Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4140/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarma, məhkəmə aidiyyəti, kommersiya mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri D övlət Xidməti) qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-334/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı və ya MMC) ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) arasında bağlanmış 15 iyul 2021-ci il tarixli, 621 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, icarəyə verilən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi 7057,5 kv.m torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) icarəçi (MMC) tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilmişdir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil. Müqavilə üzrə icarə müddəti xx.xx.2021ci il tarixdən xx.xx.2023-cü il tarixədək müə yyən edilmişdir.
2. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvandakı 0,4146 ha torpaq sahəsi üzərində MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (15 aprel 2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış).
3. Bakı şəhəri Qaradağ rayonu ünvan 3 ünvandakı 0,6687 ha torpaq sahəsi üzərində MMC-nin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (23 sentyabr 2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış).
4. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı Salyan şosesi, 15-ci km. 1 ünvanda yerləşən əmlak kompleksi xüsusi mülkiyyət kimi Cavabdeh (bundan sonra – cavabdeh) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (02 may 2013-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış). Əmlakın ümumi sahəsi 2418,1 kv.m təşkil edir. Əmlakın yerləşdiyi 0,2713 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, cavabdehin istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. MMC cavabdehə və Xidmətə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əşyaları ilə birlikdə MMC-nin icarəsində olan 7057,5 kv.m mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. MMC ərizəsini onunla əsaslandırmışdır ki, qanuni istifadəsinə olan torpaq sahəsi cavabdeh tərəfindən qeyri-qanuni olaraq zəbt edilmişdir və mülkiyyətçinin istifadəsinə maneələr törədir. Dəfələrlə mübahisəli sa həni boşaldaraq təhvil verilməsi təklif edilsə də, cavabdeh qanuni tələbin yerinə yetirilməsindən yayınmışdır.
7. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(002)-148/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddia təmin edilərək, cavabdehin əşyaları ilə birlikdə MMC-nin icarəsində olan mübahisəli 7057,5 kv.m torpaq sahəsindən çıxarılması qət edilmişdir.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2-ci, 158.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apell yasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-334/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), E.Rəhimov və F.Əyyubov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının icarəsində olan torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsinin sərhədləri sənəd üzrə üst-üstə düşmür, iddiaçı tərəfindən təqdim olunmuş foto şəkillər ilə cavabdehin əşyalarını n iddiaçının icarəsində olan torpaq sahəsində olması öz təsdiqini tapır.
13. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə sadəcə iddiaçı tərəfin iddia tələbi və maraqları çərçivəsində baxmışdır və cababdehin qanuni sahibliyi və istifadəsində hüquqları üzrə maraq və mənafelərini nəzərə almamışdır. Apellyasiya məhkəməsi torpaq sa hələrinin üst-üstə düşüb düşməməsi və cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən edilməsi üçün ekspert qarşısında sual qoymuş, lakin cavabdehin qanuni istifadəsində olan torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilib-edilməməsi barədə sual qaldırmamışdır. Belə ki, tərəflərlə məxsus torpaq sahələri üst-üstə düşmür və qarşı tərəfin torpaq sahəsini zəbt etməmişik. Bunun əksinə iddiaçı tərəf cavabdehə məxsus torpaq sahəsini zəbt etmişdir.
16. İş kassasiya məhkəməsinin icraatında olarkən X4 məhkəməyə teleqram ünvanlayaraq cavabdehin səhhəti ilə əlaqədar mübahisə predmeti olan əmlakı ona bağışladığını, ona görə də əmlakın mülkiyyətçisi kimi işə cəlb olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətb iq edilən hüquq Mülki Məcəllə
18. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
19. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
20. Maddə 158.1. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.
21. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Prosessual Məcəllə
22. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
23. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
24. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
25. M addə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
26. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
27. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:...387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa.
28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
29. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.9. işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 32. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən,
33. MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanun verici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).
34. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır (bənd 14).
35. Baxılan iş üzrə iddiaçı kommersiya hüququ şəxsi, cavabdeh isə vergi ödəyicisi olan fiziki şəxs olmaqla, hər iki tərəf sahibkarlıq subyektidir. İddia tələbi əşya hüquq münasibətlərindən irəli gəlir. İddiaçının cavabdehin qanunsuz sahibliyindən geri tələb etdiyi daşınmaz əşya sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsidir. Həmin ərazidə cavabdeh məxsus əmlak kompleksi yerləşir. Sadalanan hallar isə hazırkı mübahisənin hər iki tərəfin ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəldiyi barədə birmənalı qənaətə gəlmək üçün yetərlidir.
36. Buna baxmayaraq hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi kommersiya mübahisəsi olan işi icraatına qəbul edərək, mahiyyəti üzrə baxmışdır.
37. MPM-in 387.2.9-cu maddəsinə əsasən işə məhkəmə aidiyyəti qaydalarının pozulması i lə baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsas olduğu halda apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirilmədən saxlamışdır.
38. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən ilk növbədə mübahisənin məhkəmə aidiyyəti ilə bağlı məsələyə aydınlıq gətirilməli və bunun nəticəsinə uyğun olaraq prosessual qanunvericiliyin tələblərinə uyğun yeni məhkəmə aktı qəbul edilməlidir.
39. İş kassasiya məhkəməsinin icraatında olarkən X4 tərəfindən məhkəməyə daxil olmuş teleqrama münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzr ə cavabdehin oğlu olan həmin şəxs də fərdi sahibkar statusuna (VÖEN: **********) malik olduğu üçün onun hazırkı işə cəlb olunması mübahisənin məhkəmə aidiyyətini dəyişmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsində işə yenidən baxılarkən X2 üçüncü şəxs və ya prosessual hüquq varisi kimi işə cəlb olunması barədə məsələ də həll olunmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-334/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.