Məhkəmə qərarları › İş №2(103)-5741/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5741/2023

17.10.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5741/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, baş vermiş sığorta hadisəsi ilə əlaqədar olaraq ödənilməli olan lakin ödənilməmiş 25.000 manat məbləğində sığorta ödənişinin cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsində Cavabdeh1 və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini iş üzrə üçüncü şəxs kimi qeyd etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi 6 ünvanında yerləşən fərdi yaşayış evini cavabdeh ASC ilə bağladığı müqavilə əsasında sığorta etmişdir. Sığorta müddətində, yəni xx.xx.2020-ci il tarixində iddiaçının evində yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi zamanı evə 35.000 manat, daşınar əmlak üzrə isə 25.000 manat məbləğində zərər dəymişdir. Lakin ASC, sığorta hadisəsi ilə əlaqədar olaraq ödənilməli olan 25.000 manat məbləğində sığorta ödənişini tam ödəməmişdir. Hadisədən sonra evi inşa etdirmək üçün maddi vəsaiti və dəstəyi olmadığından 3 azyaşlı uşağı tək böyüdən iddiaçı uşaqları ilə birlikdə küçədə yaşamaq məcburiyyətində qalmışdır. b) iddia tələbinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat

4. Cavabdeh ASC iddiaya etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz və ASC-nin nümayəndəsinin Rayon Məhkəməsinə verdiyi izahat onunla əsaslandırılmışdır ki, əmlaka dəymiş zərərin müəyyən edilməsi üçün müstəqil ekspertin təyin edilməsi barədə xx.xx.2020-ci il tarixli razılaşma aktı ilə X6 müstəqil ekspert təyin edilmiş və ekspert tərəfindən aparılmış araşdırma nəticəsində verilmiş “Qiymətləndirmə aktı” ilə müəyyən edilmişdir ki, iddiaçıya dəymiş zərər 7.387,20 manat təşkil edir. İddiaçı həmin akt ilə tanış olmuş və aktda yazmışdır ki, akt ilə razıdır. Bunu nəzərə almış, ASC, 250 manat azadolma məbləğini və 8,02 manat əlavə sığorta məbləğini çıxmaq şərti ilə iddiaçıya 7.129,18 manat sığorta ödənişi etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli sığorta aktını imzalayaraq həmin məbləği qəbul etmişdir. İddiaçının vəkilinin xx.xx.2021-ci il tarixli sübutların tədqiq edilib işə aid olması ilə bağlı vəsatətlərində ASC-nin fərdi yaşayış evinin yanmağı ilə bağlı iddiaçının ağır həyat şəraitindən istifadə edərək iddiaçının hüquqlarını pozduğu, qanunsuz olaraq bəzi sənədlərə imza atmağa nail olduğu və sözügedən faktın Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 6(005)-126/2020 saylı qərarında və Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2021-ci il tarixli, 0697 saylı qərarında öz əksini tapdığı qeyd edilmişdir. Lakin nəzərə alınmalıdır ki, sadalanan qərarların heç birində belə bir faktın olduğu və səlahiyyətli dövlət orqanı tərəfindən təsdiqlənməsi barədə bir qeyd yoxdur. Belə ki, sadəcə olaraq qərarların giriş hissəsində iddiaçının öz şikayətini əsaslandırması hissəsində iddiaçının fikirləri olaraq qeyd edilmişdir. Bu isə faktın təsdiqini tapması demək deyildir. Həmçinin işlə bağlı keçirilmiş birinci məhkəmə prosesində qarşı tərəf iddiaçının milliyyətinin rus olduğunu və azərbaycan dilini bilmədiyindən başa düşməyərək sığorta aktına imza atdığını bildirmişdir. Bununla bağlı nəzərə alınmalıdır ki, iddia ərizəsində üçüncü şəxs kimi adı qeyd edilmiş Cavabdeh1 tərəfindən iddiaçıdan alınmış və bəzi internet saytlarında yayımlanmış videoda görünür ki, Cavabdeh1 iddiaçı ilə azərbaycan dilində müəyyən suallar vermiş, iddiaçıda suallara uyğun cavablar vermişdir. Bu isə iddiaçının azərbaycan dilini yaxşı başa düşmədiyi və anlamadığı iddialarını puç edir. İddiaçı öz iradəsinin ifadəsi olaraq aktı imzalamış və ödənilən məbləğlə razılaşmışdır. Dəymiş zərər məbləği əmlaka dəymiş zərərə mütənasib olaraq hesablanmışdır. Belə ki, iddiaçı cavabdeh ASC-dən daha artıq məbləğdə pul əldə edərək əmlakını tam yenidən tikdirmək niyyətindədir. Halbuki zərər dəymiş əmlak tamamilə sökülməyə və təmir edilərək əvvəlki vəziyyətinə qaytarıla bilərdi. Lakin iddiaçı fürsətdən istifadə edərək zərər dəymiş fərdi yaşayış evinin yerində daha geniş ev tikdirməyə başlamış və təbii olaraq verilmiş sığorta ödənişi məbləği onu qarşılaya bilməmişdir. FHN Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında”, həmçinin işlə bağlı digər qərarlarda da yanğının ikinci yataq otağının tavan səviyyəsində olduğu göstərilmişdir. Həmçinin FHN X5 Xidmətinin xx.xx.2020-ci il tarixli” yanğın baş vermiş hadisə yerinə baxış protokolunda” da yanğın nəticəsində evin otaqlarının tavan hissəsinin yanaraq töküldüyü, məişət əşyalarına zərər dəydiyi, digər ərazilərə zərər dəymədiyi qeyd edilmişdir. Göründüyü kimi səlahiyyətli dövlət orqanlarının heç bir qərarında evin divarlarının uçduğu və ya evin tamamilə yanması barədə heç bir qeyd yoxdur. Hadisədən sonra ASC-nin əməkdaşları tərəfindən iddiaçının evində çəkdikləri fotoşəkillərdən də qeyd olunan hal sübut olunur. Məhkəmə təcrübəsində sığorta ödənişi verildikdən sonra daha artıq məbləğdə sığorta ödənişinin tələb edilməsi ilə bağlı iddiaların əsassız hesab edilməsi ilə bağlı kifayət qədər məhkəmə qətnamələri mövcuddur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh ASC-dən iddiaçının xeyrinə 17.870,82 manat sığorta ödənişinin tutulmasını, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcini təşkil edən 100 manatın ödənilməsi məqsədi ilə 70 manatın cavabdeh ASC-dən, 30 manatın isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini, cavabdeh ASC-dən 20 manat, iddiaçıdan 10 manat məbləğində pulun dövlət rüsumu kimi dövlət nəfinə tutulmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya dəymiş zərər 30.019,90 manat məbləğində qiymətləndirildiyi halda, iddiaçının cavabdeh ASC tərəfindən ona ödənilmiş 7.129,18 manat məbləği qəbul edərək, ona çatası qalan məbləğdən düşünülmüş və iradəvi şəkildə imtina etməsi hər hansı ağlabatan mühakimədən uzaq olmaqla, inandırıcı və məntiqli görünmür, bu səbəbdən də iddiaçının qeyd olunan hərəkəti onun mübahisəsiz olan həmin tələbindən imtinası, müvafiq olaraq da cavabdeh ASC-nin həmin öhdəliyinin tam icrası kimi qiymətlədirilə və qəbul oluna bilməz. Məhkəmə hesab edir ki, 25.000 manatdan ödənilmiş 7.129,18 manat çıxılmalı və qalan məbləğ, yəni 17.870,82 manat cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

8. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, ona aid hissədə qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi tərəfindən cavabdehin dəlillərinə münasibət bildirilməmiş, qanunvericiliyin hansı normalarına və işin faktiki hallarında konkret olaraq hansı əsaslara istinad etməsi aydın olmamışdır. İddiaçının qeyd etdiyi məbləğ və Rayon Məhkəmənin gəldiyi nəticə heç bir məntiqə əsaslanmamış və sanki məhv olmuş əmlakın qiymətləndirilməsi kimi əks etdirilmişdir. Bakı şəhərində yerləşən daşınmaz əmlaklar üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği isə 250 manat şəklində müəyyən edilmişdir. Məhkəmə tərəfindən sığorta ödənişinin məbləği müəyyən olunarkən göstərilən tələb nəzərə alınmamış, nəticə etibarilə maddi hüquq norması pozulmuşdur. Məhkəmə qərarda qiymətlə bağlı məhkəmə tərəfindən təyin edilməyən və yanğından sonra həyata keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzinin 10/2110 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə tikinti-texniki eskpertizasının rəyinə istinad etmiş və həmin ekspertizanın hesabladığı zərər məbləğini əsas kimi götürmüşdür. Lakin istinad etdiyi ekspert rəyi işin hallarına uyğun olmayıb, rəydə məhkəmənin digər ekspertiza qarşısında qoyduğu suallara cavab olmamışdır. Beləliklə, Rayon Məhkəməsinin istinad etdiyi ekspert rəyi məhkəmənin işin hallarını araşdırması ilə bağlı keçirilmiş ekspertiza deyildi və məhkəmə, işin hallarına uyğun olmayan və əmlakın sığorta baxımından (yəni hadisədən əvvəlki vəziyyətinin bərpa olunması üçün çəkilən xərclərin hesablanması) qiymətləndirilməsi ilə bağlı olmayan ekspert rəyinə istinad edə bilməzdi. Aydındır ki, məhkəmə, qərarı dəymiş zərər məbləği sübut edilmədən qəbul edilmişdir. Məhkəmə prosesi dövründə təyin edilmiş ekspertiza rəyində isə ekspert, qarşısında qoyulmuş suallara cavab tapa bilməmiş, bu halı isə əmlakın hadisədən sonrakı vəziyyətdə olmaması ilə izah etmişdir. Bu hal isə həqiqətən də, hadisədən sonra əmlakın tam söküldüyünü və yerində yeni evin tikildiyini sübut edir. e) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat

10. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş № 2(103)-694/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. f) kassasiya instansiyasında icraat barədə məlumat

11. Cavabdeh ASC-nin verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (İş № 2(102)-2571/2023) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.

12. Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sığorta hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan evə dəymiş zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən və iddiaçı sığorta ödənişini xx.xx.2020-ci il tarixdə aldıqdan 9 ay sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan hallara əhəmiyyət verməyib və nəticədə Mülki Məcəllənin 925, 926, 927-ci maddələrinin tələblərini pozub.

13. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, sığorta hadisəsi nəticəsində iddiaçının evinə dəymiş zərərin miqdarı barədə tərəflər arasında qarşılıqlı razılıq əldə edildikdən və sığorta ödənişi iddiaçının seçimi əsasında pul şəklində ona ödənildikdən sonra, onun yenidən zərərin miqdarını mübahisələndirərək əlavə sığorta ödənişi tələb etməsi, mülki hüququn hüquqa uyğun həyata keçirilməməsi kimi qiymətləndirilə bilər. g) apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

14. Cavabdeh ASC-nin nümayəndəsi X4 apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddiaya etirazın əsaslarına uyğun izahat verdi.

15. İşdə iştirak edən digər şəxslər və onların nümayəndələri apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da apellyasiya baxışı iclasında gəlməmiş, iclasda nümayənədlərinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunmaması barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

17. Belə ki, işdə olan sənədlərdən və BB 057100 saylı "xxxx" görünür ki, cavabdeh ASC ilə iddiaçı arasında sığorta müqaviləsi bağlanaraq, iddiaçıya məxsus və yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmışdır. Sığorta məbləği 25.000 manat, azadolma məbləği 250, sığorta haqqı 50 manat məbləğində müəyyən edilmişdir.

18. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evində xx.xx.2020-ci il tarixdə yanğın baş vermiş, nəticədə fərdi yaşayış evinin ikinci yataq otağının tavanı ilə çəkilmiş elektrik naqillərində elektrik qəza/qısaqapanma, yüksək keçid müqaviməti və sair halının yaranmasından əmələ gələn temperaturdan bilavasitə yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2110 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin, dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30.019,90 manat məbləğində müəyyən edilmişdir. Baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.

19. Müstəqil ekspert X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair” rəyindən görünür ki, müstəqil ekspert tərəfindən iddiaçının mülkiyyətində olan evə dəymiş zərərin təsnifatı aparılmış, zərərin hesablanmasının smetası tutulmuş və yekunda 2019-cu ilə aid bazar qiymətləri nəzərə alınmaqla iddiaçının mülkiyyətində olan evə dəymiş zərərin məbləği 7.387,20 manat müəyyən edilmişdir.

20. Rəydə edilmiş qeyddən görünür ki, iddiaçı həmin rəy ilə tanış olmuş və rəy ilə razı olduğunu qeyd edərək rəyi imzalamışdır.

21. CPİ seriyalı, 000420 saylı, xx.xx.2020-ci il tarixli "xxxx" görünür ki, ASC, 250 manat azadolma məbləğini və 8,02 manat əlavə sığorta məbləğini çıxmaq şərti ilə iddiaçıya 7.129,18 manat sığorta ödənişi etmişdir. İddiaçı həmin məbləği qəbul etmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2700 saylı rəyindən görünür ki, iddiaçıya məxsus evdə xx.xx.2020-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində evə dəymiş ziyanın dəyərini dəqiqliklə müəyyən etmək mümkün deyil.

23. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

24. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunun tələblərinə görə, qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır (maddələr 3.1. və 3.1.2.). Bu Qanunun xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır (maddə 8.2.). İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir (maddə 9.1.). Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir (maddə 10.1.). Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır (maddə 16.2.). Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir (maddə 35.1.).

25. Rayon Məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad etməklə hesab etmişdir ki, dəymiş zərər 30.019,90 manat məbləğində qiymətləndirildiyi halda, iddiaçının cavabdeh ASC-dən 7.129,18 manat məbləği qəbul edərək, ona çatası qalan məbləğdən düşünülmüş və iradəvi şəkildə imtina etməsi hər hansı ağlabatan mühakimədən uzaq olmaqla, inandırıcı və məntiqli görünmür, bu səbəbdən də iddiaçının qeyd olunan hərəkəti onun mübahisəsiz olan həmin tələbindən imtinası, müvafiq olaraq da cavabdehin həmin öhdəliyinin tam icrası kimi qiymətlədirilə və qəbul oluna bilməz. Bu qənaətə gəlmiş Rayon Məhkəməsi hesab etmişdir ki, 25.000 manatdan ödənilmiş 7.129,18 manat çıxılmalı və qalan məbləğ 17.870,82 manat ASC tutularaq iddiaçıya ödənilməlidir.

26. Bunları və apellyasiya şikayətinin dəlillərini araşdıran Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə iş üzrə səhv nəticəyə gəlmişdir.

27. Belə ki, işdə olan sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçının mülkiyyətində olan BB 057100 saylı “Daşınmaz əmlakın icbari sığortası haqqında” Şəhadətnaməyə əsasən cavabdeh tərəfindən 25.000 manat məbləğində xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək sığorta təminatı verilmiş fərdi yaşayış evində yanğın baş vermişdir. Bundan sonra, iddiaçının fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi cavabdeh ASC tərəfindən sığorta hadisəsi kimi qiymətləndirilmiş və cavabdeh ASC-nin əməkdaşlarının, o cümlədən iddiaçının iştirakı ilə “Müstəqil ekspertin təyin edilməsi haqqında razılaşmaya dair” xx.xx.2020-ci il tarixli aktı tərtib edilmiş və tərəflər həmin aktı imzalamaqla sığorta hadisəsinin səbəbini, dəymiş zərərin məbləğini müəyyən etmək üçün qiymətləndirmə fəaliyyəti ilə məşğul olan Rafiq Əlişovun müstəqil ekspert təyin edilməsinə dair qarşılıqlı razılığa gəlmişlər. Müstəqil ekspert Rafiq Əlişov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair” rəyindən görünür ki, ekspert tərəfindən iddiaçının mülkiyyətində olan evə dəymiş zərərin təsnifatı aparılmış, zərərin hesablanmasının smetası tutulmuş və yekunda 2019-cu ilə aid bazar qiymətləri nəzərə alınmaqla iddiaçının mülkiyyətində olan evə dəymiş zərərin məbləği 7.387,20 manat müəyyən edilmişdir. İddiaçı, sözügedən rəylə tanış olub onu imzalamaqla, dəymiş zərərin məbləği ilə razılaşmış, xx.xx.2020-ci il tarixdə tərəflərin iştirakı ilə baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı evə dəymiş maddi ziyanın aradan qaldırılması üçün həyata keçiriləcək sığorta ödənişinə dair CPİ 0004/20 saylı Sığorta aktı tərtib edilmiş və iddiaçı, cavabdehin bu sığorta aktına müvafiq olaraq sığorta ödənişinin məbləği və üsulu ilə tam razı olduğunu, cavabdehə qarşı heç bir şikayətinin və iddiasının olmadığını göstərərək akta imza atmışdır. İddiaçı həmçinin həmin aktda qeyd etmişdir ki, onun təqsirkar şəxsdən zərərin əvəzini tələb etmək hüququnun ona verilən məbləğdə cavabdehə keçməsinə etiraz etmir.

28. Göründüyü kimi, sığorta hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan evə dəymiş zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən və iddiaçı sığorta ödənişini xx.xx.2020-ci il tarixdə aldıqdan 9 ay sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxmış Rayon Məhkəməsi isə qeyd olunan hallara əhəmiyyət verməmiş və nəticədə Mülki Məcəlləsinin 925, 925-1, 926 və 927-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin həmin maddələrinin tələblərinə görə, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir (maddə 925.1.). Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir (maddə 925.2.). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və Mülki Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır (maddə 925-1.1.). Müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs Mülki Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər (maddə 925-1.4.). Müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir (maddə 925-1.5.). Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (maddə 926.1.). Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir (maddə 926.3.). Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında Mülki Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi və sair (maddə 927.2.).

29. Qeyd edilən maddi hüquq normalarının tələblərinin hazırki mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə hesab edir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqasına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

30. CPİ seriyalı, 0004/20 saylı, xx.xx.2020-ci il tarixli “Sığorta aktı” dəymiş zərər məbləği və bunun əsasında sığorta ödənişinin həyata keçirilməsi üzrə qarşılıqlı razılığın əsası qismində çıxış edir və hər iki tərəfin iradə ifadəsini özündə əks etdirir.

31. Sığorta hadisəsi nəticəsində iddiaçının evinə dəymiş zərərin miqdarı barədə tərəflər arasında qarşılıqlı razılıq əldə edildikdən və sığorta ödənişi iddiaçının seçimi əsasında pul şəklində ona ödənildikdən sonra, onun yenidən zərərin miqdarını mübahisələndirərək əlavə sığorta ödənişi tələb etməsi hüquqa uyğun və əsaslı sayılan davranış kimi qiymətləndirilə bilməz. Lakin tərəflər arasında mövcud razılaşmanı nəzərə almamış Rayon Məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlməklə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuşdur.

32. Məhkəmə həmçinin apellyasiya şikayətinin iddiaçının yuxarıda sadalanan bütün mərhələlərdə iştirak edərək öz razılığını bildirməsi, sonradan onun cavabdehdən daha artıq məbləğdə sığorta ödənişi alıb evini tam yenidən və əvvəlkindən fərqli, daha geniş ölçüdə inşa etmək niyyətində olması, təbii ki, ödənilmiş sığorta məbləğinin əlavə tikililəri qarşılaya bilməməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının FHN Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında, həmçinin bu işlə bağlı digər qərarlarda yanğının sadəcə ikinci yataq otağının tavan səviyyəsində olduğu qeyd edilib.

33. Həmçinin, Azərbaycan Respublikası FHN X5 Xidmətinin xx.xx.2020-ci il tarixli “Yanğın baş vermiş hadisə yerinə baxış protokolunda” da yanğın nəticəsində evin otaqlarının tavan hissəsinin yanaraq töküldüyü, məişət əşyalarına zərər dəydiyi, digər ərazilərə isə zərər dəymədiyi qeyd göstərilib.

34. Mülki Məcəlləsinin 925.6-cı maddəsinə görə, əmlakın tam məhv olması dedikdəhəmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür

35. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, səlahiyyətli dövlət orqanlarının heç bir qərarında evin divarlarının uçduğu və ya evin tamamilə yanması barədə hər hansı qeyd olmadığından iddiaçıya məxsus ev tamamilə məhv olmuş əmlak kimi qiymətləndirilə bilməz.

36. İşdə olan xx.xx.2020-ci il tarixli “Yanğın haqqında aktda” və digər sənədlərdə sadəcə yanğının baş verməsi faktı aydın olmuş, dəymiş zərərin həcmi barədə heç bir məbləğ qeyd edilməmişdir.

37. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2700 saylı rəyində qeyd edilən fərdi yaşayış evinin əvvəlki vəziyyətdə inşa olunmasına nə qədər pul vəsaitinin tələb olunmasını dəqiqliklə müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Buna səbəb isə fərdi yaşayış evinin ilkin vəziyyətinə dair mülki iş materialında məlumatların (texniki pasport, plan-sxem, tikilinin ilkin konstruktiv elementləri və sair) olmaması, həmçinin faktiki olaraq yaşayış evinin mövcud olmaması göstərilmişdir. Həmin rəyində ekspert qiymətləndirmə apara bilməyəcəyini bildirərək, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli təmir-bərpa işlərinin təqribi dəyərinin 30.010,90 manat müəyyən edilməsinə dair Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2110 saylı rəyinə istinad etmişdir. Məhkəmə hesab edir ki, istinad edilən həmin rəy iş üzrə sayca ikinci ekspert rəyidir və həmin ekspertiza keçirilən zaman ev artıq hadisədən sonrakı vəziyyətdə olmamışdır. Halbuki, xx.xx.2020-ci il tarixində keçirilən ekspertiza zamanı Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən hadisədən sonra evə baxış keçirilmiş və xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə təmir-bərpa işlərinin dəyərinin cəmi 12.812 manat olduğu müəyyən edilmişdir. Sonuncu (üçüncü) ekspert rəyində isə ekspert, niyə hadisədən dərhal sonra aparılan, evin hadisədən sonrakı vəziyyətdə olduğu və zərərin 12.812 manat müəyyən edildiyi birinci ekspertiza rəyini deyil, zərərin 30.010,90 manat müəyyən edildiyi və evin yanğından sonrakı vəziyyətini əks etdirməyən və yenidən inşa edildiyi zaman aparılan ikinci ekspert rəyini əsas tutmasını rəydə əsaslandırmamışdır.

38. MP-in 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

39. Qeyd edilənlərə əsasən sübutlara müqayisəli şəkildə qiymət verən Məhkəmə hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2020-ci il tarixli 10/2110 saylı və xx.xx.2021-ci il tarixli 10/2700 saylı ekspert rəyləri dəymiş ziyanın məbləğinin düzgün müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz.

40. Məhkəmə həmçinin iddiaçının milliyyətçə rus olması və azərbaycan dilini bilmədiyindən sığorta aktının məzmununu anlamadan imza etməsi ilə bağlı dəlilini də əsassız hesab edir.

41. Belə ki, iş materiallarından görünür ki, 1978-ci ildə Azərbaycan Respublikasına doğulmuş, daima Azərbaycan Respublikasına yaşayan, Azərbaycan Respublikasında təhsil almış iddiaçının imzaladığı və Vəkil1 verilmiş notarial qaydada təsdiq edilmiş etibarnamə (işin İ cildi, vərəq 26), xx.xx.2020-ci il tarixli “Müstəqil ekspert rəyinin təyin edilməsi haqqında razılaşma” (işin İ cildi, vərəq 33), iddiaçı tərəfindən cavabdeh ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış ərizə (işin İİ cildi, vərəq 60-61), iddiaçı tərəfindən özünə məxsus e-maildən Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və digər rəsmi qurumların elektron poçt ünvanlarına ünvanlanmış məktublar (işin İ cildi, vərəq 130-150) da azərbaycan dilində tərtib edilmişdir. Bu sənədlərin arasında yalnız sığorta aktında qeyd edilənləri anlamaması Məhkəmə tərəfindən inandırıcı dəlil kimi qəbul edilə bilməz. i) apellyasiya baxışının nəticəsi

42. Beləliklə qeyd edilənlərə əsasən, Məhkəmə tərəfindən müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Rayon Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayaraq iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir.

43. Buna görə də, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdeh ASC-in apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

44. İddia təmin edilmədiyindən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməli, bu məqsədlə iddia ərizəsinin birinci instansiya məhkəməsinə xx.xx.2021-ci il tarixdə daxil olduğu nəzərə alınaraq, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumu iddiaçıdan dövlət nəfinə, cavabdeh ASC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat, cəmi 30 manat dövlət rüsumunun əvəzi MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçıdan cavabdeh ASC-nin xeyrinə tutulmalıdır.

45. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2110 saylı və xx.xx.2021-ci il tarixli 10/2700 saylı ekspert rəyləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsindən təqdim edildiyindən və iş üzrə məhkəmələr tərəfindən ekspertiza təyin edilmədiyindən ekspert rəylərinin xərcləri hazırki iş üzrə icraat çərçivəsində tərəflərə aid edilə bilməz.

46. Odur ki yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbi barədə” iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilsin. Bu məqsədlə iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu iddiaçıdan dövlət nəfinə, apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 15 manat və kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan 15 manat, cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar