Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4267/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli 2(103)13243/2018 saylı qətnaməsindən qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Sadıqov, iş № 2(007)-2325/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddiası təmin edilərək cavabdehlərin N saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və ev əşyaları ilə birlikdə mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamə ilə 12 noyabr 2016-cı il tarixdə 18 saylı Bakı notariat kontorunda təsdiq edilmiş mənzilə dair ipoteka müqaviləsinin etibarsız sayılması barədə Cavabdeh3 qaşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, X.Ə.Sarıyev və E.Y.Şamayev) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Mübahisəli mənzil Cavabdeh1 mülkiyyətində olmuş və Cavabdeh2 aldığı 150.000 manat məbləğində borcun təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək Cavabdeh2 onun xeyrinə 150.000 manat tutulmuş və tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus olan mənzilə yönəldilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar keçirilmiş hərracın qalibi kimi mənzil İddiaçı mülkiyyətinə keçmişdir. 23 aprel 2018-ci il tarixdə İddiaçı mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 2018-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin mülkiyyət hüququ əsasında ona məxsus olmasına baxmayaraq onun keçmiş mülkiyyətçisi olan Cavabdeh1 və onun ailə üzvlərinin mənzilə olan qeydiyyatlarını saxlamaqla onun mülkiyyət hüququnu pozmaların ı əsas göstərməklə cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh3 qarşılıqlı iddia verərək 12 noyabr 2016-cı il tarixli ipoteka müqaviləsinin onun razılığının alınmadan bağlanmasını əsas göstərməklə həmin müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə işə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzil kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş və bu zaman cavabdehlər tutmanın ipoteka predmetinə yönəldiyi təqdirdə mənzili qeyd şərtsiz tərk edəcəkləri barədə üzərlərinə yazılı öhdəlik götürmüşlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cu maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.1.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2.). Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qe ydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi səbəbindən tutmanın ipoteka predmetinə yönəldilib açıq hərracdan satılmasına baxmayaraq cavabdehlər qeydiyyatdan çıxmamaqla və əmlaklarını mənzildə saxlamaqla iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İpoteka müqaviləsi ipoteka qoyanın yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı ilə bağlanmaql a bu zaman müqavilənin etibarsız sayılması üçün əsas verən hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4267/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4267/2019
12.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver