Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4078/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 2(103)-2271/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.B.Axundov, iş № 2(004)-8051/2018) İddiaçı cavabdeh Bakı şəhər Narkoloji Dispanserinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər arasında bağlanmış 01 iyun 2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən İddiaçı Bakı şəhər Narkoloji Dispanserinə tibb bacısı vəzifəsinə qəbul olunmuş, işəgötürənin 22 sentyabr 2018-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. 2018-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən heç bir əmək pozuntusuna yol verilməməsinə, etik davranış qaydalarının, eləcə də qanunvericiliyin tələblərinin pozulmasına yol verilməməsinə baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə görə xitam verilməsini əsas göstərməklə 22 sentyabr 2018-ci il tarixli əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunmaqla məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının poz ulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin ediməməsini xahiş etdilər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını qanuni və əsaslı sayarkən iddiaçının 12 sentyabr 2018-ci il tarixdə həmin dispanserdə tibb bacısı X3 ilə dispanserin işçilərinin və orada olan kənar şəxslərin gözü qarşısında mübahisə edib daxili nizam və etik davranış qaydalarının pozulmasını əsas göstərmiş və hesab etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması qanuni olmuşdur. Kollegiya hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmr əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddianın rədd olunması əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, iddiaçının 12 sentyabr 2018-ci il tarixdə dispanserin tibb bacısı X2 ilə mübahisə edib əmək intizamı və eti k davranış qaydalarını pozmasına görə İddiaçı və Na dispanserin baş həkiminin 13 sentyabr 2018-ci il tarixli əmri ilə sonuncu dəfə xəbərdar edilməklə şiddətli töhmət verilmişdir. Lakin buna baxmayaraq İddiaçı həmin əmələ görə yenidən intizam tənbehi tədbiri tətbiq olunaraq dispanserin baş həkiminin 22 sentyabr 2018-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin intizam tənbehinin verilməsi şərtlərini müəyyən edən 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər. Beləliklə, iddiaçının barəsində eyni xətaya görə iki dəfə intizam tənbehinin tətbiq edilməsinə baxmayaraq işə baxan apellyasiya instansiyası məhkəməsi 22 sentyabr 2018-ci il tarixli əmrin qanuniliyinə qiymət verməmişdir. Göstəri lənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normasının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 30 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4078/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4078/2019
04.06.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver