Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4141/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı; QƏRARİ iş № 2(102)-4141/22 Açar sözlər: mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması Bakı şəhəri, 31 oktyabr 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2864/2022 nömrəli iş üzrə 07 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları 1. ünvan 2 48 saylı evin 71 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində hər birinin payı 1/3 olmaqla, İddiaçı1, İddiaçı2 və Cavabdeh adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia qaldıraraq, ünvan 2, ev 48də yerləşən 71 nömrəli mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və iddiaçıların ünvan 2, ev 48-də yerləşən 71 nömrəli mənzilə dair köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İlkin iddiaçılar tələblərini belə əsaslandırmışlar ki, oğulları vəfat edən günün səhəri ünvan 2 ev 48-də yerləşən 71 nömrəli mənzilin giriş qapısının açarları və digər onlara məxsus qiymətli əşyalar cavabdehdə qalmış, dəfələrlə ondan qapının açılması tələb olunsa da, cavabdeh bundan qəti şəkildə imtina etmişdir. Hətta oğullarının mübahisəli mənzildə cümə axşamı verilməsinə də, cavabdeh və onun atası tərəfindən maneçilik törətmişdir. Hazırda onlar mülkiyyətlərində olan mənzilə cavabdeh tərəfindən yaradılmış maneələr səbəbindən bu günədək daxil ola bilmirlər və ona görə də hazırkı iddianın qaldırılmasına zərurət yaranmışdır.
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia qaldıraraq ünvan 2, ev 48-də yerləşən 71 nömrəli mənzilin və eləcə də ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakların məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin 1/3 hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bununla belə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-584/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 “mənzilə köçürülmə və s.” tələbləri ayrıca icraata ayrılaraq, ona 2(006)-94/2022 nömrə altında baxılmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Musayeva) 06 yanvar 2022-ci il tarixli, 2(006)-94/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən 48 saylı evin 71 saylı mənzilinin özünə aid (hər birinə məxsus 1/3 hissəyə) hissəsinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 və İddiaçı2 mübahisəli mənzilin hər biri 1/3 hissəsinin mülkiyyətçiləri olmaları və onların mənzil üzərində faktiki sahiblikdən edilmələri işin müba hisəsiz hallarıdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçılar ünvan 2 48 saylı evin 71 saylı mənzilinə köçürülməsinə dair iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olsa da, iddia qismən təmin edilməli və onlar, yalnız mübahisəli mənzilin hər birinin mülkiyyətində olan 1/3 hissəsinə köçürülməlidir
9. Məhkəmə iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın rədd olunmasını xahiş etmişdir. Şikayət iddiaçıların sözügedən mənzildə yaşamalarının münasibətlərindəki gərginlik səbəbilə mümkün olmadığı, onların həmin mənzilə köçürülmələrinin onun mülkiyyət hüququnu pozacağı, məhkəmə nin bu halı nəzərə almadığı arqumentləri ilə əsaslandırılmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) 2(103)-2864/2022 nömrəli iş üzrə 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-94/2022 nömrəli iş üzrə 06 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəsi gedən mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçılara məxsus olması, onların həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, onlar isə bu h üquqların tanıdığı imkandan istifadə edərək mənzilə köçürülmələrini tələb, məhkəmə də bu tələbi təmin etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə Cavabdeh ilə İddiaçı1 arasında olan düşmənçilik münasibətlərini, İddiaçı1 tərəfindən polis orqanlarına şikayətlərini nəzərə almadan birgə yaşamaqlarının mümkün olduğu qənaətinə gələrək iddianı təmin etmişd ir. Apellyasiya instansiyası məhkəməsi obyektiv araşdırma aparmağa səy göstərməmiş, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normasının tələblərini pozmuş, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son q oyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kollegiya onu da qeyd edir ki, aşağıda aparılan hüquqi dəyərləndirmə yalnız cavabdehin kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaş ır.
24. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
25. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2864/2022 nömrəli iş üzrə 07 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.