Məhkəmə qərarları › İş №2(102)-4554/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4554/2022

14.12.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4554/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4554/2022 (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Bakı şəhəri 14 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2596/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Şəhadətnaməsinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, **-BH-*** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobil PMİ-014717 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə sığortalanmışdır.

2. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 29 dekabr 2019-cu il tarixli “İltizam”ın 2-ci bəndinə əsasən İddiaçı məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına onun səlahiyyət verdiyi şəxslər barəsində "xxxx" ASC-yə m əlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi İddiaçı izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. 3. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 6 may 2020-ci il tarixli məktuba əsasən X1 xx.xx.2020-ci il tarixli müraciətinə əsasən onun tərəfindən idarə edilən sığortalı avtomobil, xx.xx.2020-ci il tarixdə, Nəsimi rayonu ərazisində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar bildirmişlər ki, İddiaçı **-BH-*** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobilin sığortalanması zamanı, sığorta qaydalarının 1.3-cü maddəsinə əsasən sığorta müqaviləsinin ayrılmaz hissəsi olan, “Fiziki şəxslərə təqdim ed ilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortalanma haqqında ərizə”də (ərizənin 7-ci bəndi) İddiaçı avtomobili idarə edəcək şəxslərin adının sığorta şəhadətnaməsində sığorta olunan kimi əlavə edilməsi üçün sığortaçıya yazılı məlumat verilmədiyi halda dəyən zərərin sığorta təminatına daxil edilməməsi və belə hallarda sığorta ödənişinin verilməyəcəyi izah edilmişdir. Belə ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalar”nın 9.2.4-cü maddəsi rəhbər tutularaq İddiaçı bildirilmişdir ki, avtomobilin idarə edilməsi hüququnun bu ərizənin 7-ci bəndində qeyd olunan şəxslərdən başqa digər şəxslərə verilməsindən əvvəl sığortalı həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün sığortaçıya yazılı mə lumat verməlidir. Həmçinin, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin 4-cü bəndinə əsasən, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallarda yerilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Həmçinin, xx.xx.2019-cu il tarixli "İltizam”ın 2-ci bəndinə əsasən İddiaçı məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına səlahiyyət verilmiş şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tə ləbi İddiaçı izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, İddiaçı tərəfindən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış avtomobilin idarə edilməsi hüququ X2 verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair Cəmiyyətə yazılı müraciət edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq və göstərilən müddəalar rəhbər tutularaq, xx.xx.2020-ci il tarixdə **-BH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G63 AMG” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. 4. "xxxx" ASC-nin X6 Vüsal tərəfindən tərtib edilmiş raporta əsasən hadisə barədə 17 aprel 2020-ci il tarixdə çağırış edilmiş və sürücü barədə məlumatda X3 qeyd edilmiş, tərəflər imza edərək raportun həqiqiliyini və etibarlılığını təsdiq etmişlər. 5. “Land Motors” tərəfindən verilmiş 5 fevral 2021-ci il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərərin məbləği 29135 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta məbləği olan 29135 manat pulun və sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun müvafiq olaraq hesablanaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı “Mercedes Benz G63 AMG” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobilini cavabdehin “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə" 3 illik müqavilə bağlamaqla kasko sığorta etdirmiş və bu əsasda qəbzlə 28 dekabr 2019-cu il tarixində 3120 (üç min yüz iyirmi), 5 (beş) və 8400 (səkkiz min dörd yüz) manat sığorta haqqı ödəmişdir. İddiaçıya bağlanmış müqavilə ilə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları, sığorta şəhadətnaməsinin və yaddaş vərəqəsinin təhvil-təslim” aktında 014717 saylı xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən sığortanın bitmə vaxtı xx.xx.2022-ci il nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixində Nəsimi rayonu ərazisind ə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cavabdehə müraciət ünvanlamışdır. İddiaçının müraciətinə baxmayaraq cavabdeh sığorta öhdəliyindən imtina etdiyinə görə iddiaçı avtomobilini indiki vəziyyətdə idarə edə bilməmişdir. İddiaçı bu günədək olan müddətdə cavabdeh sığorta şirkətindən onunla aralarında bağlanmış sığorta müqaviləsi üzrə ödənilməli olan pul məbləğini ala bilməmişdir və bu istiqamətdə etdiyi müraciətlər nəticəsiz qalmış və sığorta məbləğinin verilməməsi qanunsuz və haqsız olaraq qeyri-mümkün hesab edilmişdir.

8. Cavabdeh iddia tələbinə yazılı qaydada etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğunu və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sığortalanmış avtomobil X4 tərəfindən xx.xx.2020-ci il tarixdə, Nəsimi r ayonu ərazisində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə zərər dəymişdir. İddiaçı tərəfindən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış avtomobilin idarə edilməsi hüququ X2 verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair cəmiyyətə yazılı müraciət edilməmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə **-BH-*** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3512/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia rədd edilmişdir.

10. Birinci instansiy a məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı məhkəmə araşdırması zamanı mübahisələndirilən avtomobili heç vaxt istifadə etmədiyini, avtomobilin başqa bir şəxsin faktiki istifadəsində olduğunu bildirmişdir. İddiaçının “Mercedes Benz G63 AMG” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobil, 3cü şəxsə vermiş, lakin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, PMİ-014717 nömrəli fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsində qeyd edilən məsələ üzrə isə şəhadətnamədə hər hansı bir qeyd öz əksini tapmamış, başqa sözlə iddiaçı tərəfindən avtomobili etibar etdiyi şəxsin məlumatları yuxarıda göstərilən şəhadətnamədə qeyd edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyya t vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”inə əsasən iddiaçı həmin şərtlərlə tanış olmuşdur, lakin iddiaçı tərəfindən avtomobil kimin tərəfindən idarə edilməsi ilə əlaqədar cavabdehə hər hansı bir məlumat verilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin mülki hüquqi baxımdan təqsirini sübuta yetirilə bilməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 899.1, 901, 923-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası m əhkəməsi) 2(103)-2596/2022 nömrəli mülki iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması, cavabdehdən sığorta məbləği olan 29135 manat və sığorta ödənişinin gecikdirilməsinə görə 12091,025 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 41256,025 (qırx bir min iki yüz əlli altı 0.025 qəpik) manat pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən sığorta ödənişindən imtina edilməsi ədalətsiz olmuşdur. Belə ki, cavabde h tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtina məktubundan görünmüşdür ki, cavabdeh imtinanın əsası kimi, MM-in 935-ci maddəsinin hər hansı bəndinə əsaslanmamış və yalnız “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”inə və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalar”nın rəhbər tutularaq sığorta ödənişini ödəməkdən imtina etmişdir. Cavabdehin istinad etdiyi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”ində qeyd olunan müddəası mülki prosessual qanunvericiliyin təməl prinsiplərinə və sığorta fəaliyyəti üzrə formalaşmış işgüzar adətlərə uyğun olmamışdır.

17. Məhkəmə kollegiya sı qeyd etmişdir ki, iddiaçı hadisə baş verən zaman avtomobilin onun tərəfindən idarə edilmədiyi üçün cavabdeh tərəfindən sığorta ödənişindən imtina ediləcəyini bilmiş olsaydı, məqsədli şəkildə avtomobilin məhz onun tərəfindən idarə edildiyini qeyd edərək yalan məlumat da verə bilərdi. Lakin iddiaçı bunu etməmiş və hadisəyə vicdanlı yanaşmışdır. Cavabdeh istinad etdiyi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”i və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalar”ına istinad edilməklə sığortaçı olaraq sığorta ödənişindən imtina etməsi üçün əsas versə də, bu imtina bütövlükdə sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür mü nasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutuna və sığortaçı təşkilatlara olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşkilatları zərər çəkə bilər.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisələndirilməyən bir halı da ondan ibarət olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi üzrə nə iddiaçı, nə də onun oğlu X3 inzibati məsuliyyətə cəlb edilməmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində sığortalıya vurulmuş maddi ziyanın əvəzini ona ödəməlidir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktı cavabdeh tərəfin dən ümumiyyətlə mübahisələndirilmədiyindən, həmin akt ziyanın məbləğinin müəyyən edilməsi üçün əsas sübut hesab edilməli və aktla müəyyən edilən 29135 (iyirmi doqquz min yüz otuz beş) manat sığorta ödənişi kimi sığorta şirkətindən alınaraq sığortalıya ödənilməlidir.

21. Kollegiya sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun hesablanması ilə bağlı qeyd etmişdir ki, cavabdeh sığorta ödənişindən xx.xx.2020-ci ildə imtina etmiş və iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, məhz aşağıda göstərilən qaydada dəbbə pulu hesablanmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (xx.xx.2020 + xx.xx.2021)= 415 gün. 29135 manat: 0,1% = 29,135 manat. 415 x 29,135 = 12091,025.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 390.1, 442, 901, 923, 934-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Şikayət onunla əsaslandırılmışdır ki, sığortalanmış avtomobil xx.xx.2020-ci il tarixində Nəsimi rayonu ərazisində sığorta olunan iddiaçı tərəfindən deyil, başqa şəxs X4 tərəfindən idarə edilərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə zərər dəymişdir. Halbuki, iddiaçı tərəfindən “Mercedec Benz G63 AMG” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin X1 idarə etməsi barədə cavabdehə hər hansı bir məlumat verməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən, bu vacib xüsusatı nəzərə almamışdır.

25. Kassator qeyd etmişdir ki, iddiaçı tərəfindən sığortalanmış avtomobilin idarə edilməsi (istifadə edilməsi) hüququ X2 verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair müraciət edilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsində mülki iş araşdırılarkən, nədənsə qeyd edilən sübutların heç birinə düzgün hüquqi qiymət verilməmişdir.

26. Kassator qeyd etmişdir ki, məhkəmə nə üçün imtinanın ədalətsiz olduğunu qətnaməsində əsaslandırmamışdır. Halbuki, cavabdeh tərəfindən sığorta ödənişindən imtina edilməsi həm qanuni və eyni zamanda ədalətli olmuşdur.

27. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 899.1, 901.1, 933.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)

28. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi d edikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 32. 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

33. Maddə 901.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir.

34. Maddə 913.Sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir.

35. Maddə 915.Sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlə rin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.

36. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

37. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqavil əsində müəyyən edilir.

38. Maddə

934. Sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə gəlinmiş nəticələri mülki və prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edildiyi üçün əsaslı və qanuni sayıla bilməz.

47. Belə ki, Mülki Məcəllənin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektin in məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

48. Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Belə ki, sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər.

49. Tərəflər arasında sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsinin əlavə şərtl ərinin 4-cü bəndində sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur.

50. İddiaçı bu şərtlə tanış olmuş, həmin şərtlərlə razılaşaraq sığorta müqaviləsi bağlamış, xx.xx.2019-cu il tarixdə imzaladığı “İltizam”ın 2-ci bəndinə əsasən iddiaçıya məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına onun səlahiyyət verdiyi şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi iddiaçıya izah olunmuş, əks halda s ığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir.

51. Qeyd edilməlidir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla qanunazidd olmayan istənilən şərtlərlə müqavilə bağlamaq imkanı verir. Bu baxımdan, öhdəliklərinin əmələ gəlməsi əsasları arasında müqavilə aparıcı yer tutur. Müqavilə ilə tərəflər qarşılıqlı razılıq əsasında hüquq və vəzifələrini müəyyən etməklə öz əmlak mənafelərini təmin etmiş olurlar.

52. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa müvafiq olaraq, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini n, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

53. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlmə əsasları kimi müəyyən olunmuşdur. Bu baxımdan tərəflər arasında bağlanılan və şəhadətnamə ilə rəsmiləşdirilən sığorta müqaviləsinin şərtləri onlar arasında əmələ gəlmiş münasibətin hüquqi əsasları kimi qiymətləndirilməlidir.

54. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (Mülki Məcəllənin 926.1-ci maddəsi).

55. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə uyğun olaraq, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəs i hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtinası üçün əsasdır.

56. Göründüyü kimi, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısında nəzərdə tutulmayan şəxslər tərəfindən törədilən hadisələr sığorta təminatına aid olmadığından apellyasiya məhkəməsinin baş vermiş bu hadisəni sığorta hadisəsi kimi qəbul edilməsi mövqeyi yalnış olmuşdur.

57. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmasının əsası dəqiq göstərilmiş və apellyasiya məhkəməsi həmin əsasın tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmasına düzgün hüquqi qiymət verməmiş, cavabdehin imtinasının müqavilənin hansı şərtinə və ya qanunun hansı normasına zidd olduğunu qətnamədə göstərməmişdir.

58. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları və qeyd edilən maddi normaların tələbləri baxımından səhv hüquqi nəticəyə gəlməklə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.

59. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

60. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.

61. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPMnin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir.

62. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2596/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar