Məhkəmə qərarları › İş №2(102)-444/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-444/2022

25.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-444/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və digərlərinin cavabdeh Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-444/22 (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(103)4997/2021 saylı qətnaməsindən İddiaçı1 kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən e tdi: İşin halları İşin hallarına görə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllə, 82 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim L.E.Rəhimli) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ünvan 1 ünvanda yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydə alınmayıb. İddiaçılar sözügedən evdə qeydiyyatda olsalar da, öz dediklərinə görə 2000-ci ildən həmin evi müvəqqəti olaraq tərk ediblər və evi digər Cavabd eh2 istifadəsinə veriblər. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı1, İddiaçı2, Nurlana Xudaverdiyeva və İddiaçı4 qarşı “Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllə, 82 saylı evdən istifadə hüququnun itirilməsi” barədə iddiası rədd edilib. Həmin qətnamə ilə müəyyən olunub ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 25 dekabr 2019-cu il tarixli arayışına görə İddiaçı1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Məktəb küçəsində nömrəsiz evdə qeydiyyatsız yaşayır və həmin ünvan isə şərti olaraq “ev-61M18” olması qeyd edilib. Göründüyü kimi mübahisəli ev özbaşına tikilidir, nə Cavabdeh1, nə də İddiaçı1, İddiaçı2, İddiaçı3 v ə İddiaçı4 həmin evdən istifadə hüquqları yaranmayıb. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçılar apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya in stansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət verm ir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymət ləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməs inin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydə alınmayıb. İddiaçılar sözügedən evdə qeydiyyatda olsalar da, öz dediklərinə görə 2000-ci ildən həmin evi müvəqqəti olaraq tərk ediblər və evi digər Cavabdeh2 istifadəsinə veriblər. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı1, İddiaçı2, Nurlana Xudaverdiyeva və İddiaçı4 qarşı “Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllə, 82 say lı evdən istifadə hüququnun itirilməsi” barədə iddiası rədd edilib. Həmin qətnamə ilə müəyyən olunub ki, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 25 dekabr 2019-cu il tarixli arayışına görə İddiaçı1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Məktəb küçəsində nömrəsiz evdə qeydiyyatsız yaşayır və həmin ünvan isə şərti olaraq “ev61M18” olması qeyd edilib. Göründüyü kimi mübahisəli ev özbaşına tikilidir, nə Cavabdeh1, nə də İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 həmin evdən istifadə hüquqları yaranmayıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunl u olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə nə iddiaçıların, nə də cavabdehlərin mübahisəli evdən istifadə hüquqları yaranmayıb. İddiaçıların evdə qeydiyyatda olmaları isə onların evdə istifadə hüquqlarının olmasının göstəricisi deyil. Belə olan halda evə köçürülmə barədə tələblərə baxarkən, işə baxan məhkəmələr ilk növbədə iddia irəli sürmüş şəxslərin mübahisəli evdə istifadə hüquqlarının olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, mübahisəli evin özbaşına tikili olması və iddiaçıların 2000-ci ildən orada yaşamamaları və həmin evdə fasiləsiz və etirazsız olaraq cavabdehlərin yaşamaları mülki iş materialları, o cümlədən iddiaçıların özlərinin iddia ərizəsinin dəlilləri ilə istisna edilmir. Digər tərəfdən, İddiaçı1 kassasiya şikayətində apellyasiya instan siyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçın ın hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, İddiaçı1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı1 mü nasibətdə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(103)-4997/2021 saylı qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar