Məhkəmə qərarları › İş №2(102)-4071/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4071/2021

17.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4071/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə, İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun itirilməsi, yaşayış sahəsinə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-495/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 4-cü Mədən, Atamoğlan Rzayev (Şahin Məhərrəmov) 123 saylı fərdi yaşayış evi (bundan sonra – mübahisəli fərdi yaşayış evi) İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. 04.08.2016-cı il tarixli etibarnamə ilə X1 Samir İsbəndiyar oğluna Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 03.06.2005-ci il tarixli Bağçının üzvlük kitabçasına əsasən istifadəsində olan Bakı şəhəri, “Qum adası” X23 İdarəsinin Bahar bağçılıq, 064 saylı bağ sahəsi ünvanda yerləşən 500 kvadrat metr torpaq sahəsinin özəlləşdirilməsi, sənədləşdirilməsi ilə əlaqədar olaraq onu bütün idarə müəssisə və təşkilatlarda, arxiv idarələrində, dövlət orqanlarında təmsil etməyi, adından ərizə verməyi, zəruri sənədlərdə imza etməyi, tikili tikməyi, tikilini və torpaq sahəsini sənədləşdirməyi, özəlləşdirməyi, tikinti işləri ilə bağlı İH-də sənədləri almağı, tikinti ilə həmin torpaq sahəsinə dair sənədləri DƏDRX-nə təqdim edib, texniki pasport, kadastr planı, çıxarış almağı və gələcəkdə həmin torpaq sahəsindən istifadəsində olan 150 kvadrat metr torpaq sahəsindən 100 kvadrat metr torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girova) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bununla bağlı lazım olan bütün işləri görməyi etibar edir. Etibarnamə 48 il 4 ay 20 gün müddətinə verilmiş v ə 24.12.2064-cü tarixədək qüvvədədir. 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən, Cavabdeh1 tərəfindən 14.12.2018-ci il tarixdə vəfat etmiş atası xxxnun miras qalmış daşınar və daşınmaz əmlakdan ona düşən paydan anası X4 xeyrinə imtina etmişdir. Asan 4 tərəfindən verilmiş arayışa əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. Cavabdeh1 ilə X7 30.10.2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, nikah bağlandıqdan sonra ərə “Cəlilov”, arvada “Cəlilova” soyadı verilmişdir. Birgə nikahlarından 03.01.2010-cu il tarixdə Gülay, 25.10.2012-ci il tarixdə İsmayıl adlı uşaqları anadan olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizə si ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisidir. Onun üç oğlu vardır. Mərhum həyat yoldaşının sağlığında böyük oğlu Cavabdeh1 04.08.2016-cı ildə 13500 manat pul ödəyərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Yeni Bahar yaşayış massivində natamam tikili olan fərdi yaşayış evini almışlar. Cavabdeh ailəsi ilə birlikdə həmin fərdi yaşayış evinə köçmüşlər. Cavabdeh və onun ailə üzvlərinin köçürüldüyü həmin fərdi yaşayış evinin sənədləri tam düzəlmədiyinə görə, həmin fərdi yaşayış evini satan X10 04.08.2016-cı ildə cavabdehin adına 48 il, 4 ay, 20 gün m üddətinə baş etibarnamə vermişdir. Bundan əlavə Cavabdeh1 öz xətti ilə ərizə yazaraq bildirmişdir ki, gələcəkdə anasından heç bir pay istəməyəcək, çünki o payını artıqlaması ilə almışdır. Suraxanı rayonu, Zığ qəsəbəsi, Bahar Bağları, 0 saylı evin, 1 saylı mənzilinin su, qaz və işıq sayğacları cavabdehin adına keçirilmişdir. Hal-hazırda cavabdeh və onun həyat yoldaşı onu və ailəsini təhqir edərək hədə-qorxu gəlirlər. O həyat yoldaşının yas mərasimini cavabdehin hərəkətləri səbəbindən normal keçirə bilməmişdir. Cavabdeh mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxmaq üçün kompensasiya istəyir. O, bir ana olaraq övladları arasında mübahisə yaranmasını istəmir. O və mərhum həyat yoldaşı cavabdehə ona görə başqa ev almışlar ki, mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxaraq öz yen i fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşasınlar. Cavabdeh 05.06.2016-cı il tarixdən mübahisəli fərdi yaşayış evindən ailəsi ilə birlikdə köçərək onlar üçün alınmış yeni fərdi yaşayış evində yaşamışlar. Hazırda cavabdehin ona qarşı verdiyi mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi əsassızdır. Belə ki, cavabdeh hərbidə zabit olaraq xidmət etmişdir. Cavabdeh ailəsi ilə birgə 2009-cu ildən Göygöl rayonunun Qarabulaq kəndində yaşayıblar. Amma cavabdeh içki aludəçisi olaraq işində məsuliyyətsizlik etdiyindən və 2014-cü ildə törətdiyi cinayət işinə görə mərhum atası gedib onun köməyinə çatmış və cavabdehi ailəsi ilə birlikdə mübahisəli fərdi yaşayış evinə gətirmişdir. Bir müddət sonra oğlu və onun ailəsi ilə bir evdə yaşamaq qeyri-mümkün olduğundan atası onlara kirayə ev tutub pulunu öd əmişdir. Sonradan atası və qardaşları 22.07.2016-cı ildə kredit götürərək cavabdehə ev almışlar və evin təmirini tamamlamışlar. Cavabdeh və ailəsi yeni alınmış evə köçmüşlər və hazırda orada yaşayırlar. Cavabdeh1 aldıqları fərdi yaşayış evi, onun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindən çox yaxşı vəziyyətdədir. İddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı uşaqları 03.01.2010-cu il təvəllüdlü Cavabdeh3 və 25.10.2012-ci il təvəllüdlü Cavabdeh2 ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı onun anasıdır. Mübahisəli fərdi yaşayış evi onun atasına məxsus olmuşdur. Onlar həmin fərdi yaşayış evində yaşayıblar. Atası öləndən sonra fərdi yaşa yış evi onun və ailə üzvlərinin razılıqlarına əsasən anasının adına keçmişdir. Atasının sağ olduğu zaman qardaşı X5 onu yaşadığı fərdi yaşayış evindən qovmuşdur. Bu səbəbdən də o ailəsi ilə birlikdə həmin fərdi yaşayış evindən çıxmağa məcbur olmuşdur. O, yaşadığı fərdi yaşayış evindən çıxdıqdan sonra özünə yaşayış yeri yaratmaq üçün 1 sot torpaq sahəsində 2 otaqlı yarım tikili ev almışdır. Aldığı yeni fərdi yaşayış evi qanunsuz tikili olduğuna görə, fərdi yaşayış evini öz adına keçirə bilməmişdir. O, yeni aldığı fərdi yaşayış evini təmir etdirərək orada yaşamağa çalışsa da, bu mümkün olmamışdır. Belə ki, onun yeni aldığı fərdi yaşayış evi çox nəmişlik olduğundan bu hal onun səhhətinə pis təsir etmişdir. Bu səbəbdən də o, qardaşı X2 müraciət edərək mübahisəli fərdi yaşayış evində yaşamaq üç ün ona icazə verməsini xahiş etmişdir. Lakin qardaşı ona fərdi yaşayış evində yaşamağa icazə vermədiyinə görə, o nəmişlik olan evdə yaşamağa məcbur olmuşdur. O, ağ ciyər xəstəliyinə görə İİ qrup əlildir və onun səhhətinə ən pis təsir edən hal onun nəmişlik olan yerdə yaşamağıdır. Onun iki azyaşlı uşağı var. Cavabdeh2 ürəyində qüsuru olduğuna görə azyaşlı övladının da nəmişlik evdə yaşaması onun xəstəliyinin sağalmasına ciddi problem yaradır. Bütün bu hallar onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Qeyd olunanlara əsasən anası tərəfindən qaldırılmış istifadə hüququna xitam verilməsi barədə iddianın rədd olunmasını və özünün həmin mənzilə köçürülməsi barədə iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin (hakim Leyla Talıbova) 28.02.2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürmə” tələbinə dair 2(010)-1423/2020 nömrəli mülki iş İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair 2(010)638/2020 nömrəli mülki işə birləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirmişdir ki, o İddiaçı ilə 1995-ci ildən qonşudur. Mübahisəli fərdi yaşayış evinin yanında tikilən evin bünövrəsi 2014-cü ildə qoyulmuşdur. Həmin fərdi yaşayış evi tikiləndə Cavabdeh1 hərbi xidmətdə olmuşdur. Sonradan Cavabdeh1 atası və qardaşı X5 tərəfindən Suraxanı rayonu Bahar qəsəbəsində yeni fərdi yaşayış evi alınmışdır və ora köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirmişdir ki, o xxx ilə eyni məktəbdə işləmişdir. Cavabdeh1 hal-hazırda ailəsi ilə birlikdə Bahar qəsəbəsində yaşayır. Suraxanı rayonu Bahar qəsəbəsində yerləşən fərdi yaşayış evini Cavabdeh1 atası xxx almışdır. Cavabdeh1 uzun illər Göygöl rayonunda işləyərək orada yaşamışdır. Sonradan Bakı şəhəri, mübahisəli fərdi yaşayış evinə ailə ilə birlikdə gələrək orada 2-3 ay yaşayıblar. Cavabdeh1 2016-cı ildən ailəsi ilə birlikdə Suraxanı rayonu Bahar qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçüblər. Suraxanı rayonu Bahar qəsəbəsində yerləşən fərdi yaşayış evi alınanda o orada idi. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadə verərək bildirmişdir ki, o 2004-cü ildən məktəbdə işləyir. xxxnu məktəbdə işlədiyi dövdə tanımışdır. xxx ilə uzaqdan qohumdurlar. xxxnun 3 övladı vardır. O, tez-tez Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi 4-cü Mədən, 123 saylı fərdi yaşayış evinə gəlib-getsə də, Cavabdeh1 həmin fərdi yaşayış evində yaşadığını görməmişdir. xxx kredit götürərək Cavabdeh1 yeni fərdi yaşayış evi almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirmişdir ki, Cavabdeh1 onun kürəkənidir. O Göygöl rayonunda yaşayır. Cavabdeh1 onun qızı ilə 2009-cu ildə ailə qurmuşdur. O, Cavabdeh1 atasının evinə getmişdir. Həmin ev iki mərtəbəli evdir. Cavabdeh1 ailəsi ilə birlikdə mübahisəli fərdi yaşayış evində yaşamışdır. 2009-cu ildə qızı mübahisəli yaşayış evinə gəlin getmişdir. Qızı 4-5 il həmin fərdi yaşayış evində yaşamışdır. Sonra Suraxanı rayonu Bahar massivinə köçüblər. Qızının cehizləri 2010-cu ildə mübahisəli fərdi yaşayış evinə yı ğılmışdır. Məhkəməyə təqdim edilmiş 04.08.2016-cı il tarixli aktda qeyd edilmişdir ki, Suraxanı rayonu, Yeni Bahar yaşayış massivində 100 kvadrat metrdə natamam tikili üçün alqı-satqı müqaviləsinə əsasən Mehdiyeva Kəmaləyə on üç min beş yüz manat pul ödənilmişdir. Pulu təqdim edən xxx, pulu qəbul edən X6r. Cavabdeh1 tərəfindən verilmiş iltizamda göstərmişdir ki, onun xxxnun adına olan mübahisəli fərdi yaşayış evinə qarşı heç bir vərəsəlik iddiası yoxdur və gələcəkdə olmayacaqdır. Belə ki, həmin fərdi yaşayış evindən ona çatacaq əmlak payını 20000 manat pulu alaraq Suraxanı rayonu, Bahar qəsəbəsindən 3 otaqlı 46 kvadrat metrlik şəxsi həyətyanı mülk almışdır və hazırda orada yaşayır. Odur ki, Bakı şəhəri, mübahisəəli mənzilə gələcəkdə heç bir vərəsəlik iddiası olmayacaqdır. 11 dekabr 2020-ci il tarixli 4/1096 saylı Ekspert rəyindən görünür ki, Cavabdeh1 adından olan 19.02.2017-ci il tarixli iltizamdakı yazılar və iltizamın aşağı hissəsində “İmza:” qrafasında “Cavabdeh1. İ.” yazılarının qarşısında olan imza onun tərəfindən icra olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Leyla Talıbova) 06 mart 2020-ci il tarixli 2(010)-638/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin rədd olunması, Cavabdeh1 iddiasının təmin olunması, iddiaçı Cavabdeh1 azyaşlı uşaqları 03.01.2010-cu il təvəllüdlü Cavabdeh3 və 25.10.2012-ci il təvəllüdlü Cavabdeh2 ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında hüquq münasibətinin yarandığı zaman, yəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompe nsasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə bağlı tələbə münasibətdə məhkəmə belə qənaətə gəlmi.dir ki, Cavabdeh1 və onun azyaşlı övladlarının mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları yarandığından bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Buna görə də ilk iddia tələbi təmin oluna bilməz. İdiaçı Cavabdeh1 azyaşlı uşaqları 03.01.2010-cu il təvəllüdlü Cavabdeh3 və 25.10.2012-ci il təvəllüdlü Cavabdeh2 ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi ilə gəliyi nərtəvəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları yarandığından Cavabdeh1 tərəfindən mənzilə köçürülməsi tələbinə dair iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh1 azyaşlı mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. X9 qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən məhkəmə müəyyən etmidir ki, görünür ki, mübahisəli ev 123 ünvanı İddiaçı mərhum əri tərəfindən 30.08.1990-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, ərinin vəfatından sonra isə 05.07.2019cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın reyestrində dövlət qeydiyyatına alınmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyaiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, İddiaçı iddiası təmin olunaraq, Cavabdeh1 (Azyaşlı uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birgə) Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi qət edilmiş, iddiaçı Cavabdeh1 onun azyaşlı uşaqları 03.01.2010-cu il təvəllüdlü Cavabdeh3 və 25.10.2012-ci il təvəllüdlü Cavabdeh2 ilə birlikdə mübahiəsli fərdi yaşayış evinə köçürülməsi barədə iddiası rədd olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli ev İddiaçı mərhum əri tərəfindən 30.08.1990-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, ərinin vəfatından sonra isə 05.07.2019-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın reyestrində dövlət qeydiyyatına alınmışdır. Hələ 2017-ci il tarixdə İddiaçı oğlu Cavabdeh1 mənzilə qarşı heç bir vərəsəlik iddiası yoxdur və gələcəkdə olmayacaqdır məzmunda iltizam yazmışdır. Belə ki, iltizamda göstərmişdir ki, həmin fərdi yaşayış evindən ona çatacaq əmlak payını 20000, manat pulu alaraq Suraxanı rayonu, Bahar qəsəbəsindən 3 otaqlı 46 kvadrat metrlik şəxsi həyətyanı mülk almışdır və hazırda orada yaşayır. Odur ki, mübahisəli evə gələcəkdə heç bir vərəsəlik iddiası olmayacaqdır. Məhkəmə tərəflər arasında yaranan münasibətlərə 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin normalarının tətbiq edilməsini əsaslı sayaraq qeyd etmişdir ki, tərəflərin mübahisəli mənzilə dair hüquqları 2000-ci ilədək yarandığından mübahisənin həlli 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 87-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə bağlı 12 mart 1999-cu il tarixli Qərarındakı mövqeyə görə istinad edərək qeyd etmişdir ki, Cavabdeh1 heç bir məcburiyyət olmadan öz istəyi ilə 2017-ci il tarixdən fərdi yaşayış evindən ona çatacaq əmlak payını 20000, manat pulu alaraq Suraxanı rayonu, Bahar qəsəbəsindən 3 otaqlı 46 kvadrat metrlik şəxsi həyətyanı mülk almışdır və hazırda orada yaşayır. Ona görə də, o mübahisəli fərdi yaşayış evinə istifadə hüququnu itirmişdir. Cavabdeh1 (Vəkil3) kas sasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mübahisəli yaşayış sahəsinə istifadə hüququ 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən yaransa da, həmin yaşayış sahəsindən istifadə hüququnun xitam verilməsinə həmin Məcəllənin normaları tətbiq edilə bilməzdi. Çünki, həmin yaşayış sahəsi 05 iyul 2019-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 məhkəmənin istinad etdiyi iltizamı imzaladıqdan sonra iddiaçı ona heç bir məbləğdə pul verməmişdir. Məhkəmə Cavabdeh1 Suraxanı rayonu, Bahar qəsəbəsindən 3 otaqlı 46 kvadrat metrlik şəxsi həyətyanı mülk alması və hazırda orada yaşamasına istinad edərək, yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacım) aradan qalxmasını göstərməyə çalışmaqda da haqlı olmamışdır. Belə ki, Cavabdeh1 lsbəndiyar oğlunun almağa məcbur olduğu tikili qanunsuz tikilidir və zəbt edilmiş torpaq sahəsində yerləşir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh1 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa-çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş ol mamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə bağlı 12 mart 1999-cu il tarixli Qərarı: “...Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsin də altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflərin mübahisəli mənzilə dair hüquqları 2000-ci ilədək yarandığından mübahisənin həlli 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarının tələbləri pozulmamışdır. Cavabdeh1 2017-ci ildə iltizam verərək mübahisəli fərdi yaşayış evi ilə bağlı heç bir iddiasının olmamasını, həmin evə dair payı ilə bağlı 20000 manat aldığını və həmin pula özünə başqa yaşayış sahəsi əldə etdiyini göstərmişdir. Belə olan halda məhkəmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin 53, 54 və 87-ci maddələr inin tələblərini nəzərə alaraq Cavabdeh1 mübahisəli mənzilə istifadə hüquqqun itirilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-495/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar