Məhkəmə qərarları › İş №2(102)-4489/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4489/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4489/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.12.2018-ci il tarixli, 2(103)11469/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili R tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim A.Mirzəzadə) 08.06.2018-ci il tarixli, 2(004)-3587/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iddiasının təmin edilərək, 3000 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” MMCdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, X.Saıryev, H.Həmidov) 07.12.2018-ci il tarixli, 2(103)-11469/2018 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.06.2018-ci il tarixli, 2(004)-3587/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili R iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.12.2018ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 15.03.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, onun “xxxx” MMC-yə ödədiyi 3000 manatın ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisələndirilən qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin 2-ci səhifəsində kobud səhvlər və uyğunsuzluqlar mövcuddur. Hətta şahidlərin adları düzgün göstərilməmiş, şahid qismində ifadə vermiş şəxslərin izahatları hakim tərəfindən qəsdən təh rif edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində “pulun alınmasına dair” qəbzin əslinin olması göstərilsə də, məlum olmayan səbəblərdən apelyasiya instansiyası məhkəməsində qəbzin əsli məhv edilərək surəti əlavə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş videogörüntü diski birinci instansiya məhkəməsində nəzərə alınsa da, apelyasiya instansiyasının hakimi iddiaçı tərəfindən diskin baxılması və qulaq asılması barədə qaldırılmış vəsatətə əhəmiyyət verməyərək, məhkəmə prosesində cavabdehin vəkili ilə pıçıldaşmaqla məşğul olmuşdur. Məhkəmə prosesindən sonra uzun müddət məhkəmə protokolu ilə tanış olmaq imkanı iddiaçıya yaradılmamışdır. Qeyd olunanlara əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.12.2018-ci il tarixli, 2(103)-11469/2018 saylı qətnaməsinin t amamilə ləğv edilməsi və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması barədə yeni qərar qəbul edilməsini, kobud qanun pozuntusuna yol vermiş apelyasiya məhkəməsinin hakimi barəsində intizam icraatının başlanması üçün xüsusi qərardad qəbul edilərək aidiyyatı üzrə göndərilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdeh “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili R kassasiya şikayətini müdafiə edə rək, şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından görünür ki,hazırki iş üzrə tərəflər arasında mənzil alqı-satqısı baş tutmuş və bu alqı-satqı müqavilə ilə rəsmiləşdirilmişdir. Mənzilin dəyərini tam həcmdə ödəyən iddiaçı daha sonra həmin mənzili satmaq qərarına gəlmiş və bu məqsədlə MMC ilə yeni alıcı olan S.Bağılı arasında anoloji müqavilə bağlanmış və mənzil onun adına rəsmiləşdirilmişdir. Tərəflər arasında mübahisə doğuran məqamlar isə onunla bağlıdır ki, iddiaçı tərəfin iddiasına görə mənzilə dair müqavilə S.Bağılının adına keçirilən zaman MMC ondan 3.000 manat məbləğində pul tələb etmiş, əks halda bu rəsmiləşdirmənin baş tutmayacağını bildirmişdir. Məcburiyyət qarşısında qalıb bu məbləği ödəyən iddiaçı isə hal-hazırda həmin məbləği geri tələb edir. İddiaçı bildirir ki, sözügedən məbləğin ödənilməsinə dair verilmiş qəbz S.Bağılının adına tərtib edilsə də, pulu faktiki olaraq o ödəmişdir. Məhkəmə müəyyən etmişdir ki, həqiqətən də, mübahisələndirilən qəbzin əsli iş materiallarına əlavə edilməmiş, surəti isə lazımi qaydada təsdiq olunmamışdır. İddiaçı tərəf məhkəmə iclasında izahat verərkən MMC tərəfindən qəbzin yalnız surətinin ona təqdim edildiyini, əslinin isə MMC-də olduğunu bildirmişdir. MMC-nin nümayəndəsi isə MMC-də belə bir qəbzin mövcud olmadığını qeyd etmişdir. G öründüyü kimi, istər qəbzdə əks olunmuş imzanın həqiqiliyinin mübahisəli olması, istərsə də, qəbzin bir sübut kimi qanunun tələblərinə cavab verməməsi onun mötəbərliliyini sual altında qoyur. Lakin Məhkəmə zəruri olaraq qeyd etmişdir ki, qəbzlə bağlı irəli sürülən dəlillər həll edilməmişdən əvvəl, İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi i xtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəmənin mövqeyi nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaçı öz iddiasının əsası kimi iş materiallarına əlavə etdiyi qəbzə istinad etmişdir. Lakin bu qəbzdə iddiaçının deyil, S.Bağılının adı qeyd olunmuş və tələb olunan 3.000 manat məbləğində pulun onun, yəni S.Bağılı tərəfindən ödənildiyi əks olunmuşdur. İddiaçı bu məbləğin ödəni şinin məhz onun tərəfindən həyata keçirildiyini bildirsə də, nə məhkəmələrə bu xüsusatı təsdiq edə biləcək hər hansı sübut təqdim etmiş, nə də ki qəbzin etibarlılığını mübahisələndirmişdir. Belə olan halda, Məhkəmə müəyyən edir ki, hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olan şəxs İddiaçı deyil, qəbzdə adı və 3.000 manat məbləğində pulu tərəfindən ödənildiyi qeyd edilmiş S.Bağılıdır. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd olunan məsələ-qəbzin mötəbər sübut hesab olunub-olunmaması o zaman araşdırıla bilər ki, iddia buna subyektiv hüququ olan şəxs tərəfindən qaldırılsın və ya iddianın əsası fərqli şəkildə qəbzin etibarsızlığı üzrə qoyulmuş olsun. Ona görə də apelyasiya kollegiyası iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Kassasiya koll egiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və haqlı olaraq iddiaçı tərəfindən cavabdehə ödənişin edilməsi müəyyən edilmədiyindən onun qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Apellyasiya kollegiyası tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya k ollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.12.2018-ci il tarixli, 2(103)11469/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar