Məhkəmə qərarları › İş №2(102)-4440/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4440/2021

04.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4440/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair QƏRARİ iş № 2(102)-4440/21 Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-122/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 40 saylı evin 32 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) 05 iyun 2010-cu il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) adına qeydiyyata alınmışdır. İddiaçının oğlu X2 ilə Cavabdeh (bundan sonra – cavabdeh) 2016-cı ildə nikaha daxil olmuş və həmin nikahdan iki övladları doğulmuşdur. 2017-ci ildə cavabdeh iddiaçının razılığı ilə mübahisəli mənzilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mübahisəli mənzildən cavabdehin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzildə oğlu və onun ailəsi yaşayır. Özü və arvadı hazırda kirayədə qalmağa məcbur olmuşlar. Cavabdehin təhdidləri və arvadına əl qaldırması səbəbindən onunla birgə yaşaya bilmirlər. Artıq xeyli müddətdir ki, mülkiyyətində 3 otaqlı mənzil olmasına baxmayaraq başqa yerlərdə yaşamağa məcbur olmuşlar. Bu yaşda kirayədə yaşamağa utanır. Cavabdeh isə onlara qanuni evlərinə gəlməyə qadağa qoymuşdur. Eyni zamanda, X2 (bundan sonra – üçüncü şəxs) İddiaçı və onun arvadı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürərək, yaşadığı və qeydiyyatda olduğu mübahisəli mənzilin özəlləşməsi ilə bağlı verdiyi ərizənin etibarsız sayılması və mənzilin özəlləşməsinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkə məsi) 2(051)-168/2020 nömrəli iş üzrə 01 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Mirzəliyev) iddia təmin edilmişdir. Məhkəmə X1 tələbini baxılmamış saxlamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157.2-ci maddələrini rəhbər tutmaqla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, mübahisəli mənzilin mülkiyyətçisi kimi özünə məxsus mənzili cavabdehin qanunsuz sahibliyindən geri tələb etməyə haqlıdır və onun iddiası təmin olunmalıdır. Məhkəmə öz mövqeyini, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 217.3, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şika yəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən sübutlara düzgün hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə işə baxarkən və qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış, MPM-ə müvafiq olaraq iştirakını təmin etməmiş və bunun da nəticəsində qanuna zidd qətnamə çıxarmışdır. İddiaçı ilə heç vaxt aralarında münaqişə olmamışdır. İddiaçının razılığı əsasında yaşadığı mənzilə qeydiyyata düşmüşdür. O, həmin mənzildə qeydiyyatdadır, həyat yoldaşı və övladları ilə birlikdə yaşayır. Məhkəmə işə baxarkən verilmiş iddianı təmin etsə də, ətraflı və obyektiv araşdırma olmadığı üçün qanuna zidd qətnamə çıxarmışdır. İddiaçının əsas məqsədi onu azyaşlı övladları ilə birlikdə mənzildən çıxarmaqdır. Dəfələrlə iddiaçıya və qayınanası XXXya bildirmişdir ki, gəlib mənzildə yaşaya bilərlər, onların qayğısına qalmağa hazırdır. Onlara qarşı heç vaxt kobud rəftar etməmişdir. Bu gün də onların hörmətini saxlayır. Qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 3-cü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən və onun iddiasını baxılmamış saxlayarkən sübutlara düzgün hüquqi qiymət verməmişdir. Həmçinin, məhkəmə MPM-ə müvafiq olaraq onun iştirakını təmin etməmiş və bunun da nəticəsində qanuna zidd qətnamə çıxarmışdır. Özü 04 sentyabr 1986-cı ildə mübahisəli ünvanda anadan olmuşdur. Həmin mənzildə böyüyüb boya-başa çatmışdır. Hal-hazırda mənzildə qeydiyyatdadır və yaşayır. 2017-ci ildə həyat yoldaşı Cavabdeh atasının razılığı əsasında həmin ünvana pasport qeydiyyatına düşmüşdür. Ailə həyatı qurduqdan bu günə kimi həyat yoldaşı və iki övladı ilə birlikdə mübahisəli ünvanda yaşayır. İlk zamanlar mehriban ailə kimi yaşasalar da, sonra heç bir səbəb olmadan aralarında mübahisələr yaranmağa başlamışdır. Bu mübahisələr zamanı atası bildirmişdir ki, ilk növbədə həyat yoldaşını azyaşlı övladları ilə birlikdə, sonra da onu mənzildən çıxaracaqdır. Qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı X4 işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. O, məhkəmə kollegiyasının iclasında verdiyi izahatın da göstərmişdir ki, oğlu ilə gəlini iddiaçı ilə birlikdə onu mübahisəli mənzilə buraxmırlar, məcbur olub kirayədə yaşayırlar, öz mənzillərinə köçmək istəyirlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-122/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir, qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslıdır, mаhiyyəti üzrə düzgündür, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr yoxdur. Məhkəmə 3-cü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Şəki İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli 2-1(116)1522/2020 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi və İddiaçı qarşı (üçüncü şəxs Cavabdeh) “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Mingəçevir şəhəri, Naxçıvan küçəsi 40 saylı binanın 32 saylı mənzilinə digər cavabdeh İddiaçı adına 05.06.2010-cu il tarixdə verilmiş ********** saylı çıxarışın və mənzilin özəlləşdirilməsi ilə bağlı verdiyi ərizənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. 12 fevral 2021-ci il tarixdə 3-cü şəxsin apellyasiya instansiyası məhkə məsinə daxil olmuş ərizəsində göstərilmişdir ki, o, Mingəçevir Şəhər Məhkəməsində “mənzilin özəlləşdirilməsi ilə bağlı verilmiş ərizənin və mənzilin özəlləşməsinin etibarsız sayılması, mülkiyyəti təsdiq edən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia qaldırmışdır, ona görə də, hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş edir. Lakin cavabdeh və 3-cü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişlər və həmin ərizədə göstərilənləri əsaslandırmamışlar. Ona görə də ərizə qəsdən, məhkəmə prosesini uzatmaq məqsədi ilə verildiyinə görə təmin edilməməlidir. Qətnamədən 3-cü şəxs kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 3-cü şəxs (Vəkil2) kassasiya şikayətində apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını tam, obyektiv araşdırmamış, mübahisəni mahiyyəti üzrə düzgün həll etməmiş, MPM-in 88, 254.1.4, 256.0.3, 385.1.1-385.1.4, 386, 387, 388-ci maddələrinin tələblərini əhəmiyyətli dərəcədə pozmqla qanuna zidd qətnamə çıxarmışdır. Kassator göstərmişdir ki, 02.02.2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək tərəfindən Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırıldığını bildirmiş və həmin iddia hakimin icraatında olan apellyasiya şikayəti ilə əlaqəli olduğu üçün məhkəmə tərəfindən yekun qərar qəbul edilənə kimi icraatın dayandırılmasını xa hiş etmişdir. Lakin məhkəmə buna əhəmiyyət verməyərək qətnamə çıxarmışdır. Bununla da məhkəmə MPM-in 259.0.4-cü maddəsini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən və şikayətin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokol Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddələr 152.1, 152.5, 157.2). MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasib ətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə, habelə üçüncü şəxsin dəlillərinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-122/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar