində məsuliyyət daşıyır.
24. Məhkəmə Mülki Məcəllənin 1306.1- ci maddəsinə əsasən belə qənaətə gəlmişdir ki, cavabdehin ərinin kreditoru qarşısında olan 12.000 manat öhdəliyinin əvəzi olaraq, birgə mülkiyyət hesab olunan avtomobilin satışından əldə olmuş gəlirdən X3 payına düşən 11.250 manatdan artıq olaraq 12.000 manat ödəniş etmişdir. Hazırkı vəziyyətdə X2 başqa miras əmlakı qalmadığı üçün cavabdehin ərinin kreditorları qarşısında hər hansı məsuliyyəti yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsinin cavabdehin apellyasiya şikayətinin iddia müddətinin tətbiqi barədə dəlillərinə qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlmişdir, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
26. Məhkəmə, öz mövqeyini Mülki Məcəllənin 225.1, 372.1, 372.2, 373.3, 375.1, 375.2, 377.1, 380, 385.1, 386.1, 389.1, 433.1, 442, 448.1, 448.2, 739, 1306.1-ci, Ailə Məcəlləsinin 32.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
28. Şikayət apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, cavabdehin özünün etirafına görə xx.xx.2022-ci il tarixdə həmin avtomobili 22.500 manata X1 etibarnamə əsasında satmışdır. “Hazartürk LTD”-yə isə 12.000 manat məbləğində pul xx.xx.2022-ci il tarixində ödənilmişdir. Göründüyü kimi, cavabdehin “Hazartürk LTD”-yə ödədiyi 12.000 manat pul, miras əmlak olan avtomob ilin satışından əldə edilən pul deyildir. Məhkəmə avtomobili birgə nikah dövründə əldə olunmuş əmlak hesab etsə də, iş materiallarından görünür ki, cavabdeh həmin avtomobildə ərinin miras payını deyil, avtomobili tam miras əmlak kim qəbul etmişdir. Eyni zamanda, birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi barədə işdə heç bir sənəd yoxdur. Məhkəmə avtomobilin ər-arvadın hər birinin ayrıca mülkiyyətində olmasını, yəni nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak olub-olmamasını araşdırmadan nəticəyə gəlmişdir. Eyni zamanda, cavabdeh vərəsə kimi tək bir kreditor qarşısında deyil, bütün kreditorlar qarşısında aldığı aktiv dəyərində məsuliyyət daşımalıdır. Yəni, cavabdehin birgə mülkiyyət hesab olunan avtomobilin satışından əldə olmuş gəlirdən X3 payına düşən 11.250 manatdan artıq olaraq 12.000 manat ödəniş etdiyinə görə digər kreditorlar qarşısında hər hansı məsuliyyətin olmaması hissəsində məhkəmənin gəldiyi nəticə əsassızdır. Əgər hesab olunsa ki, avtomobil birgə nikah dövründə əldə olunmuş əmlakdır və cavabdeh ərinin payına düşən 11.250 manat hissəsində məsuliyyət daşıyır, onda cavabdeh 11.250 manat məbləğində payına mütənasib olaraq bütün kreditorlar qarşısında bərabər məsuliyyət daşımalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arası ndakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
31. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
32. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
33. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.
34. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
35. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
36. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
47. Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin vərəsələr tərəfindən kreditorların təmin edilməsi qaydalarını tənzimləyən 72-ci fəslində kreditorların təmin edilməsi qaydası və ardıcıllığı ilə xüsusi olaraq tənzimlənməmiş, bununla bağlı borclunun vərəsələrinin üzərinə hər hansı vəzifə qoyulmamışdır.
48. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araş dırma aparılmır, onlara qiymət verilmir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı “Səma” fərdi firması tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4560/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.